Məhkəmə qərarları › İş №2-2(103)-966/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-966/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-966/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdeh "Optimal Elektronika" MMC-yə qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, sübutetmə) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh "Optimal Elektronika" MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "Optimal Elektronika" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2- 2(113)-220/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında 01 fevral 2021-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır.

2. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən reklam xidmətlərinin göstərilməsinə dair Sifarişçi İcraçıya sifariş edir və İcraçı bu Müqavilənin Əlavələrdə göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərir.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən, İcraçı özünə məxsus olan reklam qurğularında, müəyyən olunmuş müddət ərzində və lazımi qaydada Sifarişçinin reklamlarının yerləşdirilməsini təmin edir.

4. Müqavilənin 2.3-cü bəndinə əsasən, İcraçı bu müqavilənin qüvvədə olduğu dövrdə reklam daşıyıcılarının təhlükəsizliyinə görə (zədələnməsi, oğurulanması, itməsi və bu kimi digər hadisələr aid olunur) məsuliyyət daşımır. Reklam daşıyıcısı zədələndikdə, oğurlandıqda və ya itdikdə, həmin reklam daşıyıcısı bərpa olunana qədər icarə haqqının hesablanması müvəqqəti dayandırılır.

5. Müqavilənin 3.3-cü bəndinə əsasən, Sifarişçi aşağıdakı 4.1. bəndində göstərilən müddətdə və Əlavə 1-də qeyd olunan məbləği ödəməyi öz öhdəsinə götürür.

6. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı reklam daşıyıcılarının yerləşdirdiyi dövr üçün hər təqvim ayının ilk 5 (beş) günündən gec olmayaraq reklam xidmətlərinə görə xidmət haqqının ödənilməsi üçün Sifarişçiyə hesab-fakturanı təqdim edir. Sifarişçi bu hesab-f-akturanı aldıqdan sonra 14 (on dörd) təqvim qünü ərzində ödənişi həyata keçirir.

7. Müqavilənin 4.3-cü bəndinə əsasən Ödənişin hər gecikdirildiyi ay üçün, Müqavilədə əks olunan ümumi məbləğin 0.2% miqdarı həcmində Sifarişçi İcraçıya cərimə ödəyir.

8. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid 69 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.

10. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 iyun 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid 91 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.

11. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 01 iyul 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid 112 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.

12. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid 112 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.

13. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 avqust 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 15-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.

14. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 08 avqust 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid 166 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 10950.40 manat təşkil edir.

15. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid 180 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.

16. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 fevral 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 15-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.

17. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 fevral 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 16-da göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5097.60 manat təşkil edir.

18. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 16 fevral 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 17-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.

19. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 mart 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.

20. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.

21. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 6230.40 manat təşkil edir.

22. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 10962.20 manat təşkil edir.

23. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 may 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.

24. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 18 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.

25. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 17 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 10832.40 manat təşkil edir.

26. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 06 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.

27. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 03 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 11-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.

28. Cavadeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixində 1500 manat, xx.xx.2021-ci il tarixində 530 manat, xx.xx.2021-ci il tarixində 2500 manat, xx.xx.2022-cii il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 390 manat, xx.xx.2022-ci il tarixində 460 manat, xx.xx.2022-ci il tarixində 2460 manat, xx.xx.20202-ci il tarixində 2500 manat, xx.xx.2021-ci il tarixində 390 manat, xx.xx.2021-ci il tarixində 670 manat, xx.xx.2021-ci il tarixində 390 manat, xx.xx.2021-ci il tarixində 3540 manat, xx.xx.2021-ci il tarixində 2500 manat, xx.xx.2021-ci il taixində 2500 manat, xx.xx.2021-ci il tarixində 2500 manat, xx.xx.2021ci il tarixində 5600 manat, xx.xx.2021-ci il tarixində 2500 manat, xx.xx.2022-ci il tarixində 2460 manat pul köçürülmüşdür.

29. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBCD 085491 saylı xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBCD 085500 saylı xx.xx.2022-ci il tarixli 625.40 manat, EBCD 085612 saylı xx.xx.2022-ci il tarixli 460.20 manat, EBCD 085672 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat, EBCD 085692 nömrəli xx.xx.2022-ci il tarixli 10950.40 manat, EBCD 085707 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat, EBBQ 514710 nömrəli xx.xx.2022-ci il tarixli 625.40 manat, EBBQ 514750 nömrəli xx.xx.2022-ci il tarixli 5097.60 manat, EBBR 179512 nömrəlu xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBBR 988992 nömrəli xx.xx.2022-ci il tarixli 625.40 manat, EBBT 784481 nömrəli xx.xx.2022-ci il tarixli 625.40 manat, EBBT 784512 nömrəli xx.xx.2022-ci il tarixli 6230.40 manat, EBBT 784747 nömrəli xx.xx.2022-ci il tarixli 10962.20 manat, EBBV 599696 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat, EBBP 908563 nömrəli xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBBP 908588 nömrəli xx.xx.2022-ci il tarixli 10832.40 manat, EBBP 339528 nömrəli xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBBP 339521 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat məbləğində elektron qaimə göndərilmişdir.

30. Tərəflərin hər ikisinin imza və möhürləri ilə təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli üzləşmə aktından da görünür ki, № 01/21 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə, Cavabdeh MMC-nin (VÖEN:**********) İddiaçı MMC-nə cəmi (VÖEN:**********) “Satıcı” kimi) isə “Alıcı” kimi 72286.80 manat borcu qaldığını təsdiq etmişlər.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1879/2025 saylı ekspert rəyindən görünür ki, 141-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 142-ci vərəqində olan 5097.60 AZN pula dair xx.xx.2022-ci il tarixli, 143-cü vərəqində olan 5852.80 AZN pula dair xx.xx.2022ci il tarixli, 144-cü vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 145-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 146-cı vərəqində olan 6230.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 147-ci vərəqində olan 10962.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 148-ci vərəqində olan 460.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 149-cu vərəqində olan 625.40 AZN pula dair, 150-ci vərəqində olan 460.20 AZN pula dair, 151 -ci vərəqində olan 460.20 AZN pula dair, 152-ci vərəqində olan 10950.40 AZN pula dair , 153-cü vərəqində olan 460.20 AZN pula dair, 154-cü vərəqində olan 460.20 AZN pula dair 03.01,2022-ci il tarixli, 155-ci vərəqində olan 5852.80 AZN pula dair 06.01,2022-ci il tarixli, 156-cı vərəqində olan 10.832.40 AZN pula dair 17.01,2022-ci il tarixli, 157-ci vərəqində olan 5852.80 AZN pula dair 18.01,2022-ci il tarixli, 4.960 AZN pula dair xx.xx.2022-ci il tarixli aktlarda “icraçı” qrafalarında imzalar X7 tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir.

32. Məhkəmə iclasında dindirilən şahid X5 ifadəsindən görünür ki, o 2019-cu ildən Optimal Elektronikada marketinq rəhbəri olaraq çalışmış, bu müddət ərzində kifayət qədər reklam şirkətlərilə əməkdaşlıq etmişlər və həmin əməkdaşlıqlar müqavilələr əsasında həyata keçirilmişdir. Sonradan şirkətdə problem yarandıqdan sonra ödənişlərdə gecikmələr, daha sonra isə ödəmələr ümumilikdə dayandırılmışdır. Şirkət birgə marketinq fəaliyyətini həyata keçirirdi. İddiaçı-lə “BOSH” firmasının və digər kampaniyaların reklamına dair əməkdaşlıq edilmişdir. Şirkət 2023-cü ildə bağlanmışdır. Müqavilədə qeyd edilən müddət ərzində onların reklamı o lövhələrdə qalmalı idi. Təhvil-təslim iki formada olurdu, bir elektron e-mail vasitəsilə və ya whatsApp-la şəkillər göndərilirdi, yaxud da bizim əməkdaşlar gedib yerində baxış edirdilər. Daha sonra akt hazırlanır, imzalanır və rəhbərlik tərəfindən möhür vurulurdu. Aktları ya o özü ya onun müavini imzalayırdı, sonda möhürü isə direktor Əhəd müəllimin özü vururdu.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

33. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 61.260 AZN (altmış bir min iki yüz altmış manat) əsas borc, 11.026,80 AZN (on bir min iyirmi altı manat 80 qəpik) ƏDV və 89491AZN (səksən doqquz min dörd yüz doxsan bir manat) dəbbə pulu, həmçinin 300AZN (üç yüz manat) vəkil xidməti üçün haqq, eləcədə məhkəməyə ödənilmiş dövlət rüsumu xərci 452,08 (dörd yüz əlli iki manat 08 qəpik) olmaqla və cəmi 162.529,88 AZN (yüz altmış iki min beş yüz iyirmi doqquz manat 88 qəpik) məbləğ tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01/21 nömrəli Xidmət Müqaviləsi şərtlərinə əsasən, İcraçı Sifarişçiyə hazırkı Müqavilənin 1.1-ci və 1.2-ci bəndində qeyd edilən reklam xidmətləri göstərməyi, Sifarişçi isə bu Müqavilənin 4.1-ci bəndi üzrə ödəniş şərtləri əsasında bu xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu Müqaviləyə əsasən, xidmətlər üzrə Sifarişçiyə hesab-faktura verildikdən sonra, onların dəyəri 14 gün ərzində tam olaraq İcraçının hesanbına köçürülməlidir. Beləliklə bu müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə Sifarişçi ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək İcraçı qarşısında 61.260 AZN (altmış bir min iki yüz altmış manat) əsas borc, 11.026,80 AZN (on bir min iyirmi altı manat 80 qəpik) ƏDV daxil olmaqla cəmi 72.286,80 AZN ( yetmiş iki min iki yüz səksən altı manat 80 qəpik) məbləğində borcu yaranmışdır. Qeyd edək ki, biz İcraçı olaraq bu müqavilə üzrə öhdəliklərimizi tam olaraq icra etmişik. Lakin, cavabdeh olan Sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözləməyimizə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini xx.xx.2022-cü il tarixindən başlayaraq artıq 21 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır.

35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

37. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-220/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Optimal Elektronika" MMC-dən 61260 (altmış bir min iki yüz altmış) manat məbləğində əsas borc, 11026,80 (on bir min iyirmi altı manat səksən qəpik) manat məbləğində ƏDV, 1000 (min) manat məbləğində dəbbə pulu, 200 (iki yüz) manat hüquqi xidmətlərə görə ödənişmiş haqq və 310 (üç yüz on) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat pul vəsaitinin 62 manat hissəsinin cavabdehdən, 60 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

38. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

38.1. Belə ki, işin halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, şahid ifadələri və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 01/21 nömrəli xidmət haqqında müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq reklam xidmətlərini cavabdehə göstərmiş, bununla da öz öhdəlikərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. 38.2. Belə ki,cavabdehin nümayəndəsi iş materiallarında olan təhvil-təslim aktlarının tərəflərinin imzalammadığını qeyd etmişdir. Qeyd olunan halın aydınlaşdırılması məqsədilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1879/2025 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 141-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 142-ci vərəqində olan 5097.60 AZN pula dair xx.xx.2022-ci il tarixli, 143-cü vərəqində olan 5852.80 AZN pula dair xx.xx.2022-ci il tarixli, 144-cü vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 145-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 146-cı vərəqində olan 6230.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 147-ci vərəqində olan 10962.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 148-ci vərəqində olan 460.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 149-cu vərəqində olan 625.40 AZN pula dair, 150-ci vərəqində olan 460.20 AZN pula dair, 151 -ci vərəqində olan 460.20 AZN pula dair, 152-ci vərəqində olan 10950.40 AZN pula dair , 153cü vərəqində olan 460.20 AZN pula dair, 154-cü vərəqində olan 460.20 AZN pula dair 03.01,2022-ci il tarixli, 155-ci vərəqində olan 5852.80 AZN pula dair 06.01,2022-ci il tarixli, 156-cı vərəqində olan 10.832.40 AZN pula dair 17.01,2022-ci il tarixli, 157-ci vərəqində olan 5852.80 AZN pula dair 18.01,2022-ci il tarixli, 4.960 AZN pula dair xx.xx.2022-cii l tarixli aktlarda “icraçı” qrafalarında imzalar X7 tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. 38.3. Məhkəmə cavabdeh tərəfinddən təhvil-təslim aktlarının və üzləşmə aktının cavabdeh şirkətinin direktoru tərəfindən deyil, onun işçiləri tərəfindən imzalanması əsası ilə iddianın rədd edilməsinə dair dəlilini əsassız hesab edir, belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Günel Sultanova izahatında qeyd etmişdir ki, göstərilən təhvil-təslim aktlarını səlahiyyətli şəxs kimi təhvil verilən xidmətləri yoxlamaq vəzifəsini yerinə yetirmiş və aktları imzalamış, (marketinq müdiri) və şirkətin direktoru Ə.Əsgərov tərəfindən möhürlənmişdir. Həmçinin iddiaçı tərəfindən sübut qismində təqdim edilən üzləşmə aktı da cavabdeh şirkətin baş mühasibi tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Həmçinin tərəflərin iştirakı ilə dinlənilən hər iki şirkətin direktorunun səs yazıları olması mübahisələndirilməyən səs yazılarının məzunundan da görünür ki, cavabdeh şirkətin direktoru müxtəlif vaxtlarda müxtəlif üsullarla iddiaçıya borcun ödənilməsini təklif etmiş və borcun ödənilməsi üçün vaxt istəmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutlara və işin hallarını araşdıraraq hesab edir ki, Cavabdeh "Optimal Elektronika" MMC-nin iddiaçıya 61260 (altmış bir min iki yüz altmış) manat məbləğində əsas borc, 11026,80 (on bir min iyirmi altı manat səksən qəpik) manat məbləğində ƏDV borcu olması iş materiallarında olan sübutlar (xidmət müqaviləsi, təhvil-təslim aktları, üzləşmə aktı, elektron qaimələr, məhkəmə iclasında dinlənilən səs yazıları) öz təsdiqini tapır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməldidir. 38.4. Məhkəmə, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan ödəniş tapşırıqlarına və kassa məxaric orderlərinə münasibətdə qeyd edir ki, qeyd olunan sənədlər mübahisə edilən dövrü əhatə etmir və cavabdehin iddiaçıya müqavilə üzrə əvvəlki dövrə aid borcunu əhatə edir və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. 38.5. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 89491 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. 38.6. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 38.7. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, 1000 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 38.8. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 453 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. 38.9. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 310 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 38.10.Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat ekspertiza xərcinin 127 manat hissəsi cavabdehdən, 60 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

39. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 442, 443.1, 443.2, 443.3, 443.4, 448.1, 462.1, 752.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

40. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-220/2025 nömrəli qətnaməsindən "Optimal Elektronika" MMC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-təslim aktları səlahiyyətli şəxs tərəfindən təstiq edilməmişdir. Milyonlarla dövriyyəsi olan bir müəssisədə direktorun bütün işlərə nəzarət etməsi tək mümkün deyildir. İş üzrə məhkəmə iclasının ilk günlərindən bildirilmişdir ki, iddiaçı ilə bizim cavabdehin əməkdaşları qeyri-prosessual əməkdaşlıq etmişdirlər. Bu deyilənlər sonuncu məhkəmə iclasında da öz təstiqini tapmışdır. Günel Sultanovanın məhkəmədə ifadə verməsi bunu tam təsdiq etdi. Əgər qarşı tərəf ilə əməkdaşlıq olmasa idi Günel Sultanova illərlə ailəsinə çörək apardığı bir müəssisənin əleyhinə ifadə verməzdi. Ən azından neytiral qalardı. Çünki onların iddiaçı ilə qeyri-prosessual əməkdaşlığı üzə çıxmasın deyə məhkəmədə belə bir ifadə verməyə məcbur olmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz

42. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

43. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

45. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

46. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

51. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

52. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

54. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

55. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

56. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

57. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

58. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

59. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

70. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

72. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

73. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

74. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

75. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

76. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.

77. İşin faktiki hallarından, iddiaçının cavabdehlə 01 fevral 2021-ci il tarixli nömrəli xidmət müqaviləsi bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

78. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr müəyyən olunmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

79. İddiaçı iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına istinad edərək cavabdehə ümumilikdə 72.268,8 manat dəyərində reklam xidmətləri göstərdiyini, öz öhdəlikərini yetirdiyini, cavabdehin isə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəmədiyini, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəliklərini pozduğunu iddia etmişdir.

80. Cavabdehin nümayəndəsi və vəkili həmin təhvil-təslim aktlarının cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı, həmin xidmətlərin iddiaçı tərəfindən görülmədiyi və iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsinin yerinə yetirilmədiyinə istinad edərək iddiaya etiraz etmişdir. 1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf)

81. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, heç bir sübutun, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yalnız sübutların hamısına əlaqəli şəkildə qiymət verdikdən sonra iş üzrə düzgün nəticəyə gələ bilər.2

82. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən təhvil-təslim aktlarının və üzləşmə aktının cavabdeh şirkətinin direktoru tərəfindən deyil, onun işçiləri tərəfindən imzalanması əsası ilə iddianın rədd edilməsinə dair dəlilini əsassız hesab etmişdir.

83. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilən Günel Sultanova izahatında qeyd etmişdir ki, göstərilən təhvil-təslim aktlarını səlahiyyətli şəxs kimi təhvil verilən xidmətləri yoxlamaq vəzifəsini yerinə yetirmiş və aktları imzalamışdır.

84. Kollegiya qeyd edir ki, Günel Sultanovanın "Optimal Elektronika" MMC-nin işçisi olduğu işin mübahisəsiz halıdır. Belə ki, cavabdehin direktoru Günel Sultanovanın şirkətin əməkdaşı olduğunu qəbul etmiş, lakin onun təhvi-təslim aktlarını imzalamağa səhiyyəti olmadığını qeyd etmişdir. Kollegiya qeyd edir ki, Günel Sultanovanın təhvil-təslim aktını imzalamağa səlahiyyətinin olmasını istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

85. Tərəflər arasında bağlanmış müqavilədə görülmüş xidmətlərin məhz cavabdehin qanuni nümayəndəsi tərəfindən təhvil alınması və təhvil-təslim aktının şirkətin direktoru tərəfindən imzalanması barədə razılaşma nəzərdə tutulmamışdır.

86. Bununla yanaşı təhvil-təslim aktları imza ilə yanaşı eyni zamanda hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, cavabdeh tərəf möhürü mübahisələndirməmiş, yalnız şirkətin direktorda olmayan başqa möhürü ilə təsdiqləndiyini qeyd etməklə kifayətlənmişdir.

87. Həmçinin həmin xidmətlərə görə cavabdehə EBCD 085491 saylı xx.xx.2022-ci il tarixli, EBCD 085500 saylı xx.xx.2022-ci il tarixli, EBCD 085612 saylı xx.xx.2022-ci il tarixli, EBCD 085672 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 085692 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 085707 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 514710 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 514750 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 179512 nömrəlu xx.xx.2022-ci il tarixli, EBBR 988992 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 784481 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 784512 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 784747 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 599696 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 908563 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 908588 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 339528 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 339521 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmiş və elektron qaimələr təsdiq edilmişdir. Lakin cavabdeh nə iddiaçıya, nə də vergi orqanina elektron qaimələrlə bağlı hər hansı bir etiraz bildirməmişdir.

88. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 22). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

89. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

2 Ali Məhkəmə, İş № 2-2(102)-563/2025, § 88 (https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3516905)

90. Belə ki, hər iki şirkətin direktorunun səs yazıları olması mübahisələndirilməyən səs yazılarının məzunundan da görünür ki, cavabdeh şirkətin direktoru müxtəlif vaxtlarda müxtəlif üsullarla iddiaçıya borcun ödənilməsini təklif etmiş və borcun ödənilməsi üçün vaxt istəmişdir.

91. Həmçinin iddiaçı tərəfindən sübut qismində təqdim edilən üzləşmə aktı da cavabdeh şirkətin baş mühasibi tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir.

92. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

93. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

94. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

95. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

96. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

97. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "Optimal Elektronika" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-220/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar