Məhkəmə qərarları › İş №2-2(103)-935/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-935/2025

23.09.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-935/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-nin “müflis elan edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 6448/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müflis elan edilməsi və 137 500 manat məbləğində borcun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6448/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh X1 “müflis elan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 6448/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini geri qaytararkən iddia ərizəsində borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun kreditor qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti və borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi, ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları barədə məlumatın göstərilməli olduğu halda göstərilmədiyi, tələb edilən sənədlərin təqdim edilmədiyi, təqdim edilən sənədlərdən iddiaçının tələb hüququn öz təsdiqini tapmadığı qeyd edilmişdir. Halbuki iddia ərizəsi əsaslandırılarkən qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən 2018-ci ildən götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmiş, borclunun barəsində çoxsaylı icra sənədləri mövcuddur ki, bu günə qədər həmin icra sənədləri icra edilmir, çünki borclu ödəmə qabiliyyətinə malik deyildir. Ərizədə digər kreditorlar barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmənin qərardadda təqdim edilməməsi kimi göstərdiyi sənədlər, əsaslandırmalar və məlumatlar təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6448/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6448/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63-cü maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən:

1. Kreditorun iflas haqqında iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

2. İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı; b) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; c) ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı; ç) ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları; d) ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti; e) bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi; ə) borclunun aktivləri barəsində ərizəçidə olan məlumat; f) iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı; g) kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar.

3. İflas haqqında ərizənin məhkəməyə verildiyi tarixdə borclunun vaxtı çatmış, lakin ödənilməmiş tələblərinin ümumi məbləği Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydaya uyğun olaraq müəyyənləşdirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən başqa, kreditorun iflas haqqında iddia ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) məhkəmə rüsumunun ödənilməsini; b) iflas haqqında iddia ərizəsinin və ərizəyə əlavə edilmiş bütün sənədlərin surətlərinin borcluya verildiyini; c) dövlət müəssisəsidirsə – iflas haqqında iddia ərizəsinin surətinin müvafiq icra hakimiyyəti orqanına göndərildiyini. Həmin Qanunun 8-ci maddəsinə əsasən, iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Beləliklə, yuxarıda sadalanan normalardan da görünür ki, qanunverici hüquqi şəxslərin barəsində müflis elan olunaraq iflas proseduruna başlanılmasının xüsusi qaydalarını, o cümlədən məhkəmə qaydasında müflis elan edilmə barədə ərizələrə baxılarkən əməl edilməli olan prosessual normaları müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş ərizədə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulan məlumatlar göstərilməmişdir. Belə ki, həmin ərizədə iddiaçının borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun kreditor qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti və borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi, ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları barədə məlumat göstərilməlidir. Lakin iddiaçı həmin məlumatları tələb olunan formada ərizədə göstərməmiş və təsdiqləyici sənədlər əlavə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6448/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6448/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar