Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-990/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı ilk, cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-668/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 273.973,68 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanmış 27.09.2018-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçıdan cəmiyyətə borclu olduğu 244.994 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Harley Davidson” markalı 10-B-300 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, iddiaçıya məxsus “Harley Davidson” markalı 10-B-300 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, həbsin götürülməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, çıxarılan qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9-cu maddəsinin pozulması ilə çıxarılmışdır. Belə ki, ərizəyə baxılan zaman cavabdehin iştirakı təmin edilməmiş, bununla da çıxarılan qərardad çəkişmə prinsipinin pozulması ilə çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini MPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; 159.1. İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır; 159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir. Göründüyü kimi, MPM-in 9.2-ci maddəsində nəzərdə tutulan “başqa hal” həmin Məcəllənin 159.1-ci maddəsində təsbit olunmuşdur. Sözügedən hal ondan ibarətdir ki, iddianı təmin etmək haqqında ərizəyə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalıdır və qanunvericinin bu tələbi imperativdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-668/2021 nömrəli iş üzrə 08 iyul 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-990/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-990/2021
23.08.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver