Məhkəmə qərarları › İş №2-2(103)-938/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-938/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-938/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçılar İddiaçı2 MMM və İddiaçı1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh ASC-yə qarşı pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2501/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçıların apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, 20.07.2016-cı il tarixli xəzinə mədaxil orderi ilə cavabdeh tərəfindən İddiaçı1 MMC-nin xeyrinə mədaxil edilən 234.930 manat vəsaitin düzəliş edilərək İddiaçı2 MMC-nin xeyrinə hesaba mədaxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli 2(103)-1/2019 saylı qətnaməsindən görünür ki, “.... X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 5520/2017 saylı iş üzrə 07 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə)....”. Göründüyü kimi, Kommerisya Məhkəməsi cavabdehin özünü müdafiə üçün istifadə etdiyi məhkəmə qərarlarını ətraflı araşdırmamış, onların mahiyyətini dəqiqləşdirmədən, iddia tələbinin rədd edilməsində alət kimi istifadə etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli qətnaməsi "xxxx" MMM-in deyil, A.Əliyevin apellyasiya şikayəti əsasında reallaşmışdır və həmin qətnamə A.Əliyev tərəfindən mübahisələndirilən hissədə qəbul edilmişdir. İpoteka qoyan kimi A.Əliyev Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir ki, banka göndərdiyi vəsait düzgün formada hesaba mədaxil edilsin, yəni "xxxx" MMM-in hesabına mədaxil edilsin. Həmin məhkəmə prosesinin birinci instansiya məhkəməsində A.Əliyev iştirak etməmişdir. Həmçinin "xxxx" MMM də nə birinci instansiyadakı prosesdə, nə də apellyasiya məhkəməsində iştirak etməmişdir. Çünki məhkəmə prosesindən xəbəri olmamışdır. Həmin iş üzrə "xxxx" MMM-ə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Bu prosesdə istinad etdikləri məqam ondan ibarətdir ki, "xxxx" MMM-in götürdüyü kredit üzrə A.Əliyevin ipotekaları var, həmin ipotekaları azad etmək üçün A.Əliyev "xxxx" MMM-in mühasibi Hüseynov Şahin və qohumu Əliyev Coşqun vasitəsilə banka 234.930 manat pul göndərmiş, bank vəsaiti gətirənləri aldadaraq həmin pulu İddiaçı1 MMC-nin hesabına mədaxil etmiş, eyni zamanda A.Əliyevin ipotekalarının azad olunacağına söz versə də, sonradan dəbbələmişdir. İddiaçı1 MMC, xeyrinə mədaxil edilən 234.930 manat vəsaiti qəbul etmir, yanlış olaraq, yəni onun iradəsi əleyhinə hesabına mədaxil olunduğunu bildirir, həmin vəsaitin düzəliş edilərək "xxxx" MMM-ə bərpasını tələb edir. Hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə istinad edilərək, iddianın təmin edilməməsi qanunsuzdur. İddiaçılar, bank tərəfindən hüquqlarının pozulmasını 20.07.2016-cı ildə deyil, ən tezi 2019-cu ildə bilmişlər. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdə olan, 20.07.2016-cı il tarixli xəzinə mədaxil orderinin surətinə görə, 234.930 manat məbləğdə pul vəsaiti kredit ödənişi kimi İddiaçı1 MMC-nin Cavabdeh ASC-dəki hesab nömrəsinə mədaxil edilmişdir, təhvil verdi Şahin Hüseynov. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1/2019 nömrəli iş üzrə 06.03.2019-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 MMM-dən Cavabdeh ASC-nin xeyrinə 26.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 178.000 ABŞ dolları məbləğdə pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla da, işdən müəyyən olunur ki, 20.07.2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən 234.930 manat məbləğdə pul vəsaiti İddiaçı1 MMC-nin hesabına ödənilmiş, müştərinin adı qrafasında həmin hüquqi şəxsin adı və hesab nömrəsi qeyd olunmuş, pul vəsaiti həmin gün kassaya mədaxil olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07.09.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 MMMdən Cavabdeh ASC-nin xeyrinə 26.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 178.000 ABŞ dolları məbləğdə pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş, 20.07.2016-cı il tarixli xəzinə mədaxil orderinə sözügedən qətnamə ilə hüquqi qiymət verilərək, qeyd olunmuşdur ki, “... həmin ödəniş İddiaçı1 MMC-nin borcu üzrə aparılmışdır, "xxxx" MMCnin borcunun qaytarılması hesab edilə bilməz.” Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. “Banklar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın: 6.3-cü bəndinə görə, gündüz mədaxil kassasına qəbul edilən nağd pul həmin əməliyyat gününün mühasibat balansın əks olunur; 6.4-cü bəndinə əsasən, “elanlar” nağd pulu təqdim edən tərəfindən mürəkkəbli və ya diyircəkli qələmlə doldurulur və bütün rekvizitlər üzrə yoxlanılmaq üçün kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə təqdim olunur. Uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa mədaxil jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq müştəriyə qaytarılır. “Elanlar” nağd pulla birlikdə kassirə təqdim olunur. Kassir “elanlar”ın tarixini, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. Kassir nağd pulu qəbul etdikdən sonra “elanlar”da göstərilən məbləği qəbul etdiyi faktiki məbləğlə tutuşdurur. Məbləğlər uyğun gəldikdə, "nağd pulun mədaxili üçün elan”ın order, qəbz və elan hissəsi kassir tərəfindən imzalanır, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin "xxxx" MMM-ə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmaması barədə ilk dəlili ilə razılaşmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1/2019 nömrəli iş üzrə 06.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 MMM həmin iş üzrə tərəf olmuşdur, onun məhkəmə proseslərində iştirak etməməsi və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi isə qətnamənin ona münasibətdə qüvvəyə minməsinə və hüquqi nəticələr doğurmasına maneə deyil. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Apellyasiya şikayətinin bankın vəsaiti gətirənləri aldadaraq həmin pulu İddiaçı1 MMC-nin hesabına mədaxil etməsinə dair dəlili də eyni qaydada əsassızdır. Şikayətin iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə istinad edilərək, iddianın təmin edilməməsinin qanunsuzluğu, iddiaçıların bank tərəfindən hüquqlarının pozulmasını 20.07.2016-cı ildə deyil, ən tezi 2019-cu ildə bilmələri barədə dəlili də iddia ərizəsində əks olunan “Növbəti günlər, həftələr və aylar ərzində dəfələrlə banka gediş-gəliş oldu” qeydi və birinci instansiya məhkəməsində dindirilən şahidlər Ş.Hüseynov və C.Əliyevin ifadələri ilə tam təkzib olunur. Yekunda, məhkəmə kollegiyası bildirir ki, iş üzrə cavabdehin iddiaçılar qarşısında hazırkı iddia tələbi məzmunda öhdəliyinin əmələ gəlməsini təsdiq edəcək hər hansı sair mötəbər sübut da müəyyən edilimir, iddiaçılar da bu əhəmiyyətə malik dəlillərə istinad etmir və məhkəməyə də təqdim edilməmişlər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessaul hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2501/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı2 MMM və İddiaçı1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar