Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-934/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi üzrə Açar söz: vurulmuş zərərin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2075/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli X1 bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 462483 nömrəli ödəmə tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə cavabdehə ödəmə tapşırığı verilmiş və ödənişin təyinatı və əsası hissəsində “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” sözləri qeyd edilmişdir.
2. Hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı tərəfindən köçürülmüş 550.000 manat maliyyə yardımı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüş, sonra həmin məbləğin 494.230 manatı "xxxx" MMC-nin kredit borcu üzrə akseptsiz qaydada silinmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən “X2” MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi nəticəsində iddiaçıya vurulmuş 550.000 manat zərərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 19 aprel 2017-ci il tarixində 17/000/HM/054427 nömrəli bank hesab müqaviləsi bağlanmışdır. Həmin müqavilə tələblərini rəhbər tutaraq, iddiaçı tərəfindən hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Lakin cavabdeh tərəfindən iddiaçının qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən “X2” MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığı cavabdeh tərəfindən səhv icra edilmişdir. 462483 nömrəli ödəniş tapşırığında ödənişin konkret olaraq təyinatı qeyd edilməsinə baxmayaraq iddiaçı tərəfindən ödəyənin iradəsinə zidd olaraq düzgün icra edilməmiş, Bank öz “düşüncəsi” əsasında hesab sahibinin pul vəsaiti üzərində əməliyyatlar icra etmişdir. Belə ki, 462.483 nömrəli ödəniş tapşırığının təyinatında “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə “X2” MMC-nin hesabına mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir. Məhkəməyə təyin edilən ödəniş tapşırığı və hesabdan çıxarışlardan həmin əməliyyatlar tam aydın şəkildə öz əksini tapmışdır. Bu müştəri və bank arasında olan münasibətlərə, hüquqi şəxsin öz vəsaiti barədə sərəncam vermə hüququna tam zidd olan bir addım olmaqla yanaşı, eyni zamanda Mülki Məcəllənin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və X1 ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Lakin iddiaçı tərəfindən tam əsaslı olaraq icra edilməsi üçün cavabdeh banka yönləndirilmiş ödəniş tapşırığı onun iradəsi ziddinə olaraq bankın şəxsi maraqları üçün istifadə edilmişdir. Cavabdeh tərəfindən edilmiş bütün bu kobud qanun pozuntuları iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə yanaşı eyni zamanda ona ciddi mənada maddi ziyan vurmuşdur. İddiaçı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təsisçiliyi ilə yaradılmış konkret fəaliyyət istiqaməti müəyyənləşdirilmiş hüquqi şəxsdir. Öz maliyyə işlərini bir növ dövlət orqanı kimi icra edən, büdcəsini formalaşdıran bir təşkilatdır. Müdafiə Sənayesi Nazirliyi tərkibində olan digər müəssisələr kimi, iddiaçı da öz fəaliyyəti ilə əlaqədar olaraq növbəti, növbədənkənar iclaslar keçirir və nəticə olaraq ciddi vəsaitlər hesabına başa gələn xüsusi əhəmiyyətli qərarlar qəbul edir. Eyni ilə xx.xx.2022-ci il tarixində tərtib edilmiş protokolda olduğu kimi. Həmin protokolla müəyyənləşdirilmişdir ki, iddiaçı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan digər bir hüquqi şəxs “X2” MMC-yə maliyyə yardımı həyata keçirilsin. Bu qərar hüquqi şəxsin özünün verə biləcəyi və qanunla hər hansı bir məhdudiyyət tətbiq edilməməli olan bir qərardır. Lakin təəssüflər olsun ki, cavabdeh bank iddiaçının bu əsaslı qərarına hörmət etməmiş, öz vəzifələrini aşaraq hüququ olmadığı halda iddiaçının pul vəsaiti üzərində qərar qəbul etmişdir. Bu barədə cavabdeh banka etdiyi şifahi və ya yazılı bildirişlər nəticə verməmiş, təyin edilmiş mediasiya prosesinə belə cavabdeh tərəfindən iştirak edilməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddiaçıya qarşı törədilmiş bu qeyri-qanuni əməllərin aradan qaldırılması üçün məhkəməyə müraciət edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2075/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir.
6. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmşdir ki, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən “X2” MMC-yə məxsus Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüş və “X2” MMC-yə məxsus hesabdan “X2” MMCnin kredit borcuna silinmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən pulun silinməsi iddiaçı tərəfindən göstərilən qaydada həyata keçirilməmiş, “X2” MMC-nin hesabına köçürülməklə onun kredit borcuna yönəldilmiş, hətta köçürülməsi nəzərdə tutulmuş pul məbləği yuxarıda qeyd olunan halda silinsəydi belə, tərəflər arasında bağlanmış X1nin 2.3-cü bəndinin tələblərinə uyğundur. Belə ki, həmin bəndə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2075/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, 19 aprel 2017-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 17/000/HM/054427 nömrəli bank hesab müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank müştərinin heabından məbləğin köçürülməsinə dair sərəncamları yerinə yetirməlidir. 462483 saylı ödəniş tapşırığından görünür ki, benefisiar bank qismində "xxxx" ASC göstərilmiş, ödəniş tapşırığının təyinatında isə “maliyyə yardımı üçün ödənilir” qeyd edilmişdir. Amma Muğanbank öz öhdəliyini pozaraq ödəniş tapşırığını düzgün icra etməmişdir. Məhkəmə qətnaməsində tətbiq edilən hüquq qismində Mülki Məcəllənin 954-cü maddəsinə istinad edilsə də, məhkəmə qətnamə qəbul edərkən həmin hüquq normasını nəzərə almamışdır, həmin maddə vətətbiq etməli olduğu normanı tətbiq etməmişdir və ödəniş tapşırığının icrasından qərəzli şəkildə imtina edilməsi nəticəsində bankın öz öhdəliyini pozmasına heç bir münasibət bildirməmişdir. 462483 saylı ödəniş tapşırığı cavabdeh tərəfindən saxtalaşdırılaraq benefisiar bank və bank hesabı dəyişdirilmiş və qeyd edilən pul vəsaiti müştərinin Cavabdeh ASC-də olan bank hesabına yönləndirilmişdir. Tərəfimizdən Cavabdeh ASC tərəfindən törədilmiş cinayət əməli barəsində məhkəmənin xüsusi qərardad çıxarması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən bu məsələ araşdırılmamış və heç bir münasibət bildirilməmişdir. Həmçinin məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il qərarını pozaraq, tərəfimizdən təqdim edilmiş vəsatəti rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə əsaslandırmamış, vəsatətimizə heç bir münasibət bildirilməmişdir. Tərəflər arasında bağlanmış 19 aprel 2017-ci il tarixli №17/000/HM/054427 saylı “X1”nin 2.1.3-cü maddəsinə əsasən, bank kreditlərini və digər tələblərini “Müştəri”nin(yəni İddiaçının) sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı vəsaitindən silmək hüququ cavabdehə verilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi normanı qərəzli şəkildə yanlış təfsir edərək üçüncü şəxsin öhdəliyi üçün iddiaçının mülkiyyətində olan pul vəsaitindən silinmə aparılmasını qanuni və əsaslı hesab etmişdir. 19 aprel 2017-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 17/000/HM/054427 nömrəli bank hesab müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank müştərinin hesabından məbləğin köçürülməsinə dair sərəncamları yerinə yetirməlidir. Həmçinin e2-2(113)-2075/2023 saylı qətnamənin tətbiq edilən hüquq hissəsində Mülki Məcəllənin 954-cü maddəsinə istinad edilərək qeyd edilmişdir ki, X1nə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Məhkəməyə təqdim edilmiş 462483 saylı ödəniş tapşırığından görünür ki, benefisiar bank qismində "xxxx" ASC göstərilmiş, ödəniş tapşırığının təyinatında isə “maliyyə yardımı üçün ödənilir” qeyd edilmişdir. Deməli, Cavabdeh ASC tərəfindən öhdəliyin icrasının düzgün yerinə yetirilmədiyi və ödəniş tapşırığının icrasının kobud şəkildə pozulması məhkəmə tərəfindən sübutların tədqiqi zamanı açıq-aydın görünsə də, nəticə hissəsində bu hala istinad edilməmiş, düzgün nəticəyə gəlinməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
11. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
12. Tətbiq edilən hüquq
21.2-ci maddə- zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 954.1-ci maddə-X1nə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 964.1-ci maddə- hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2-ci maddə- müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. 966-cı maddə-müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununu 72.1-ci maddə- bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur (72.1.1); banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır (72.1.2); bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (72.1.3); qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir (72.1.4); girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır (72.1.5); bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir (72.1.6).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
13. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
14. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2075/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımından iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları....“Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPMin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır... İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.” Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə bank müflis elan edilənədək X1 üzrə bankın öhdəliklərinin lazımı qaydada icra edilməməsi ilə əlaqədar yaranmış mübahisə olduğundan mübahisəyə mahiyyəti üzrə baxılmalıdır.
17. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli X1nə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə cavabdehə sərəncam-ödəmə tapşırığı vermiş, lakin həmin vəsait bank tərəfindən hər hansı qanuni əsas olmadan "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına deyil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüş və həmin hüquqi şəxsin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu üzrə silinmişdir. Qeyd edilməlidir ki, bank tərəfindən MPM-nin 154.1-ci maddəsinin tələbi pozularaq bu barədə məhkəməyə sonuncu məhkəmə baxışı iclasından 4 gün əvvəl “Etiraza düzəliş edilməsi barədə ərizə” ilə məlumat verilmişdir.
18. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, cavabdeh bankın bu hərəkəti 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli X1nin 2.1.3-cü bəndinin (qətnamədə həmin bənd səhvən 2.3-cü bənd kimi göstərilmişdir) tələblərinə uyğundur. Həmin bənddə qeyd olunur ki, bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.
19. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən bəndinə, işin hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisə üzrə tətbiq edlməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
20. Qeyd edilməlidir ki, X1nin 2.1.3-cü bəndində bankın hüququ olaraq müştərinin, yəni Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından müştərinin banka olan gecikdirilmiş kredit borcuna görə hər hansı məbləğin akseptsiz qaydada silinməsi nəzərdə tutulur. Hazırkı halda, silinmiş məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bankda olan hesabından və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin banka olan kredit borcuna görə silinmədiyindən müqavilənin qeyd edilən bəndinə istinad əsassızdır.
21. Hazırkı halda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müştərinin pul vəsaitinin hesabdan digər hüquqi şəxsin hesabına köçürülməsi barədə sərəncamını lazımı qaydada icra etməmiş, qanuni əsas olmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 550.000 manat vəsaiti "xxxx" MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürərək həmin hüquqi şəxsin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu üzrə silinmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" MMC-nin kredit borcunu ödəmək öhdəliyi olmamışdır.
22. Cavabdehin nümayəndələri tərəfindən bu bank əməliyyatının hansı əsasla həyata keçirildiyinə dair məhkəməyə məntiqli izahat verilməmiş, ümumiyyətlə "xxxx" MMC arasında hər hansı kredit müqaviləsi bağlanması, həmin müqavilə əsasında bankın qeyd edilən hüquqi şəxsin hesabından pul məbləğini akseptsiz qaydada silmək hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. .Eyni zamanda işin hallarından Mülki Məcəllənin 964.2-ci maddəsində göstərilən hallara əsasən müştərinin pul vəsaitinin silinməsinə əsas ola biləcək hər hansı digər halın baş verməsi də müəyyən olunmur.
23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı onun ödəniş tapşırığının düzgün icra edilməməsi nəticəsində cavabdeh bankdan "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına köçürülməmiş məbləği dəymiş ziyan olaraq tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış X1nin 2.3.1-ci bəndində banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin “müştəri”nin tapşırığı ilə köçürülməsi və nəğd verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək müştərinin hüququ olaraq nəzərdə tutulmuş, 5.1-ci bənddə qeyd edilmişdir ki, bu müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2075/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2075/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək Cavabdeh ASC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 550.000 manat pul, 400 manat mediasiya xərci, cəmi ödənilmiş 880 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.