Məhkəmə qərarları › İş №2-2(103)-904/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-904/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-904/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylı müqavilələr üzrə İddiaçı2 MMC-yə ödənilməmiş 114,410 manat borc məbləği və 7287.76 manat faiz məbləği; b) xx.xx.2020-ci il, BSA- 01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylımüqavilələr üzrə "xxxx" Firmasına ödənilməmiş 202.000 USD borc məbləği və 12.867,12 USD faiz məbləği; c) iddiaçıların müəllif hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən 15.000 manat kompensasiya; d) 1550,92 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçıların müəlliflik hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən İddiaçı2 MMC-nin xeyrinə 7500 manat, “İddiaçı1” Firmasının xeyrinə isə 7500 manat, ümumilikdə 15.000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra iddiaçılar İddiaçı2 MMC, İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün müddətin bir neçə gün ötürməsinin səbəbi elektron məhkəmə sistemində asan imza ilə şikayət göndərməyin texniki cəhətdən mümkün olmamasıdır. İddiaçılar olaraq apellyasiya mərhələsi üçün xx.xx.2023-cü il tarixdə vəkil X3 ilə müqavilə bağlamışlar. Lakin həmin tarixdən sonra bayram günlərində və ondan da sonra qətnamədən şikayəti göndərmək, portaldan dövlət rüsumunu ödəmək mümkün olmamışdır. Şikayəti xx.xx.2023-cü il tarixdə göndərmək mümkün olmuşdur. Odur ki, müddətin bərpa edilməsini xahiş edirlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qərardadı ilə ərizə (vəsatət) təmin edilmiş, iddiaçılar İddiaçı2 MMC, İddiaçı1 tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş X2 apellyasiya şikayəti üçün dövlət rüsumunun ödənilməsinə dair qəbzin tarixi xx.xx.2023-cü ildir. Göstərilən qəbzin özü iddiaçılar və onların rəhbər şəxsləri tərəfindən apellyasiya şikayəti vermək niyyətinin artıq xx.xx.2023-cü il tarixdə yaranmağını təsdiq edir. Xüsusilə də, iddiaçı apellyasiya şikayətinin gec verilməsinin səbəblərindən biri kimi dövlət rüsumunun ödənilməsində yaranmış problemi bildirmişdir. Lakin, dövlət rüsumunun HÖP (X5) vasitəsilə ödənilməsi zamanı “Asan İmza” xidmətinə ehtiyac yoxdur, həmin portal vasitəsilə aidiyyəti məhkəmə seçilməklə dövlət rüsumu istənilən zaman asanlıqla ödənilə bilər. Bu da iddiaçıların prosessual müddətin ötürülməsini əsaslandıra bilmədiklərinin digər sübutudur. İddiaçılar vəkil ilə 25 iyun 2023-cü il tarixində müqavilə bağlamışdır. Həmin tarix öncədən ictimaiyyətə elan edilən, iyun ayı üzrə istehsalat təqviminin son iş günü olmuşdur. Nazirlər Kabinetinin qərarı ilə əlaqədar iyunun 19-25-i iş günləri, iyunun 26-dan iyulun 2-dək isə qeyri-iş günləri hesab edilmişdir. Növbəti iş günü 03 iyul 2023-cü il olmuşdur ki, həmin tarix isə artıq şikayətin verilməsinin son günü idi. Yəni bu göstərir ki, iddiaçıların məqsədi işi uzatmaq, müddəti ötürmək və daha sonra əsassız olaraq müddətin üzrlü səbəblərdən ötürülməsini iddia etmək olmuşdur. Əks halda, şikayət etmək niyyətində olan tərəf son iş günü vəkil ilə müqavilə bağlamaz və şikayətin verilməsinin son gününə məsələni saxlamazdı. Habelə, iddiaçıların təqdim etdiyi sübut kimi göstərilən xəbərdə əks olunan məlumatlardan müəyyən olunur ki, problem bayram günlərində başlayıb və bir müddət sonra aradan qaldırılıb. xx.xx.2023-cü il tarixində, gecə radələrindən isə yenidən problem üzə çıxıb. Apellyasiya şikayətinin verilməsinin son günü olan 03 iyul 2023-cü il tarixində gün ərzində “Asan imza” xidmətində problem olmayıb və iddiaçılar həmin gün ərzində şikayəti elektron məhkəmə informasiya sisteminə əlavə edə bilərdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qətnaməsi 01 iyun 2023-cü il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məxsus elektron kabinetdə yerləşdirilmiş və bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. İddiaçıların apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti qeyri-iş günü nəzərə alınmaqla 03 iyul 2022-ci il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2023-cü il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi apellyasiya şikayətinin verilməsi müddəti 03 iyul 2022-ci il tarixdə bitmişdir. İddiaçılar vəkil ilə 25 iyun 2023-cü il tarixdə müqavilə bağlamışlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında xx.xx.2023-cü il tarixli 164 saylı qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığının təmin etmək məqsədi ilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilmiş və nəticədə 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü müəyyən edilmişdir. Ərizəyə əlavə olunmuş e-huquq.az rəsmi saytında yayımlanmış 04 iyul 2023-cü il tarixli xəbərdən görünür ki, Ədliyyə Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən verilən məlumata əsasən Elektron Məhkəmə Sisteminin fəaliyyətində bayram günlərində müəyyən çətinliklər olmuş, “Asan İmza” xidmətində problemlər yaranmış, problem aradan qaldırıldıqdan sonra 03 iyul axşamdan yenidən baş vermişdir. İşin qeyd olunan hallarını, yəni iddiaçılar vəkil ilə 25 iyun 2023-cü il tarixdə müqavilə bağladıqlarını və həmin gündən şikayətvermə müddətinin bitdiyi 03 iyul 2023-cü il tarixə və bundan sonra da “Asan İmza” xidmətində problemlərin yarandığını, bu problemin rəsmi dövlət qurumunun rəhbəri tərəfindən təsdiq edildiyini, o cümlədən problem aradan qaldırıldıqdan sonra iddiaçıların çox qısa müddət ərzində (cəmi 4 gün sonra) apellyasiya şikayəti verdiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsindən görünür ki, qanunverici şikayətvermə müddətini qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməsi imkanını müəyyən etmişdir. Şikayətin həmin 1 ay müddətin əvvəlində, ortasında, yoxsa sonuncu günündə verilməsini müəyyənləşdirmək hüququ isə şikayət verən tərəfə məxsusdur və qanunvericilikdə bunu məhdudlaşdıran hər hansı norma mövcud deyildir. Ona görə də, cavabdehin iddiaçıların şikayəti sonuncu günə saxlamasına, bunu işi uzatmaq məqsədilə etməsinə istinad etməsi barədə dəlilləri əsassızdır. Sonuncuya dair əlavə olaraq kollegiya qeyd edir ki, iddia tələbi məhkəmə tərəfindən rədd olunub və apellyasiya şikayəti verən tərəf də iddiaçılardır. Ona görə də, burada işi uzatmaq məqsədindən bəhs edilə bilməz. Bundan əlavə cavabdehin də qeyd etdiyi kimi iddiaçılar vəkil ilə 25 iyun 2023-cü il tarixdə müqavilə bağlamışlar və həmin gündən şikayətvermə müddətinin bitdiyi 03 iyul 2023-cü il tarixə və bundan sonra da “Asan İmza” xidmətində problemlər yaranmışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-240/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar