Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-903/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, sübutetmə) hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 və qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2023-cü il tarixində 01-05/23 saylı xidmət müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunan xidmət və işləri yerinə yetirməli, iddiaçı isə həmin xidmət və işləri qəbul etməli və müqavilə ilə müəyyən edilmiş məbləği ödəməlidir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətin və ya görüləcək işin ümumi dəyəri (vergi və digər zəruri ödənişlər daxil olmaqla) qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır.
4. xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən xx.xx.2023-cü il tarixli 01-05/23 saylı müqavilə üzrə xidmət və işləri yerinə yetirmək üçün ümumi məbləğ 13732,3 manat (“Bitrix24” lisenziyası üçün ƏDV daxil olmaqla 5003,2 manat, “Bitrix24” proqram təminatının tətbiqi və təlimi üçün ƏDV daxil olmaqla 8732 manat) müəyyən edilmişdir.
5. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbznə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5000,3 manat ödəniş edilmişdir.
6. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbznə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3493 manat ödəniş edilmişdir.
7. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbznə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3000 manat ödəniş edilmişdir.
8. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 127 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 325 manat məbləğində pul “De Fendo” vəkil bürosunun hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli EO-908VK-10404/24 nömrəli vəkil orderi).
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli müqavilə üzrə 11493,3 manat əsas borcun və ödənilmiş 125,46 manat dövlət rüsumunun, 325 manat vəkil xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində 01-05/23 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunan xidmət və işləri yerinə yetirməli, iddiaçı isə həmin xidmət və işləri qəbul etməli və müqavilə ilə müəyyən edilmiş məbləği ödəməlidir. 2.1-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətin və ya görüləcək işin ümumi dəyəri (vergi və digər zəruri ödənişlər daxil olmaqla) qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır. xx.xx.2023-cü il tarixli 01-05/23 saylı müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə xidmət və işləri yerinə yetirmək üçün ümumi məbləğ 13732,3 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətin və ya görüləcək işin ümumi dəyəri (vergi və digər ödənişlər daxil olmaqla) qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır. 2.2. Sifarişçi hazırkı protokolda qeyd olunan lisenziyanın məbləğini 100% öncədən ödəməli, lisenziya ödəndikdən sonra isə məbləğ müqavilə əsasında iki yerə bölünür, avans olaraq 40%, yerdə qalan 60% layihə bitdikdən sonra ödənilməlidir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 5000,30 manat, daha sonra xx.xx.2023-cü ildə 3493 manat, xx.xx.2023-cü il tarixində 3000 manat köçürülmüşdür. Xidmətlərin göstərilməsi və ödənilmiş pulların geri qaytarılması ilə bağlı cavabdeh tərəfə dəfələrlə xəbərdarlıq edilmiş, lakin onlar tərəfindən heç bir iş icra edilməmiş və pul ödənilməmişdir. Həmçinin ünvanlanmış pretenziyaya cavab olaraq onların istədiyi məlumat və materialların təqdim edilmədiyini bildirmişlər. Lakin bu həqiqəti əks etdirmir, bu günə qədər onlara məsələ ilə bağlı bütün sənəd və məlumatlar təqdim edilmişdir və onlar tərəfindən hər hansı sənədin istənilməsi ilə bağlı yazılı müraciət edilməmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
13. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında bağlanmış xx-xx/2023 saylı müqaviləyə əsasən, cavabdeh bir sıra işləri yerinə yetirmişdir. İddiaçı isə bir sıra məlumatlar, daşınmaz əmlak bazasının veb interfeysi dizaynını təqdim etməli olduğu halda, bunu etməmiş, bu məsələlər hər iki tərəf və subpodratçılarla keçirilən konfransda dəfələrlə müzakirə olunmuşdur. 31 avqust tarixindəki sonrakı yazışmalarda isə iddiaçının əməkdaşı Rza Əliyev razılaşdırılmış vaxtda dizayn şablonunu təqdim edə bilməyəcəyini bildirmişdir. Sifarişçinin təqdim etmədiyi məlumatlar səbəbindən cavabdeh 31 avqust tarixindən etibarən işi davam etdirə bilməmişdir. Qeyd olunan müqavilənin 3.4.3-cü bəndində iddiaçının vəzifələrindən biri kimi də cavabdehə tələb olunan məlumatları verməli olduğu göstərilir, əks halda müqavilənin şərtləri pozulmuş sayılır. Belə ki, müqavilənin 3.4.3-cü maddəsinə əsasən “Sifarişçinin vəzifələri”ndə qeyd olunub ki, Sifarişçi xidmətlərin göstərilməsi üçün İcraçıya tələb edilən məlumat və materialları təmin etməlidir. Həmçinin həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən Sifarişçinin əsas vəzifələrindən biri də İcraçının işini tam təmin etməsinə şərait yaratmaqdır. Xidməti göstərməkdən ötrü tələb olunan məlumatları, materialları və tətbiqi yeritmə üçün avadanlıqları təmin etməkdir. Cavabdeh bu məsələ ilə bağlı bütün sənəd və məlumatları təqdim etdiyini iddia ərizəsində göstərsə də, məhkəməyə təqdim edilən səs yazıları və digər yazışmalar bunun həqiqətə uyğun olmadığını tam sübut edir. xx.xx.2024-cü il tarixdə iddiaçıya elektron poçt vasitəsilə göndərilmiş pretenziya məktubunda iddiaçı tərəfindən zəruri məlumatların təqdim edilməməsi səbəbindən işin tam başa çatdırılmasının qeyri-mümkünlüyü bildirilərək xx.xx.2024-cü il tarixədək icraçı tərəfindən işi tamamlamaq üçün razılaşdırılmış dizayn şablonunun təqdim edilməsi bir daha xahiş olunmuşdur. Bundan əlavə, qarşı tərəfə bildirilmişdir ki, əks halda sifarişçi olaraq vəzifələri yerinə yetirmədiyindən bağlanan müqavilənin 3.4-cü bəndini kobud şəkildə pozmuş olması və müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilənin qəsdən və kobudcasına pozan digər tərəf olduğundan, icraçı tərəfindən yazılı bildiriş verilməklə müqavilənin pozulmuş sayılacağı, tam ödənişin ödənilməsi tələb olunacaq, ödəniş olunmadığı təqdirdə isə məhkəməyə müraciət ediləcək və çəkilmiş xərclər də tələb ediləcəkdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli müqavilə üzrə işlər vaxtına təhvil verilməmişdir. Belə ki, proqramın hazırlanması üçün lisenziya alınmış, lakin proqram hazırlanmamışdır. Cavabdehin təqdim etdiyi yazışmalar 2024-cü ilin yay aylarına təsadüf edir, halbuki proqram müqavilə bağlanan tarixdən 2 ay ərzində təhvil verilməli idi.
15. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, iddiaçı dizayn işlərinin görülməsini öhdəsinə götürməmiş, sadəcə cavabdehin bəhanələrinə son qoymaq üçün dizayn forması təqdim edilmişdir. Razılaşdırılmış muzdun 90%-ni ödəyən iddiaçının proqramın vaxtında təhvil verilməsinə maneə yaratması ağlabatan deyildir.
16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etmiş və eyni zamanda qeyd etmişdir ki, lisenziya alındıqdan sonra proqramın hazırlanmasına başlanılmış, lakin texniki şərt tərtib edildikdən sonra işlərin tamamlanması üçün uzun müddət tələb edildiyi məlum olmuşdur. İddiaçı da buna etiraz etməmişdir. Həmçinin bu gecikmə cavabdehin əməkdaşlıq edib xidmətlərindən istifadə etdiyi Qazaxıstan partnyorlarına görə olmuşdur. Hazırda işlərin 70-80% hissəsi tamamlanmışdır, lakin iddiaçı əmlakın dizayn-görünüş hissəsi ilə bağlı məlumatları təqdim etmədiyindən işlərin yekunlaşması mümkün deyildir. Həmçinin hazırda lisenziyanın müddəti bitmişdir.
17. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 qeyd etmişdir ki, dizayn-şablonun qurulması üçün məlumat tələb olunur, həmin məlumatı isə müqaviləyə əsasən iddiaçı verməlidir. Əvvəla, lisenziyanı aktivləşdirmək lazımdır, daha sonra isə məlumatlar təqdim edilməlidir ki, iş yekunlaşa bilsin. Lakin məlumatlar təqdim edilməmişdir. Məlumat dedikdə müqavilədə qeyd olunan məlumat nəzərdə tutulur. Görülən işə baxış keçirilməsi üçün aktiv lisenziya olmalıdır. Lakin lisenziya aktiv olmadığından görülən işin nəticəsini məhkəməyə, eləcə də ekspertə təqdim etmək mümkün deyildir.
18. Birinci instansiya məhkəməsinin e-2-2(113)-1251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 11493,3 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
19.1. İşin mübahisəsiz halı ondan ibarətdir ki, öhdəliyin icrası gecikdirilmiş, proqram təminatı təhvil verilməmişdir. Lakin iddiaçı icranın gecikdirilməsinin cavabdehlə bağlı olduğunu, cavabdeh isə icranın gecikdirilməsinin iddiaçı tərəfindən zəruri məlumatların təqdim edilməməsi səbəbilə yarandığını bildirir. Belə olan halda məhkəmə müqavilənin icra edilməməsinin səbəblərinin müəyyən edilməsini zəruri hesab edir. 19.2. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 (hər iki tərəfin iddiaçının əməkdaşı-işçisi olduğunu təsdiqləmiş) məhkəməyə izahatında göstərmişdir ki, İddiaçı MMC-nin marketinq şöbəsində işləmiş, işlərin yaxşı getməsi məqsədilə əmlak sferasında X3 edilməsi üçün CRM (“X2” – X3 Edilməsi) sistemin tətbiq edilməsinin zəruri olduğu qənaətinə gəlinmiş və cavabdehlə əməkdaşlığa başlanılmışdır. Cavabdehlə müqavilə bağlanaraq işlərin 2 ay ərzində yekunlaşması nəzərdə tutulmuş, cavabdehin əməkdaşları 1 – 1,5 ay iddiaçının ofisində olmuş, iddiaçının bir əmlakın satılması üçün izlədiyi bütün mərhələlər barədə cavabdehə məlumat verilmişdir. Cavabdeh proqramı 2 ay müddətinə təhvil verməli olduğu halda, 1 il müddətində təhvil yekunlaşmamış, bu səbəbdən X8 dizayn işinin görülməsini təklif etmiş, lakin iddiaçının rəhbərliyi bununla razılaşmamışdır. Belə ki, cavabdeh tərəf uzun müddət ərzində işi təhvil verməmiş, hər dəfə müxtəlif bəhanələrlə işin icrasından yayınmışdır. Ona görə də iddiaçının cavabdehə inamı qalmamışdır. 19.3. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının nümayəndəsi X8 ilə cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 arasında aparılmış vatsap danışıqlarından görünür ki: – xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixlərində cavabdeh Qazaxıstan partnyorlarının kodlaşma ilə bağlı problem yaşadığını, problem həll edildikdən sonra işlərin sürətlə yekunlaşacağını bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı 1-2 günə ay yarımın olacağını bildirərək işlərin nə yerdə qaldığını soruşur, xx.xx.2023-cü il tarixdə iddiaçı proqramla bağlı məlumatlar göndərir, xx.xx.2023-cü il tarixdə iddiaçı Qazaxıstandan nə xəbər olduğu ilə maraqlanır, xx.xx.2023-cü il tarixdə cavabdeh narahatlığa əsas olmadığını, 2 həftəyə proqramı bitirəcəyini bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı ayın 20-nə az müddət qaldığını, məlumatın olub-olmamasını dəqiqləşdirir, xx.xx.2023-cü il tarixdə cavabdeh işlə bağlı zəng edəcəyini bildirir. – xx.xx.2023-cü il tarixdə iddiaçı ayın bitməsinə 9 gün qaldığını xatırladır, cavabdeh isə birinci gündən işlərin dayanmadan görüləcəyini bildirir, iddiaçı xx.xx.2023-cü il tarixdə ayın sonuna işin yekunlaşıbyekunlaşmayacağını dəqiqləşdirir, işlərin yekunlaşması üçün ay yarım – 2 ay müddətin deyildiyini xatırladır, cavabdeh isə zəng edib ətraflı danışacağını yazır, xx.xx.2023-cü il tarixdə cavabdeh ödənişlə bağlı problemin olduğunu, həllinə çalışdığını bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı proqramda bəzi şeylərin düzgün işləmədiyini bildirir, 2 ay 10 gündür, işlərin yekunlaşmadığını göstərir, cavabdeh işlərin ayın axırına tam bitəcəyinə ümid etdiyini bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı işlərin 8-9 gün bitirilə biləcəyini soruşur, cavabdeh isə 7-10 günə bitiriləcəyini bildirir. – xx.xx.2023-cü il tarixdə iddiaçı proqramın gec təhvil verilməsi ilə bağlı digər şirkətlərdən iş qəbul edə bilmədiyini bildirir, cavabdeh isə 10 dəqiqəyə zəng edəcəyini göstərir, lakin iddiaçı zəng edilmədyindən narazılıq edir, xx.xx.2023-cü il tarixdə iddiaçı işlərin vəziyyəti, əmlak bazasının hazır olub-olmadığını soruşur, xx.xx.2023-cü il tarixdə iddiaçı ayın 22-nə işlərin yekunlaşacağını gözlədiyini bildirir, xx.xx.2023-cü il tarixdə iddiaçı proqramın 22-nə təhvil verilib-verilməyəcəyini dəqiqləşdirir, cavabdehdən dəqiq məlumat tələb edir, xx.xx.2023-cü il tarixdə iddiaçı dəfələrlə edilən zənglərə cavab verilmədiyini qeyd edir, ödənilən məbləğin ofisə qaytarılmasını bildirir. – xx.xx.2023-cü il tarixdə iddiaçı işlərin nə yerdə olduğunu soruşur, cavabdeh zəng edəcəyini qeyd edir, xx.xx.2023-cü il tarixdə iddiaçı ayın 19-na söz verildiyini, lakin ayın 20-si olduğu halda proqramın təhvil verilmədiyini göstərir, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehin və qazaxıstanlıların proqramı təhvil vermək fikirləri olmadığını, bu səbəbdən məsələnin bağlanmasını təklif edir, xx.xx.2024-cü il tarixdə iddiaçı 1 ilə yaxındır proqramın verilmədiyini xatırladır, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı cavabdehdən dəfələrlə məlumat tələb edir, lakin cavabeh hər hansı məlumat vermir,. – xx.xx.2024-cü il tarixdə cavabdeh proqramın, demək olar ki, hazır olduğunu bildirir, xx.xx.2024-cü il tarixdə cavabdeh 10 iş günü ərzində proqramın təhvil veriləcəyini bildirir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqramın təhvil verilməsi üçün ayın 3-nə qədər vaxt qoyulduğunu qeyd edir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqramın lisenziyasının bitdiyini bildirir, onun aktivləşdirilibaktivləşdirilməməsini cavabdehdən soruşur, xx.xx.2024-cü il tarixdə cavabdeh sabah layihənin bitiriləcəyini bildirir, proqramın hazır olduğunu göstərir, xx.xx.2024-cü il tarixdə cavabdeh pulu qaytarmayacağını, proqram üçün Qazaxıstana kifayət qədər pul ödədiyini qeyd edir. – xx.xx.2024-cü il tarixdə iddiaçı lisenziyanın aktivləşmədiyini bildirir, cavabdeh isə ödənişin olduğunu, lisenziyanın aktiv olacağını göstərir, xx.xx.2024-cü il tarixdə iddiaçı əmlak bazasının dizyanını özlərinin yığa biləcəyini, işlərin yekunlaşmaq üzrə olduğunu, proqramdakı qüsurları aradan qaldırdığını bildirir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqram üçün başqa şirkətlərlə əlaqə saxladıqlarını qeyd edir, xx.xx.2024-cü il tarixdə iddiaçı proqramdan şəkillər göndərir, xx.xx.2024-cü il tarixdə iddiaçı dizayn işinin uzun müddət vaxt tələb etdiyini bildirir, xx.xx.2024-cü il tarixdə iddiaçı əmlak bazası üçün dizaynın yekunlaşmaq üzrə olduğunu göstərir... . 19.4. İş materiallarında olan yazışmalardan və şahid ifadələrindən göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixdə işlərin 2 həftəyə, xx.xx.2023-cü il tarixdə ayın axırına, xx.xx.2023-cü il tarixdə 7-10 günə bitəcəyini, xx.xx.2024-cü il tarixdə, demək olar ki, hazır olduğunu, xx.xx.2024-cü il tarixdə 10 iş gününə hazır olacağını, xx.xx.2024-cü il tarixdə sabah təhvil verilcəyini bildirmişdir. Əmlak bazası üçün dizyanın hazırlanması isə yalnız 2024-cü ilin avqust ayında işlərinin tamamlanmasını təmin etmək üçün iddiaçının müqavilə ilə razılaşdırılmamış işi öz üzərinə götürməsi formasında olmuş, lakin daha sonra iddiaçı həmin işdən imtina etmişdir. Eyni zamanda proqramın bir hissəsinin tamamlandığı, lakin lisenziyanın müddəti bitdiyi üçün həmin proqrama iddiaçı və cavabdehin daxil ola bilmədiyi işin mübahisəsiz halıdır. 19.5. Belə olan halda mübahisə podrat müqaviləsinin qüsurlu icranı tənzimləyən müddəaları əsasında həll edilməlidir. 19.6. Hazırkı halda, cavabdeh tərəfindən proqram təhvil verilməmiş, iddiaçı tərəfindən isə 11493,3 manat ödəniş edilmişdir. Cavabdehin etirazının əksinə bu gecikmə bilavasitə sonuncudan qaynaqlanmış, subpodratçılara münasibətdə isə Mülki Məcəllənin 448.3cü maddəsinə əsasən (borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır) bilavasitə cavabdeh məsuliyyət daşımışdır. Bu mənada müqavilədən imtinanın hüquqi nəticəsi həmin ödənişin iddiaçıya qaytarılmasından ibarətdir. 19.7. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 19.8. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 11493,3 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 19.9. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 325 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. 19.10. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 390.1,425, 427.3, 442, 448.1, 448.2, 448.3, 752, 762.3, 763.1, 764.1, 765-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir.
21. Qətnamədən cavabdehin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
32. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
33. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
34. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
35. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).
50. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
51. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
52. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır.
53. İşin faktiki hallarından, iddiaçının cavabdehlə xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli xidmət müqaviləsi bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, cavabdeh icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, iddiaçı isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.
54. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr müəyyən olunmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1
55. Kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir.
56. Belə ki, iş materiallarına əlavə edilmiş kassa mədaxil orderi qəbzlərinə əsasən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 5000,3 manat, xx.xx.2023-cü il tarixdə 3493 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat olmaqla ümumilikdə 11493,3 manat ödəniş edilmişdir.
57. Cavabdeh isə müqavilə üzrə proqramın təhvil verilməməsini mübahisələndirməmiş, öhdəliyin iddiaçı tərəfindən lazım olan məlumatların təqdim edilməməsi səbəbindən icra edilmədiyini bildirmişdir.
58. İşin hallarından müəyyən olunur ki, öhdəliklərin icra edilməsində baş vermiş gecikmə bilavasitə sonuncudan qaynaqlanmışdır.
59. Belə ki, iş materiallarına əlavə edilmiş yazışmalardan və şahid ifadələrindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə işlərin 2 həftəyə, xx.xx.2023-cü il tarixdə ayın axırına, xx.xx.2023-cü il tarixdə 7-10 günə bitəcəyini, xx.xx.2024-cü il tarixdə, demək olar ki, hazır olduğunu, xx.xx.2024-cü il tarixdə 10 iş gününə hazır olacağını, xx.xx.2024-cü il tarixdə sabah təhvil verilcəyini bildirmişdir.
60. Belə olan halda birinci instansiya məhkəməsi podrat müqaviləsinin qüsurlu icranı tənzimləyən müddəalarını tətbiq etməkdə haqlı olmuşdur.
61. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə dəfələrlə əlavə icra üçün şərait yaratmış, cavabdeh isə vəd etdiyi heç bir müddətdə proqramı iddiaçıya təhvil verməmiş, lisenziyanın müddəti isə borclu – cavahdeh tərəfindən icranın gecikdirilməsi müddətində baş vermişdir.
62. Belə olan halda müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmadığından sifarişçi müqavilədən imtina etməkdə və müqavilədən əvvəlki ilkin vəziyyətin bərpasını tələb etməkdə haqlı olmuşdur.
63. Belə ki, natamam görülmüş iş özü qüsurlu icradır. Belə olan halda, muzdunu tam alıb işi isə yarımçıq yerinə yetirmiş podratçının həmin haqqı tam şəkildə özündə saxlamasının hüquqi əsası yoxdur. İddiaçı da məhz cavabdehin qüsurlu iş görməsi nəticəsində çəkdiyi zərəri tələb edir. Odur ki, hazırkı iddia təmin olunacağı təqdirdə qüsurlu, yəni natamam işə görə ödənilmiş muzd müvafiq hissədə sifarişçiyə geri qaytarılmalıdır.2
64. Həmçinin kollegiya qeyd edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 325 manat məbləğində pul ağlabatandır və iddianın təmin edildiyindən hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
65. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni,
1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) 2 Ali Məhkəmə, İş № 2-2(102)-563/2025, § 85 (https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3516905) əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
66. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.