Məhkəmə qərarları › İş №2-2(103)-908/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-908/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-908/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X7 və X8 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi, birgə sahibkarlıq fəaliyyəti ilə bağlı razılaşma, iddia müddətinin tətbiqi, sübutların qiymətləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlundan və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bağırova Zenfira Qabil qızının katibliyi ilə İddiaçı işirakı ilə, İddiaçı cavabdehlər X7 və X8 qarşı pul tələbinə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh X5 verdiyi apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı və X10 arasında 2011-ci ildə birgə sahibkarlıq fəaliyyəti göstərilməsi barədə şifahi razılaşma əldə edilmiş və iddiaçı cavabdehə Çin Xalq Respublikasından santexnika malları gətirərək Sədərək Ticarət Mərkəzində cavabdehin fəaliyyət göstərdiyi mağazada satılması üçün Samir Hüseynovun atası X6 şahidliyi ilə 50000 ABŞ dolları (1 dollar = 0,78 manat məzənnə ilə 39000 manat) pul vermişdir. Bunun müqabilində cavabdeh 3 il ərzində iddiaçıya hər ay gəlirdən 1000 ABŞ dolları ödəməyi, sonda pulu qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı qəbul edir ki, cavabdeh razılaşdırıldığı kimi 3 il ərzində iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, 36000 ABŞ dolları ödəmişdir. Lakin 3 ildən sonra bu razılaşma üzrə ödəniş etməmiş və 2015-ci ildən etibarən iddiaçı hər il 50000 ABŞ dolları verdiyi vəsaiti geri qaytarmasını tələb etsə də, cavabdeh nə verdiyi pulu qaytarmış, nə də gəlirdən hər ay 1000 dollar ödəniş etmişdir

3. İddiaçı tərəfindən 2012-ci ildə X11 vasitəsi ilə həmin vaxt Çin Xalq Respublikasında olan X7 göndərməsi üçün 80000 ABŞ dolları (1 dollar = 0,78 manat məzənnə ilə 62400 manat) pul verilmiş, razılaşma belə olmuşdur ki, həmin pul yenə də ticarət dövriyyəsinə qoyulacaq və iddiaçıya çatası gəlir ödəniləcək.

4. Bakı şəhər Baş Polis İdarəsinin “Cinayət işinin rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli Qərarına əsasən, iddiaçı izahatında cavabdehə birgə fəaliyyət üçün 50000 və 80000 ABŞ dolları, sonradan gəlirdən 20000 ABŞ dolları pul verildiyini, cavabdeh tərəfindən isə cəmi 80.000 ABŞ dolları ödəniş edildiyini bildirmişdir. Həmin qərara görə, cavabdeh X10 izahatından göstərmişdir ki, 2012-ci ildə iddiaçıdan həqiqətən ticarət üçün atası vasitəsi ilə 50000 ABŞ dolları və 80000 ABŞ dolları pul almışdır. 50000 ABŞ dolları pulun müqabilində iddiaçıya hər ay 1000 ABŞ dolları vermişdir. 80000 ABŞ dolları ilə bağlı razılaşma belə olmuşdur ki, qazancın müəyyən hissəsini iddiaçıya verəcək 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aylıq 1000 ABŞ dolları pulu verə bilməmişdir. Lakin 80000 ABŞ dolları pula görə 08 mart 2020-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif miqdarda pul vermişdir. 2012-ci ildə iddiaçıdan aldığı 130000 ABŞ dollarının qarşılığında 18002 manat və 161827 ABŞ dolları pul vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X7 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 590000 ABŞ dolları (160000 ABŞ dolları əsas borc, 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250000 ABŞ dolları 2015-2023-cü il üçün ödənilməmiş gəlir) pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 160000 ABŞ dollarını vermədikləri üçün o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Bu illər ərzində iddiaçının sağlamlığına ağır zərbə dəymiş, iki dəfə infarkt olmuş və hər il ürəyindən müalicə alır. Eyni zamanda baş-beyin xroniki işemiyası və baş-beyin hissənin atrofiyası xəstəliyinə tutulmuşdur. Bundan başqa, iddiaçıya gəlirdən verilən 80000 ABŞ dolları 2012, 2013, 2014cü illəri əhatə edir, yəni hər il təqribən 27000 ABŞ dolları olmuşdur. Sonrakı 2015-2023-cü illər üçün hər ilə 27000 ABŞ dolları pul verilməli idi. Nəticədə 160000 ABŞ dollar əsas pul, 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250000 ABŞ dolları 2015-2023-cü illər üçün verilməli olan məbləğ, ümumilikdə 570000 ABŞ dolları iddiaçıya qaytarılmalıdır.

7. Cavabdehlər birinci instansiya məhkəməsində iddia ərizəsinə birgə etiraz edərək bildirmişlər ki, iddiaçıdan 130000 ABŞ dolları pul alıblar. İddiaçı özü də etiraf edir ki, dolların məzənnəsi dəyişərkən tərəflər arasında mübahisə yaranmışdır. Bu səbəbdən cavabdehlərin də maddi vəziyyəti pisləşməyə başlamış, 2014-cü ildən zərərə düşmüşlər. Cavabdehlər həmin məbləğdən 230000 ABŞ dolları məbləğində iddiaçıya ödəniş etmişlər. Onların iddiaçıya heç bir borcu qalmamışdır.

8. Həmçinin, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və qeyd etmişdir ki, iddiaçı 2014-cü ildən sonra ona hər hansı ödəniş edilmədiyini qeyd etdiyindən müqavilə tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddia rədd edilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 5140/2023 nömrəli qətnaməsinə əsasən (hakim Z.R.Pirverdiyev) iddia qismən təmin edilərək, cavabdehlər X3 və X4 müştərək qaydada 130000 ABŞ dollarının ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi razılaşmaya görə 130000 manat pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Buna baxmayaraq cavabdehlər iddiaçıdan aldığı əsas pul məbləğini tam şəkildə iddiaçıya ödəməmişlər. Cavabdehlər 130000 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunan xüsusatlar iş materiallarına əlavə olunmuş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 dekabr 2021-ci il tarixli qərarında göstərilən tərəflərin verdiyi izahatlarla da təsdiq olunmuşdur. Məhkəmə iddiaçının əsas məbləğdən əlavə olaraq cavabdehlərdən tələb etdiyi 460000 ABŞ dolları borcun olmasını əsaslandıra bilmədiyindən və bu barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.

11. Birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edərək göstərmişdir ki, məhkəmə iclasında iddiaçının izahatından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2021-ci il 11 dekabr tarixli qərarından müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020-2021-ci ildə olmuşdur. Cavabdehlər tərəfindən 2020-2021-ci illər ərzində iddiaçıya ödənişlər olduğundan yəni borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başladığından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3- cü hissəsinə, Mülki Məcəllənin 373.2, 375.2, 380.1, 390.1, 439.1, 442-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirməklə, cavabdehlərdən 160000 ABŞ dolları əsas, 160000 ABŞ dolları maddi və mənəvi zərər, 270000 ABŞ dolları 2015- 2023-cü illər ərzində gələn gəlirlər olmaqla, ümumi 590000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

14. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qarşı tərəflə aralarında olan razılaşmaya əsasən 160000 ABŞ dollarını aylıq-illik gəlir ödəmək şərti ilə vermişdir. BŞBPİ tədqiqatı zamanı Xəzər Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, Kommersiya Məhkəməsində cavabdehlər iddiaçıdan 160000 ABŞ dollarını aldıqlarını etiraf etmiş və həmin pulun yəni, 160000 ABŞ dollarını iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bakı Kommersiya Məhkəməsinin hakimi iddiaçıya dəyən maddi və mənəvi ziyanı nəzərə almamış və bu barədə hər hansı bir sübutun olmamasını bildirmişdir. Sübut olaraq iddiaçı Bakı Kommersiya Məhkəməsinə öz sağlamlığı haqqında 7 epikriz təqdim etmiş və həmin epikrizlərdə iddiaçının 2 dəfə infakt keçirməyi, eyni zamanda baş-beyin xroniki işemiyası və baş-beyin hissəsinin atrafiyası xəstəliyinə tutulmağını açıq-aydın göstərmişdir. İddiaçıya dəyən maddi ziyanı sübut etməyə hər hansı bir sənədə ehtiyac yoxdur. Cavabdehlər BŞBPİ-də və digər məhkəmələrdə etiraf ediblər ki, iddiaçının onlara verdiyi 160000 ABŞ dollarından gələn gəlirin müddəti 2014-cü ilin sonunda bitir. 2015- 2023-cü illər ərzində qarşı tərəf verdiyi 160000 ABŞ dollarını dövriyəyə buraxmış, külli miqdarda pul qazanmış və iddiaçı o gəlirdən lazımınca faydalana bilməmişdir. İddiaçı onlardan öz pulunu tələb etdikdə onlar iddiaçını MTN-lə hədələyərək, oğlunu öldürəcəklərini, iddiaçını isə MTN zirzəmisinə salacaqlarını bildirmişdilər. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlməməsi o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yəni məhkəmə müəyyən edir ki, qarşı tərəf ondan 160000 ABŞ dollarını almışdır. Cavabdehlər 2015-ci ildən hər il 27000 ABŞ dolların ödənilməsini dayandırmaqla 2016-cı ildən ara-bir 2021-ci ilə kimi cüzi ona pul vermişlər. Kök 160000 ABŞ dollarını isə ümumiyyətlə qaytarmamışlar. Məhkəmə qətnaməsində səhv nəticəyə gələrək 160000 ABŞ dollarından 130.000 ABŞ dolları, 2015-ci ildən hazırki dövrə qədər ödənməli olan hər il 27000 ABŞ dollarından ümumiyyətlə heç nə ödənilməməsini nəzərə almamışdır. Bununla da müəyyən olundu ki, məhkəmə qətnamədə göstərdiyi dəlillərlə işin hallarına uyğun olmamaqla səhv nəticəyə gəlmişdir. Yəni maddi hüquq normasını pozmuşdur. İddia ərizəsində cavabdehdən razılaşmaya əsasən hər il gəlirdən 27000 ABŞ dolları verilməsi tələb olunmuşdur. 2015-ci ildən hər il gəlirdən 27000 ABŞ dolları verilməsi dayandırılmışdır. Bu hal məhkəmədə müəyyən olunmuşdur. Lakin nəyə görəsə məhkəmə qətnaməsində hər il ödənməli olan 27000 ABŞ dollarına münasibət bildirməmişdir.

15. Cavabdehlər X10 və X11 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehlərə 160000 ABŞ dolları məbləğində pul verdiyini və bununla əlaqədar ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İşin hallarından da görünür ki, İddiaçı iddia ərizəsində 160000 ABŞ dolları məbləğində pul verdiyini desə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Artıq bu faktın özü iddiaçının məhkəməyə verdiyi ifadələrində səmimi olmadığını və düzgün danışmadığını sübut edir. Lakin cavabdehlər vicdanlılıq prinsipini əsas götürərək İddiaçı 130000 ABŞ dolları məbləğində pul aldıqlarını etiraf etmişlər. İddiaçı ilə cavabdehlər arasında heç bir yazılı müqavilə, yaxud iddiaçının əlində onlara pul verməsinə dair qəbz olmamasına baxmayara qonlar vicdanlı davranaraq iddiaçıdan 130 000 ABŞ dolları aldıqlarını qəbul etmişlər. Lakin məhkəmə işin hallarına və sübutlara qiymət verərkən ondardan hansının daha dürüst və səmimi olduğuna düzgün qiymət verməmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində hər bir tərəfin istinad etdiyi halları sübut etməli olduğunu bildirmişdir. Mülki işin sənədlərindən də görünür ki, onlar tərəfindən məhkəməyə işin daha ədalətli və obyektiv araşdırılması üçün İddiaçı ilə cavabdehlərdən biri olan X10 arasında olan telefon danışıqları yazılmış CD diski təqdim edilmiş və həmin disk məhkəmə iclasında dinlənilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarının səs yazısından görünür ki, iddiaçı özü də onlardan 180000 manat məbləğində pul aldığını etiraf edir. Həmçinin iddiaçının bu səsyazısında olan danışığından da açıq-aydın görünür ki, onlar arasında olan telefon danışığının yazıldığını bilir. X5 istifadəsində olan mobil telefonun özündə telefonun istehsalçısı tərəfindən səs yazılarının yazılması proqramı quraşdırılmışdır. X1 iradəsindən asılı olmayan səbəblərdən də bütün telefon danışıqları istifadəsində olan mobil telefonun yaddaşına yazılır. Bu telefon danışıqlarından iddiaçının da məlumatı olduğu üçün həmin səsyazıları sübut kimi məhkəmə tərəfindən qəbul edilməli idi. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki, iddiaçı birinci məhkəmə iclasında aralarında olan borc münasibətlərinin 2015-ci ilin əvvəlinə qədər davam etdiyini göstərmişdir. Lakin sonradan vəkil ilə müqavilə bağlanmış və təbii ki, həmin vəkil ona iddia müddətinin keçməsinin hüquqi nəticələrini başa saldıqdan sonra o, həmin iddia müddətinin axımının kəsilməsi üçün müxtəlif qanunsuz yollardan istifadə etməyə başlamışdır. Həmin qanunsuz yollardan biri də iddiaçının şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə müracət etməsi və özünün də etiraf etdiyi kimi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi ilə dostluq münasibətlərindən istifadə edərək onlara qarşı hədə-qorxu yollarından istifadə edərək belə qərarın qəbul edilməsinə nail olmuşdur. Belə ki, bu şikayət ərizəsini araşdıran müstəntiq guya ki, onlara kömək etmək məqsədilə onları guya Mirəsgərə 2015-ci ildən sonra pul ödənilməsi barədə etirafedici ifadələr verməyə məcbur etmişdir. Bir halda ki, İddiaçı həm məhkəməyə ünvanladığı iddia ərizəsində, həm də Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayət ərizəsində açıq-aydın görünür ki, o, 2015-ci ildən sonra cavabdehlərin ona 1 manat da olsun pul vermədiyini açıq-aydın şəkildə etiraf edir, onda həmin bu xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda onların guya 2015-ci ildən 2020-ci ilə qədər hissə-hissə pul ödəməyi barədə etirafedici ifadələrin verilməsi təbii ki, yalnız İddiaçı yaxın dostu olan Bakı şəhəri BPİnin rəisinin göstərişi əsasında icra olunmuşdur. CPM-in125-ci maddəsinə əsasən hədə-qorxu və aldatma nəticəsində əldə edilmiş sübutların heç bir hüquqi qüvvəsi yoxdur. Buna görə də məhkəmənin həmin bu xx.xx.2021-ci il tarixli qərara istinad etməklə iddianı təmin etməsi nəticəsinə gəlməsi tamamilə əsassız və qanunsuzdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 aprel tarixli 2- 2(103)-260/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə birgə fəaliyyət barədə razılaşma X10 ilə olmuşdur. Onun atası X11 onlar arasında danışıqlarda və pulun iddiaçıdan alınaraq cavabdehə təqdim edilməsi prosesində şahid olaraq, üzərinə hər hansı öhdəlik götürmədən iştirak etmişdir. Buna görə də ona qarşı hissədə iddiaçının tələbi mülki qanunvericiliyə görə əsassız hesab edilir.

19. İddiaçının iddia ərizəsindən və 2021-ci il 11 dekabr tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda qeyd edilmiş izahatından görünür ki, 50000 ABŞ dolları pul məbləği ilə bağlı razılaşmanın müddəti 3 il müəyyən edildiyindən cavabdehin həmin razılaşma üzrə iddiaçıya aylıq 1000 ABŞ dolları ödəməsi ilə bağlı öhdəliyin icra müddəti də 36 ay olmuş və bu müddət ərzində cavabdeh iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda 2015-ci ilin fevral ayında cavabdehin yanına gedərək pullarının qaytarılmasını tələb etdiyini bildirmişdir. 50000 ABŞ dolları ticarət üçün investisiya qoyulmuş məbləğin qaytarıldığı isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının bu tələbi yalnız X7 qarşı 50000 ABŞ dollarının geri qaytarılması hissəsində əsaslı hesab edilə bilərdi.

20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 80000 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı razılaşmada isə aylıq ödənişin məbləği müəyyən edilməmişdir. Razılaşma belə olmuşdur ki, cavabdehin gəlirindən müəyyən hissə cavabdeh S.Hüseynov tərəfindən iddiaçıya veriləcəkdir. Bu razılaşma üzrə 44000 ABŞ dolları (80000-36000) pul və 2020-ci ilədək ayda 300-500 olmaqla 3000-4000 manat ödənildiyi iddiaçı tərəfindən qəbul edilir (sonuncu dəfə 2024-cü il 17 aprel tarixli iclas protokolundakı izahat). Həmçinin, cinayət işinin rədd edilməsi haqqında qərarda cavabdeh göstərmişdir ki, 2017-ci ildən sonra maddi vəziyyəti pisləşdiyindən və gəliri azaldığından 2020-ci ilin mart ayınadək iddiaçıya ayda 300, 500 manat pul vermişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə təqdim etdiyi ərizələrdə 2015-ci ildən sonra ödənişlər edildiyinin göstəriş əsasında yazıldığını bildirsə də, bunu təsdiq edən sübut işdə yoxdur.

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı razılaşmada 80000 ABŞ dollarına görə aylıq gəlirdən iddiaçıya ödənilməli olan məbləğ konkret müəyyən edilmədən gəlirin məbləğinə görə müəyyənləşdirilməli olduğundan iddiaçı bu hissədə (aylıq gəlirlərin məbləği ilə bağlı) tələbin əsaslı olduğunu təsdiq etmək üçün 2017- ci ildən sonra cavabdehin gəlirləri barədə sübutlar təqdim etməli və ya bu sübutların əldə edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etməli idi. İşdə bu barədə sübutlar olmadığından iddiaçının 80000 ABŞ dolları vəsaitə görə ödənilməli olan aylıq gəlirdən payla bağlı tələbi təmin edilə bilməz. Cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürülməmiş olsaydı, iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. 130000 ABŞ dollarından əlavə iddiaçı tərəfindən cavabdehə hər hansı vəsait verildiyi isə hər hansı sübutla təsdiq edilmir və cavabdeh tərəfindən qəbul edilmir.

22. İddiaçının 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 68 yaşı olan iddiaçıda mövcud olan xəstəliklərin cavabdehlə tanış olduqdan sonra yaranması barədə işdə sübutlar olmadığından cavabdehlə əlaqəsi müəyyən edilmədiyi üçün bu hissədə də iddia tələbi əsassızdır. O cümlədən iddia ərizəsinin məzmununda cavabdehdən 570000 ABŞ dollarına dair tələbi olduğu (160000 dollar əsas borc+160000 dollar sağlamlığa ziyan+250000 dollar aylıq gəlirdən pay) qeyd edilsə də, tələb hissəsində 590000 ABŞ dolları göstərilmiş, əlavə 20000 ABŞ dollarının hansı əsasla tələb edildiyi qeyd edilməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, iddia müddəti ötdüyü üçün iddiaçının tələbi cavabdehə müqavilə üzrə verdiyi 130000 (50000+80000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə də təmin edilə bilməz. Belə ki, 50000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80000 ABŞ dolları məbləğlə bağlı cavabdehin cinayət işinin rədd edilməsi haqqında qərardakı izahata əsasən 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən müəyyən olunur ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir. İddiaçı 2022-ci ildə eyni iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etdiyini, həmin iddianın baxılmamış saxlanıldığını qeyd etsə də, qeyd edilən iddia ilə bağlı məhkəmə aktları təqdim edilməmişdir.

24. Məhkəməyə eyni zamanda tərəflər arasındakı telefon danışıqları maddi daşıyıcıda sübut olaraq təqdim edilmiş, həmin səs yazılarında iddiaçı 5-6 ildir ki, cavabdehə verdiyi pulları qaytarmasını səbirlə gözlədiyini, cavabdeh isə iddiaçıdan aldığı pulun müqabilində ona ödənişlər etməsini, gəlir olmadığı üçün hazırda ödəniş edə bilmədiyini qeyd etmişdir.

25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 387.3, 390.1, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-2(103)- 260/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 380, 385.1, 385.2, 386, 387.3-cü, Mülki Prosessual Məcəllənin 215-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 380-cı maddəsi üzrə tərəflər arasında şifahi razılaşmaya əsasən qəti olaraq 3 illik müqavilə olmamışdır. Sadəcə ilk ödəniş cavabdehə 50000 ABŞ dolları qarşısında 1000 ABŞ dolları olduğundan, sonra 80000 ABŞ dolları əlavə və daha sonra 20000 ABŞ dolları verildiyindən həmin 100000 ABŞ dollarına görə də əlavə olaraq cavabdehdən (1000 ABŞ dollarına əlavə müəyyən qədər) gələn gəlirdən pul tələb etdiyinə görə aralarında narazılıqlar olmuşdur. Cavabdehlər 2021-ci ilədək gələn gəlirdən 1000 ABŞ dollarına əlavə pul verəcəklərinə söz vermiş, sadəcə pandemiya dövründə qazancların az olmasına əsaslanaraq əlavə pul verə bilmədiklərini bildirmişlər. Beləliklə də, iddiaçı ilk olaraq polisə, daha sonra Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsi icraata qəbul edib işə baxaraq iddianın qismən təmin olunması haqda qətnamə qəbul etmiş və həmin məhkəmə qətnaməsi ilə cavabdehlər iddiaçının 10000 ABŞ dolları məbləğində pulu qaytarmışlar. Məhkəmə cavabdeh Ə.Hüseynovun oğlu S.Hüseynovla bərabər öhdəlik götürmədiyini, yalnız pulu iddiaçıdan alıb oğluna verdiyini həyata keçirdiyi üçün şahid kimi vəzifə daşıdığına görə cavabdeh ola bilməz qənaətinə gəlmişdir. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Cavabdehlər ata və oğul bu ticarət hərəkətlərini birgə həyata keçirdiklərindən hər biri cavabdehdirlər. Əslində cavabdeh tərəfindən 2017-ci ildən hər ay yox, iki aydan bir 200-300 ABŞ dolları 2020-ci ilin payız ayına kimi, (noyabr 2020-ci il tarixə kimi) ödəniş olmuşdur. İddiaçı xəstəlik kağızlarını məhkəməyə təqdim etdiyini, olmadığı təqdirdə təqdim edə biləcəyini bildirmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-2(102)-377/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2- 2(103)-260/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X3 130000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

29. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki: - “36. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddiaçının ticarət məqsədi ilə geri qaytarılması şərti ilə X7 50000 ABŞ dolları və sonradan 80000 ABŞ dolları verməsini və həmin məbləğlərin iddiaçıya qaytarılmamasını müəyyən etmiş, lakin bu tələbə iddia müddətini tətbiq etməklə iddianı qeyd olunan hissədə rədd etmişdir. - 37. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin keçməsi ilə bağlı sübutetmə yükü apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmiş, təqdim olunan sübutlara isə prosessual qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir. - 38. Belə ki, apellyasiya məhkəməsi 50000 ABŞ dolları tələbinə münasibətdə hesab etmişdir ki, həmin məbləğ üzrə öhdəliyin icrası müddəti 36 ay olmuş, cavabdeh bu müddətdə iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmiş, 2015-ci ildən isə ödəniş etmədiyi üçün iddia müddəti ötürülmüşdür. Həmçinin 80000 ABŞ dollarına münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçıya 2020-ci ilin mart ayınadək ayda 300-500 manat olmaqla ödənişlər edilmiş, həmin müqavilə üzrə iddia müddəti 2023-cü ilin aprel ayında bitmişdir. İddiaçı isə hazırki iddia ilə 2023-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. - 39. İddia müddətinin axımının başlanması tarixini müəyyən edərkən, apellyasiya məhkəməsi cavabdehin istintaq orqanına verdiyi izahatına istinad etmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qəbul edilən “Cinayət işinin rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərarına görə X10 izahatında iddiaçıya 50000 ABŞ dollarına görə 20 iyun 2017-ci il tarixədək stabil olaraq aylıq 1000 ABŞ dolları, 80000 ABŞ dollarına isə 02 sentyabr 2015-ci il tarixədək ümumilikdə 97827 ABŞ dolları pul verdiyini, 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aldığı 50000 ABŞ dolları verə bilmədiyini, həmin tarixdən etibarən iddiaçıya ayda 300, 500 və s. buna kimi miqdarlar verməyə başladığını, beləliklə, 18 mart 2020-ci il tarixədək iddiaçıya verdiyi pulun miqdarı ümumilikdə 18002 manata çatdığını göstərmişdir. - 40. Apellyasiya məhkəməsi qeyd olunan izahatda olan məlumatları əsas götürməklə, iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. - 41. Lakin, bu zaman iddia müddətinin axımının başlanması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələr iddiaçının mövqeyini öyrənməmiş, bu məsələ məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. - 42. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarına görə birinci instansiya məhkəməsində izahat verən iddiaçı sədrlik edən hakimin sualına cavab olaraq son ödənişin 2020-ci ildə 300 manat olduğunu göstərmişdir (i.v. 27-31). Həmçinin, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq iddiaçı sonuncu ödənişin 2020-ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarixi göstərmişdir. (i.v. 55-56). - 43. Bundan başqa, apellyasiya icraatında izahat vermiş iddiaçı göstərmişdir ki, sonuncu ödəniş 2021-ci ildə olmuşdur. (i.v. 116-118). Apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə iddiaçı ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını göstərmişdir (i.v. 142-143). - 44. Daha sonra, qeyd olunmalıdır ki, “Cinayət işinin rədd edilməsi haqqında” qeyd olunan qərarda iddiaçının sonuncu ödənişlə və ya cavabdehin hansı tarixdən ödənişləri etməkdən imtina etməsi ilə bağlı mövqeyi əksini tapmamışdır. - 45. Göründüyü kimi, cavabdehin iddiaçıya etdiyi sonuncu ödənişin tarixi barədə iddiaçı tərəfindən verilən məlumat qeyri-müəyyən olunmuş, məhkəmələr isə iş üçün əhəmiyyətli olmasına baxmayaraq, bununla bağlı əlavə araşdırma aparmamışlar. Apellyasiya məhkəməsi iddia müddətinin axımının hesablanması üçün cavabdehin istintaq orqanına verdiyi izahatı əsas götürmüş, lakin iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına qətnamədə ümumiyyətlə istinad etməmiş, bu ifadələrdə qeyd olunan məlumatlara hüquqi qiymət verməmişdir. - 46. Həmçinin, apellyasiya məhkəməsi 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50000 ABŞ dollarına, 80000 ABŞ dollarına və ümumi borca aid olmasını araşdırmamışdır. - 47. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu andan etibarən iddia müddətinin axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı həmin andan yenidən başlanır. - 48. Beləliklə, cavabdehin borcun etiraf edilməsini əks etdirən hərəkətlər etməsi (öhdəlik üzrə ödənişlərin icra etməsi) müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi ondan ibarət olmalıdır ki, sübutetmə yükü tərəflər arasında düzgün bölüşdürülməklə həmin hərəkətlərin icrası tarixi, bu hərəkətlərin öhdəliklərin hər birinə münasibətdə aidiyyəti müəyyən olunsun və buna uyğun olaraq iddia müddətinin keçib-keçməməsinə maddi hüquq normalarına uyğun hüquqi qiymət verilsin. - 49. Lakin, işə baxmış apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdeh tərəfindən etirafedici hərəkətlərin edilməsinə dair yalnız cavabdehin verdiyi məlumatları əsas götürməklə, iddiaçının mövqeyinə dair ümumiyyətlə araşdırma aparmamaqla və buna hüquqi qiymət verməməklə, Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 50. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti keçməməsi nəticəyə gəlindiyi halda, iddia 2015-2023-cü illər üçün ödənilməmiş gəlirin tutulması hissəsində də tam rədd oluna bilməz. - 51. Belə ki, iddianın bu hissəsi faktiki olaraq əldən çıxmış fayda formasında zərər tələbidir (Mülki Məcəllənin 21.1-21.2-ci maddələri). - 52. Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 54. Apellyasiya məhkəməsi iddiaçının “2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması” tələbinə göstərilən maddi hüquq normasını tətbiqinin mümkünlüyünü nəzərdən keçirməmiş, ötən müddət ərzində edilmiş ödənişlər nəzərə alınmaqla, əlavə olaraq iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə zərər tələb etmək hüququna qiymət verməmişdir - 55. Kassasiya şikayətinin digər dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. - 56. Belə ki, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh X11 yalnız iddiaçı ilə X10 arasında danışıqlarda və pulun verilməsində şahid kimi iştirak etmiş, onun öz üzərinə öhdəlik götürməsi müəyyən olunmamışdır. İddianı cavabdeh X8 münasibətdə rədd edən apellyasiya məhkəməsi Mülki Məcəllənin 387.3-cü maddəsini düzgün tətbiq etmişdir. - 57. Həmçinin, iddia tələbinin əlavə olaraq 30000 ABŞ dolları əsas borc və 160000 ABŞ dolları sağlamlığa vurulan zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, həmin tələblər sübutetmə ilə bağlı olmuş, iddiaçı tərəfindən isə bu hissədə mötəbər sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim olunmamışdır. - 58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. - 59. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir”.

c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-78/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd, cavabdeh S.Hüseynovun apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın S.Hüseynovdan pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsinin təmin olunduğu və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması hissəsinin rədd olunduğu hissələrdə ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin olunmamışdır.

31. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50.000 ABŞ dollarına, 80.000 ABŞ dollarına və ya ümumi borca aid olmasının araşdırılması barədə birinci göstərişi ilə bağlı qeyd etmişdir ki, cavabdehlər tərəfindən pulun ödənilməsi dayandırıldıqdan sonra iddiaçı cavabdehlərdən ümumi borcunun ödənilməsini tələb etmişdir. Buna görə də 2020-ci ildə ödənilmiş pul vəsaiti ümumi borca aiddir.

32. İddia müddətinin axımının başlanğıcının müəyyən olunması üçün sonuncu ödənişin 2020-ci ilin hansı ayında ödənilməsinin araşdırlması barədə ikinci göstərişlə bağlı isə qeyd olunmuşdur ki, bu xüsusatın araşdırılması üçün iddiaçının özünün ərizələrinin, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatların xronoloji ardıcıllıqla nəzərdən keçirilməsi əhəmiyyət kəsb edir. Bununla bağlı iddiaçının eyni məzmunlu ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsində aparılmış, sonradan isə Bakı Kommersiya Məhkəməsinə göndərilmiş iş materialları da tələb olunaraq nəzərdən keçirilmişdir. Həmin işin materiallarından görünür ki, iddiaçı 2022-ci il 16 iyun tarixində cavabdehlərə qarşı 270.000 manat məbləğində pul tələbi barədə iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2022-ci il 27 oktyabr tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 13 mart tarixli qərardadına əsasən ləğv edilərək, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 avqust tarixli qərardadına əsasən isə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

33. Həmin işin materiallarının 1-ci cild, 52-ci vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, cavabdeh Ə.Hüseynov izahatında bildirir ki, “Biz sonuncu dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya verdik”. İş materiallarının 1ci cild, 113-cü vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi iddiaçının özünün iştirakı ilə keçirilmiş məhkəmə iclasında izahatında bildirir ki, “Əlavə olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qarşı bildirirəm ki, məhkəmənin 2022-ci il 26 iyul tarixli hazırlıq iclasında cavabdeh Ə.Hüseynov sonuncu dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya verdiklərini bildirmişdir, bundan əlavə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh Samirin özünün verdiyi izahatından da görünür ki, həqiqətən onlar tərəfindən cavabdehə son ödəniş 2020-ci il 18 fevral tarixində olmuşdur, bu səbəbdən də iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi mümkünsüzdür” Bundan başqa iş materiallarının 1-ci cild, 129-ci vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X9 ifadəsində bildirir ki, “Sonuncu dəfə biz 2020-ci ilin mart ayında iddiaçı ilə cavabdehin mağazasına gedib təxminən 300 manat məbləğində pul götürmüşük.”

34. İşin halları ilə təsdiq olunur ki, 2023-cü il 26 sentyabr tarixində iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər ona cavabdeh tərəfindən sonuncu ödənişin 2020-ci ilin son aylarında və ya 2021-ci ildə ödənilməsinə nə istintaq orqanında, nə də ərizələrində, nə də məhkəmə iclaslarında verdiyi izahatlarda istinad etməmişdir, əksinə sonuncu ödənişin 2020-ci ilin mart ayında aparılması tərəflər arasında mübahisə predmeti olmamışdır, iddiaçının vəsatətinə əsasən dəvət olunmuş şahid də bu xüsusatı təsdiq etmişdir. Yalnız hazırkı iddia ərizəsi ilə 2023-cü il 26 sentyabr tarixində müraciət edildikdən sonra kassasiya instansiyası məhkəməsinin də qərarında qeyd etdiyi kimi birinci instansiya məhkəməsində izahat verən iddiaçı sədrlik edən hakimin sualına qeyri-müəyyən cavab verərək, son ödənişin 2020-ci ildə 300 manat olduğunu (i.v. 27-31), cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq sonuncu ödənişin 2020-ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarix göstərmiş (i.v. 55-56), apellyasiya icraatında izahat verərkən sonuncu ödənişin 2021-ci ildə olduğunu, apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını (i.v. 142-143) qeyd etmişdir.

35. Məhkəmə iddia müddətinin axımının başlanma müddəti ilə bağlı aparılmış araşdırma nəticəsində bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödənişin 2020-ci ilin mart ayında aparılması öz təsdiqini tapır və iddia müddətinin axımı da həmin tarixdən başlanmalıdır. İddiaçının hazırkı iş üzrə araşdırma aparılarkən sonuncu ödənişlə əlaqədar qeyri-müəyyən tarixlər göstərməsi, hətta sonuncu ödənişin “2020-ci il payızında, yazda”, “2021-ci ildə” aparıldığını qeyd etməsi məhz iddia müddətinin keçməməsi ilə bağlı artuqmentlərini əsaslandırmaq məqsədi daşımışdır.

36. Cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən, iddia müddəti ötürülməmiş olsaydı iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. Lakin bu tələb cavabdehə müqavilə üzrə verdiyi 130.000 (50.000+80.000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə iddia müddəti ötdüyü üçün təmin edilə bilməz. Belə ki, 50.000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş, 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80.000 ABŞ dolları məbləğlə bağlı yuxarıda qeyd olunan araşdırma aparılmış, 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən, həmin müqavilə üzrə 3 illik iddia müddəti ən geci 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir.

37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 372.1, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 387.3, 445.7-ci və MPM-in 14.2, 77.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır.

d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

38. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyasıməhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda qeyd olunduğu kimi 1-ci halda da iddia ərizəsi əsasında qətnamə qəbul edilmiş, ərizə baxılmamış saxlanılmamışdır. 2-ci halda isə aidiyyət haqqında məsələ qalxdıqda isə hakim işi baxılmamış saxlaya bilməz. Ya ərizəni rədd etməli idi, ya da hakim işi aidiyyatı üzrə göndərməlidir. AR MPM-in 381.1 maddəsində iddianın məhkəmə tərəfindən baxılmamış saxlanmasından bəhs edilirsə, bu işdə qətnamədən apellyasiya şikayətlərinin baxılmamış saxlanmasından bəhs olunur. Yəni bu hallar bir-birinə uyğun deyil. Çünki iş apellyasiya məhkəməsinin icraatında olmaqla baxış mərhələsində olmuşdur. Bununla da bəlli olur ki, məhkəmənin əsaslandığı MM-nin 381.1-ci maddəsi onun iddiasına heç bir aidiyyatı yoxdur. Belə ki, apellyasiya məhkəməsinin qeyd etdiyi halın əksinə olaraq qətnamə iddia müddətinin axımını kəsdiyi üçün işin faktiki hallarına və iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün qətnamə yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılaraq iddia X3 pul vəsaitinin tutularaq İddiaçı verilməsi və 2015- 2023-cü illər üçün əldən çıxmış faydanın tutulması hissəsinin təmin olunması hissələrində iddia müddətinin keçməməsi əsası ilə təmin edilməlidir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 iyun 2025-ci il tarixli 2-2(102)-285/2025 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-78/2025 nömrəli qətnaməsi qismən- 80.000 ABŞ dolları məbləğində pulun və həmin məbləğə görə əldən çıxmış faydanın tutulması tələbinin rədd edildiyi hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

41. Ali Məhkəmədə kassasiya qaydasında işə baxan məhkəmə kollegiyası hər iki razılaşma üzrə iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi hissəsində iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə, o cümlədən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğundur. Kollegiya iddiaçının kassasiya şikayətinin 50.000 ABŞ dolları ilə bağlı tərəflər arasında 3 illik icra müddətinin müəyyənləşdirilməsinə dair nə şifahi, nə də yazılı razılaşma olmaması barədə dəlillərinə münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hətta tərəflər arasında müqavilə üzrə öhdəliyin icra müddəti müəyyənləşdirilmiş olmasa belə, həmin müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (MM-in 377.3-cü maddəsi). Cavabdehin 50.000 ABŞ dolları ilə bağlı razılaşma üzrə gəlirdən hər ay 1000 ABŞ dolları ödəmək öhdəliyinin icrasını 2015-ci ildən başlayaraq dayandırması və və iddiaçının həmin vaxtdan etibarən cavabdehdən ona verdiyi 50.000 ABŞ dollarını qaytarmağı tələb etsə də, cavabdehin bundan yayınması işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçının öhdəliyin icrası tələbini irəli sürmək hüququ 2015-ci ildən yaranmış və qeyd olunan normanın tələbinə əsasən iddia müddətinin axımı da həmin tarixdən başlamaqla ən geci 2018-ci ilin dekabr ayının 31-i bitmiş və həmin müddət ərzində iddia müddətinin axımın kəsilməsinə səbəb olan hər hansı hal olmadığından, iddia müddəti bitdikdən sonra yaranan əsaslar isə hüquqi baxımdan bitmiş müddətin kəsilməsinə səbəb ola bilməyəcəyindən apellyasiya instansiyası məhkəməsi həmin müqavilə üzrə 50.000 ABŞ dolları əsas vəsaitin və onun qaytarılmamasına görə əldən çıxmış faydanın ödənilməsi tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hissədə nəticəyə gələrkən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, ikinci - 80.000 ABŞ dolları əsas vəsaitin və onun qaytarılmamasına görə əldən çıxmış faydanın ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiqinə dair hissədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə həmin tələbə dair iddia müddətinin axımı 2020-ci ilin mart ayından başlanmaqla 2023-cü ilin aprel ayınadək davam etmişdir. Halbuki, işin materiallarından görünür ki, iddiaçı həmin müddət daxilində - 2022-ci il 16 iyun tarixində cavabdehlərə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2022-ci il 27 oktyabr tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 13 mart tarixli qərardadı ilə ləğv edilərək, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 2023-cü il 17 avqust tarixli qərardadı ilə isə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı 2022-ci ildə iddia müddətini ötürmədən cavabdehə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, onun tələbi üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası adından qətnamə (MPM-in 216.2-ci maddəsi) çıxarılmışdır. Nəzərə alınmalıdır ki, MM-in 380.1-ci maddəsinin məzmununa görə prosessual baxımdan icraata qəbul edilməsi mümkün olmayan iddianın verilməsi, qanunla müəyyələndirilmiş qaydada irəli sürülmüş iddia kimi qəbul edilmir, ona görə də iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Baxılan işdə isə iddiaçının 2022-ci il 16 iyun tarixində verdiyi iddianın icraata qəbul edilməsi prosessual baxımdan mümkün olmuş və qeyd edildiyi kimi həmin ərizəyə mahiyyəti üzrə baxılmışdır. MM-in iddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı məsələsini tənzimləyən 381.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Ərizənin baxılmamış saxlanılması MPM-də müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli qərarı). Hazırda MM-in 381.1-ci maddəsinin klassik tənzimləmə dairəsindən fərqli bir situasiya mövcuddur. Belə ki, həmin maddədə məhkəmənin icraata qəbul edərək, mahiyyəti üzrə baxdığı iddia tələbinin sonradan məhkəmə aidiyyəti səbəbindən aidiyyəti məhkəməyə göndərilməsi, göndərilən məhkəmə tərəfindən isə baxılmamış saxlanması halını tənzimləyən hər hansı müddəa mövcud deyildir. MPM-in 259-cu maddəsinin, MM-in 381-ci maddəsi ilə birgə təfsiri belə qənaətə gəlməyə əsas verir ki, MM-in 381-ci maddəsi klassik mənada iddia ərizəsinin mahiyyəti üzrə baxılmadan, iddiaçının yol verdiyi prosessual nöqsanlara görə baxılmamış saxlanıldığı hallarda iddia müddətinin axımı məsələsini tənzimləyir. Baxılan işdə isə iddia ərizəsinə ümumi məhkəmə tərəfindən 4 ay 10 gün müddətində mahiyyəti üzrə baxılaraq, yekunda qətnamə qəbul edilmiş, bu qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üzrə 4 dəfə məhkəmə iclası keçirildikdən sonra qətnamə apellyasiya qaydasında ləğv edilərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilmiş və kommersiya məhkəməsi tərəfindən icraata qəbul edilərək, sonradan baxılmamış saxlanılmışdır. Bütün bu proses iddia ərizəsinin verilməsindən 1 il 2 aydan artıq müddətdə tamamlanmışdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının həm iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməsi, həm də məhkəmə tərəfindən onun tələbi ilə əlaqədar məhkəmə aktının çıxarılması, ümumilikdə iddiaçıda onun hüquqlarının məhkəmə tərəfindən müdafiə olunmasına əminlik, dövlət adından həmin aktı çıxarmış məhkəməyə isə etimad və inam yaratmışdır. Bu baxımdan 2022-ci ildən keçən müddət ərzində iddiaçının tələbi üzrə mülki mühakimə icraatının aparıldığı müddətin də iddia müddətinə hesablanması və iddiaçının ziyanına təfsir olunmaqla iddia müddətinin keçməsi nəticəsinə gəlinərək onun tələbinin məhkəmə müdafiəsindən kənarda saxlanılması, mülki qanunvericiliyin iddia müddətini tənzimləyən normalarına zidd olmaqla, ədalət mühakiməsinin tələblərinə cavab verməyən hal kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərar). Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir. Məhkəmələr həmin tələblərə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə səmərəli şəkildə baxmalıdırlar. Məhkəmənin fəaliyyəti nəticəsində iddiaçının məhkəmə müdafiəsi hüququ pozula və ya bu pozuntulara görə iddiaçıya mənfi nəticələr yüklənə bilməz. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə MMin 381-ci maddəsi düzgün tətbiq edilməmişdir. İcraata qəbul edilmiş və məhkəmələrin yol verdiyi prosessual pozuntu səbəbindən tamamlanmamış tələb üzrə mülki mühakimə icraatının aparıldığı dövr iddia müddəti hesablanarkən nəzərə alınmamalı və iddia müddətindən çıxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 80.000 ABŞ dolları məbləğində pulun və həmin məbləğə görə əldən çıxmış faydanın tutulması tələbinin rədd edildiyi hissələrdə yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qətnamə həmin hissələrdə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

Təkrar apellyasiya baxışı

42. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək özünün verdiyi apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

43. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər X10 və X11 məhkəməyə gəlməmişdir.

44. İşin halları, cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri ilə bağlı hər hansı məlumat təqdim etməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. (01 oktyabr 2023-cü il tarixədək olan redaksiyada) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

46.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər ... Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

48. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 avqust 2024-cü il tarixli 2-2(102)-377/2024 nömrəli qərarı ilə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-260/2024 nömrəli qətnaməsi iddianın “cavabdeh X3 130000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi” hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, qətnamə digər hissələrdə qanuni qüvvəsini aldığından; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 iyun 2025-ci il tarixli 2-2(102)-285/2025 nömrəli qərarı ilə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-2(103)-78/2025 nömrəli qətnaməsi iddianın “cavabdeh X3 80 000 ABŞ dolları əsas borcun və həmin məbləğə görə əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi” hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, qətnamə digər hissələrdə qanuni qüvvəsini aldığından, məhkəmə aktı iddia üzrə cavabdeh X3 80000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması hissəsində iddiaçının və cavabdeh X5 apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılır.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya baxışının hədləri ilə bağlı yuxarıdakı mövqeyinə uyğun olaraq apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti hazrkı apellyasiya baxışının predmetinə münasibətdə təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2-2(113)- 5140/2023 nömrəli qətnaməsi “80 000 ABŞ dolları məbləğində pulun cavabdeh X3 tutularaq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalı, İddiaçı apellyasiya şikayəti hazrkı apellyasiya baxışının predmetinə münasibətdə qismən təmin edilməli, "cavabdeh X3 2015-2023-cü illər üçün əldən çıxmış fayda şəklində zərərin əvəzinin tutulması" tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalı, cavabdeh X3 80 000 ABŞ dollarına münasibətdə 2015-2023-cü illər üçün əldən çıxmış fayda şəklində zərərin əvəzi kimi 36 000 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq İddiaçı ödənilməli, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin qalan hissəsinə münasibətdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh X3 80 000 ABŞ dolları məbləğində pulun tutulması tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının cavabdeh S.Hüseynovdan 80 000 ABŞ dolları məbləğində pula münasibətdə 2015-2023-cü illər üçün zərərin əvəzinin ödənilməsi tələbinin tam rədd edilməsi hissəsində Mülki Məcəllənin 445.7-ci maddəsini yanlış olaraq tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.

52. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh X7 ticarət məqsədilə geri qaytarmaq şərtilə 2011-ci ilin dekabr ayında 50.000 ABŞ dollları, 2012-ci ilin aprel ayında isə 80.000 ABŞ dolları vəsait verilmiş, cavabdeh 50.000 ABŞ dollarına görə gəlirdən hər ay 1000 ABŞ dolları, 80.000 ABŞ dollarına görə isə qazanc əldə etdikcə pay verməyi öhdəsinə götürmüşdür. Birinci razılaşma üzrə cavabdeh 3 il ərzində (2012-2014-cü illər) iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, cəmi 36.000 ABŞ dolları ödəmiş, sonradan ödənişləri dayandırmışdır. İkinci razılaşma üzrə isə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə gəlirdən pay verilmiş, sonuncu ödəniş 2020-ci ilin mart ayında edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan alınmış əsas məbləğlər ümumiyyətlə qaytarılmamışdır.

53. Tərəflər arasında bağlanmış bu müqavilə Mülki Məcəllədə birbaşa nəzərdə tutulmuş müqavilə olmasa da, belə bir müqavilənin bağlanması Mülki Məcəlləyə zidd deyildir. Qanunvericilik bu cür müqavilələrin bağlanmasına imkan tanıyır (§ 45).

54. Bu müqavilə üzrə cavabdehin iddiaçı qarşısında iddiaçının pul vəsaitindən istifadə etməklə həyata keçirdiyi ticarət dövriyyəsindən əldə etdiyi qazancdan ona pay vermək öhdəliyi olmuşdur. Həmin öhdəlik bir müddət icra olunsa da, 2015-ci ildən etibarən cavabdeh öhdəliyini pozmuşdur. 2015-2020-ci illər ərzində, sonuncu dəfə 2020-ci ilin mart ayında olmaqla cavabdeh iddiaçıya bir neçə dəfə 200-300 manat məbləğlərdə pul ödəmişdir.

55. Cavabdeh öhdəliyini pozduğundan iddiaçı ondan verdiyi pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı pulu cavabdehə hər hansı başqa məqsədlə yox, məhz ticarət fəaliyyətində istifadə etmək və əldə edilən qazancdan ona pay verməsi üçün vermişdir. Cavabdeh öz öhdəliyini icra etmədiyinə görə iddiaçı cavabdehlə aralarında birgə ticarət fəaliyyəti məqsədi ilə bağlanmış müqaviləni ləğv edə və müqavilə çərçivəsində iddiaçıya verdiyi pulunu geri tələb edə bilər.

56. Cavabdeh həmin məbləğin qaytarılmamasının əsası kimi dolların məzənnəsinin dəyişməsi ilə əlaqədar zərərə düşdüyünü, eyni zamanda iddiaçıya ümumilikdə 230 000 ABŞ dolları qaytardığını bildirsə də, məhkəmə kollegiyası etirazın bu dəlilləri ilə razılaşmır.

57. İşin mübahisəsiz halı kimi tərəflərin birgə fəaliyyəti barədə razılaşmaya uyğun olaraq iddiaçı ticarət fəaliyyətinin həyata keçirilməsi üçün cavabdehə pul verməyi, cavabdeh isə ticarət fəaliyyətini bilavasitə həyata keçirməyi və qazancı bölüşməyi öhdəsinə götürmüşdür. Bütün ticarət fəaliyyəti bilavasitə cavabdeh tərəfindən icra edildiyindən fəaliyyətin nəticəsinin zərərlə yekunlaşması barədə sübutlar yalnız cavabdehdə ola bilər. Cavabdeh isə zərərin mövcudluğu və miqdarı barədə heç bir sübut təqdim etməmişdir.

58. Cavabdehin iddiaçıya 230 000 ABŞ dolları məbləğində pul ödəməsi ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi cavabdeh iddiaçıya ödədiyi pulu onun tərəfindən verilmiş pulun qaytarılması kimi yox, məhz razılaşmaya uyğun olaraq qazancdan düşən pay kimi vermişdir. Odur ki, cavabdehin etirazının bu dəlili də iddianın rədd edilməsi üçün əsas ola bilməz.

59. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də məhkəmə 80 000 ABŞ dolları məbləğində pulun qaytarılması tələbinə münasibətdə iddia müddətinin keçmədiyi qənaətinə gəlir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında 80 000 ABŞ dolları məbləğində pulun və həmin pula görə əldən çıxmış fayda şəklində zərərin əvəzinin tutulması tələbinə münasibətdə iddia müddətinin keçməməsi ətraflı şəkildə şərh edilmişdir (§ 41).

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə verdiyi 80 000 ABŞ dolları pul məbləğinə münasibətdə cavabdeh tərəfindən öhdəliyin pozulması 2015-ci ildən başlasa da 2020-ci ilin mart ayına qədər cavabdeh iddiaçıya müəyyən məbləğlərdə ödənişlər etdiyindən (borcu etiraf etmə) hər dəfə iddia müddətinin axımı kəsilmiş, sonuncu dəfə iddia müddətinin axımı 2020-ci ilin mart ayında kəsilmişdir. Hazırkı mübahisə müqavilədən irəli gəldiyindən bu mübahisə üzrə iddia müddəti üç il təşkil edir (§ 45, Mülki Məcəllə, maddə 373.2). İddiaçı cavabdehə qarşı hazırkı mübahisədən irəli gələn iddianı ilkin olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsində 16 iyun 2022-ci il tarixdə, yəni iddia müddəti keçmədən qaldırmış, Xəzər Rayon Məhkəməsində həmin iddia ərizəsi icraata qəbul edilərək baxılmış, 27 oktyabr 2022-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilərək işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq hesab edir ki, hazırkı halda iddia müddətinin keçib-keçməməsinə münasibətdə Mülki Məcəllənin 381.1-ci maddəsi tətbiq edilməməli və iddiaçının ilkin olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etdiyi tarixdən (xx.xx.2022) həmin iddia ərizəsinin baxılmamış saxlandığı tarixədək (17 avqust 2023) olan müddət iddia müddətinə hesablanmamalıdır. Belə olan halda isə iddiaçı tərəfindən hazırkı iddia 26 sentyabr 2023-cü il tarixdə irəli sürülərkən 80 000 ABŞ dolları pulun qaytarılması və həmin pula münasibətdə əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi tələblərinə münasibətdə iddia müddətinin keçmədiyi müəyyən olunur.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya məxsus 80 000 ABŞ dolları pulun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdeh S.Hüseynovdan əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində qanuni və əsaslı hesab etmir.

63. Birinci instansiya məhkəməsi iddiaçının 130 000 ABŞ dolları məbləğində pulun (iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğ) cavabdehlərdən tutulması tələbini təmin edərək qalan hissədə iddianı rədd etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərdən tələb etdiyi 460 000 ABŞ dolları borcun olmasını əsaslandıra bilməmişdir.

64. Birinci instansiya məhkəməsi iddianın qalan hissəsini ümumiləşdirsə də, iddiaçının iddia ərizəsindən də göründüyü kimi iddiaçı cavabdehlərə verdiyi puldan əlavə olaraq onlardan 160 000 ABŞ dolları sağlamlığına dəyən zərərin əvəzi kimi, 250 000 ABŞ dolları isə 2015-2023-cü illər üçün isə cavabdehlərin ona qazancdan pay olaraq ödəməli olduğu məbləğ kimi tələb etmişdir.

65. Kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə 22 avqust 2024-cü il tarixli qərarında göstərmişdir ki, iddia 2015-2023-cü illər üçün ödənilməmiş gəlirin tutulması hissəsində də tam rədd oluna bilməz. Məhkəmə Mülki Məcəllənin 21.1, 21.2, 445.7–ci maddələrinə istinad edərək iddianın bu hissəsinin faktiki olaraq əldən çıxmış fayda formasında zərər tələbi olduğunu, bu tələbə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə zərər tələb etmək hüququ kimi qiymət verilməli olduğunu qeyd etmişdir.

66. Cavabdeh S.Hüseynov tərəfindən iddiaçının 80 000 ABŞ dolları məbləğində pulu müqavilə münasibətlərinin başa çatmasına baxmayaraq qaytarılmamışdır. İddiaçı cavabdehin müqavilə münasibətləri başa çatdıqdan sonra da onun pul vəsaitindən istifadə edərək qazanc əldə etdiyini və həmin qazancdan ona pay verməli olduğunu iddia etsə də bu qazancın miqdarı barədə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı digər əsaslarla daha yüksək miqdarda pul tələb edə bilməsə də Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilən məbləğin illik 5 faizi miqdarında pul tələb etməyə haqlıdır. Qanunverici Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən faizlərin ödənilməsini borclunun həmin pul vəsaitindən faydalanması, qazanc əldə etməsi və s. sübut edilməsindən asılı etməmişdir. Bu baxımdan həmin faizlərin tələb edilməsi zamanı iddiaçının müəyyən pul məbləğinin ödənilməsinin cavabdeh tərəfindən gecikdirildiyini sübut etməsi kifayət edir. Hazırkı halda isə iddiaçı 80 000 ABŞ dolları məbləğində pulun ona qaytarılmasının cavabdeh S.Hüseynov tərəfindən gecikdirildiyini sübuta yetirdiyindən, iddia tələbinin həcminə uyğun olaraq 2015-2023-cü illər üçün həmin pulun illik 5 faizi miqdarında pul cavabdeh S.Hüseynovdan tutularaq iddiaçıya ödənilməlidir.

67. Beləliklə, iddianın cavabdehdən 2015-2023-cü illər üçün əldən çıxmış fayda şəklində zərərin tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi "cavabdeh X3 2015- 2023-cü illər üçün əldən çıxmış fayda şəklində zərərin əvəzinin tutulması" tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalı, cavabdeh S.Hüseynovdan 9 il üçün 80 000 ABŞ dolları məbləğində pulun illik 5 faizi miqdarında pul, yəni 36 000 ABŞ dolları (80 000 x 5% x9) məbləğində pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq iddiaçıya verilməlidir. Hazırkı apellyasiya baxışının predmeti olan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin qalan hissəsinin rədd edilməsinə münasibətdə iddiaçı əldən çıxmış faydaya görə daha artıq miqdarda pulun tutulması üçün əsasların olmasını sübuta yetirə bilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

68. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin indiki və əvvəlki apellyasiya icraatlarında təmin edilən hissələrini nəzərə almaqla hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları ayrı-ayrılıqda apellyatorların özlərinə aid edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi "cavabdeh X3 80 000 ABŞ dolları məbləğində pulun ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı verilməsi" hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi "cavabdeh X3 2015-2023-cü illər üçün əldən çıxmış fayda şəklində zərərin əvəzinin tutulması" tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh X3 80 000 ABŞ dollarına münasibətdə 2015-2023-cü illər üçün əldən çıxmış fayda şəklində zərərin əvəzi kimi 36 000 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq İddiaçı ödənilsin. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin qalan hissəsinə münasibətdə Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları appelyatorların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Tural Qocayev

Hakimlər Səməd Cəfərov

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar