Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-969/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: agent müqaviləsi, öhdəliyin icra edilməməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)- 633/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 avqust 2020-ci il tarixli, AZF/2020/48 saylı agent müqaviləsi bağlanmışdır.
2. Müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən olunmuş şərt və müddəalar əsasında Azerfon, Agenti Məhsullar (Qoşulma Dəstləri, Ödəmə Kartları və s.) ilə təmin edir, Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin Məhsulların yayılmasını təşkil edir.. - 2.2-ci bəndinə əsasən Azerfon öz törəmə müəssisələrinin məhsullarını onların yayılması üçün Agentə təqdim edə bilər, Agent isə həmin məhsulları öz satış şəbəkəsi vasitəsilə bu müqavilənin şərtlərinə uyğun olaraq yaymağı öz öhdəsinə götürür. - 4.1-ci maddəsinə əsasən sifariş olunmuş hər bir məhsulun dəyəri Azerfonun qiymət cədvəllərinə müvafiq olaraq tam ödənildikdən sonra, həmin məhsullar agentə təqdim edilir. - 4.2-ci maddəsinə əsasən tərəflər hər hesabat ayının sonunda həmin hesabat ayı üşün üzləşmə aktı tərtib etməlidirlər.
3. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında AZF/2020/48 saylı agent müqaviləsinə X saylı qoşma imzalanmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında AZF/2G20/48 saylı agent müqaviləsinə 2 saylı qoşma imzalanmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında ödəmə kartlarının yayılması üçün komisyon haqqı imzalanmışdır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBCB 213389 saylı xx.xx.2022ci il tarixli 11200 manat, EBBN 780338 saylı xx.xx.2021-ci il tarixli 4800 manat, EBBF 839527 nömrəli xx.xx.2021-ci il tarixli 160 000 manat, EBBF 903739 nömrəli xx.xx.2021-ci il tarixli 400 manat, EBBN 894523 saylı xx.xx.2021-ci il tarixli 2000 manat, EBAY 968585 saylı xx.xx.2021-ci il tarixli 13 000 manat, EBBE 212948 nömrəli xx.xx.2021-ci il tarixli 52 000 manat, EBBN 365994 nömrəli xx.xx.2021-ci il tarixli 3000 manat, EBBL 432949 nömrəli xx.xx.2021-ci il tarixli 4400 manat, EBBK 326172 nömrəli xx.xx.2021-ci il tarixli 1800 manat, EBBK 704063 nömrəli xx.xx.2021-ci il tarixli 2000 manat, EBAY 970847 nömrəli xx.xx.2021-ci il tarixli 1000 manat, EBBC 568549 nömrəli xx.xx.2021-ci il tarixli 132000 manat, EBBK 373160 saylı xx.xx.2021-ci il tarixli 1200 manat, EBBO 611393 saylı xx.xx.2021-ci il tarixli 4500 manat, EBBN 364947 nömrəli xx.xx.2021-ci il tarixli 114 000 manat, EBBL 040489 nömrəli xx.xx.2021-ci il tarixli 3400 manat məbləğində elektron qaimələr göndərilmişdir.
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən həmin tarixə cavabdehin iddiaçıya 241429,91 manat qalıq borcu var.
9. Əmanətlərin Sığortalanması Fondunun 12-5/2-5606/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı əsasında xx.xx.2017-ci il tarixində 50.000 (əlli min) manat məbləğində, xx.xx.2017-ci il tarixli 150 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2017-ci il tarixində 60.000 (altmış min) manat məbləğində, xx.xx.2017-ci il tarixli 151 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2017-ci il tarixində isə 100.000 (bir yüz min) manat məbləğində, ümumilikdə 210.000 (iki yüz on min) manat məbləğində vəsait Cavabdeh MMC-dən İddiaçı MMC-nin müvafiq nömrəli hesabına köçürülməsi məqsədilə "xxxx" ASC-nin AZ08AZER**********16AZN40060 nömrəli hesabına mədaxil edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC-dən 241.424,91 (iki yüz qırx bir min dörd yüz iyirmi dörd manat 91 qəpik) manat borc məbləğinin və ödənilmiş 531.50 (beş yüz otuz bir manat 50 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 20 avqust 2020-ci iltarixli, AZF/2020/48 saylı "Agent" müqaviləsinə əsasən Azerfon Loqofonu (Agent) müqavilədə müəyyən olunmuş müddəalar əsasında öz məhsulu ilə təmin edir, agent isə özünün satış şəbəkəsi vasitəsi ilə həmin məhsulların yayılmasını təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən sifariş olunmuş hər bir məhsulun dəyəri Azerfonun qiymət cədvəllərinə müvafiq olaraq tam ödənildikdən sonra, həmin məhsullar agentə təqdim edilir. Müqavilənin 4.2-ci maddəsinə əsasən tərəflər hər hesabat ayının sonunda həmin hesabat ayı üşün üzləşmə aktı trətib etməlidirlər. Bildirmək istəyirik ki, cavabdehlə uzun müddətli əməkdaşlığı nəzərə alaraq, sonradan satışından əldə ediləcək pul vəsaitini ödəmək şərti ilə ödəmə kartları verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə və qanunla müəyyən edilmiş öhdəliklər pozularaq ödəmə kartlarının satışından əldə edilmiş pul vəsaitləri şirkətə ödənilməmişdir. Nəticədə, tərəflər arasında imzalanmış sonuncu üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixə hazırki vaxta cəmi 241.424,91 (iki yüz qırx bir min dörd yüz iyirmi dörd manat 91 qəpik) manat borc yaranmış və həmin borc məbləği cavabdeh tərəfindən ödəniməmişdir.
12. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddiaçı "xxxx" MMC-nin iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, əvvəla, tərəflər arasında xx.xx.2020-ci il tarixində, AZF/2020/48 saylı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən "xxxx" Agenti (Cavabdeh MMC-ni) özünün məhsulları ilə təmin edir. Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin məhsulların yayılmasını təmin edir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirik ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli AZF-AG-LLE/xx-xx-2016-3 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-ni məhsullar (qoşulma dəstləri, ödəmə kartları və s.) ilə təmin edir. Cavabdeh MMC isə məhsulların satışından əldə etdiyi pul vəsaitini "xxxx" MMC-nə ödəyir. Müqavilə əsasında Cavabdeh MMC-nin sifarişinə uyğun olaraq ümumilikdə 210.000 (iki yüz on min) manatlıq mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə təqdim olunmuşdur. Həmin malların dəyəri (210.000 manat) "xxxx" MMC-nin hesabına köçürülməsi üçün Cavabdeh MMC tərəfindən "xxxx" ASC–nin hesabına köçürülmüşdür. Qeyd edilən məbləğ Cavabdeh MMC-nin "xxxx" ASC-də olan cari hesabından silinərək, "xxxx" ASC-nin müxbir hesabına köçürülmüş və bankın hesabında saxlanılmışdır. "xxxx" MMC-nin hesabına isə köçürülməmişdir. 210.000 manatın ödənilməsini təsdiq edən ödəniş tapşırıqları və hesabdan çıxarış bankdan alınmışdır. Cavabdeh MMC, "xxxx" MMC qarşısında olan borc öhdəliyini yerinə yetirməsi üçün xx.xx.2019-cu il tarixində "xxxx" Bank ASC-dən 200.000 manat, xx.xx.2020-ci il tarixində isə 190.000 manat kredit götürmüşdür. Həmçinin qeyd edək ki, qeyd edilən məsələ ilə əlaqədar AR Mərkəzi Bank, "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanma Fonduna xx.xx.2017-ci il tarixində müraciət edərək müvafiq məbləğlərin köçürülməsinin təmin olunmasını xahiş etmişik. İddia ərizəsinə etiraza əlavə olunan xx.xx.2018-ci il tarixində "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanma Fonduna Cavabdeh MMC qarşısında olan 233 074 manat borc öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar müraciət ünvanlanmışdır. Həmin tarixdə tələb qeydiyyata alınsada bir nəticəsi olmamışdır. xx.xx.2020-ci il tarixində də Əmanətlərin Sığortalanma Fonduna müraciət edərək Cavabdeh MMC-nin kreditor tələbinin təmin edilməsi xahiş edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-633/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh MMC-dən 241 424.91 manat məbləğində əsas borc və ödənilmiş 531.50 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
15. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında agent müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, iddiaçı cavabdehi müqavilədə müəyyən olunmuş müddəalar əsasında öz məhsulu ilə təmin etmiş, cavabdeh ğz öhdəöliklərini yerinə yetirməmiş, müqavilə üzrə ödənişləri ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 241 424.91 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, agent müqaviləsi, elektron qaimələr, borcun qarşılıqlı üzləşdirilməsi aktı və tərəflərin nümayəndələrinin, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin sorğuya cavabı ilə təsdiq edilir.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflərin məhkəmə iclaslarında izahatları ilə müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətlərinin olması, cavabdehin iddiaçıya borcunun yaranması işin mübahisəsiz halıdır, yalnız cavabdeh 210000 manat məbləğində ödəniş tapşırığını məhkməyə təqdim edərək həmin ödənişin onun tərəfindən həyata keçirildiyini qeyd etsə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, həmin ödəniş ödənişin həyata keçirildiyi Bank bağlandığından iddiaçının hesabına köçməmiş və həmin pul məblğinə dair ləğvetmə prosesində olan "xxxx" ASC-nin kreditoru qismində cavabdeh tanınmışdır.
17. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə arasında mövcud olan agent müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən və həmin pul öhdəliyi iş materialları ilə təsdiq olunduğundan iddia təmin edilməldidir.
18. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən öhdəliyi olan ödənişi – 241 424.91 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 241 424.91 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 241 424.91 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 531.50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 531.50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin - 385.1, 442, 443.1 və 448.1–ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-633/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində, AZF/2020/48 saylı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən "xxxx" Agenti (Cavabdeh MMC-ni) özünün məhsulları ilə təmin edir. Agent isə özünün satış şəbəkəsi vasitəsilə həmin məhsulların yayılmasını təmin edir. Həmçinin Cavabdeh MMC ilə "xxxx" MMC arasında daha əvvəl xx.xx.2016-cı il tarixli AZF- AG-LLE/xx-xx-2016-3 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-ni məhsullar (qoşulma dəstləri, ödəmə kartları və s.) ilə təmin edir. Cavabdeh MMC isə məhsulların satışından əldə etdiyi pul vəsaitini "xxxx" MMC-nə ödəyir. Müqavilə əsasında Cavabdeh MMC-nin sifarişinə uyğun olaraq ümumilikdə 210.000 (iki yüz on min) manatlıq mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuşdur. xx.xx.2016-cı il tarixli AZF-AG-LLE/xx-xx-2016-3 saylı müqaviləyə əsasən, "xxxx" MMC-nin təqdim etdiyi məhsulların dəyəri olan 210.000 manat "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsilə ödənilmək üçün ödəniş tapşırığı şəklində icra olunmuşdur. Yəni malların dəyəri (210.000 manat) Azərfon MMC-nin hesabına köçürülməsi üçün Cavabdeh MMC tərəfindən "xxxx" ASC–nin hesabına köçürülmüşdür. Müvafiq sənədlərlə sübut olunur ki, "xxxx" MMC vəsaiti öz bank hesabından çıxarmışdır. Ancaq "xxxx" ASC tərəfindən bu vəsait "xxxx" MMC-yə çatdırılmamışdır. Bu hal "xxxx" MMC-nin iradəsindən kənar yaranmışdır Qeyd edilən məbləğ Cavabdeh MMC-nin "xxxx" ASC-də olan cari hesabından silinərək, "xxxx" ASC-nin müxbir hesabına köçürülmüş və bankın hesabında saxlanılmışdır. "xxxx" MMC-nin hesabına isə köçürülməmişdir. 210.000 manatın ödənilməsini təsdiq edən ödəniş tapşırıqları və hesabdan çıxarış bankdan alınmışdır. (Birinci instansiya məhkəməsinə təqdim edilmişdir) Cavabdehin iddiaçı ilə birbiri qarşısında daşıdıqları öhdəliklərin mahiyyəti, icra vəziyyəti, o cümlədən həmin müqavilə üzrə hazırda tələb olunan 241 424,91 manat əsas borc məbləğinin həqiqətən mövcud olub-olmaması üçün xx.xx.2020-ci il tarixli, AZF/2020/48 saylı müqavilənin və xx.xx.2016-cı il tarixli AZF-AG-LLE/xx-xx-2016-3 saylı müqavilənin müddəaları bir-biri ilə əlaqəli şəkildə təhlil olunmaqla hüquqi baxımdan dəyərləndirilməli idi. Çünki həmin məsələlərə düzgün hüquqi qiymət verilmədən cavabdehin hüquq pozuntularına yol veribverməməsinin obyektiv şəkildə aydınlaşdırılması qeyri-mümkündür. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmədiyindən MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə almamış, müqavilələrin şərtlərini əlaqəli şəkildə təfsir etməklə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, eləcə də "xxxx" MMC və cavabdeh "xxxx" MMC-nin qarşılıqlı münasibətlərinin xarakterini, onların əvvəlki və sonrakı hərəkətlərinin səbəb və nəticələrini düzgün müəyyən etməmiş, beləliklə də maddi hüququn tətbiqində səhvə yol verərək iş üzrə əsassız nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən üzləşmə aktına istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin öhdəliyi icra etmək niyyəti Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi müraciətləri və bankla yazışmaları məktublardan da aydın şəkildə görünməkdədir. Vəsaitin "xxxx" MMC-yə çatmaması "xxxx" ASC-nin daxili pozuntuları və sonrakı ləğv prosesi ilə bağlıdır. Əgər bu vəsaitlər "xxxx" MMC-nin hesabına daxil olmayıbsa, bu artıq bankın məsuliyyətidir və üçüncü şəxsin (bankın) hərəkətləri cavabdehin məsuliyyətinə səbəb ola bilməz. "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanma Fonduna xx.xx.2017-ci il tarixində müraciət edərək müvafiq məbləğlərin köçürülməsinin təmin olunmasını xahiş etmişik. Həmçinin xx.xx.2018-ci il tarixində "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanma Fonduna Cavabdeh MMC qarşısında olan 233 074 manat borc öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar müraciət ünvanlanmışdır. Göründüyü kimi Borclunun öhdəliyi icra etmək niyyəti və təşəbbüsü sübut edilmişdir. Əgər borclu öhdəliyin icrası üçün zəruri hərəkətləri etmiş, lakin icranın başa çatmaması onun iradəsindən asılı olmayan səbəbdən baş vermişdirsə, öhdəlik icra olunmuş hesab edilir. Həmçinin "xxxx" MMC tərəfindən öhdəliyin icra edilməsi ilə əlaqədar xx.xx.2019 tarixində "xxxx" ASC-dən 200.000 manat, xx.xx.2020 tarixində isə 190.000 manat məbləğində kredit cəlb edilmişdir. Bütün bu hallar "xxxx" MMC-nin öhdəliyi icra etmək niyyətində olduğunu, bu məqsədlə real vəsaitlər ayırdığını sübut edir.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda cavabdeh qətnaməni tam mübahisələdirdiyindən qətnamənin qanuni və əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
45. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
46. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
47. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında 20 avqust 2020-ci il tarixli, AZF/2020/48 saylı agent müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi müqavilədə müəyyən olunmuş müddəalar əsasında öz məhsulu ilə təmin etmiş, cavabdeh isə müqavilə üzrə ödənişləri ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur.
48. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, agent müqaviləsi, elektron qaimələr, borcun qarşılıqlı üzləşdirilməsi aktı və tərəflərin nümayəndələrinin, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin sorğuya cavabı ilə təsdiq edilir.
49. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, ödəniş onun iradəsindən asılı olmayan səbəbdən həyata keçirilmədiyindən, bu halın cavabdehin öhdəliyi icra etməsi kimi qiymətləndirilməsi barədə dəlili əsassızdır.
50. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
51. Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri).
52. Sahibkarlıqla məşğul olanlar digər şəxslərlə mülki hüqüq münasibətləri qururlar. Bu isə o deməkdir ki, onlar kimlərinsə qarşısında yaxud da kimlərsə onların qarşısında öhdəlik götürməli olur. Bu öhdəliklərin vaxtında və vicdanla yerinə yetirilməsi sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir şəxs sahibkarlıq fəaliyyətini öz əmlakı hesabına və risklə həyata keçirir.
53. Həmçinin məhkəmə kollegiyası izah edir ki, müqavilə üzrə öhdəliklərin üçüncü şəxsin hərəkətinə görə yerinə yetirilməməsi cavabdeh və ləğv prosesində olan bank arasında yeni öhdəlik münasibətləri yaradır.
54. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-633/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.