Məhkəmə qərarları › İş №2-2(104)-120/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-120/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-120/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh barəsində pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2311/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2311/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh 01 iyun 2019-cu il tarixli 03/00023915 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 (üç min) manat borc və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 3060 (üç min altmış) manatın tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmidir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh barəsində pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2311/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərar alınmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 1 iyun tarixli 03/00023915 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 000 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi 3060,00 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 03/00023915 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000 manat öhdəlikdən 3 000 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hal-hazırda 3 000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş İddiaçı ASC-nin Bərdə regional nümayəndəliyinin Tərtər rayon bölməsinin müdiri X2 Cavabdeh tanıdığını, lakin sonuncunun 2019-cu il 1 iyun tarixli lizinq müqaviləsi əsasında lizinqə götürdüyü kombayna görə ona hər hansı məbləğdə pul ödəmədiyini, müqavilə üzrə pulun isə müqavilədə nəzərdə tutulmuş hesaba ödənilməli olduğunu bildirdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Qətnamədə yazılıb qeyd edilənlər hamısı bir tərəfli olaraq iddiaçının maraqlarının təmin edilməsinə dair yazılıbdır. Belə ki, iddiaçının ona qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı məhkəmə prosesinin keçirilməsinə onun çağrılması ilə bağlı heç bir məhkəmə bildirişi göndərilməyib, nə də ki, telefon vasitəsi ilə məlumat verilməyibdir. Özü 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Himayəsində də 1-ci qrup əlil uşağı var. 2019-cu il 01 iyun tarixli 03/00023915 nömrəli icarə müqaviləsi əsasında 1-ədəd Taxılbiçən kombayn texnikasını taxıl biçini başa çatana kimi icarə haqqı 6000 manat olmaqla icarəyə götürmüşdür. Həmin vaxt İddiaçı ASC-nin Bərdə regional nümayəndəliyinin Tərtər rayon bölməsinin müdiri Abbasov Rafiq və mexanik Məhyəddindən icarə pulunun ödənilməsi üçün bank hesab nömrəsini istəsə də verilmədi. İcarə müqaviləsi əsasnaməsinə əsasən texnikaların işlək vəziyyətdə istismara yararlı hala çatdırılmasının xərcləri servis tərəfindən həyata keçirilməsi şərtləri olsa da, həmin texnikaların təmirini servis müştəriləri olaraq onun öz vəsaiti hesabına etdirdilər. Taxıl biçini başlamamışdan 2019-cu ilin may ayında kombayna ehtiyyat hissələri almaq üçün avtomaşınla Aqroservisin müdiri Rafiq müəllim, mexanik Məhyəddin müəllimlə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Məhyəddin müəllimin yanında Rafiq müəllimə əlbə-əl 2200 manat pul vermişdir. 10 iyun 2019-cu il tarixdə Kürdəmir rayonundan taxıl biçinindən qayıdanda, Tərtər rayon Cəmilli kəndində olan Yanacaq doldurma məntəqəsinində (zapravka) Rafiq müəllimin oğlu İrşad Abbasov (ləqəbi Miriş) gələrək 1700 manat icarə pulunu alıbdır. İyun ayının axırlarında da iki dəfə ardıcıl 1000 manat olmaqla 2000 manatıda Rafiq müəllimin özünə vermişdir. Verdiyi icarə pullarını müdiriyyətlə birlikdə kitabçada qeydiyyatını etmişlər. Semişka tumunun biçinindən sonrada Tərtər rayonu Kolanı kəndinin yaxınlığında olan Yanacaq doldurma məntəqəsində yenə də Rafiq müəllimin oğlu İrşad gələrək 800 manat icarə pulunu alıbdır. Ödədiyi icarə pullarının qəbzlərini sezon müddəti başa çatdıqdan sonra da müdiriyyətdən istəsə də min bir bəhanələr edərək vermədilər. Kombayının sezon ərəfəsində mühəriki sıradan çıxmışdı. Onun da təmirini ona etdirdilər. Öz vəsaiti hesabına 2600 manat xərc çəkərək kombaynın mühərikini yığdırmışdır. Taxıl biçini sezon müddəti başa çatdıqdan sonra, 2019-cu il iyul ayının 20-də servisin mexaniki Məhyəddin müəllim təvil-təslim aktı ilə kombayını ondan istismara yararlı, yəni işlək vəziyyətdə qəbul edibdir. 2020-ci il taxıl biçini zamanı İddiaçı ASC-nin Bərdə regional nümayəndəliyinin Tərtər rayon bölməsində texnikaları baha qiymətə icarəyə verdikləri üçün məcbur olub Ağcəbədi rayon İddiaçı ASC-dən sezon müddəti 4500 manat olduğu üçün ordan götürüb işlətmişdir. Əgər 2019-cu ildə Tərtər İddiaçı ASC-dən icarəyə götürdüyü kombaynın icarə pulunu ödəməmişdimsə 3(üç) il ərzində nə üçün ondən tələb etmirdilər. Aradan üç il keçdikdən sonra ondan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC-nin 3000 manat icarə pulunun tələb etməsi məqsədləri nədən ibarətdir. Sezon ərəfəsində icarəyə götürdüyü kombayn texnikasına təmiri ilə birlikdə servisin müdri Rafiq Abbasov ondan 9300 manat pul alıbdır. Əgər məhkəmə onun məhkəmə prosesində iştirak etməyini təmin edərdisə ödədiyi icarə pullarını ASC-nin nümayəndəsinə sübut edərdi. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edib, birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 03/00023915 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Sampo Rosenlew” SR-2045 markalı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən istifadəçi texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Müqavilədə iddiaçının bank hesabı göstərilmişdir. İş materiallarında olan texnika lizinqə götürənə verilərkən tərtib edilən xx.xx.2019-cu il tarixli 03/00023915 nömrəli aktdan görünür ki, texnika saz vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 03/00023915 nömrəli operativ lizinq müqaviləsi üzrə 3000 manat borcu vardır. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borclu yaranmış borcla bağlı xəbərdar edilmişdir. Bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu aylıq ödəniş bu müqavilənin 1.4-cü bəndindəki həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, , İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 03/00023915 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000 manat öhdəlikdən 3 000 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hal-hazırda 3 000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh apellyasiya şikayətində lizinq borcunu İddiaçı ASC-nin Bərdə regional nümayəndəliyinin Tərtər rayon bölməsinin müdiri X1 ödədiyini bildirmiş olsa da, məhkəmə kollegiyasının iclasında dindirilmiş X2 cavabdeh tərəfindən lizinq müqaviləsi ilə bağlı ona hansısa məbləğdə pul verilmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirib müqavilədə nəzərdə tutulan kənd təsərrüfatı texnikasını saz vəziyyətdə cavabdehə təhvil vermiş olsa da, cavabdeh müqavilə öhdəliklərinə lazımi qaydada əməl etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən biri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işə birinci instansiya məhkjıəmısi sadələşdirilmiş icraat qaydasında baxıdığından onun iştirakı ilə işə baxılması nəzərdə tutulmamışdır. Cavabdeh isə ona məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə yazılı etirazını göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri onun formal mülahizələridir və həmin dəlillər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən axlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya həmçinin vurğulayır ki, Cavabdeh İddiaçı ASC-nin Bərdə regional nümayəndəliyinin Tərtər rayon bölməsinin müdiri X1 hər hansı məbləğdə pul vermişdirsə, verdiyi pulu geri tələb etmək hüquq vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2311/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar