Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-906/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı X1 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2093/2023 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC və İddiaçı arasında 11 noyabr 2017-ci il tarixli 149 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Nazirlər Kabinetinin Qərarına uyğun olaraq ünvan 1 ev 17-də yerləşən qeyri-yaşayış sahəsi və F.Məmmədov küçəsi ev 17, mənzil 20 ünvanında olan mənzilin sökülməsi, bunun qarşılığında iddiaçının mülkiyyətində olan 53 kv.m qeyri-yaşayış sahəsinin və 56 kv.m faktiki sahəsinə 20% əlavə etməklə E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61,9 kv.m olmaqla ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsinin olan İddiaçı mülkiyyətinə verilməsi, bunun qarşılığında mülkiyyətçinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 20.000 manat məbləğin 10.000 manatını ilkin ödəniş etməyi və qalıq 10.000 manatı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilə şərtinə uyğun olaraq İddiaçı Maqsud oğlu tərəfindən "xxxx" MMC-yə 20.000 manat məbləğində pul ödənilmişdir.
3. Daha sonra 28 noyabr 2019-cu il tarixdə tərəflər arasında imzalanmış müqaviləyə dəyişiklik edilmiş, hər ay üzrə aylıq 700 manat ödəniş tərəflər arasında razılaşdırılmış, müqavilənin müddəti 01 noyabr 2022-ci il tarixinədək uzadılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda cəmi 34.393 manat, ödənilməmiş icarə haqqı cəmi 17.500 manat, 25 ay 17500 manat icarə haqqının ödənilməsinin digər səbəbdən gecikdirilməsi x 8 % bankın illik uçot dərəcəsi 1400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 400 manat, cəmi 53693 (əlli üç min altı yüz doxsan üç) manat, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa olunan yaşayış binasının E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61,9 kv.m olmaqla, ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsi təhvil verilən günədək hər ay 700 manat cavabdeh "xxxx" MMC-dən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, müqavilənin 2.2.4-cü bəndinə əsasən hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini qeyri-yaşayış sahəsi istismara qəbul edilib ev “mülkiyyətçi”yə təhvil verilənədək uzadılmasını təmin etmək cavabehin vəzifəsi kimi üzərinə qoyulmuşdur. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi”yə qeyri-yaşayış sahəsini təhvil vermək cavabdehin vəzifəsi kimi üzərinə qoyulmuşdur. Şifahi razılığa əsasən hər ay cavabdeh 1400 manat icarə haqqı ödəməli idi. Həmin razılaşma rəsmiləşdirilməmiş, iş adamı kimi tərəflər arasında “söz”lə təsdiqlənmiş və razılaşdırılmışdır. Lakin cavabdeh həmin məbləği ödəməmişdir. 24 ay 17 - gün müddətində hər ay 1400 manat faydadan məhrum olmuşdur. 28 noyabr 2019-cu il tarixində tərəflərin razılığına əsasən 11 noyabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilmiş, lakin cavabdeh bu müqavilə öhdliyinin də tələbini pozmuşdur. Nəticədə maddi ziyan dəymiş, əldə olunacaq faydadan məhrum olmuşdur. Belə ki, cavabdeh 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayı daxil olmaqla hər ay 700 manat kirayə haqqı ödəmişdir. 2020-ci ilin dekabr ayından hal-hazıra qədər, yəni 2022-ci ilin dekabr ayı daxil olmaqla kirayə haqqını ödəməmişdir. Həmin müqavilə əsasında cavabdehin sərəncamına verdiyi mülkiyyətində olan 56 kv.m və 53 kv.m sahəni birlikdə 1400 manata icarəyə vermişdir. Həmin faydadan məhrum olmuşdur (18 noyabr 2019-cu il- 11 noyabr 2017-ci il = ödənilməmiş ay və gün - 24 ay, 17 gün x 1400 manat = 34.393 manat əldən çıxmış fayda. xx.xx.2022-2020.12.0 = icarə haqqı ödənilməmiş aylar - 25 ay x 700 manat = 17500 manat). 25 ay icarə haqqının ödənilməsini digər səbəbdən gecikdirilməsi x 8 % bankın illik uçot dərəcəsi = 1400 manat. 34393 manat əldən çıxmış + 17500 manat ödənilməmiş icarə haqqı + icarə haqqının gecikdirilməsi bankın uçot dərəcəsi 8 % 1400 manat = cəmi 53293 manat vurulmuş ziyan.
6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2093/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən icarə haqqı üzrə 16.100 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həmin dövr üçün həmin ünvanda yerləşən qeyri-yaşayış sahələri üzrə, eyni zamanda mübahisəli sahələr üzrə bağladığı icarə müqavilələrinin icarə haqqı barədə sənədlərini sübut kimi məhkəməyə təqdim etmişdir ki, mübahisəli dövr üçün əldə edəcəyi gəlirdən, yəni hər ay 1400 manatdan məhrum olmuşdur. Məhkəmə, 17500 manat icarə haqqının ödənilməsi hissəsində də düzgün nəticəyə gəlməyərək, 2020-ci ilin dekabr ayından 2022-ci ilin noyabr ayina qədər olan dövrü, müqavilənin bitmə tarixini əsas götürərək 23 ay hesablamış və məbləği 16100 manat götürmüşdür. Belə ki, cavabdeh müqavilənin bağlanması tarixindən, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər icarə haqqını ödəmir, nə də binanı tikib qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermir. Məhkəmənin gəldiyi nəticəyə görə isə cavabdeh 2030-cü ilə qədər qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsə də, iddiaçı ondan icarə haqqı tələb edə bilməz. Halbuki, müqavilənin 2.2.4-cü bəndinə əsasən hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin uzadılmasını təmin etmək cavabdehin vəzifəsi kimi üzərinə qoyulmuşdur. Məhkəmə, iddia tələbinin 25 ay 17500 manat icarə haqqının ödənilməsinin digər səbəbdən gecikdirilməsinin 8% bankın illik uçot dərəcəsi 1400 manat hesablanması hissəsində də düzgün nəticəyə gəlməyərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına istinad etmiş və həmin Qərarın və Mülki Məcəllənin 152.3-cü maddəsini səhv təfsir etmişdir. Tələbin həmin ünvanda yerləşən ümumi sahəsi 124 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilənədək hər ay 700 manat cavabdehdən icarə haqqı tutulması hissəsində də məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticədən belə məlum olur ki, cavabdeh həmin dövr üçün iddiaçı ilə müqavilə bağlamır, 2030-cu ilə qədər qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermir və iddiaçıya icarə haqqı ödəmir. Bu halda iddiaçı cavabdehdən icarə haqqı tələb etməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçı X2 və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
16. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
17. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.
21. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb əldən çıxmış fayda kimi 34.393 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.
22. Həmin tələblər onunla əsaslandırılmışdır ki, şifahi razılığa əsasən hər ay cavabdeh 1400 manat icarə haqqı ödəməli idi, həmçinin müqavilə əsasında cavabdehin sərəncamına verdiyi mülkiyyətində olan 56 kv.m və 53 kv.m sahəni birlikdə 1400 manata icarəyə vermiş və həmin faydadan məhrum olmuşdur.
23. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
24. Lakin hazırki işdə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir.
25. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə aylıq 1400 manat məbləğində icarə haqqının ödənilməsi barədə şərt nəzərdə tutulmamışdır. Yalnız xx.xx.2019-cu il tarixdə müqaviləyə edilmiş dəyişikliyə əsasən aylıq 700 manat məbləğində icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur.
26. Eyni zamanda iddiaçı onunla cavabdeh arasında 1.400 manat məbləğində icarə haqqının ödənilməsinə dair şifahi razılığın olduğunu qeyd etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
27. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri təmin edilə bilməz.
28. İddiaçı tərəfindən irəli sürülən 17.500 manat kirayə haqqının və qeyri-yaşayış sahəsi təhvil verilən günədək hər ay 700 manatın ödənilməsi barədə tələblərə münasibətdə kollegiya aşağıdakıları qeyd edir ki, həmin tələblər tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinin şərtlərindən irəli gəlir.
29. Həmin bəndə əsasən (28 noyabr 2019-cu il tarixli əlavəyə əsasən həmin bəndə dəyişiklik edilmişdir) yeni binanın tikintisi başa çatıb, istismara qəbul edilənədək, müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqını tələb etmək İddiaçı hüquqlarına aiddir.
30. Əvvəla kollegiya qeyd edir ki, kirayə haqqının tutulması tələbinə münasibətdə hazırki apellyasiya baxışının pedmeti həmin tələbin yalnız təmin edilməyən 2 aylıq kirayə haqqının tutulması hissəsidir. Çünki iddiaçı 25 ay üçün kirayə haqqının tutulması tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi isə yalnız 23 ay üçün kirayə haqqının tutulması qənaətinə gəlmişdir.
31. Kollegiya hesab edir ki, təmin edilməyən 2 aylıq kirayə haqqının tutulması hissəsində də iddia əsaslıdır.
32. Belə ki, həmin tələb üzrə iddiaçı bildirir ki, cavabdeh 2020-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayı daxil olmaqla kirayə haqqını ödəməmişdir.
33. Cavabdeh də kirayə haqlarını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
34. Eyni zamanda işin hallarından görünür ki, 28 noyabr 2019-cu il tarixdə tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndi dəyişdirilərək, hər ay üzrə aylıq 700 manat ödəniş tərəflər arasında razılaşdırılmış, müqavilənin müddəti 01 noyabr 2022ci il tarixinədək uzadılmışdır.
35. Bununla yanaşı tərəflər arasında bağlanmış 11 noyabr 2017-ci il tarixli 149 nömrəli müqavilənin 2.2.4-cü bəndində təsbit olunmuşdur ki, hər-hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini qeyri-yaşayış sahəsi istismara qəbul edilib ev “mülkiyyətçi”yə təhvil verilənədək uzadılmasını təmin etmək Cavabdeh MMC-nin vəzifələrinə aid edilmişdir.
36. Göründüyü kimi müqaviləyə əlavə ilə onun müddətinin 01 noyabr 2022-ci il tarixinədək uzadıldığı qeyd edilsə də, müqavilə şərti ilə onun icrası müddəti Cavabdeh MMC-nin öz öhdəliklərini, yəni qeyri-yaşayış sahəsini istismara qəbul edib, evi “mülkiyyətçi”yə təhvil verməsi ilə və həmin anadək iddiaçıya kirayə haqqı ödəməsi ilə əlaqələndirilmişdir.
37. Cavabdeh MMC tərəfindən tikinti işlərinin nəinki müqavilə müddətində, hətta hazırda da başa çatdırılmadığı işin mübahisəsiz halını təşkil edir.
38. Bu baxımdan kollegiya hesab edir ki, müqavilə şərtlərinə əsasən Cavabdeh MMC tikinti işlərini başa çatdırmadığına görə müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişi iddiaçıya ödəməyə borcludur.
39. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 385-ci maddəsinə əsasən təmin edilməyən 2 aylıq 1400 manat kirayə haqqının, habelə 2023-cü ilin yanvar ayından hesablanması başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günədək hər ay 700 manatın cavabdehdən tutulmasını tələb etməkdə tam haqlıdır.
40. İddiaçı tərəfindən irəli sürülən digər tələb icarə haqqının ödənilməsinin 25 ay gecikdirilməsinə görə 8% bankın illik uçot dərəcəsi üzrə cəmi 1400 manat məbləğində faiz məbləğinin tutulması ilə bağlıdır.
41. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.
42. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
43. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
45. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.
46. 25 ay müddət üçün hesabladıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 1822,9 manat təşkil edir: 1 il üçün (17500 x 5 % = 875); 1 ay üçün (875 / 12 ay = 72,9); 25 ay üçün (72,9 x 25 ay = 1822,9).
47. Bununla yanaşı iddiaçı həmin iddia tələbi üzrə yalnız 1400 manatın cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
48. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən cəmi 1400 manat məblğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin iddia tələbi tam əsaslıdır.
49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni icarə haqqının tutulması barədə tələblərin qismən təmin edilməməsi, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 1.400 manat məbləğində pul vəsaitinin tutulması, həmçinin iddiaçıya qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 700 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissələrdə iddia təmin edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2093/2023 saylı qətnaməsi qismən, yəni icarə haqqının tutulması barədə tələblərin qismən təmin edilməməsi, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 1.400 manat məbləğində pul vəsaitinin tutulması, həmçinin iddiaçıya qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 700 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissələrdə iddia təmin edilsin. Ödənilməmiş 1.400 manat məbləğində icarə haqqı, cəmi icarə haqqı olan 17.500 manat məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 1.400 manat məbləğində pul vəsaiti və 2023-cü ilin yanvar ayından hesablanması başlayaraq İddiaçı qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 700 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn