Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-1/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “metal konstruksiyalı hasarın sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsindən iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidmət" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “metal konstruksiyalı hasarın sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km)-stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 4,5 metr məsafədə yerləşən, "xxxx" QSC tərəfindən qeyri-qanuni olaraq avtomobil yolunun mühafizə zolağında uzunluğu 500 metr olan metal konstruksiyalı hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km) stansiya Alabaşlı avtomobil yolunun 2 kilometrində, yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 4,5 metr məsafədə yerləşən Cavabdeh QSC tərəfindən qeyriqanuni olaraq avtomobil yolunun mühafizə zolağında uzunluğu 500 metr olan metal konstruksiyalı hasar ilə hasarlanmış, ümumilikdə 4000 kv.metr zəbt edilmişdir. Şirin Aqro” QSC-yə metal konstruksiyalı hasarın sökülməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Cavabdehə rəsmi qaydada 10 aprel 2019-cu il tarixli, 91/S nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh bu günə qədər metal konstruksiyalı hasarı sökməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-2(115)-12/2020 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia təmin edilməmiş və iş üzrə 100 (yüz) manat ekspertiza xərcinin Azərbaycan Avtomobil X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2020-ci il tarixli, 25861 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km)stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən metal konstruksiyadan çəkilmiş hasar Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km) stansiya Alabaşlı avtomobil yolunun orta oxundan təqribən 8 metr məsafədə yerləşdiyi nəzərə alaraq həmin hasar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, 11 sentyabr 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuş, “Azərbaycan ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydaları”nın 7-ci bəndinə əsasən avtomobil yolun mühafizə zolağına düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli mütəxəssis rəyindən, rəyə əlavə edilmiş plandan və Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/4350 saylı rəyin nəticə hissəsindən görünür ki, Cavabdeh QSC tərəfindən quraşdırılmış metal konstruksiyalı hasarın 406.0 metr hissəsi 'Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” qeydiyyata alınmış ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 8.0228 ha torpaq sahəsində, 100.0 metr hissəsi isə ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 6.7743 ha torpaq sahəsində yerləşir. ********** və ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlardan görünür ki, müvafiq olaraq 8.0228 ha və 6.7743 ha torpaq sahələri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-2(115)-12/2020 saylı qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" MMC apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-2(115)-12/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km) - stansiya Alabaşlı avtomobil yolunun 2 kilometrində, yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 4,5 metr məsafədə yerləşən Cavabdeh QSC tərəfindən qeyriqanuni olaraq avtomobil yolunun mühafizə zolağında uzunluğu 500 metr olan metal konstruksiyalı hasar ilə hasarlanmış, ümumilikdə 4000 kv.metr zəbt edilmişdir. Şirin Aqro” QSC-yə metal konstruksiyalı hasarın sökülməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Cavabdehə rəsmi qaydada 10 aprel 2019-cu il tarixli, 91/S nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh bu günə qədər metal konstruksiyalı hasarı sökməmişdir. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk növbədə bildirirlər ki, məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunur ki, Y-51-06 indeksli yerli əhəmiyyətli R- 50 (5km) - stansiya Alabaşlı avtomobil yolunun 2 kilometrində, yolun sol tərəfində Cavabdeh QSC tərəfindən metal konstruksiyadan çəkilmiş hasar avtomobil yolunun mühafizə zolağına düşür. Lakin məhkəmə iddia tələbi-qeyri müəyyən şəkildə təqdim edildiyini və ərazi anlayışını daha geniş anlayış kimi əsas gətirərək idda tələbini təmin etməmişdir. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmağa çalışmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə mübahisənin mümkün hüquqi həlli ilə bağlı məlumat verilməklə, sökülməsi tələb olunan predmetlə bağlı iddia tələbinə dair bir daha diqqət yetirmək, eyni zamanda ekspert rəyi əsasında ortaya çıxmış yeni halı da nəzərə almaq, həmin məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinə dəyişiklik etmək hüququndan istifadə etməyi diqqətinə çatdırdığını, lakin iddiaçının nümayəndəsinin tələbdə hər hansı dəyişikliyə zərurət olmadığını bildirməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, Cavabdeh QSC-nin nümayəndəsinin məhkəmədə iştirak etmədiyini əsas gətirərək məhkəmə proseslərini süni şəkildə uzadılmış və idda tələbinə dəyişiklik etmək zərurəti barədə heç bir fikir söylənilməmiş, sonda xx.xx.2020-ci il tarixdə e-2-2(115)-12/2020 nömrəli qərəzli məhkəmə qətnaməsini qəbul etmişdir. Həmçinin məhkəmə qətnamə qəbul edərkən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə də qərəzli olaraq yanaşmışdır. Əks halda Azərbaycan Avtomobil X3 “X2 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının qismən təmin edilməsi barədə qətnamə qəbul etməli idi. Çünki qeyd olunan ekspert rəyinin nəticə hissəsində Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km) stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən metal konstruksiyadan çəkilmiş hasar Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km) stansiya Alabaşlı avtomobil yolunun orta oxundan təqribən 8 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin hasar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, 11 sentyabr 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydaları”nın 7-ci bəndinə əsasən avtomobil yolunun mühafizə zolağına düşməsi qeyd olunmuşdur. Digər tərəfdən məhkəmə mübahisə predmetinə aid ərazinin yaşayış məntəqələrinin hüdudlarından kənarda olması barədə sübut təqdim edilməməsi ilə əsaslandırılmışdır. Bununla da məhkəmənin gəldiyi nəticə ilə maddi və prosessual hüquq normaları pozulmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidmət" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil İnqilab oğlu bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə metal torun cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində çəkildiyi müəyyən olunmuşdur. Buna görə də apellyasiya şikayəti əsassız hesab edilərək, rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Maddə 15-1. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsindən iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, brinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də gəldiyi nəticənin əsasları düzgün olmamış, buna müvafiq olaraq da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi qeyri-müəyyən şəkildə təqdim edilimişdir. Xüsusən, iddia tələbində göstərilən “4.000 kv.metr zəbt edilmiş ərazini cavabdehin vəsaiti hesabına sökülməsi” ifadəsinin özündə ehtiva etdiyi mənaya görə avtomobil yolunun mühafizə zolağında olan hər hansı tikili və ya konstruksiyanın deyil, ərazinin sökülməsi qeyd edilmişdir. “Ərazi” anlayışı daha geniş anlayış olub, öz-özlüyündə yerin səthi, torpaq sahəsi və təbii relyef elemetlərini birləşdirir. Bu cür təqdimetmə tələbin mövcudluğunu istisna edir. Hər bir halda hasarın sökülməsi tələbdə göstərilməmişdir. Ekspert rəyində çəkilmiş hasarın yerləşdiyi yer müəyyən olunmuşdur. Lakin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə aid torpaq sahələri ilə, avtomobil yolunun mühafizə sahəsinə aid torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halı yoxlamamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbində bir qədər texniki qüsur olsa da onun tələbi aydın olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbinin adını qeyd etməklə, iddiasını “yerli əhəmiyyətli avtomobil yolunda qanunsuz metal konstruksiyalı hasarın sökülməsi və yolun mühafizə zolağından kənarlaşdırılması” kimi adlandırmışdır ki, buradan da iddiaçının tələbinin metal konstruksiyalı hasarın cavabdehin vəsaiti hesabına sökülməsi olması aydın olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi qətnamə istisna olmaqla, digər sənədlərində (məhkəmə iclas protokolunda, qərardadlarında) iddiaçının tələbi yolun mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi kimi qeyd olunmuşdur ki, qeyd olunan hal da tələbin birinci instansiya məhkəməsi üçün aydın olmasını təsdiq etmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsində iddiaçı tələbindəki texniki qüsuru aradan qaldıraraq, tələbini daha aydın göstərmişdir. Bundan başqa birinci instansiya məhkəməsi ekspert rəyində çəkilmiş hasarın yerləşdiyi yerin müəyyən olunduğunu, lakin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə aid torpaq sahələri ilə avtomobil yolunun mühafizə sahəsinə aid torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halının yoxlanılmadığını qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında buna dair müvafqi sual da qoyulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsasllara iddianı təmin etməməsi düzgün olmamışdır. Məhkəmə kollegiyasının iclasında isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli mütəxəssis rəyi, həmin rəyə əlavə edilmiş planla və Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/4350 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh QSC tərəfindən quraşdırılmış metal konstruksiyalı hasarın 406.0 metr hissəsi 'Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” qeydiyyata alınmış ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 8.0228 ha torpaq sahəsində, 100.0 metr hissəsi isə ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 6.7743 ha torpaq sahəsində yerləşir. Beləliklə, iddiaçının sökülməsini tələb etdiyi metal hasar cavabdehin öz mülkiyyətində yerləşən torpaq sahəsində yerləşir ki, bununla da iddiaçının istinad etdiyi yolun mühafizə zolağının bir hissəsinin də iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşməsi müəyyən edilmişdir ki, mülkiyyət hüququnun müdafiəsi baxımından iddiaçının iddiası əsassız hesab olunmuşdur. İddiaçının iddiası yalnız cavabdehin mülkiyyətində olan və avtomobil yolunun mühafizə zolağına düşən torpaq sahəsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alındığı təqdirdə əsaslı hesab oluna bilərdi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsindən iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsindən iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(115)-12/2020 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı Azərbaycan Avtomobil X3 "X2 Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.