Məhkəmə qərarları › İş №2-2(103)-973/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-973/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-973/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2233/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (icraçı qismində) ilə Cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin 1-ci və 2-ci hissələrindən görünür ki, “Sifarişçi” müqavilənin şərtlərində qeyd olunan xidmətlərin “İcraçı” tərəfindən göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür (1.1). “İcraçı” tərəfindən “Sifarişçi”nin sifarişinə uyğun şəkildə 9 ədəd akvariumun hazırlanması, “Sifarişçi”nin göstərdiyi yerə çatdırılması və quraşdırılması, “Sifarişçi”nin istifadəsinə verilməsi, akvariumun fəaliyyəti üçün zəruri avadanlıqların ilkin təmin olunması (2.1). “İcraçı” tərəfindən “Sifarişçi”nin seçdiyi paketə uyğun, faunanın ilkin olaraq akvariumda yerləşdirilməsi (2.2). Ayda iki dəfə olmaqla, əvvəlcədən tərəflər arasında razılaşdırılmış qrafikə uyğun “İcraçı” tərəfindən akvariumun zəruri servis (qulluq) xidmətinin göstərilməsi (2.3). Akvariumun, akvariumda quraşdırılmış avadanlıqların zəruri texniki şərtlərə uyğun olmadan istismarı, kənar müdaxilə və s. səbəblər nəticəsində xarab olması, sınması, sıradan çıxması, akvariumda yerləşdirilmiş faunanın göstərilən akvarium servis xidmətləri aralığında normal həyat şəraitinin təmin edilməməsi nəticəsində məhv olmasına görə “İcraçı” məsuliyyət daşımır (2.4). Müqavilənin 2.4-cü bəndində göstərilən hallar baş verdiyi təqdirdə nəticələrinin aradan qaldırılması “Sifarişçi”nin hesabına həyata keçirilir (2.5). Razılaşdırılmış qrafikdən kənar “İcraçı” tərəfindən servis xidmətinin göstərilməsi bu müqavilə ilə müəyyənləşdirilmir (2.6). Quraşdırılmış akvarium və zəruri avadanlıq üzərində mülkiyyət hüququ “İcraçı”ya məxsusdur. Göstərilən mülkiyyətə yetirilmiş zərərə görə məsuliyyət “Sifarişçi”nin üzərində müəyyənləşdirilir, dəymiş zərər mövcud qanunvericiliyə uyğun tələb oluna bilər (2.7). Müqavilənin qüvvədə olma müddətində “İcraçı”nın “Sifarişçi”nin istifadəsinə verdiyi mülkiyyəti üzərində sərəncam hüququ məhdudlaşır (2.8)

2. Həmin müqavilənin 3-cü, 5-ci və 7-ci hissəsinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (3.1). “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır (3.2). Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan ödəniş qəbzi və ya elektron qaimədə qeyd edilir (5.1). Hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir (5.2). Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq (5.3). Xidmət haqqı hər ayın sonuncu servis günündə ödəniləcək (5.4). Müqavilə üzrə xidmət haqqı hər aya 1200 manat dəyərində razılaşdırılır (6.1). Bu müqavilədə nəzərdə tutulan xidmətin müddəti ən az 4 il müddətinə müəyyənləşdirilir, müqaviləyə “Sifarişçi” tərəfindən göstərilən müddətdən tez xitam verildikdə qalan ayların xidmət haqları “İcraçı”ya ödənilir. (7.2)

Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdehə verilmiş 9 ədəd akvariumun geri qaytarılması, 45600 manat xidmət haqqının və ödənilmiş 226,8 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 9 ədəd akvariumun hazırlanması, cavabdehin göstərdiyi yerə çatdırılması və quraşdırılması, cavabdehin istifadəsinə verilməsi, akvariumun fəaliyyəti üçün zəruri avadanlıqların ilkin təminatını icra etmiş və 7 ay ərzində xidmət göstərmişdir. Cavabdeh müqavilənin 6.1-ci bəndinə əsasən hər ay iddiaçıya 1200 manat məbləğində xidmət haqqı ödəməli idi. Lakin cavabdeh 7 ayın xidmət haqqını ödəməmiş və akvariumları da geri qaytarmamışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən onun müddəti 4 ildir. Ona vaxtından əvvəl xitam verildikdə belə qalan ayların xidmət haqqı iddiaçıya ödənilməlidir. Bununla belə, iddiaçı akvariumların geri qaytarılması ilə yanaşı, yalnız iddianın verilməsinədək (38 ay üzrə) hesablanmış xidmət haqqının, yəni 45600 manatın (həmçinin əldən çıxmış fayda qismində) ödənilməsini tələb edir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2233/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xidmətlərin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli 6 nömrəli müqavilə bağlanmış, cavabdeh müqavilənin şərtlərində qeyd olunan xidmətlərin iddiaçı tərəfindən göstərilməsini sifariş verib sonuncuya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə xidmət və əvəzsiz istifadə elementlərini özündə birləşdirən müqavilədir. Belə ki, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatından, xidmət müqaviləsindən və şahid ifadələrindən ibarətdir. Məhkəmə nəzərə almışdır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Məhkəmə həmçinin vurğulamışdır ki, iş üzrə iddianın təmin olunması üçün sübutların kifayətliliyi və mümkünlüyü də nəzərə alınmalıdır. Bu mənada müqavilə tərəflərinin hər ikisi kommersiya subyektidir və hər iki şəxs mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, əşyanın verilməsi, xidmətlərin göstərilməsi və ödənişlərin edilməsinin qeyri-rəsmi, sənədləşmə olmadan aparılması da ağlabatan deyildir. Həmçinin iddiaçı bir tərəfdən qarşılıqlı etimad münasibətinə istinad etmiş, digər tərəfdən isə xidmət müqaviləsi üzrə heç bir ödəniş edilmədiyini bildirmişdir. Belə olan halda, sahibkarlıq fəaliyyəti subyektləri arasında öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmələrindən doğan qarşılıqlı etimadın hazırkı halda formalaşmasına istinad da əsassız olmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən qeyd etmişdir ki, “işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir”. Digər tərəfdən isə qətnamədə vurğulanır ki, “məhkəmə iclasında şahid kimi dindirilən X4 və X3 iddiaçının işçiləri və ya xidmətlərindən istifadə etdiyi şəxslər deyil, iddiaçının qanuni təmsilçisi X2 dostları olmuş, məhkəməyə ifadələrində Cavabdeh obyektlərində akvariumlara xidmət göstərilməsini bildirsələr də, həmin akvariumların məhz xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə verilən akvariumlar olduğu, ümumiyyətlə, qeyd edilən müqavilə üzrə kimə, hansı sayda akvariumun təhvil verildiyi, xidmətlərin göstərilməsinin dövrü və s. barədə mötəbər məlumatlar verməmişdirlər. Əksinə, şahidlərdən X4 iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatın əksinə ifadə verərək, hər ay üçün 300-500 manat ödənişlərin edildiyini göstərmişdir”. Şahidlər maraqlı şəxs olsaydılar, başqa cür ifadə verərdilər. Amma onlar hər bir halda iddiaçı ilə cavabdeh arasındakı münasibətlərə dair faktları bildirmişlər. İddianın əsası olan dəymiş ziyanın cavabdeh tərəfindən vurulması və miqdarı ümumiyyətlə məhkəmədə sübut edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəmədə verdiyi izahatında 9 ədəd akvariumunun təhvil verilmə və iddiaçı tərəfindən 5 ay ərzində akvariumlara xidmət göstərilməsi faktlarını təsdiq etmiş, xidmətlərə görə hər ay 500-600 manat məbləğində ödəniş etdiyini bildirmiş və akvariumların geri qaytarılacağına dair vədlə vermişdir.

Tətbiq edilən hüquq

10. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər -390.4-ci maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 732-ci maddəsinə görə əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. -736.1-ci maddəsinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 9 ədəd akvarium, 6000 manat məbləğində xidmət haqqı və dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.

15. Belə ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehə 9 ədəd akvarium əvəzsiz istifadəyə verdiyini və həmin akvariumlara xidmət göstərdiyini, lakin cavabdeh 40 aylıq müddət üçün xidmət haqqını ödəmədiyini əsas göstərərək 9 ədəd akvariumun geri qaytarılması, 45600 manat xidmət haqqının ödənilməsini tələb edir.

16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlandırılsa da, xidmət və əvəzsiz istifadə müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, həmin müqavilədən irəli gələn münasibətlərə müvafiq hissələrdə əvəzsiz istifadə müqaviləsini və analogiya üzrə xidmət müqaviləsi ilə oxşar olan podrat müqaviləsini tənzimlənən normalar tətbiq edilməlidir.

17. Odur ki, akvariumun geri qaytarılması hissəsində iddianın qanuni əsasını Mülki Məcəllənin 736-cı maddəsi, xidmət haqqının ödənilməsi hissəsində isə həmin məcəllənin 752.1-ci maddəsi təşkil edir.

18. Kollegiya qeyd edir ki, iddiaçı 9 ədəd akvariumu cavabdehin əvəzsiz istifadəsinə verməsini və həmin akvariumlara xidmət göstərməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaçı tərəfindən ona 9 ədəd akvariumun təqdim edilməsi və 5 ay ərzində iddiaçının akvariumlara xidmət göstərməsi faktlarını etiraf etmişdir. Odur ki, MPM-in 106.3-cü maddəsinin tələbləri baxımından iddiaçı həmin faktları sübut etmə vəzifəsindən azad edilir.

19. Cavabdehin izahatında istinad etdiyi hər ay 500-600 manat pul ödəməsi barədə dəlillərinə gəldikdə qeyd edilməlidir ki, cavabdehin iddiaya etirazının əsası kimi çıxış edən həmin halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı 5 aylıq müddət üçün 6000 manat 1200x5ay) məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

20. Həmçinin o da nəzərə alınmalıdır ki, hər iki tərəf iddiaçı tərəfindən akvariumlara bir neçə ay ərzində xidmət göstərilməsini, bundan sonra tərəflər arasında münasibətlərin kəsilməsini, yəni tərəflər arasında bağlanmış müqavilə üzrə münasibətlərə faktiki olaraq bir neçə il əvvəl xitam verilməsini təsdiqləmişdir. Bununla yanaşı müqavilənin müddəti də 06 sentyabr 2024-cü il tarixdə başa çatmışdır. Beləliklə, akvariumların əvəzsiz istifadəyə verilməsi üçün əsas olmuş müqaviləyə xitam verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, akvariumların qaytarılması hissəsində də iddia əsaslıdır.

3. Müqavilənin 7.2-ci bəndinə əsasən müqaviləyə sifarişçi tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilərsə, qalan ayların xidmət haqlarının sifarişçi tərəfindən icraçıya ödənilməli olması barədə iddiaçının dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırkı halda iş materiallara əsasən müqavilənin məhz sifarişçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilməsi müəyyən edilmir. Odur ki, iddiaçı həmin bəndə əsaslanaraq göstərilməmiş xidmətlərin haqqını tələb etməkdə haqlı deyil.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 9 ədəd akvarium, 6000 manat məbləğində xidmət haqqı və dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.

22. Məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 16 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2233/2024 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 9 ədəd akvarium alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdeh 6000 manat məbləğində xidmət haqqı və dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun 16 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar