Məhkəmə qərarları › İş №2-2(103)-928/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-928/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-928/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi və ödənilmiş avans məbləğinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2-2(113)-5263/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 3000 manat avans məbləğinin və dövlət rüsumu olan 50 (əlli) manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2-2(113)-5263/2024 nömrəli qərardadı ilə baxılan iş üzrə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, e-2-2(113)-5263/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin elekron məhkəmə kabineti olmadığı halda, iddiaçı tərəfindən pretenziya elektron məhkəmə kabinetinə yerləşdirilmiş, statusu isə “təsdiqlənmiş” statusunda qeyd olunmalı olduğu halda, “göndərilmiş” statusunda qalmışdır. Digər tərəfdən pretenziya məktubu Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış “onlayn kargüzarlıq” vasitəsi ilə göndərilməmişdir. Şikayətin dəlillərində qeyd olunmuşdur ki, iş üzrə qoşma kimi təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 184972 nömrəli poçt qəbzinə əsasən yuxarıda qeyd edilən pretenziya məktubu 13 may 2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. İddia ərizəsi isə “e-taxes” vergi portalı vasitəsilə 22 iyun 2024-cü ildə qarşı tərəfə çatdırılmışdır. Təkrar olaraq pretenziya məktubu elektron məhkəmə portalı vasitəsilə 22 iyun 2024-cü il tarixdə göndərilmişdir. Qərardadda qeyd edilən pretenziya məktubu qarşı tərəfə hər iki halda çatdırılmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, sübut qismində təqdim edilmiş sənədlər düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən pretenziya məktubunun cavabdehə göndərilməsi barədə poçt qəbzi iddia ərizəsinə əlavə olunsa da, qanunvericiliyə əsasən pretenziya məktubunun elektron qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə çatdırılmalı olması imperativ qaydada müəyyən olunmuşdur. Eləcə də cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi hallarda həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (hazırkı halda “e-taxes” vergi portalında) yaradılmış elektron kabinetinə göndərilməli olması təsbit edilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan prosedura əməl olunmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia ərizəsi geri qaytarılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qərardadın ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2-2(113)-5263/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar