Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-922/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə qızı Mahmudova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, ilkin cavabdehin nünmayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3072/2024 saylı qətnaməsindən ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2021-ci il tarixli 2 xidmət müqaviləsi bağlanmışdır.
2. Hər iki müqaviləyə əsasən, “İcraçı” ona məxsus və Cədvəl №1-də əks olunmuş texnikaları “Sifarişçi”yə xidmət göstərməyə verməyi, “Sifarişçi” isə texnikaları təyinatı üzrə istifadə edib “İcraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Birinci müqavilədə xidmət göstərəcək nəqliyyat vasitələri qismində “Hyundai” markalı 50EG041 və 90LO688, “Mercedes Benz” markalı 90XR737 dövlət qeydiyyat nişanlı - 3 nəqliyyat vasitəsi, digər müqavilədə isə həmin nəqliyyat vasitələri ilə yanaşı daha 15 nəqliyyat vasitəsi göstərilmişdir.
3. Tərəflər arasında nəqliyyat vasitələri və xüsusi texnikaları vasitəsilə göstərilmiş xidmətlər hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş aktlar tərtib edilmiş, həmin aktlara əsasən 2022-ci ilin sentyabr ayı üçün ƏDV-siz 46964,29 manat, 2022-ci ilin oktyabr ayı üçün ƏDV-siz 33471,43 manat, 2022-ci ilin noyabr ayı üçün ƏDV-siz 24642,86 manat, 2022-ci ilin dekabr ayı üçün ƏDV-siz 21428,57 manat, 2023-cü ilin yanvar ayı üçün ƏDV-siz 21428,57 manat, 2023-cü ilin fevral ayı üçün ƏDV-siz 14971,43 manat olmaqla ümumilikdə ƏDV-siz 162907,15 manat dəyərində göstərilmiş xidmətlər təhvil alınmışdır.
4. 2022-ci ilin sentyabr-2023-cü ilin fevral ayında göstərilmiş xidmətlərə dair xx.xx.2022-ci il tarixli EBCİ 468382 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCM 662751 seriya və nömrəli xx.xx.2023-cü il tarixli EBCN 923872 seriya və nömrəli, EBCN 926406 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCP 020717 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDC 362184 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir (ƏDV-siz 162907,15 manat, ümumi ƏDV məbləği29323,28 manat).
5. Ödəniş tapşırıqlarına əsasən 2021-ci ilin dekabr – 2022-ci ilin avqust ayları arasında dövrdə göstərilmiş xidmətlərə görə xx.xx.2021-ci il tarixdə 7803,57 manat, xx.xx.2022 ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 22000 manat, xx.xx.2022-ci il tarixdə 60000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 42035,72 manat, xx.xx.2022-ci il tarixdə 48017,86 manat, xx.xx.2023-cü il tarixdə 63559,32 manat olmaqla ümumilikdə 297.416,47 manat məbləğində pul xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə və ayrı-ayrı elektron qaimələrə istinad edilməklə Cavabdeh MMCtərəfindən İddiaçı MMCnin bank hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 183.919,26 manat əsas borcun, 33105,47 manat ƏDV məbləğinin və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Belə ki, müqavilənin predmeti üzrə cavabdehə xx.xx.2022-ci il tarixli 468382 nömrəli elektron qaimə üzrə 55417,86 manat, xx.xx.2023-cü il tarixli 662751 nömrəli elektron qaimə üzrə 39496,29 manat, xx.xx.2023-cü il tarixli 020717 nömrəli elektron qaimə üzrə 25285 manat, xx.xx.2023-cü il tarixli 923872 nömrəli elektron qaimə üzrə 29078,57 manat, xx.xx.2023-cü il tarixli 926406 nömrəli elektron qaimə üzrə 25285,71 manat, xx.xx.2023-cü il tarixli 362184 nömrəli elektron qaimə üzrə 17666,29 manat məbləğində vəsait ödənilməli olmuşdur. Lakin qeyd edilən ödənişlər və bu ödənişlərin 18 faiz ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh tərəfindən xidmət müqaviləsinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Ödənişlərin edilməsi tələbi ilə bağlı xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsilə qarşı tərəfə pretenziya göndərilmiş və 1 iş günü ərzində ödəniş edilməsi tələb edilmişdir, lakin qarşı tərəf pretenziya tələbini icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Eyni zamanda hazırkı iş üzrə elektron qaimələr qəbul edən tərəfindən təsdiq edilmişdir və ləğv edilməmişdir.
8. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 700-cü və s. maddələri göstərilmişdir.’
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi yalnız formal mülahizələr əsasında tərtib olunmuş və məhkəməyə verilmişdir. İddiaçının hazırkı iddia ərizəsini qaldırmaqda da yeganə məqsədi əsassız varlanmaqdır. Baş verənlər heç də iddia ərizəsində qeyd olunduğu kimi deyildir. Bu hal iddiaçının zəruri sənədləri tam təqdim etməməsindən də aydın şəkildə görünür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsi imzalanmış və tərəflər arasındakı hüquq və öhdəliklər də həmin müqavilədən irəli gəlmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehə cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə verir. Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş təhvil təslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünür. Tərəflər arasında xidmətin göstərilməsi qayda və üsullarını sadəcə bu müqavilə tənzimlədiyindən və tərəflər arasında həmin müqaviləyə əlavə razılaşma imzalanmadığından belə bir sual yaranır: təhvil- təslim aktlarında göstərilmiş və müqavilənin predmetində öz əksini tapmayan 15 və ya daha çox nəqliyyat vasitəsi hansı əsasla təhvil-təslim aktlarına əlavə edilmişdir? Əlavə olaraq, müqavilənin 3.6-cı bəndinə əsasən aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən (yəni aylıq 280 saat iş normasına əsasən) hesablanacaq. Lakin təhvil-təslim aktlarından da göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin tələbinə riayət edilməmiş və nəqliyyat vasitələri gündəlik 8 saat olmaqla xidmət göstərmişlər. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş nəqliyyat vasitələri üzrə aylıq xidmət haqları nəzərdə tutulmuşdur. Həmin xidmət haqına uyğun olaraq, məsələn aylıq xidmət haqqı 3500 manat olan “Hyundai” markalı, 50EG041 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ayda 28 gün, gündə 10 saat olmaqla işlədikdə, həmin nəqliyyat vasitəsinin bir saatlıq xidmət haqqı (3500:280=12,50) 12,5 manat məbləğində təşkil edir. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsinə ayda 28 gün, gündə 8 saat işlədikdə (28x8=224x12.50 =2800) 2800 manat, ayda 30 gün, gündə 8 saat işlədikdə (30x8= 240x12.50 =3000) 3000 manat məbləğində xidmət haqqı yaranır. Lakin təkcə 2022-ci ilin iyun ayının təhvil-təslim aktına nəzər yetirdikdə, həmin məbləğin 3000 manat deyil, 3750 manat məbləğində əks olunduğu görünür. Bu isə elektron vergi-fakturalar üzrə ödənişlərdə müqavilədə qeyd olunan xidmət haqqından kəskin şəkildə kənarlaşmaya səbəb olmuşdur. Yuxarıda qeyd olunanlardan tam aydın görünür ki, elektron-vergi fakturalar müqavilənin 3.1-ci bəndinə uyğun olaraq təhvil-təslim aktlarına uyğun tərtib edilməmiş, müqavilənin şərtləri pozularaq bəzi hallarda təhvil aktları ümumiyyətlə tərtib edilməmiş, bəzi hallarda tərəflərin imzası və möhürü ilə təsdiqlənməmiş, bütün hallarda isə müqavilədə nəzərdə tutulan iş saatı yerinə yetirilmədiyi halda, iddiaçı artıq hesablar təqdim etməklə əsassız ödənişlərin alınmasına nail olmuşdur. Belə ki, qeyd olunan kənarlaşmalara əsasən dekabr 2021-ci il üçün 8400,50 manat, yanvar 2022-ci il üçün 9614,34 manat, fevral 2022-ci il üçün 11542,92 manat, mart 2022-ci il üçün 11900,07 manat, aprel 2022-ci il üçün 13839,39 manat, may 2022-ci il üçün 19782,27 manat, iyun 2022-ci il üçün 16910,84 manat, iyul 2022-ci il üçün 8146,54 manat, avqust 2022-ci il üçün 15889,41 manat, sentyabr 2022-ci il üçün 11535,84 manat, oktyabr 2022-ci il üçün 11957,22 manat, noyabr 2022-ci il üçün 10928,69 manat, dekabr 2022-ci il üçün 10714,41 manat, yanvar 2023-cü il üçün 10714,41 manat, fevral 2023-cü ilüçün 6542,93 manat məbləğində olmaqla ümumilikdə 178419,35 manat xidmət haqqına əlavə olaraq əsassız şəkildə hesablanmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş təhviltəslim aktlarından görünür ki, dekabr 2021-ci il üçün və fevral 2022-ci il üçün hər hansı işlər görülməmişdir. Aktların tərəflər tərəfindən imzalanıb təsdiq edilməməsi də özlüyündə bunu təsdiq edir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində qeyd olunan xx.xx.2023-cü il tarixli 926406 nömrəli elektron vergi-faktura üzrə təhvil-təslim aktı mövcud deyil. Göründüyü kimi, verilmiş iddia ərizəsi qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir. İddiaçının bu iddianı qaldırmaqda məqsədi əsassız varlanmağa nail olmaqdır. Buna görə də verilən iddia ərizəsi tam rədd edilməlidir. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 386, 1091-1093-cü və s. maddələrinə istinad edilmişdir.
11. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müqavilədən kənarlaşma etməsi nəticəsində cavabdeh tərəfindən ödənilmiş 178 419,35 manat məbləğində əsas borc və 16751,76 manat məbləğində ƏDV olmaqla ümumilikdə 195 171,10 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 5 noyabr 2021-ci il tarixli HİS N 07 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə verir. Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünür. Lakin sonradan məlum olmuşdur ki, tərəflər arasında eyni tarixli və eyni nömrəli (xx.xx.2021-ci il tarixli HİS N 07) iki ədəd müqavilə mövcuddur. Belə ki, bir müqavilədə 3 ədəd nəqliyyat vasitəsi ilə, digərində isə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 18 ədəd nəqliyyat vasitəsini nəzərdə tutan müqavilə sonradan imzalanmışdır. Belə ki, müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 3 ədəd nəqliyyat vasitəsi ilə xidmət nəzərdə tutan müqavilənin hər səhifəsində imza olmasına baxmayaraq, digər müqavilənin bütün səhifələri imzalanmamış, 3 ədəd maşın göstərilən müqavilənin sağ küncündə “icraçı” sözünün qarşısında səhifə 2-5-dən yazılmış, digər müqavilədə isə səhifə 5-dən göstərilmiş, sonradan hazırlanan müqavilənin 4.1.3-cü bəndində səhifəni yekunlaşdırmaq üçün 18 maşın cədvəldə göstərilsə də, 19-24-cü boş qrafaların cədvəldə nəzərdə tutulması əqdin yalan və ya uydurma əqd olmasının göstəricisidir. Həmçinin müqavilənin əslinin cavabdehdə olmaması da, tərəfin ikinci müqaviləni uydurmaqla, müqavilənin predmetini təhvil-təslim aktlarına uyğunlaşdırmağa çalışmasını göstərir. Təhvil-təslim aktlarına əsasən cavabdeh müqavilənin tələbinə uyğun şəkildə xidmət göstərməmiş, müqavilənin 3.6-cı bəndinin tələbini pozmuş və nəticədə ciddi kənarlaşmalara səbəb olmuşdur. Belə ki, müqavilənin 3.6-cı bəndinə əsasən, aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən hesablanır. Lakin təhvil-təslim aktlarına nəzər saldıqda, bəzi nəqliyyat vasitələri aylıq iş saatından (280 saat) az işləməsinə baxmayaraq, hətta xidmət haqqından daha yüksək məbləğdə ödəniş nəzərdə tutulmuşdur. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş nəqliyyat vasitələri üzrə aylıq xidmət haqları nəzərdə tutulmuşdur. Həmin xidmət haqqına uyğun olaraq, məsələn aylıq xidmət haqqı 3500 manat olan “Hyundai” markalı, 50EG041 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ayda 28 gün, gündə 10 saat olmaqla işlədikdə, həmin nəqliyyat vasitəsinin bir saatlıq xidmət haqqı (3500:280=12,50) 12,5 manat məbləğində təşkil edir. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsinə ayda 28 gün, gündə 8 saat işlədikdə (28x8- 224x12,50=2800) 2800 manat, ayda 30 gün, gündə 8 saat işlədikdə (30x8= 240x12,50=3000) 3000 manat məbləğində xidmət haqqı yaranır. Lakin təkcə 2022-ci ilin iyun ayının təhvil-təslim aktına nəzər yetirdikdə, həmin məbləğin 3000 manat deyil, 3750 manat məbləğində əks olunduğu görünür. Bu isə elektron vergi fakturalar üzrə ödənişlərdə müqavilədə qeyd olunan xidmət haqqından kəskin şəkildə kənarlaşmaya səbəb olmuşdur. Belə ki, qeyd olunan kənarlaşmalara əsasən dekabr 2021-ci il üçün 8400,50 manat, yanvar 2022-ci il üçün 9614,34 manat, fevral 2022-ci il üçün 11542,92 manat, mart 2022-ci il üçün 11900,07 manat, aprel 2022-ci il üçün 13839,39 manat, may 2022-ci il üçün 19782,27 manat, iyun 2022-ci il üçün 16910,84 manat, iyul 2022-ci il üçün 8146,54 manat, avqust 2022-ci il üçün 15889,41 manat, sentyabr 2022-ci il üçün 11535,84 manat, oktyabr 2022-ci il üçün 11957,22 manat, noyabr 2022-ci il üçün 10928,69 manat, dekabr 2022-ci il üçün 10714,41 manat, yanvar 2023-cü il üçün 10714,41 manat, fevral 2023-cü il üçün 6542,93 manat məbləğində olmaqla ümumilikdə 178 419,35 manat xidmət haqqına əlavə olaraq əsassız şəkildə hesablanmışdır. Nəticədə cavabdeh tərəfindən əsassız şəkildə hesablanmış və iddiaçıya geri qaytarılmamış ƏDV daxil 195 171,10 manat məbləğində pulun geri ödənilməsi zərurəti yaranmışdır. Həmçinin qeyd edilən kənarlaşmalar müvafiq qurumlar tərəfindən aparılan yoxlamalar zamanı iddiaçı tərəfindən xərclərin çoxaldılması və mənfəətin azaldılaraq vergidən yayınma halı kimi qiymətləndirilərək iddiaçıya qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb ola bilər.
13. Qarşılıqlı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 337, 340-cı və s. maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, Ə.İbrahimovun şikayəti üzrə 2004 cü il 12 aprel, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarları göstərilmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında iki müqavilə bağlanıldığını, ikinci müqavilədə 18 ədəd nəqliyyat vasitəsinin göstərildiyini və təhvil-təslim aktlarının ona əsasən hazırlandığını qeyd etmişdir. Belə ki, bu iddia tamamilə əsassızdır. Tərəflər arasında xidmət göstərilməsi ilə bağlı HİS N 07 nömrəli xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi imzalandıqdan sonra qarşı tərəfə xidmət göstərilməyə başlanılmışdır. Sonrakı dövrdə tərəflər arasında müqavilə üzrə olan münasibətlər tərəflər arasında mövcud olan razılaşmaya uyğun şəkildə davam etmiş və tərəflər arasında razılaşmaya əsasən xidmətlər davam etdirilmişdir. Xidmətlərlə bağlı elektron qaimələr qarşı tərəfə vaxtında təqdim edilmişdir. Lakin qarşı tərəf həmin qaimələrə əsasən ödənişləri həyata keçirməmişdir. Hazırkı iş üzrə tərəflər arasında ilkin müqavilə bağlanılmış və sonradan əlavə nəqliyyat vasitələri ilə bağlı razılaşma olmuşdur. Bu razılaşma hər iki tərəfin azad iradəsi əsasında olmuşdur, belə ki, bu razılaşma əsasında tərtib edilmiş təhvil-təslim aktlarının qarşılıqlı şəkildə təsdiq edilməsi də bunu sübut edir. Həmçinin qarşı tərəf öz iddiasında cavabdehin əsassız kənarlaşmalara yol verdiyini iddia etmişdir. Qeyd edilən iddia da tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim edilən təhvil-təslim aktlarından da göründüyü kimi, həmin aktlarda qeyd edilən nəqliyyat vasitələrinin iddiaçıya xidmət göstərməsi faktı qarşı müəssisənin direktoru tərəfindən imzalanıb möhürlənərək təsdiq edilmişdir. Eyni zamanda bu təhvil-təslim aktlarına əsasən elektron qaimələr də qarşı tərəfə göndərilmiş, lakin qarşı tərəf ödəmələri həyata keçirməmişdir. Qarşı tərəf öz iddiasında cavabdeh tərəfindən yalan və uydurmaq əqdin bağlanıldığını da qeyd etmişdir. İş üzrə məhkəməyə təqdim edilən sənədlərə, habelə işin hallarına baxılan zaman aydın şəkildə görmək mümkündür ki, tərəflər arasında olan əqd hüquqi xidmətlərin göstərilməsi məqsədilə bağlanılmış, habelə cavabdeh tərəfindən əqdə uyğun olaraq vicdanlı şəkildə öhdəliklər yerinə yetirilmiş, lakin iddiaçı tərəfindən öhdəliklər icra edilməmişdir. Yəni hazırkı iş üzrə cavabdeh tərəfindən hər hansısa əqdi pərdələmək və ya əqdə uyğun hüquqi nəticələri yaratmamaq niyyəti mövcud deyildir.
16. Qarşılıqlı iddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 425, 442, 443cü və s. maddələrinə istinad edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3072/2024 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdehndən ƏDV daxil olmaqla 192.230,43 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482, 23 manat məbləğində pul ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi qət edilmiş ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Hazırkı halda isə əqdin tərəfi olan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddianın faktiki əsası kimi həmin əqdin uydurma əqd olmasına istinad edir. Lakin tərəflər arasında mövcud olan öhdəlik hüquq münasibətinin əsaslandığı iradə ifadəsinin uydurma olması barədə faktiki əsaslar hazırda mövcud deyildir. Belə ki, qarşılıqlı iddiaçı bir tərəfdən 18 ədəd nəqliyyat vasitəsi əks olunan xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsini etibarsız hesab etsə də, digər tərəfdən həmin nəqliyyat vasitələrinin əks olunduğu təhvil-təslim aktları hər iki tərəfin möhürü ilə təsdiqlənmiş, direktorları tərəfindən imza edilmişdir. Həmçinin qarşılıqlı iddiaçı həmin nəqliyyat vasitələri ilə göstərilən xidmətlərin dəyərini ödəmişdir. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mövcud olan müqavilə münasibətləri üzrə qanunvericilikdə məcburi forma müəyyən edilməmişdir. Belə olan halda, fərz olunsa ki, qeyd olunan müqavilə bağlanmamışdır, tərəflər arasında olan işgüzar münasibətlər (ilkin iddiaçının elektron qaimə təqdim etməklə xidməti rəsmiləşdirməsi, qarşılıqlı iddiaçının həmin qaimələrə əsaslanmaqla ödənişlər etməsi, ilkin iddianın faktiki əsasını təşkil edən xidmətlərin təhvilqəbul aktının təsdiqlənməsi) xidmətlərin üçdən çox nəqliyyat vasitəsi ilə göstərilməsinə və xidmət haqqının fərqli qaydada hesablanmasına dair tərəflərin iradə ifadəsinin mövcud olduğu iş materialları ilə təsdiq olunur. Qarşılıqlı iddiaçı təhvil-təslim aktlarının nə üçün təsdiq olunduğu barədə məhkəmənin suallarına əsaslı cavablar verə bilməmiş, imzalanmanı keçmiş baş mühasib və direktorla əlaqələndirməyə çalışmışdır. Nəzərə alınmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər– personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir). Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn, Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. Qarşılıqlı iddiaçı öhdəlikdən kənar ödənilmiş pul vəsaitinin tutulması tələbini isə onunla əsaslandırmışdır ki, müqavilənin 1 nömrəli cədvəlində nəqliyyat vasitələri üçün xidmət haqqı, günlük və aylıq xidmət göstərmə saatı müəyyən edilmiş, lakin təhvil-təslim aktlarında həmin müddətlərdən əlavə xidmətin göstərilməsi üçün də haqq hesablanmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi, xidmətlər ilkin iddia üzrə cavabdeh tərəfindən direktoru tərəfindən imza edilməklə, sonuncunun möhürü vurulmaqla təhvil alınmış, onların dəyərləri ödənilmişdir (2022-ci ilin sentyabr ayına qədər). Başqa sözlə, ilkin iddia üzrə cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar). Bu mənada məhkəmə ilkin iddia üzrə cavabdehin hazırkı mövqeyini hüquqdan sui-istifadə hesab etmiş və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMCyə qarşı qarşılıqlı iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 47. İlkin iddia üzrə iddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir. Lakin hazırda yalnız 162907,15 manat əsas borc və 29323,28 manat ƏDV olmaqla ümumilikdə 192 230,43 manat dəyərində xidmətlərin göstərilməsi təsdiqlənir.
19. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 242 manat dövlət rüsumunun ilkin iddiaçıdan tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 5 noyabr 2021-ci il tarixli HİS N 07 saylı xidmət müqaviləsi imzalanmışdır. İddiaçı MMC ilə iddiaçı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli HİS N 07 nömrəli xidmət müqaviləsi imzalanmış və tərəflər arasındakı hüquq və öhdəliklər də həmin müqavilədən irəli gəlmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələri xidmət göstərməyə verir (müqavilə əlavə olunur). Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünür. Lakin sonradan məlum olmuşdur ki, tərəflər arasında eyni tarixli və eyni nömrəli (xx.xx.2021-ci il tarixli HİS N 07) iki ədəd müqavilə mövcuddur. Belə ki, bir müqavilədə 3 ədəd nəqliyyat vasitəsi ilə, digərində isə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 18 ədəd nəqliyyat vasitəsini nəzərdə tutan müqavilə sonradan imzalanmışdır. Belə ki, müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 3 ədəd nəqliyyat vasitəsi ilə xidmət nəzərdə tutan müqavilənin hər səhifəsində imza olmasına baxmayaraq, digər müqavilənin bütün səhifələri imzlanmamış, 3 ədəd maşın göstərilən müqavilənin sağ küncündə İcraçı sözünün qarşısında səhifə 2- 5-dən yazılmış, digər müqavilədə isə Səhifə 1-5-dən göstərilmiş, sonradan hazırlanan müqavilənin 4.1.3-cü bəndlə səhifəni yekunlaşdırmaq üçün 18 maşın cədvəldə göstərilsə də, 19-24-cü boş qrafalar cədvəldə nəzərdə tutulması əqdin yalan və ya uydurma əqd olmasının göstəricisidir. Həmçinin müqavilənin əslinin İddiaçı MMC-də olmaması da, tərəfin ikinci müqaviləni uydurmaqla, müqavilənin predmetini təhvil-təslim aktlarına uyğunlaşdırmağa çalışmasını göstərir. Təhvil-təslim aktlarına əsasən iddiaçı müqavilənin tələbinə uyğun şəkildə xidmət göstərməmiş, müqavilənin 3.6-ci bəndininin tələbini pozmuş və nəticədə ciddi kənarlaşmalara səbəb olmuşdur. Nəticədə, cavabdeh İddiaçı MMC tərəfindən əsassız şəkildə hesablanmış və iddiaçıya geri qaytarılmamış ƏDV daxil 195171,10 manat məbləğində pulun geri ödənilməsi zərurəti yaranmışdır. Bununla yanaşı tərəflərindən təqdim edilmiş elektron vergi-hesab fakturalara və ödəniş tapşırıqlarına sübut əhəmiyyətli fakt kimi hüquqi qiymətin verilməməmiş, digər tərəfindən iddiaçı tərəfindən qiymətləndirilməsi təqdim edilmiş, imzalanmamış təhvil-təslim aktlarının iddia tələbini təsdiq edən sübut kimi qiymətləndirilmişdir.
21. Bundan sonra ilkin cavabdeh, qarşılıqlı iddiaçı apellyasiya şikayətinə əlavə vermiş və əlavə onunla əsaslandırılmışdır ki, Qətnamədə sonrakı dövrlərlə tərəflər arasında mövcud razılaşmaya əsasən xidmətlər davam etdirilməsi göstərilmiş, lakin xidmətlərin davam etdirilməsi üçün tərəflər arasında razılaşmanın mövcudluğu məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Eyni zamanda müqavilənin 15.1-ci maddəsinə əsasən müqaviləyə əlavə və deyişikliklər yalnız yazılı formada olduqda və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malik olur. Hazırkı halda bəzi nəqliyyat vasitələri ilə xidmət göstərilməsi və həmin xidmətə görə xidmət haqqı hər hansı müqavilə və ya onun əlavəsi ilə razılaşdırılmadığı halda həmin xidmət haqqının ödənilməsi tələb edilir. Eyni zamanda ödənilməsi tələb olunan elektron qaimələr üzrə təhvil-təslim aktları imzalanmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. İlkin iddiaçı, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. İlkin cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin: - 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
26. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmiş, həmin qətnamədən ilkin cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya hesab edir ki, qətnamənin əsaslığı ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddiaya dair hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş materiallarından görünür ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (icraçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2021-ci il tarixli 2 xidmət müqaviləsi bağlanmışdır. Hər iki müqaviləyə əsasən, icraçı ona məxsus və Cədvəl №1-də əks olunmuş texnikaları sifarişçiyə xidmət göstərməyə verməyi, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
30. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, 2021-ci ilin dekabr – 2022-ci il avqust ayları arası dövrdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə texnikalar vasitəsilə xidmətlər göstərilmiş, həmin xidmətlərə dair təhvil-təslim aktları imzalanmış və elektron qaimə-fakturalar göndərilmiş, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə həmin qaimə-fakturalar üzrə ƏDV xaric 297.416,47 manat məbləğində ödəniş etmişdir. 2022-ci ilin sentyabr-2023-cü il tarixləri arası dövrdə İddiaçı MMC tərəfindən göstərilmiş ƏDV xaric 162907,15 manat(ƏDV daxil 192.230,43 manat) məbləğində xidmətlərə dair tərəflər arasında təhvil-təslim aktları imzalansa və möhürlənsə, həmin təhvil-təslim aktları əsasında elektron qaimə-fakturalar göndərilsə də, həmin qaimə-fakturalar üzrə ödəniş həyata keçirilməmişdir.
31. Hazırda ilkin İddiaçı MMC 2022-ci ilin sentyabr-2023-cü il tarixləri arası dövrdə ilkin Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ilkin Cavabdeh MMC-dən tutulmasını tələb edir.
32. Qarşılıqlı iddiaçı Cavabdeh MMC isə 15 ədəd texnika ilə xidmət göstərilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli ikinci müqavilənin onlar tərəfindən bağlanmadığını, həmin müqavilənin uydurma əqd olduğunu, eyni zamanda 2021-ci ilin dekabr – 2023-cü il mart ayları arası dövrdə göstərilən xidmətlərin təhvil-təslim aktlarında əlavə iş günlərinə görə əlavə xidmət haqqının hesablandığını, müqavilələrdə nəzərdə tutulmayan nəqliyyat vasitələri ilə göstərilmiş xidmətlərə görə xidmət haqqının nəzərdə tutulduğunu əsas göstərərək aktlarda müəyyən edilmiş xidmət haqlarında müqavilədəki qiymətlərdən kənarlaşmaların ƏDV daxil 195 171,10 manat təşkil etdiyini əsas göstərərək artıq ödənilmiş həmin pulun qarşılıqlı cavabdeh İddiaçı MMC-dən tutulmasını tələb edir.
33. İlkin iddiaya baxılması nəticəsi qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə kollegiyası ilk növbədə qarşılıqlı iddiaya münasibət bildirir.
34. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinin faktiki əsaslarından biri kimi xx.xx.2021-ci il tarixdə bağlanmış ikinci müqavilənin uydurma əqd olmasına, hüquqi əsası kimi isə Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etmişdir. Həmin dəlillərə münasibətdə ilk növbədə qeyd edir ki, uydurma əqd heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan görünüş üçün bağlanan əqddir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi (və ya formal olaraq icra ediləcəyi) barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur.
35. İşin yuxarıda istinad edilən hallarından isə görünür ki, iki ilə yaxın müddət ərzində icraçı tərəfindən mübahisəli müqavilə əsasında xidmətlər göstərilmiş, xidmətlərin təhvil-təslimi barədə aktlar tərtib edilərək imzalanmış və sifarişçi tərəfindən ödənişlər edilmişdir, başqa sözlə desək hər iki tərəf həmin müddət ərzində mübahisəli müqaviləni icra etmişlər. Digər tərəfdən hazırkı halda tərəflərin formal müqavilə bağlamağa dair hər hansı maraqlarının (üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq və s.) olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilən hallar isə həmin müqavilənin hüquqi nəticə yaratmaq niyyəti ilə bağlanması ehtimalını faktiki olaraq istisna edir.
36. Qarşılıqlı iddiaçının istinad etdiyi digər dəlil isə mübahisəli müqavilənin ilk 4 səhifəsinin imzalanmaması, eyni zamanda müqavilənin əslinin təqdim edilməməsi, yəni müqavilənin faktiki olaraq mövcud olmaması, bağlanmaması ilə bağlıdır.
37. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli ikinci müqavilədə (15 ədəd nəqliyyat vasitələri və texnikalar ilə xidmət göstərilməsinə dair) göstərilən nəqliyyat vasitələri və texnikalar ilə xidmət göstərilməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xidmətlərin təhvil-təslim aktları, etiraz edilməmiş elektron qaimə-fakturalar və əvvəlki dövrlər üçün aktlar və elektron qaimə-fakturalar əsasında qarşılıqlı iddiaçı tərəfindən edilmiş ödənişlərlə öz təsdiqini tapır.
38. Belə olan halda mübahisəli müqavilənin bağlanmaması ehtimal edilsə belə göstərilən hal yalnız tərəflər arasında xidmət müqaviləsinin şifahi olaraq bağlanmasına dəlalət edir və qarşılıqlı iddiaçını şifahi olaraq bağladığı xidmət müqaviləsi əsasında göstərilmiş xidmətləri ödəmək öhdəliyindən azad etmir.
39. Bundan əlavə o da qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddiasının faktiki əsası kimi müqavilədə tərəflər arasında imzalanmış aktlarda göstərilmiş xidmət haqqı məbləğləri ilə müqavilədə müəyyən edilmiş xidmət haqları arasında fərqlərin olmasına, yəni tələblərini əsaslandırmaq üçün faktiki olaraq mövcudluğunu mübahisələndirdiyi müqaviləyə istinad etmişdir. Göstərilən hal da qarşılıqlı iddiaçının müqavilənin bağlanmaması barədə dəlillərinin formal mülahizələrə söykənməsini bir daha təsdiq edir.
40. Xidmətlərin göstərilməsinə dair aktlarda müəyyən edilmiş xidmət haqqı məbləğlərinin müqavilədə müəyyən edilmiş xidmət haqqı məbləğlərindən fərqlənməsi nəticəsində artıq ödənilmiş pulun geri qaytarılması tələbinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan da göründüyü kimi qarşılıqlı iddiaçı 2021-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə aktlara əsasən artıq hesablanmış pulun geri ödənilməsini tələb edir. Halbuki işi mübahisəsiz halıdır ki, 2022-ci ilin sentyabr – 2023-cü ilin fevral ayları üzrə xidmət haqqı qarşılıqllı iddiaçı tərəfindən ödənilməmişdir. Odur ki, qarşılıqlı iddiaçının qaytarılmasını tələb etdiyi pul vəsaitinin bir hissəsi tərəfindən ümumiyyətlə ödənilməmişdir.
41. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, qarşılıqlı iddiaçı təhvil-təslim aktlarını imzalamaqla və möhürləməklə, eləcə də həmin aktlar əsasında göndərilmiş elektron qaimələri düzəliş üçün qaytarmamaqla və həmin qaimələrə hər hansı bir formada etiraz etməməklə həmin akt və qaimələrdə göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə razılaşmışdır.
42. Aktların əvvəlki direktor tərəfindən təsdiq edilməsi barədə qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin:
43. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
44. 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
45. Sözügedən maddələrin məzmunundan da göründüyü kimi fiktiv subyektlər olan hüquqi şəxslər məhz öz orqanları və təmsilçiləri vasitəsilə mülki hüquqları əldə edirlər və öhdələrinə mülki vəzifələr götürürlər.
46. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi və eyni zamanda iradəyaradıcı və iradəifadəedici orqanı (təkbaşına icra orqanı) olan direktor qanun və nizamnaməyə əsasən sözügedən hüquqi şəxsin adından çıxış etmək, eləcə də səlahiyyətinə aid məsələlər üzrə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətlərinə malikdir.
47. Bu baxımdan direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafelərinə zidd olaraq davrandığı -Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə hallar istisna olmaqla qanuni təmsilçi olan direktorun öz səlahiyyətlərinə aid məsələlər üzrə hərəkətləri hüquqi şəxsin hərəkətləri sayılır və həmin hərəkətlər direktorun öz iradəsini deyil, məhz hüquq şəxsin “iradə”sini ifadə edir.
48. Hazırkı halda qarşılıqlı iddiaçı direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafelərinə zidd olaraq davrandığını, yəni Mülki Məcəllənin 49.4-cü maddəsində sadalanmış halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Göstərilən hal isə ona dəlalət edir ki, qarşılıqlı iddiaçının direktoru göstərilmiş xidmətlərin həcmini və dəyəri əks etdirən təhvil-təslim aktlarını imzalamaqla məhz qarşılıqlı iddiaçının iradəsini ifadə etmişdir.
49. Digər tərəfdən o da qeyd edilməlidir ki, direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafeyinə zidd olaraq davranması ehtimal edilsə belə, həmin hal hüquqi şəxsin kontragentlər qarşısında öhdəliklərinin etibarsızlığa yalnız o zaman səbəb ola bilər ki, kontragent göstərilən halı bilsin və ya bilməli olsun, yəni kontragentin həmin hala münasibətdə vicdanlı olmaması müəyyən edilsin.
50. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, qarşılıqlı iddia üzrə iddiaçı öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halları (xidmətlərin dəyəri və həcmini) məhkəmə icraatında mübahisələndirmişdir.
51. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
52. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının hazırkı mövqeyini hüquqdan sui-istifadə kimi qiymətləndirməklə qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur.
53. İlkin iddiaya münasibətdə məhkəmə kollegiyasıqeyd edir ki, iş materiallarında olan təhvil-təslim aktları və elekron qaimə-fakturalara əsasən ilkin iddiaçı tərəfindən 2022ci ilin sentyabr-2023-cü ilin fevral aylarında ilkin cavabdehə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 192.230,43 manat təşkil edir.
54. Belə olan halda məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərində kreditor olan ilkin iddiaçının borclu olan ilkin cavabdehdən göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi 2022-ci ilin sentyabr-2023-cü ilin fevral ayları üzrə ƏDV daxil 192.230,43 manat məbləğində xidmət haqqının ilkin cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmasını qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Apellyasiya şikayəti verilərkən ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfində n ödənlmiş dövlət rüsumu İlkin cavabdeh, qarşılıqlı iddiaçıya aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3072/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva
X1
Elnur Həsənov