Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-114/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Kursu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-67/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər “X1 Kursu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ZƏFƏR” əmtəə nişanının cavabdeh “X1 Kursu” MMC tərəfindən istifadəsinə qadağa qoyulması, “X1 Kursu” MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş 30000 (otuz min) manat məbləğində maddi zərərin, məhkəməyə müraciət üçün ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün "xxxx" MMC tərəfindən ödənilmiş 1000 manat məbləğində xərcin “X1 Kursu” MMC-dən tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-67/2025 nömrəli qərardadı ilə (hakim R.Qələndərzadə) iddiaçı “X1 Kursu” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "xxxx" MMC-yə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Kursu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmtəə nişanından istifadənin qadağan edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işinin icraatı dayandırılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 31-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: 1) bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; 2) şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; 3) bu Qanunun29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; 4) bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən (əmtəə nişanından istifadə edilmədikdə qeydiyyata xitam verilməsi); 5) coğrafi göstərici qüvvədən düşdükdə; 6) hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; 7) coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Göründüyü kimi, “Zəfər” əmtəə nişanının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Aydın məsələdir ki, cavabdehin bu iddiası sadəcə vaxtı uzatmaq və iddiaçını mümkün qədər süründürmək məqsədi daşıyır. Digər tərəfdən hazırki işə baxılması inzibati icraatda baxılan işin həllindən də asılı deyildir. Belə ki, halhazırda “Zəfər” əmtəə nişanı onlara, yəni "xxxx" MMC-yə məxsusdur və onlar öz hüququnu həyata keçirmək üçün özlərinə məxsus olan əmtəə nişanının cavabdeh tərəfindən istifadəsinə qadağa qoyulmasını istəyir. “X1 Kursu” MMC-nin Gəncə İnzibati Məhkəməsində baxılan iddiasının təmin edilməsi ehtimalı olduqca aşağıdır, çünki qanunvericilik buna icazə vermir, digər tərəfdən isə vurğulayır ki, həmin inzibati mübahisəyə baxılmasının hazırki kommersiya mübahisəsinə heç bir aidiyyəti yoxdur. Aşağıdakı bir neçə suala cavab vermək istərdik: 1) “Zəfər” əmtəə nişanı "xxxx" MMC-yə məxsusdurmu? – Bəli 2) "xxxx"MMC-nin özünə məxsus olan əmtəə nişanından istifadə edilməsinin eyni fəaliyyətlə məşğul olan digər hüquqi şəxsə qadağan edilməsi xahişi ilə məhkəməyə müraciət etməsi qanunvericiliyə əsasən mümkündürmü?–Bəli 3) Gəncə İnzibati Məhkəməsində baxılan inzibati mübahisə "xxxx" MMC-nin hal-hazırda mövcud olan hüququnu həyata keçirməsinə qanunvericiliyə əsasən mane olmalıdırmı? – Xeyr. Gəncə İnzibati Məhkəməsində baxılan işin predmeti tamamilə fərqlidir və iddiaçının bu cür süründürməçilik etmək niyyətinə kömək edilməməlidir. Həmin işə baxılması hal-hazırda "xxxx" MMC-yə məxsus olan əqli mülkiyyət hüququnun həyata keçirilməsinə mane olmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüquqları vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 22-ci maddəsinə əsasən rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir. “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Həmin Qanunun 32-ci maddəsinə əsasən Qanunun 25 və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Hesab edilir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə hazırki işə düzgün tətbiq etməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan mübahisəyə baxılması Gəncə İnzibati Məhkəməsinin icraatında olan işin həllindən asılı deyildir. Bu səbəbdən də iş üzrə icraatın dayandırılması barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli e-2-2(115)-67/2025 nömrəli qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-67/2025 nömrəli qərardadı ilə qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli e-2- 2(115)-67/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-67/2025 nömrəli qərardadı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2-1(120)-2494/2025 nömrəli qərardadına əsasən iddiaçı “X1 Kursu” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "xxxx" MMC-yə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Şirvan İnzibati Məhkəməsindən göndərilmiş 2-1(120)-2494/2025 nömrəli inzibati iş 2-1(114)-3506/2025 nömrə ilə Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Birinci instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı “X1 Kursu” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "xxxx" MMC-yə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi” barədə iddia tələbinə Gəncə İnzibati Məhkəməsində baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmalıdır. Göründüyü kimi iddiaçı “X1 Kursu” cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "xxxx" MMC-yə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi”ni tələb ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Hal-hazırda iş Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Hazırki iş üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh “X1 Kursu”na qarşı iddia tələbinin əsasını Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli Şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanından cavabdehin istifadəsinin qadağan olunması təşkil edir. Yəni "xxxx" MMC məhkəmədən ona Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli Şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanından cavabdehin istifadəsinin qadağan olunmasını tələb edir. “X1 Kursu” isə cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq "xxxx" MMC-yə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016 1336 nömrəli şəhadətnamə əsasında verilmiş “Zəfər” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi”ni tələb edir. Göründüyü kimi “X1 Kursu” Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Zəfər” əmtəə nişanın qeydiyyatı ilə bağlı "xxxx" MMC-yə verilmiş 2016 1336 nömrəli Şəhadətnaməni mübahisələndirir. İddiaçı "xxxx" MMC isə həmin Şəhadətnamə əsasında ona verilmiş “Zəfər” əmtəə nişanından cavabdeh “X1 Kursu”nun istifadəsinin qadağan olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin kommersiya işinin icraatının dayandırılmasına dair qərardadı əsaslıdır. Belə ki, hazırki işin nəticəsi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələbinin nəticəsindən asılır. İnzibati məhkəmə icraatı qaydasında baxılan ehtimalən uğurlu nəticələnəcəyi təqdirdə hazırki işin hüquqi əsası aradan qalxmış olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1 və 254.1.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddələrinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı və qanunidir, ləğv olunması üçün əsas yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-67/2025 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-67/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-114/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-114/2025
07.05.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver