Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-970/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: birgə fəaliyyət haqqında müqavilə, müqavilənin etibarlılığı, çoxmənzilli binanın idarə olunması, öhdəliklərin lazımi qaydada icra edilməməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh MMC-nin vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (idarə edən) ilə "xxxx" MTK (mülkiyyətçi) arasında 01 iyul 2018-ci il tarixdə “Çoxmənzilli evin idarə edilməsi haqqında” müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı hütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.3.5-ci bəndinə görə “İdarə edən”, əmlakın idarə edilməsi, saxlanılması, istismarı, qorunması və təmiri ilə bağlı “Mülkiyyətçi”ni üçüncü şəxslər, məhkəmə və digər dövlət orqanlarında təmsil etmək; 2.3.6-cı bəndinə əsasən, hazırkı müqavilə ilə müəyyən edilmiş məsələlərin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malikdir
3. İddiaçı (təşkilat) ilə Cavabdeh MMC arasında 19 oktyabr 2021-ci il tarixdə “Qarşılıqlı əməkdaşlıq haqqında” UM-075 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh tərəfindən öz vəsaiti hesabına Baki şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (“Yaşayış kompleksi”) fiberoptik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır.
4. Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Cavabdeh MMC, yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 manat və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilata” ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş edir. Yaşayış kompleksindən Cavabdehin şəbəkəsinə qoşulmuş aktiv abunəçi olmadıqda, Cavabdeh tərəfindən təşkilata hər hansı bir ödəniş edilmir; 3.3-cü bəndinə əsasən, müqavilə üzrə ödəniş rüblük əsasda edilir, təqvim rübü bitdikdən sonra Cavabdeh MMC 5 (beş) iş günü ərzində xidmətlərə qoşulan aktiv abunəçilərin rübün sonuncu gününə olan siyahısını "xxxx"a təqdim edir. Siyahı razılaşdırıldıqdan sonra və ödəniş edilməsi üçün "xxxx" tərəfindən müvafiq sənədlər (hesab-faktura, elektron qaimə və s.) təqdim edildikdən sonra bu sənədlərdən sonuncusu təqdim edildiyi tarixdən etibarən 30 (otuz) iş günü ərzində “Uninet" tərəfindən hesablanmış ödəniş edilir; 3.4-cü bəndinə əsasən, tərəflər arasında hesablaşma nağd və ya köçürmə yolu ilə aparılır.
5. İddiaçı tərəfindən imzalanaraq möhürlənmiş xx.xx.2024-cü il tarixli AC24-010126 nömrəli təhvil-təslim aktına əsasən 511,02 (beş yüz on bir manat iki qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-040137 nömrəli təhvil-təslim aktına əsasən 507,93 (beş yüz yeddi manat doxsan üç qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-050142 nömrəli təhvil-təslim aktına əsasən 492,56 (dörd yüz doxsan ikimanat əllialtı qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-060133 nömrəli təhviltəslim aktına əsasən 496,87 (dörd yüz doxsan altı manat səksən yeddi qəpik) manat; xx.xx.2024cü il tarixli AC24-070131 nömrəli təhvil-təslim aktına əsasən 453.53 (dörd yüzəlli üç manat əlli üç qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-080133 nömrəli təhvil-təslim aktına əsasən 532,16 (beş yüz otuzikimanat on altı qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-090141 nömrəli təhvil-təslim aktına əsasən 587,04 (beş yüz səksən yeddi manat dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-100149 nömrəli təhvil-təslim aktına əsasən 507,08 (beş yüz yeddi manat səkkiz qəpik) manat məbləğində xidmətlər göstərilmişdir.
6. İddiaçı tərəfindən Cavabdeh MMC-yə MT2501 11230555 seriyalı 11230555 nömrəli 21 yanvar 2025-ci il tarixli 507,08 manat məbləğində, MT2411 seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli 1572,73 manat, MT2408 seriyalı 11053046 nömrəli xx.xx.2024-cü il tarixli 2008,38 manat məbləğində, MT2405 seriyalı 10279983 nömrəli xx.xx.2024-cü il tarixli 1019,28 manat məbləğində elektron qaimələr göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 19 oktyabr 2021-ci il tarixli UM-075 nömrəli müqaviləyə əsasən 4088,19 (dörd min səksən səkkiz manat on doqquz qəpik) manat məbləgində borcun və 60,88 (altmış manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli AC24-010126 nömrəli təhvil-təslim aktına əsasən 511,02(beş yüz on bir manat iki qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-040137 nömrəli təhvil-təslim aktına əsasən 507,93 (beş yüz yeddi manat doxsan üç qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-050142 nömrəli təhvil-təslim aktına əsasən 492,56 (dörd yüz doxsan ikimanat əllialtı qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24- 060133 nömrəli təhvil-təslim aktına əsasən 496,87 (dörd yüz doxsan altı manat səksən yeddi qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-070131 nömrəli təhvil-təslim aktına əsasən 453.53 (dörd yüzəlli üç manat əlli üç qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-080133 nömrəli təhviltəslim aktına əsasən 532,16 (beş yüz otuz iki manat on altı qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24-090141 nömrəli təhvil-təslim aktına əsasən 587,04 (beş yüz səksən yeddi manat dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli AC24- 100149 nömrəli təhvil-təslim aktına əsasən 507,08 (beş yüz yeddi manat səkkiz qəpik) manat məbləğində olmaqla "xxxx"a ümumilikdə 4088,19 (dörd min səksən səkkiz manat on doqquz qəpik) manat borcu mövcuddur. Qeyd olunan təhvil-təslim aktları qəbul edildiyi tarxidən 10 gün ərzində iddiaçı tərəfindən imzalanıb, möhürlənib Cavabdeh MMC-yə təqdim olunmasına baxmayaraq, Cavabdeh MMC təhvil-təslim aktlarının imzalanmasından birtərəfli qaydada imtina etmişdir. Eyni zamanda Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə 11053046 nömrəli, xx.xx.2024-cü il tarixdə 12623045 nömrəli, xx.xx.2025-ci il tarixdə 11230555 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Bütün xəbərdarlıqlara baxmayaraq, Cavabdeh MMC bu günə qədər "xxxx"a olan borcunu ödəməyib. Eyni zamanda Cavabdeh MMC-dən "xxxx"a aid ərazini tərk etməsi tələb olunsa da MMC buna məhəl qoymayaraq "xxxx"a aid ərazini tərk etməyərək, öz avadanlıq, qurğu və vasitələrini həmin ərazidə saxlamağa davam edərək bilavasitə "xxxx"ın mülkiyyət hüquqlarını pozub. Buna görə də pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmişlər.
9. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, 19 oktyabr 2021-ci il tarixli UM-075 nömrəli müqaviləyə əsasən 5108,29 manat məbləgində borc pulun və 71,10 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuş, etirazda aşağıdakılar göstərilmişdir: “İddiaçı “Uninet" MMC ilə 19 oktaybr 2021-ci il tarixli qarşılıqlı əməkdaşlıq haqqında UM-075 № li müqaviləni imzalasa da, iddiaçının belə bir müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə fərdi sahibkar İddiaçı arasında imzalanmış 01 iyul 2018-ci il tarixli müqavilə ilə çoxmınzillli binanın idarə edilməsi səlahyyətləri iddiaçıya tapşırılmışdır. Halbuki, "xxxx" Mənzil Tikinti Kooperativinin, ümumiyyətlə, belə bir səlahiyyəti yoxdur. Onlar bu cür müqavilə imzalamaqla Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbini pozmuşlar. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Buna görə də hesab edirik ki, bu cür müqaviləni "xxxx" MMC ilə mənzil mülkiyyətçilərinn müştərək cəmiyyəti imzalamlı idi”.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını; cavabdehin nümayəndəsi isə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Birinci instansiya məhkəməsinin 03 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. Tərəflər arasında bağlanmış müqaviləyə birgə fəaliyyət haqqında müqavilə (xidmət) kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmetini qeyd edilmiş binada sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsi əvəzində, binanın idarəçisinə bunun əvəzində müəyyən haqq verilməsi təşkil edir. Lakin mülki qanunvericilikdə məhz birgə fəaliyyət haqqında müqavilə (xidmət) münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Ona görə də, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 13.2. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. 13.3. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. 13.4. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri "müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin "Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 13.5. Yuxarıda qeyd edilmiş sənədlərdən də görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilmiş ünvanlarda yerləşən binalara dair İddiaçı idarəçi təyin edilmişdir. Cavabdeh MMC də onunla xx.xx.2018- ci il tarixdə müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu baxımdan, Cavabdeh MMC müqavilə üzrə kontragent kimi iddiaçını tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır 13.6. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 5107,47 manat olan elektron qaimə göndərilmişdir. Məhkəmə iclasında yuxarıda qeyd edilmiş elektron qaimələrdə göstərilmiş aylar üzrə müvafiq xidmətlərin göstərilib-göstərilməməsi Cavabdeh MMC-dən soruşulmuş, sonuncu da müvafiq xidmətlərin göstərildiyini qəbul etmişdir. 13.7. Odur ki, xx.xx.2021-ci il tarixli UM-075 nömrəli müqaviləyə əsasən 5108,29 manat məbləgində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 11.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə” 11 iyun 2018-ci il tarixli Qərarına istinad etmişdir.
15. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. İddiaçı nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahat
17. Cavabdeh MMC-nin məhkəmə iclasında iştirak edən vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
28. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
39. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
40. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
41. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
42. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
43. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
44. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.
45. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
57. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
58. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
59. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
60. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
61. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
64. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
65. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
66. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
67. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 32, 33).
68. İşin faktiki hallarından, iddiaçının Cavabdeh MMC ilə birgə fəaliyyət haqqında müqavilə bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq binalarda sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsinə şərait yaradılmasının müqabilində, MMC tərəfindən binaların idarəçisinə (iddiaçıya) müəyyən məbləğdə haqq ödənilməlidir.
69. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, binalarda sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsinə şərait yaratdığını sübutetmə yükü iddiaçının, bunun müqabilində razılaşdırılmış haqqı iddiaçıya ödədiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
70. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
71. İddiaçı öz öhdəliyini yerinə yetirdiyi və MT2501 11230555 seriyalı 11230555 nömrəli 21 yanvar 2025-ci il tarixli 507,08 manat, MT2411 seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli 1572,73 manat, MT2408 seriyalı 11053046 nömrəli xx.xx.2024-cü il tarixli 2008,38 manat, MT2405 seriyalı 10279983 nömrəli xx.xx.2024-cü il tarixli 1019,28 manat məbləğində elektron qaimələrdəki xidmətləri cavabdehə göstərdiyi mübahisələndirilmədiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır.
72. Cavabdeh MMC isə qeyd olunan xidmət haqqını ödəmiş olduğunu sübuta yetirə bilməmişdir:
73. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə düzgün nəticəyə gəlmişdir.
74. İddiaçı ilə bağlanmış müqavilənin etibarlı olmadığı barədə Cavabdeh MMC-nin irəli sürdüyü arqumentlər isə əsaslı hesab oluna bilməz:
75. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 21) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
76. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
77. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsində (§ 22) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
78. Yuxarıda göstərildiyi kimi Cavabdeh MMC iddiaya etirazını “...binaların idarə edilməsi üçün MMMC yaradılmadığından MTK-nın fəaliyyətinin qanunsuz olduğu, çoxmənzilli binanı idarə etməklə bağlı fəaliyyəti qanunsuz hesab edilən hüquqi subyektinin (MTK) ilkin iddiaçı ilə bağladığı idarəetmə müqaviləsinin öz-özlüyündə əhəmiyyətsiz olmaqla hüquqi nəticələr (çoxmənzilli binanın idarə edilməsi hüququnun verilməsi) yarada bilməyəcəyi, beləliklə də ilkin iddiaçının onunla çoxmənzilli binanın ümumi mülkiyyətinin müqəddəratı ilə bağlı bağladığı qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin əhəmiyyətsiz olması” arqumentləri ilə əsaslandırmışdır.
79. Bununla bağlı kollegiya qeyd edir ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar (§ 42 - 45).
80. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmiş, onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur.
81. Hazırkı iş üzrə, "xxxx" MTK-nın inşa etdiyi binaların sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
82. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binaları inşa etmiş "xxxx" MTK binaların idarəçiliyini məhz iddiaçıya həvalə etmişdir və binalarda idarəçiliyin faktiki olaraq iddiaçı tərəfindən həyata keçirildiyi, binaların sakinlərinin onun xidmətlərindən yararlanmaları işin mübahisəsiz halıdır. Bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binanın idarəçiliyini məhz iddiaçıya tapşırmışlar.
83. Qeyd olunmalıdır ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§ 28).
84. Cavabdeh MMC də məhz iddiaçı ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış və uzun müddət bu münasibətlər davam etmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsas verir ki, "Uninet” MMC müqavilə üzrə kontragent kimi iddiaçını tanımış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır.
85. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
86. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2672/2025 saylı iş üzrə 03 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov