Məhkəmə qərarları › İş №2-2(103)-970/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-970/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-970/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-409/2021 nömrəli iş üzrə 11 iyun 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK-nın apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı (üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-nin KBQ15-1762 nömrəli 09.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.250.646 əsas, 10.109,38 manat faiz borcu olmaqla, ümumilikdə 1.260.755,38 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə, KBQ15-1807 nömrəli 28.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3.700.000 manat əsas, 50.566,66 manat faiz borcu olmaqla, ümumilikdə 3.750.566,66 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, LPO "xxxx" ASC-nin KBQ15-1762 nömrəli 09.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.250.646 manat əsas, 10.109,38 manat faiz borcu olmaqla, ümumilikdə 1.260.755,38 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə, KBQ15-1807 nömrəli 28.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3.700.000 manat əsas, 50.566,66 manat faiz borcu olmaqla, ümumilikdə 3.750.566,66 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutma yönəldilməsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitlərinin hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğlərin müvafiq olaraq cavabdehlərə qaytarılması, Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin ilkin satış qiymətinin 5.210.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 MMC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,14932 ha torpaq sahəsinin ilkin satış qiymətinin 2.921.000 manat məbləğdə müəyyən edilməsi, cavabdehlərdən 30 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1000 manat pulun cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1 MTK ondan apellyasiya şikayəti verərək, onun qismən - LPO Zaminbank” ASC-nin KBQ15-1762 nömrəli 09.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.250.646 manat əsas,10.109,38 manat faiz borcu olmaqla, ümumilikdə 1.260.755,38 manat kredit borcunun ödənilməsi üçün ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə tutma yönəldilməsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi, habelə qeyd olunan əmlakın ilk satış qiyməti 5.210.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh1 MTK ilə "xxxx" ASC arasında 29 yanvar 2010-cu il, 12 aprel 2011-ci il, 24 iyun 2011-ci il, 02 avqust 2011-ci il, 14 oktyabr 2011-ci il və 22 oktyabr 2015-ci il tarixli kredit müqavilələri bağlanmışdır. İş üzrə mübahisəli Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsi kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin yüklülük qüvvədə olduğu müddətdə mübahisəli əmlak 14 oktyabr 2015-ci il tarixli İBQ15-1762/2 nömrəli sonrakı ipoteka müqaviləsi ilə ipoteka saxlayan olaraq "xxxx" ASC-nin AR Mərkəzi Bankı qarşısında yaranan öhdəliklərinin icrasının təminatına çevrilmişdir. Cavabdeh1 MTK "xxxx" ASC ilə bağladığı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, kreditləri tam ödəmişdir. Bu baxımdan hesab edirik ki, Cavabdeh1 MTK-ya münasibətdə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının və üçüncü şəxsin nümayəndələri şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MTK birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ona hissədə mübahisələndirdiyindən və qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyindən, qətnamənin əsaslılığının yoxlanılması mübahisələndirilən hissədə maddi hüquq normalarının tələblərinə əməl olunub-olunmaması həddində həyata keçirilməlidir. Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda müəyyən olunur ki, AR Mərkəzi Bankı (bank) ilə "xxxx" ASC (borc alan) arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsinə əsasən, borc alana illik 3% olmaqla 360 gün müddətə 4.100.000 manat məbləğdə kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. AR Mərkəzi Bankı, "xxxx" ASC (borc alan) və Cavabdeh1 MMC arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli İBQ15-1762/2 saylı ipoteka müqaviləsinə görə, Cavabdeh1 MMC mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsini 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh1 MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsi 03.10.2016-cı il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə hüquq yüklü edilmiş və 29 oktyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18330 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24 oktyabr 2016-cı il tarixli 0500923-2016 nömrəli bildirişə görə, ipoteka saxlayan AR Mərkəzi Bankı tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 MMC-yə müvafiq bildiriş göndərilmişdir. AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsi 05.11.2016-cı il tarixdə **********77 nömrəli məktubla AR Mərkəzi Bankına məlumat verərək, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. 04 fevral 2021-ci il tarixli 11-00064-2021 nömrəli maliyyə arayışına görə, "xxxx" ASC-nin 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1.250.646 manat, faiz borcu 10.109,38 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli 9/1679 nömrəli ekspert rəyinə əsasən, 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, "xxxx" ASC-nin 04.02.2019-cu il tarixə əsas borcunun 1.250.646 manat, faiz borcunun 10.109,38 manat məbləğdə olduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 27.05.2021-ci il tarixli ƏEM/M 64-523/21 nömrəli qiymətləndirmə rəyinə görə, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri 5.210.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 269-cu və 270.1-ci maddələrinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” AR Qanununun: 1.0.6, 3.1, 10.4, 11.1 və 11.2-ci maddələrinə əsasən, ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır; 39.3.3-ci maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-ci maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “Banklar haqqında” Qanunun 81-ci maddəsinə görə, bəzi istisnalarla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır. İş üzrə ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən, ipoteka qoyulan əmlak istinad edilən müvafiq kredit müqaviləsinə əsasən Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə verilmiş kreditlərin müqavilələrdə qeyd olunan tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər onunla "xxxx" ASC arasında 2010, 2011 və 2015-ci illərdə bağladığı kredit müqavilələri ilə bağlıdır. Hazırkı mübahisə isə AR Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi, AR Mərkəzi Bankı, "xxxx" ASC və cavabdeh arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli İBQ15-1762/2 saylı ipoteka müqaviləsi ilə bağlıdır ki, sözügedən 09 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən, 14 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə müəyyən edilən təminat prosedurunun tətbiqi zəruri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-409/2021 nömrəli iş üzrə 11 iyun 2021ci il tarixli qətnaməsi Cavabdeh1 MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar