Məhkəmə qərarları › İş №2-2(103)-919/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-919/2024

17.10.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-919/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Keskin Mikail, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Keskin Mikailin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı qərarların etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-2(113)-592/2024 nömrəli qətnaməsindən iddiaçı Keskin Mikail tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Keskin Mikail cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, 2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin, mediasiyaya ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin və 106 (bir yüz altı) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "Ajda Baku” MMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, 2020- 2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin, mediasiyaya ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin və 106 (bir yüz altı) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-592/2024 saylı qərardadı ilə iddiaçı Keskin Mikailın cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “qərarların etibarsız hesab edilməsi və əldə edilmiş mənfəətin bölünməsi”nə dair iddia tələbi “2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin iddiaçının xeyrinə tutulması” hissəsində baxılmamış saxlanılmışdır.

4. İddiaçı Keskin Mikail həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-839/2024 nömrəli qərardadı ilə iddiaçı Keskin Mikail tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-592/2024 nömrəli qərardadının ləğv edilməsi, iddiaçı Keskin Mikailın cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “qərarların etibarsız hesab edilməsi və əldə edilmiş mənfəətin bölünməsi”nə dair iddia tələblərinin “2020-2022-ci illər üzrə iddiaçıya ödənilməli olan 216000 (iki yüz ona altı min) manat mənfəətin iddiaçının xeyrinə tutulması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-2(113)-592/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-2(113)-592/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İş materialları və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Mikail Keskin özü və digər Türkiyə Respublikasının vətəndaşı Akgun Cüneyt və Azərbaycan Respublikasının vətəndaşı cavabdeh Qanuni nümayəndəƏli oğlu ilə birlikdə bərabər paylarla xx.xx.2018-ci il tarixində hüquqi ünvanı Bakı şəhəri, Cavadxan küçəsi, ev 11, mənzil 37 olan Cavabdeh1 MMC-ni təsis etmişlər. Təsis edildiyi vaxtdan xx.xx.2019-cü il tarixinə kimi Cavabdeh1 MMCnin qanuni təmsilçisi və direktoru kimi Mikail Keskin çıxışetmişdir. Lakin, sonralar Cavabdeh1 MMC-nin həm təsisçisi, həm də direktorukimi çıxış edən Mikail Keskinə hər hansı formada məlumat verilmədən əvvəlcə xx.xx.2019-cü il tarixində Cavabdeh1 MMC-nin təsisçilərinin iclası keçirilmiş və hüquqi şəxsin direktoru vəzifəsinin X2 həvalə edilməsi qərara alınmışdır, daha sonra qanunvericiliyin kobud şəkildə pozulması davam etdirilmiş və xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh1 MMC-nin təsisçilərininiclası Mikail Keskinə rəsmi qaydada məlumat və xəbər verilmədən keçirilmiş və hüquqi şəxsin direktoru olaraq Qanuni nümayəndə təyin edilmişdir. Qeyd edilənlərdən əlavə növbəti dəfə qanun pozuntuları davam etdirilərək xx.xx.2020-ci il tarixində yenidən Mikail Keskinə rəsmi qaydada məlumat və xəbər vermədən Cavabdeh1 MMCnin təsisçilərinin ümumi yığıncağını keçirib digər təsisçi Cüneyt Akgünə aid iştirak payının Qanuni nümayəndə tərəfindən satın alınması barədə qərar qəbul edilmişdir. Belə ki, Cavabdeh1 MMC-nin təsisçilərindənbiri olmasına baxmayaraq Mikail Keskin yuxarda qeyd edilən tarxilərdə keçirilənümumi yığıncaq iclaslarının heç biri haqqında məlumatlı olmamışdır. Cavabdehlər tərəfindən ümumi yığıncağın keçirilməsi ilə əlaqədar Mikail Keskinə müvafiq vaxtlarda bildiriş göndərilməsini iddia edilsə də həmin bildirişlər heç biri sonuncuya təhvil verilməmişdir. Məhkəmə təqdim edilən sübutlardan məlum olmuşdur ki, ümumi yığıncağın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 MMC tərəfindən ümumi yığıncağı keçirilməsi ilə əlaqədar olaraq xx.xx.2019-cü il tarixində və xx.xx.2019-cu il tarixdə Mikail Keskinə ünvanlanmış məktublar ünvan 2öndərilmişdir. Lakin, iş materialların alavə edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətitərəfindən Mikail Keskinə təqdim edilən və etibarlılıq müddəti xx.xx.2019 və xx.xx.2020-ci illəri əhatə edən MYİ ******* nömrəli Müvvəqəti yaşamaq üçün icazə vəsiqəsindən də göründüyü kimi Mikail Keskininünvan 3 ünvanında qeydiyyata alınmışdır. Belə olan halda həmin bildirişlərin Mikail Keskin tərəfindən təhvil alınması qeyri mümkündür. Cavabdeh tərəf qeyd edilən bildirişlərin ünvan 4 göndərilməsi ilə əlaqədar olaraq əsas kimi Dövlət Miqarasiya Xidməti tərəfindən təsdiq edilmiş formada Mikail Keskinə təqdim edilən və etibarlılıq müddəti xx.xx.2019 və xx.xx.2020-ci illəri əhatə edən MYİ ******* nömrəli Müvvəqəti yaşamaq üçün icazə vəsiqəsini təqdim etmşdir. Beləliklə, eyni dövləri əhatə etməsinə baxmayaraq Dövlət Miqrasiya Xidməti tərəfindən Mikail Keskin barəsində iki fərqli Müvvəqəti yaşamaq üçün icazə vəsiqəsi tərtib edilmişdir. İş materiallarına əlavə edilən sənədlərdə cavbahdehlər tərəfindən sübut qismində təqdim edilən xx.xx.2019 və xx.xx.2020-ci illəri əhatə edən MYİ0429816 nömrəli Müvvəqəti yaşamaq üçün icazə vəsiqəsi ilə Mikail Keskina DövlətMiqrasiya Xidməti tərəfindən təqdim edilən xx.xx.2019 və xx.xx.2020-ci illəri əhatə edən MYİ ******* nömrəli Müvvəqəti yaşamaq üçün icazə vəsiqəsi arasında ziddiyyət olduğu müşahidə edilsə də Bakı Kommersiya Məhkəməsi qətnaməçıxararkən qeyd edilən ziddiyyətlə bağlı hər hansı münasibət bildirməmişdir. Eyni dövrləri əhatə edən lakin, seriya nömrəsi və yaşayış ünvanı fərqli qeyd edilən Müvvəqəti yaşamaq üçün icazə vəsiqələri nəticəsində Cavabdeh1MMC tərəfində göndərilən məktublar yalnış ünvana göndərilmiş və nəticədə həmin məktublar Mikail Keskinə çatdırılmamışdır. Məhdud məsuliyyətli cəmiyyətiniştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ... hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Qeyd edilən maddədən də göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin hər bir təsisçisi ümumi yığıncağın iclaslarında iştirak etmək hüququna malikdir və bu hüququn hər hansı formada məhdudlaşdırlması qanunla qadağan edilmişdir. Hazır ki, iş üzrə Cavabdeh1 MMC tərəfindən müxtəlif vaxtlarda keçirilən ümumi yığıncağın iclasları haqqında sonuncunun təsisçilərindən biri olan Mikail Keskinə məlumat verilməyərək onun ümumi yığıncağı iclaslarında iştirak hüququ məhdudlaşdırılmışdır. İş materialların əlavə edilən sübutlar arasında ziddiyyətlər olmasına baxmayaraq məhkəmə tərəfindən bütün sübutlar hərtəfli araşdırılmamış və lazimi tədbirlər görülməmişdir.X9 barəsindəonun hüquqlarına və qanuni maraqlarına zidd qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdeh Qanuni nümayəndə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

14. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

15. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.

16. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

17. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

18. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.

19. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

26. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh1 MMC-nin təsis edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarla Cavabdeh1 MMC təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 manat olan 3 paydan ibarət olmaqla, 150 manat məbləğində müəyyən edilmiş, qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Keskin Mikail təyin edilmişdir. Nizamnamə kapitalının miqdarı 150 manat, kapitalda mayaların miqdarı Qanuni nümayəndə – 1 pay, Akgün Cüneyt – 1 pay və Mikail Keskin – 1 pay olaraq müəyyən edilmişdir. Daha sonra Cavabdeh1 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəmiyyətin qanuni təmsilçilik funksiyalarına malik direktor vəzifəsinə X4 təyin edilmiş; Cavabdeh1 MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarına əsasən X1 ölümü ilə bağlı direktor vəzifəsinə Qanuni nümayəndə təyin edilmiş; Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarına əsasən təsisçi Akgün Cüneytin nizamnamə kapitalındakı payını, cəmiyyətin digər təsisçisi X5 xx.xx.2020-ci il tarixdə satması ilə əlaqədar Akgün Cüneyt cəmiyyətin təsisçiliyindən çıxarılmış, nizamnaməyə dəyişiklik edilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun yeni redaksiyada nizamnamə hazırlanmış və təsdiq edilmişdir. İddiaçı sözügedən qərarları mübahisələndirmiş və həmin qərarların etibarsız hesab edilməsini xahiş etmişdir.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarların qəbul edildiyi cəmiyyətin ümumi yığıncaqlarının vaxtı və yeri barədə iddiaçıya müvafiq bildirişlər göndərilmişdir. İddiaçı tərəf bildirişlərin onun əvvəlki qeydiyyat ünvanına göndərildiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında bildirişlər və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, bildirişlər onların göndərildiyini vaxt iddiaçının qeydiyyatda olduğu ünvanlara göndərilmişdir. Eyni zamanda qeyd olunur ki, ünvan dəyişikliyi olduğu halda bununla bağlı qarşı tərəf məlumatlandırılmalıdır.

28. İddiaçının istinad etdiyi MM-nin 91.1-1-ci maddəsinin məzmunundan göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüquqları vardır və iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.

29. Məhkəmənin qənaətinə əsasən hazırkı halda iddiaçının göstərilən hüquqlarını məhdudlaşdıran hər hansı razılaşmanın və ya hərəkətin olması müəyyən edilmir (iddianın birinci hissəsinə münasibətdə). Qeyd olunmalıdır ki, iddiaçı cəmiyyətin iştirakçısı kimi qanunvericilikdə, cəmiyyətin nizamnaməsində öz əksini tapan hüquqlarından istifadə etmək hüququnu özündə saxlayır.

30. Qeyd edilənlərə əsasən məhkəmə qərarların etibarsız hesab edilməsi barədə iddia tələbini rədd etmişdir.

31. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilən sübutlardan məlum olmuşdur ki, ümumi yığıncağın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 MMC tərəfindən ümumi yığıncağı keçirilməsi ilə əlaqədar olaraq xx.xx.2019-cü il tarixində və xx.xx.2019-cu il tarixdə Mikail Keskinə ünvanlanmış məktublar ünvan 4 göndərilmişdir. Lakin, iş materialların alavə edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Mikail Keskinə təqdim edilən və etibarlılıq müddəti xx.xx.2019 və xx.xx.2020-ci illəri əhatə edən MYİ ******* nömrəli Müvvəqəti yaşamaq üçün icazə vəsiqəsindən də göründüyü kimi Mikail Keskinin ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Məhkəmə ziddiyyətli ünvan məsələsinə qiymət verməmişdir.

32. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında bildirişlər və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, bildirişlər onların göndərildiyini vaxt iddiaçının qeydiyyatda olduğu ünvanlara göndərilmişdir.

33. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 04/4137/di nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxx 1969-cu il təvəllüdlü, Türkiyə Respublikası vətəndaşı Keskin Mikailə (pasport nömrəsi: U********) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün aşağıdakı icazələr (MYİ) verilmişdir: 1. MYİ seriyalı 435434 nömrəli vəsiqə 21 fevral 2019-cu il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi (əvvəlki redaksiyada: “Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda”) əsasında 21 fevral 2019-cu il tarixdən 21 fevral 2020-ci il tarixədək, ünvan 5 ünvanına qeydiyyata alınmaqla; 2. MYİ seriyalı 482587 nömrəli vəsiqə 27 mart 2020-ci il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi (əvvəlki redaksiyada: “Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda”) əsasında 27 mart 2020-ci il tarixdən 27 iyun 2020-ci il tarixədək, ünvan 3 ünvanına qeydiyyata alınmaqla; 3. MYİ seriyalı 495743 nömrəli vəsiqə 02 sentyabr 2020-ci il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi (əvvəlki redaksiyada: “Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda”) əsasında 02 sentyabr 2020-ci il tarixdən 02 dekabr 2020-ci il tarixədək, ünvan 3 ünvanına qeydiyyata alınmaqla; 4. MYİ seriyalı 517950 nömrəli vəsiqə 30 dekabr 2020-ci il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.9cu maddəsi (“əyani təhsil (ali)”) əsasında 30 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək, ünvan 3 ünvanına qeydiyyata alınmaqla; 5. MYİ seriyalı 561414 nömrəli vəsiqə 20 dekabr 2021-ci il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.9-cu maddəsi (“əyani təhsil (ali)”) əsasında 31 dekabr 2021-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək, ünvan 6 ünvanına qeydiyyata alınmaqla; 6. MYİ seriyalı ****** nömrəli vəsiqə 03 noyabr 2022-ci il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.7-ci maddəsi (“Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda”) əsasında 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, ünvan 6 ünvanına qeydiyyata alınmaqla; 7. MYİ seriyalı 676219 nömrəli vəsiqə 16 noyabr 2022-cü il tarixli qərarla - Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi (“qohumluq münasibəti”-arvad) əsasında 02 noyabr 2023-cü il tarixdən 02 noyabr 2024-cü il tarixədək, ünvan 6 ünvanına qeydiyyata alınmaqla.

34. İş materiallarından göründüyü kimi iddiaçıya ümumi yığıncağın vaxtı və yeri barədə məlumatlandırma vəzifəsi vicdanlı şəkildə yerinə yetirilmişdir. Odur ki, həmin yığıncaqlarda qəbul edilmiş qərarların etibarsızlığı halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

35. Həmçinin iddiaçı Akgün Cüneytin payını almaqda üstünlük hüququna malik olduğuna istinad edərək onun bu hüquqdan məhrum edildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə yanaşı, iş üzrə cavabdeh olan digər payçı Qanuni nümayəndə da həmin payı almaqda üstünlük hüququ olmuş və pay hər hansı bir üçüncü şəxsə deyil, məhz satın almaqda üstünlük hüququ olan Qanuni nümayəndə satılmışdır.

36. Bundan başqa payın alınması məsələsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 93.3-cü maddəsinin tələbinə əsasən MMC-nin payçılarının satın almada üstünlük hüququ yalnız payın payçı olmayan üçüncü şəxslərə satılması zamanı tanınır. Çünki payçılar yalnız payçı olmayanlara nisbətdə üstündürlər, payçılar öz aralarında üstünlüyə malik deyillər.

37. Apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı Keskin Mikail tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-2(113)-592/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar