Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-989/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: bank hesabı müqaviləsi, internet banking vasitəsilə onlayn köçürmə tapşırığı, beynəlxalq pul köçürməsi, ödəmə tapşırığının lazımınca icra edilməməsi, beynəlxalq pul köçürmələrində öhdəliyin icra olunma anı) hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-1524/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli cari hesab müqaviləsi imzalanmışdır.
2. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank "Müştəriyə" Hesab açmağı, Hesaba daxil olan pul vəsaitini qəbul etməyi və Hesaba salmağı, Hesabdan müvafiq məbləglərin köçürülməsinə № verilməsinə. Hesab üzrə digər əməliyyatiann aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
3. Müqavilənin 3.1.3-cü bəndinə əsasən Bank pul vəsaitini Müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə də üçüncü şəxslərə verməyi, qanunla müəyyən dunmuş hallar istisna olmaqla, öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 6000 USD məbləğində vəsaitin "CLEANTECH" LTD-nin hesabına köçürülməsinə dair müraciəti Bank tərəfindən xx.xx.2022-ci tarixində icra edilmişdir. 6 000 USD məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbi ilə və X4 X8 Ofisinin (OFAC) qaydalarma uyğun olaraq köçürmənin həyata keçirildiyi müxbir bank olan Deutsche Bank TCA tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirilmişdir.
5. Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən 11 saylı vəkil bürosunun hesabına 1200 manat köçürülmüşdür.
6. Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xarici valyutada köçürmə orderi ilə təsdiq edilir ki, ”Top Trade” MMC tərəfindən "xxxx" LTD Şirkətinə 6000 ABŞ dolları məbləğində pulun kpçürülməsi ilə bağlı tapşırıq verilmişdir.
7. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubuna əsasən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir. Eyni zamanda Qanunun 27.4-cü maddəsinə əsasən ödəyicinin ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla ödəniş sərəncamını yerinə yetirməkdən imtina edə bilməz. Bununla əlaqədar qeyd edirik ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa görə ödəniş xidməti təchizatçıları, o cümlədən banklar müvafiq sahə üzrə öhdəlik daşıyan şəxslər qismində şübhəli və risk daşıyan digər əməliyyatları dayandırmalı və qanunda nəzərdə tutulmuş digər tədbirləri görməlidir. Həmçinin bildiririk ki, banklar ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamlarını icra edərkən özlərinin müxbir münasibətlərdə olduqları maliyyə institutlarının xidmətlərindən istifadə edirlər və ödəniş xidməti istifadəçiləri müxbir bankların seçim hüququna malik deyillər. Azərbaycan Respublikası Mərkəzi X9 20 dekabr 2023-cü il tarixli 62/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair məlumatlarda vəsait alanın adı və digər məlumatlar qeyd olunsa da, onların riskli olubolmaması barədə məlumatların sistemə ötürülməsi nəzərdə tutulmur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 6110 (altı min yüz on) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının hazırda müəyyən etdiyi manat məzənnəsi ilə) məbləği – 10387 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1200 manat məbləğində xərcin və dövlət rüsumu kimi ödənilmiş 122 (yüz iyirmi iki) manat, ümumilikdə 11709 (on bir min yeddi yüz doqquz) manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “CLEANTECH” LTD arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01 №-li Çatdırılma müqaviləsinə və təqdim olunan hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin Cavabdeh QSC-də olan bank hesabından 6000 (altı min) USD məbləğində vəsait “CLEANTECH” LTD-nin hesabına (JSC TERABANK) ödənilməsi üçün ödəniş tapşırığı verilmişdir. xx.xx.2023-cü il tarixdə əldə olunan SWİFT-ə əsasən vəsait bank hesabından çıxmışdır. Lakin sonradan məlum olmuşdur ki, vəsait “CLEANTECH” LTD-nin bank hesabına köçməmişdir. Buna səbəb Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbi ilə və X4 X8 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürmənin həyata keçirildiyi müxbir bank olan Deutsche Bank TCA tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləşdirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən beynəlxalq köçürməyə görə 110 ABŞ dolları məbləğində komissiya haqqı tutulmuşdur. Dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər ilə ödənişin tələb edilməsinə və cavabdeh tərəfdən borcun etiraf olunmasına baxmayaraq, iddiaçıya ödənilməli olan məbləğ ödənilməmiş olaraq qalmaqdadır. "xxxx" QSC və İddiaçı arasında imzalanmış 29 aprel 2021-ci il tarixli X11 əsasən bankın təklif etdiyi bank əməliyyatlarını müvafiq qanunlara, təlimatlara və bank praktikasına uyğun olaraq Hesab üzrə aparmağı öhdəsinə götürür. Həmçinin Bank hesabda olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə həmin pul vəsaitindən istifadə etmək hüququna malikdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 5.3-cü maddəsinə əsasən Ödəniş təşkilatı və elektron pul təşkilatı (ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti istisna olmaqla) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X9 “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə № 12/3, “13” mart 2024-cü il tarixli Qərarının 1.4-cü bəndinə əsasən ödəniş xidməti təchizatçısı (bundan sonratəchizatçı) tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqına” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.
10. Cavabdeh iddia ərizəsinə etiraz edərək, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "CLEANTECH" LTD arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01 №-li Çatdırılma müqaviləsinə və təqdim olunan hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdə İddiaçının "xxxx" QSC-də olan bank hesabından 6000 (altı min) USD məbləğində vəsait "CLEANTECH" LTD-nin hesabına ödənilməsi üçün ödəniş tapşırığı verilmişdir. Lakin 6000 USD məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasma münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbilə və X4 X8 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürülmənin həyata keçirildiyi müxbir bank olan X12 Company Americas tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirilmişdir. Əməliyyatın nəticəsi barədə məlumat əldə etmək məqsədilə Cavabdeh tərəfindən müxtəlif tarixlərdə ərizə ilə OFAC-a müraciət edilsə də, OFAC tərəfindən köçürmənin statusu barədə məlumat verilməmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini, cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1524/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 6000 (altı min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının hazırda müəyyən etdiyi manat məzənnəsi ilə) hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddia rədd edilməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
14.1. Tərəflər arasında bank hesab müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanan 6000 ABŞ dolları məbləğinin "xxxx" hüquqi şəxsinə köçürülməsi üzrə ödəniş tapşırığının verilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı "xxxx" Şirkətinin hesabına köçürülməyən, eləcə də iddiaçıya qaytarılmayan 6000 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən ona qaytarılmalı olduğunu, cavabdeh isə tapşırığı icra etdiyindən həmin məbləğin ondan tələb edilməli olmadığını bildirmişdir. 14.2. Cavabdeh QSC 6 000 USD məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbi ilə və X4 X8 Ofisinin (OFAC) qaydalarma uyğun olaraq köçürmənin həyata keçirildiyi müxbir bank olan Deutsche Bank TCA tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirdirildiyini qeyd etmişdir. Cavabdeh bu halı fors-major hal adlandıraraq, öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirdiyini qeyd etmiş və mövcud vəziyyətin onların iradəsindən asılı olmadan yarandığını bildirmişdir. 14.3. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, nəticədə iddiaçı məhrumiyyətə məruz qalmışdır, belə ki, ona məxsus olmuş 6000 ABŞ dolları məbləğində pul vəsaiti təyinatı üzrə çatdırılmamış və iddiaçıya geri qaytarılmamışdır və məhkəmənin qənaətinə əsasən iddiaçı hazırkı tələbi cavabdehə qarşı irəli sürməkdə haqlı sayılmalıdır. 14.4. Məhkəmənin qənaətinə əsasən üzərindən 3 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını lazımınca yerinə yetirməmişdir. Belə ki, 6000 ABŞ dolları məbləğinin “Cleantech LTD hüquqi şəxsinə köçürülməsi təmin edilməmiş, eyni zamanda pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır. 14.5. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.3-cü maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 14.6. Cavabdeh etiraz ərizəsində xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasma münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbilə və X4 X8 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürülmənin həyata keçirildiyi müxbir bank olan X12 Company Americas tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirildiyini qeyd etmişdir. 14.7. İlk növbədə qeyd olunmalıdır ki, həmin halla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən istənilən halda həmin halın mövcudluğu fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. 14.8. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 6000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. 14.9. Məhkəmə 110 ABŞ dolları məbləğinin cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmir. Həmin tələbə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. 14.10.İddiaçı vəkil xidmətinə xərclənmiş 1200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. 14.11.Məhkəmə hesab edir ki, hüquqi yardım xərci ağlabatan məbləğdə müəyyən edilməli, cavabdehdən 200 manat hüquqi yardım xərci tutularaq iddiaçıya ödənilməlidir. 14.12.Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir..
15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 4.1, 6.1.8, 385.1, 386.1, 973.1, 975.1, 975.2, 976.1, 976.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1524/2025 nömrəli qətnaməsindən Cavabdeh QSC apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə Bankın iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ARMM-nin 968-ci maddəsinə əsasən, müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Aydın olduğu kimi, qanunvericilik bank tərəfindən müştərilərin ödəniş sərəncamının yerinə yetirilməsindən əsassız şəkildə imtina edilməsini qadağan edir. Bu halda, müştəri tərəfindən pul vəsaitinin köçürülməsi ilə bağlı ödəniş sərəncamı banka verildiyi andan etibarən bank ödəniş sərəncamının mövcud qanunvericiliyə uyğun olduğunu yoxlamalı, qanunvericiliyə uyğun qaydada tərtib edildiyini aşkar etdikdən sonra isə ödəniş sərəncamını icraya qəbul etməlidir. Bənzər qaydada, İddiaçı tərəfindən 21 fevral 2022-ci il tarixində Cavabdehə təqdim edilmiş ödəniş sərəncamı qanunvericiliyə uyğun qaydada təqdim edildiyindən Cavabdeh sərəncamı qəbul etmiş və lazımi qaydada icra etmişdir. Nəticə etibarilə, heç bir halda Cavabdehin İddiaçının 21 fevral 2022-ci il tarixli ödəniş sərəncamını icra etməmə səlahiyyəti mövcud olmamışdır. Bu halda, Cavabdeh tərəfindən lazımi qaydada icra edilən və ondan asılı olmayan səbəblərdən dayandırılan ödəniş əməliyyatına görə Cavabdehin hansı səbəblə ödəniş əməliyyatının məbləği miqdarında məsuliyyət daşıması sual doğurur. Maddədə qeyd olunur ki, tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə məhkəmə məsuliyyəti həmin bankın üzərinə qoya bilər. Məhkəmənin lazımi yetərlilikdə qiymətləndirmədiyi məsələlərdən biri də məhz cəlb edilən müxbir banklara görə əsas bankın məsuliyyət daşımamalı olduğudur. Belə ki, cəlb edilən müxbir banklar müstəqil hüquqi şəxs və maliyyə institutu olmaqla, öz fəaliyyətlərinə görə də müstəqil qaydada məsuliyyət daşıyırlar. Nəzərə alaraq ki, xüsusilə də beynəlxalq səviyyədə və xarici valyutada ödənişlərin həyata keçirilməsi təkbaşına yerli banklar tərəfindən həyata keçirilə bilməz, yerli banklar tərəfindən bu tipli ödənişlərə xarici müxbir bankların cəlb edilməsi qaçılmazdır. Beynəlxalq səviyyəli ödənişlərə görə cəlb edilən hər bir müxbir bank isə tabe olduğu qanunvericilik əsasında müvafiq ödənişləri icra edir. Bənzər qaydada, hazırda mübahisə predmetini təşkil edən ödənişin icrası zamanı müxbir bank kimi cəlb edilən “X12 Company Americas” da X2vericiliyinə uyğun qaydada ödənişin icrasını dayandırmış və tabe olduğu qanunvericiliklə tələb olunan zəruri addımları atmışdır. Bu situasiyada Cavabdeh QSC-nin başqa ölkənin qanunvericiliyi əsasında fəaliyyət göstərən müxbir bankın hərəkətlərinə görə məsuliyyət daşıması hüquqi aspektdən ağlabatan deyil. Məhz bu məqsədlə də, hazırki qanunvericiliyin ödənişin icrasına cəlb olunan müxbir bankların öz hərəkətlərinə görə müstəqil məsuliyyət daşıdığını ehtiva etdiyi qənaətindəyik. Mülki Məcəllənin qeyd olunan maddəsinin də əhəmiyyəti ondan ibarətdir ki, ödənişin icrasına cəlb olunan banklar öz hərəkətlərinə görə müstəqil surətdə məsuliyyət daşısınlar, çünki bu halda əsas bankın (Cavabdeh QSC) ödənişin icra edilməməsində heç bir təqsiri (qəsd və ya ehtiyatsızlıq) mövcud olmur. Bu da dolayı yolla bizi ilkin nəticəyə - pul vəsaitinin müvafiq qaydada İddiaçının bank hesabından köçürüldüyü (hesabından çıxdığı) andan Cavabdehin müvafiq öhdəliyinin başa çatdığına yönləndirir. Sözügedən maddəyə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Maddədən də aydın olduğu üzrə Cavabdeh yalnız İddiaçının sərəncamı əsasında müvafiq məbləğdə pul vəsaitini İddiaçının hesabından köçürməyi öhdəsinə götürür. Bu məqamda pul vəsaiti İddiaçının hesabından çıxdığı andan etibarən Cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra etmiş hesab edilməlidir. Nəzərə alaraq ki, köçürülən pul vəsaiti İddiaçının Cavabdeh QSC-də yerləşən bank hesabından çıxdığı andan etibarən Cavabdeh QSC-nin həmin pul vəsaiti üzərində olan nəzarəti başa çatır, qanunvericilikdəki “müvafiq məbləğlərin köçürülməsi” anlayışı da məhz pul vəsaitinin hesabdan çıxdığı andan etibarən köçürmə öhdəliyinin başa çatmasını ehtiva edir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində bu məsələni nəzərə almayaraq bank hesabından köçürülən və Cavabdehin nəzarətindən çıxan pul vəsaitinə görə də Cavabdehin məsuliyyət daşıması barədə yanlış nəticəyə gəlmişdir. Müvafiq normaya əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən təqdim olunan sübutları lazımi qaydada qiymətləndirməyərək onların əhəmiyyətini gözardı etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində (qətnamənin 25-ci bəndi) bildirmişdir ki, İddiaçı tərəfindən köçürülən pul vəsaitinin Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbilə və X4 X8 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürülmənin həyata keçirildiyi müxbir bank olan “X12 Company Americas” tərəfindən dayandırılması və əməliyyatın OFAC-a yönləndirilməsi faktı Cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bildiririk ki, Cavabdeh QSC ilə “X12 Company Americas” arasında sözügedən ödəniş əməliyyatına görə həyata keçirilən danışıqlar məhkəməyə təqdim edilmişdir və hər bir yazışmada ödəniş əməliyyatının hansı səbəblə dayandırıldığı açıq-aşkar şəkildə qeyd olunmuşdur. Bundan əlavə hazırda qeyd olunan fakt İddiaçının öz iddia ərizəsində də əksini tapdığından tərəflər sözügedən faktın mövcudluğunu mübahisə etmirlər. Halbuki birinci instansiya məhkəməsi tərəfindən bu halın sübuta yetirilməməsinin iddia edilməsi bir daha məhkəmənin Cavabdeh tərəfindən təqdim olunan sübutları obyektiv və hərtərəfli qiymətləndirmədiyinin göstəricisidir. Cavabdehin öz öhdəliklərini pozması faktı mövcud deyil və Cavabdeh öz öhdəliklərinin icrasını qanunvericiliyə uyğun qaydada həyata keçirmişdir. Lakin istənilən halda hazırki mübahisədə öhdəliyin pozuntusu faktı aşkarlansa belə, Cavabdeh bu pozuntuya görə məsul hesab oluna bilməz, çünki mövcud qanunvericilik öhdəliyin pozuntusuna görə məsuliyyətin əmələ gəlməsi faktını məhz təqsirin mövcudluğundan asılı edir. Belə ki, qeyd olunan normanın mahiyyətinə uyğun olaraq, Cavabdeh pul vəsaitini köçürərkən onun müxbir banklar tərəfindən dayandırılacağını ön görə bilmir və bu hadisələr Cavabdehin iradəsindən kənar şəkildə baş verir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində bu məsələyə toxunmamış, Cavabdehin ödənişin dayandırılması və dondurulmasında təqsirinin olmadığını nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 6.1.8. Pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir.
21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
28. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
29. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
30. Maddə 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər.
31. Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.
32. Maddə 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.
33. Maddə 957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər.
34. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.
35. Maddə 959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
36. Maddə 959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.
37. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.
38. Maddə 973.1. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.
39. Maddə 975.1. Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir.
40. Maddə 975.2. Bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər.
41. Maddə 976.1. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.
42. Maddə 976.2. Tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
56. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
57. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
58. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
59. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin bank hesabı müqaviləsi, habelə ödəniş tapşırığı əsasında hesablaşma ilə bağlı müddəaları təşkil edir – hansı ki, həmin müddəalar, müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın məsuliyyətinin şərtlərini təsbit edir.
60. Bənzər işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, banklara qarşı yönəlmiş bu cür iddiaların əsaslı hesab olunması üçün yalnız “cavabdehin (bankın) iddiaçının (müştərinin) tapşırığını, yəni köçürmə orderini icra edərkən öz öhdəliyini təqsirli şəkildə pozması” halları müəyyən olunduğu təqdirdə bankın üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilər 1.
61. İşin hallarından görünür ki, cavabdeh bank iddiaçı (İddiaçı MMC) tərəfindən ona ünvanlanan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə SWİFT beynəlxalq köçürmə sistemi vasitəsilə 6.000 ABŞ dolları vəsaiti “CLEANTECH” LTD-nin hesabına (JSC TERABANK) köçürmək üçün müvafiq köçürmə əməliyyatını icra etmiş, həmin köçürmə əməliyyatı xx.xx.2022-ci il tarixində tamamlanmışdır.
62. Həmçinin işin hallarından görünür ki, köçürmə müxbir banklar vasitəsilə həyata keçirilmiş və 6.000 USD məbləğində vəsait "xxxx" QSC-dən sonuncu tərəfindən təyin edilmiş müxbir banka köçürülmüş, lakin cavabdehin müxbir bankından benefisiar bankın seçdiyi müxbir banka ( Sberbank of Russia) köçürülmə həyata keçirilə bilməmişdir.
63. Rusiya və Ukrayna arasında genişmiqyaslı hərbi əməliyyatların xx.xx.2022-ci il tarixində başladığı hər kəs tərəfindən bilinən haldır və internet resurslarında olan məlumata görə Rusiya Federasiyasına münasibətdə maliyyə sanksiyaları tətbiq edilmişdir.
64. Beləliklə görünən odur ki, pul vəsaiti xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası “X12 Company Americas” tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirilmişdir. İş materiallarına əlavə edilmiş Lisenziya ərizəsindən görünür ki, cavabdeh bankın əməkdaşları “X12 Company Americas”a bloklanmış vəsaitin buraxılması barədə müraciətlər etmiş və “X12 Company Americas” tərəfindən təqdim edilən sənəddən görünür ki, buna səbəb Rusiya üzərindən həyata keçirilən bank köçürmələrinin Rusiya banklarına tətbiq olunan sanksiyanın təsir dairəsinə düşməsi olmuşdur.
65. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən sənədlər birinci intansiya məhkəməsinə iş məhkəmə baxışına təyin edilənədək təqdim edilmiş, tərcümələri isə apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, sənədin tərcüməsi sənədin məzmununu sübut etmək üçün istifadə olunan etibarlı bir vasitədir, lakin bu artıq mövcud olan faktlara aid olduğu üçün yeni bir maddi sübut növü kimi qəbul edilməməlidir.
66. Göründüyü kimi, hazırkı işdə cavabdehin öz öhdəliklərini pozması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir.
67. Qeyd olunmalıdır ki, “cavabdehin iddiaçı ilə bağladığı bank hesabı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, ödəmə tapşırığını lazımınca icra etməməsi və MM-in 954.1-954.3, 957.1, 957.4, 964.1 və 973-975-ci maddələrinin tələblərini pozaraq, iddiaçının pul vəsaitini onun ödəmə tapşırığında göstərdiyi müvafiq xarici bankdakı hesaba köçürməməsi və ya səhvən ödəmə tapşırığında göstərmədiyi başqa hesaba köçürməsi, yaxud da iddiaçının pul vəsaitini onun həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında köçürməsi hallarına yol verməsi, cavabdehin müvafiq köçürməyə görə mülki məsuliyyətinin yaranması üçün əsas ola bilərdi 2.”
1 Ali Məhkəmə, 2-2(102)-534/2024 (https://sc.supremecourt.gov.az/decision/_534+09.10.2024 2 Ali Məhkəmə, 2-2(102)-534/2024 (https://sc.supremecourt.gov.az/decision/_534+09.10.2024
68. Birinci instansiyada məhkəmə iclasında dindirilən Mərkəzi Bankın mütəxəssisi də bildirmişdir ki, bəzi şübhələr səbəbindən “X12 Company Americas” əməliyyatı OFAC-a ötürmüş və o da vəsaiti bloklamışdır. Həmçinin qeyd etmişdir ki, bank qarşı tərəfin müxbir bankını görə bilmir.
69. Başqa sözlə cavabdeh bank, pul vəsaitinin xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası ilə müxbir bankın hesabına köçürüldüyü andan iddiaçı qarşısında öz öhdəliyini icra etmişdir və bundan sonra baş verən proseslərə görə məsuliyyət daşıması mümkün deyildir.
70. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.
71. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat iddiaçıdan alınıb cavabdehə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1524/2025 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul vəsaitinin və xərclərin ödənilməsi” tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 (altmış bir) manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdən alınıb Cavabdeh Qapalı Səhmdar Cəmiyyətə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.