Məhkəmə qərarları › İş №2-2(103)-909/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-909/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-909/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili Nümayəndə4, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1848/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə “X1 Kredit Təşkilatı” QSC arasında 01 iyun 2011- ci il tarixdə 0**-XC-***1 saylı, 05 yanvar 2016-cı il tarixdə 007-X-2016 saylı və 01 mart 2016-cı il tarixdə 012-A-2016 saylı müqavilələr imzalanmışdır. Qeyd edilmiş müqavilələrin predmetini İddiaçı MMC tərəfindən “X1 Kredit Təşkilatı” QSC-yə internet və telekommunikasiya xidmətlərinin göstərilməsi təşkil edir.

2. Xidmətin göstərilməsi ilə bağlı “X1 Kredit Təşkilatı” QSC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli EAAY seriyalı 012122 nömrəli dəyəri 531 manat olan, xx.xx.2019-cu il tarixli EAAY seriyalı 012120 nömrəli dəyəri 424,80 manat, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 272667 nömrəli dəyəri 531 manat, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 272666 nömrəli dəyəri 6330,70 manat, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 272664 nömrəli dəyəri 389,40 manat olan elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8.206,9 manat məbləğində əsas borcun, 820,69 manat cərimə borcunun və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1 Kredit Təşkilatı” QSC arasında 01 iyun 2011-ci il tarixli 0**-XC-***1 saylı Müqavilə, 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı Müqavilə və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı Müqavilə imzalanmışdır. Bu Müqavilələrə görə İddiaçı MMC «Sifarişçi»-yə, yəni “X1 Kredit Təşkilatı” QSC-yə İT və telekommunikasiya xidmətləri göstərmişdir. Lakin “X1 Kredit Təşkilatı” QSC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim etməyinə baxmayaraq 01 iyun 2011-ci il tarixli 0**- XC-***1 saylı Müqavilə üzrə 1.062 manat, 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı Müqavilə üzrə 6.330,7 manat, 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı Müqavilə üzrə 814,2 manat, ümumilikdə 8.206,9 manat məbləğində xidmət haqqı bu günə kimi ödənilməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1848/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi qismən təmin edilmiş, 8.206 (səkkiz min iki yüz altı) manat, 90 (doxsan) qəpik məbləğində əsas, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.406 (səkkiz min dörd yüz altı) manat, 90 (doxsan) qəpik məbləğində pul Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilməsi qət edilmişdir.

6. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə İddiaçı MMC müştərini internet trafiki ilə təmin etməyi, telekommunikasiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilibgöstərilməməsidir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh BOKT MMC-yə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 8.206.9 manat təşkil edir və məhkəmə iclasında cavabdeh tərəf iddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktını qəbul etmişdir.

8. Məhkəmə göstərilmiş xidmətlərə görə ödənişlərin edilib-edilməməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə pulun ödənilməsi barədə hər hansı bir sənəd təqdim edə bilmədiyindən və bu halı təsdiq edə bilmədiyindən iddia 8.206,9 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

9. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, cərimə borcu 01 iyun 2011-ci il tarixli 0**-XC-***1 saylı müqavilə üzrə göstərilmiş xidmət haqqı borcuna deyil, məhz 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı müqavilə üzrə yaranmış borca uyğun tutulmalıdır. Beləki, məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi 820,69 manat cərimə borcu məhz 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı müqavilə üzrə yaranmış əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1848/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, İddiaçı MMC Cavabdeh BOKT MMC-ilə uzun illər idi ki, müqavilələr əsasında əməkdaşlıq edirdilər. 2022-ci ilin oktyabr ayında Cavabdeh BOKT MMC hüquqi ünvanını dəyişərək, Bakı şəhəri, Nərimanov rayonuna köçmüşdür. Lakin İddiaçı MMC tərəfindən məlumat verilmişdir ki, Nərimanov rayonu ərazisində fəaliyyət göstərə bilmirlər və bu səbəbdən Cavabdeh BOKT MMC ilə İddiaçı MMC arasında əməkdaşldıq dayandırılmışdır. Bundan sonra “CASPEL MMC tərəfindən Cavabdeh BOKT MMC-yə qarşı mediasiya sessiyasında tələb qaldırılmışdır ki, güya 01 iyun 2011-ci il tarixli 0**-XC-***1 saylı müqaviləyə əsasən 1062 manat, 05 yanvar 2016-ci il tarixli 007-X-2016 saylı müqaviləyə əsasən 6330,7 manat, 01 mart 2016-ci il tarixli 012-A—2016 saylı müqaviləyə əsasən 814,2 manat ümumillikdə güya ki, 8206,9 manat məbləğində borc yaranmışdır. Nəticə olaraq, İddiaçı MMC tərəfindən iddia olunurdu ki, guya Cavabdeh BOKT MMC tərəfindən 2020-ci ilin iyul ayı üzrə bu ödənişlər olunmamışdır. Mediasiya sesiyasında Cavabdeh BOKT MMC tərəfindən 2020-ci ilin iyul ayı üzrə elektron qaimə və digər maliyyə ilə bağlı sənədlər təqdim olunmuşdur ki, həmin sənədlər sübuta yetirdi ki, ödənişlər vaxtında olubdur. Bundan başqa iddiaçı mediasiya sesiyası zamanı, iddia edirdi ki, müxtəlif vaxtlarda Cavabdeh BOKT MMC tərəfindən müəyyən ödənişlər olunmurdu. Lakin həmin vaxtlar üzrə əlavə olaraq, elektron ödəniş barədə sənədləri təqdim edərək, sübuta yetmişdir ki, Cavabdeh BOKT MMC-nin iddiaçıya heç bir borcu yoxdur. Əksinə İddiaçı MMC tərəfindən 2020-ci ilin iyul ayı üzrə xidmət göstərilməmişdir. Bildiyimiz kimi, Cavabdeh, Bank Olmayan Kredit Təşkilatıdır və İT və Telekomunikasiya xidməti daimi işləməlidir. Əks tədqirdə təşkilat müştəri itirərək, maliyyə ziyanına gedir. Beləliklə 2020-ci ilin iyul ayında İddiaçı MMC tərəfindən Cavabdeh BOKT MMC-yə göstərilən xidmət dayandırılmışdır və üç iş günü ərzində fəaliyyət göstərmirdi. Buna dair sübut olaraq İddiaçı MMC-nin əməkdaşı tərəfindən mail vasitəsi ilə Cavabdeh BOKT MMC-yə üzürxahlıq müraciəti təqdim edilmişdir. Bundan başqa yuxarıda qeyd etdiyim kimi, əgər müxtəlif vaxtlarda Cavabdeh BOKT MMCni n iddiaçıya borcu var idi, necə ola bilər ki, üstəlik yeni müqavilələr bağlayırdılar və ümumiyyətlə borc barədə heç bir bildiriş və ya sənəd təşkilata göndərmirdilər. Məhkəmə iclas zamanı,İddiaçı MMC heç bir dəlil sübut təqdim edə bilməmişdir, halbuki, Cavabdeh BOKT MMC tərəfindən məhkəmə iclas zamanı elektron qaimələr təqdim olunmuşdur ki, hansıları vergi xidmətindən yayındırmaq qeyri-mümkündür və mütləq ödənişlər olur. Bundan başqa məhkəmə iclas zamanı tərəfindən xahiş olunmuşdur ki, məhkəmə mühasibatlıq ekspertizası təyin olunsun. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə borcun olmasına dair heç bir dəlil və sübut təqdim oluna bilinməmişdir. Cavabdeh BOKT MMC-nin tərəfindən isə ödənilmiş və qəbul edilmiş elektron qaimələr məhkəməyə təqdim olunmuşdur. Bundan başqa tərəfimdən məhkəmə iclas zamanı vəsatət qaldırılaraq, məhkəmədən xahiş olunmuşdur ki, daha obyektiv araşdırma aparılması məqsədi ilə mühasibatlıq ekspertizası təyin olunsun. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Halbuki, Cavabdeh BOKT MMC-nin kifayət qədər sübutu var idi. İddiaçı MMC-nin isə ümumiyyətlə heç bir sübutu yox idi. Borcun yaranması barədə heç bir dəlil sübut məhkəməyə təqdim olunmamış və məhkəmə tərəfindən naməlum səbəblərə əsasən qətnamə çıxarılmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. İddiaçının vəkili Nümayəndə4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən qismən - iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1848/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında imzalanan 01 iyun 2011- ci il tarixdə 0**-XC-***1 saylı Müqavilə, 05 yanvar 2016-cı il tarixdə 007-X-2016 saylı Müqavilə və 01 mart 2016-cı il tarixdə 012-A-2016 saylı müqavilələr əsasında İddiaçı MMC tərəfindən “X1 Kredit Təşkilatı” QSC-yə internet və telekommunikasiya xidmətləri göstərilmişdir. İzahatlara əsasən müəyyən edilmişdir cavabdehin fəaliyyət göstərdiyi ünvanı dəyişərək 2022-ci ilin oktyabr ayında Səbail rayonu ərazisindən Nərimanov rayonu ərazisinə köçdükdən sonra iddiaçı həmin rayonun ərazisində fəaliyyət göstərmədiyi üçün xidmətlər dayandırılmışdır.

18. Mülki Məcəllədə xidmət müqaviləsi növündə müqavilə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, qanunun analogiyası tətbiq edilməklə tərəflər arasındakı münasibətlərə podrat müqavilələrindən irəli gələn normalar tətbiq edilməlidir.

19. İddiaçı 2019-cu ilin və 2020-ci ilin iyul ayında göstərilmiş xidmətlərin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini iddia edərək həmin dövr üçün göstərilmiş xidmətlərin dəyərinin tutulmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazında tələb olunan dövrlərdə onlara iddiaçı tərəfindən xidmət göstərildiyini qəbul etmişdir. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 20 Cavabdeh etirazında bildirmişdir ki, 2020-ci ilin iyul ayında 3 gün iddiaçının sistemi işləmədiyi üçün onlara xidmət göstərilməmiş, nəticədə cavabdehə ziyan dəymişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında qarşı tərəfə bütün borcların ödənildiyini, borcları olmadığını bildirsə də nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə tələb olunan dövr üçün xidmətlərinin dəyərinin ödənilməsi barədə sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.

21. Cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, cavabdeh tələb edilən dövr üçün ödənişi təsdiq edən sübutu təqdim etmədiyindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir. 22 Cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlər (hesabdan çıxarışlar) sübut kimi qəbul edilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclaslarında həmin çıxarışlara istinad etməklə iddiaçının istinad etdiyi elektron qaimələr üzrə ödənişlərin həyata keçirildiyini sübut edə bilməmişdir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1848/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1848/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar