Məhkəmə qərarları › İş №2-2(104)-145/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-145/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-145/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-164/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-164/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 664-L/14 nömrəli lizinq müqaviləsi üzrə 72200 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 72700 (yetmiş iki min yeddi yüz) manat və 400 (dörd yüz) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh 308 manat 10 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, 72200 manat borcun, 7980 manat hesablanmış cərimənin və 400 manat mediasiya xərcinin, cəmi 80580 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2014-cü il 1 may tarixli 664-L/14 nömrəli müqaviləyə əsasən lizinq alan ümumi dəyəri 79800 manat olan 1 ədəd Sampo Rosenlew SR-2035 markalı taxılyığan kombaynı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, lizinq predmeti olan texnikanın dəyəri olan 79800 manat məbləğdən 7600 manat ödəniş etmiş, qalan məbləğini ödəməmişdir. Müqavilə üzrə əsas borcu 72200 manat və müqavilənin 5.5-ci bəndinə əsasən hesablanmış cərimə 7980 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsində səhvə yol vermiş, bu isə öz növbəsində qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur. Tərəflər arasında lizinq müqavilələri bağlanılmış, həmin müqavilələr ləğv olunmamış, müqavilələr üzrə öhdəliklərə xitam verilməmişdir. Halbuki, lizinq alan qüvvədə olan qanunvericiliyə uyğun olaraq yalnız lizinq obyektindən istifadə üçün razılaşdırılmış haqqı müqavilədə nəzərdə tutulan ödəniş müddətlərində ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından isə cavabdehin istifadəsinə verilmiş lizinq obyektinin yararsız olduğu, məhz cavabdeh tərəfindən təmir işlərinin aparılması müəyyən olunur. Beləliklə, həmin əmlakdan onun faktiki olaraq istifadə etmədiyi aydın olur. Cavabdehə verilmiş kombaynın təmiri üçün çəkilən xərclərin şifahi olaraq cavabdehə iddiaçı tərəfindən ona ödəniləcəyi bildirilsə də, lakin bu öhdəlik yerinə yetirilməmişdir. Nəticədə cavabdeh xeyli maddi ziyan çəkmişdir. Bu səbəbdən də, qrafik üzrə ödəniş edə bilməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərdən cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2014-cü il tarixli 664-L/14 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən 1 ədəd SR-2035 markalı kombaynı bir ədədinin qiyməti 88400 manat, qalıq dəyəri 79800 manat olmaqla 9 il müddətinə hissəhissə ödənilməsi, qalıq dəyəri ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin müqavilənin ödəniş qrafikindən görünür ki, 2014-cü ilin 2 və 3-cü rübü üçün hər rübə 1000 manat, 2015-ci il tarixdən 2022-ci il daxil olmaqla hər ilin 2-ci rübü üçün 4863 manat, 3-cü rübü üçün 4862 manat məbləğində lizinq alan tərəfindən ödəniş ediləcəyinə dair öhdəlik götürmüşdür. İş materillarına əlavə edilmiş 1003/ü nömrəli əmrdən görünür ki, lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2035 markalı kombaynın Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İşin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 664-L/14 nömrəli lizinq müqaviləsi üzrə müqavilə məbləği 79800 manat, ödənilmiş məbləğ 7600 manat, qalıq borc 72200 manat, hesablanmış cərimə 7980 manat qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2014-cü il 1 may tarixli 664-L/14 nömrəli müqaviləyə əsasən lizinq alan ümumi dəyəri 79800 manat olan 1 ədəd Sampo Rosenlew SR-2035 markalı taxılyığan kombaynı lizinqə götürmüş, iddiaçı üzərinə daşən öhdəliyi lazımi qaydada icra edib həmin kombaunı saz vəziyyətdə cavabdehə təhvil vermiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, lizinq predmeti olan texnikanın dəyəri olan 79800 manat məbləğdən 7600 manat ödəniş etmiş, qalan məbləğini ödəməmişdir. Müqavilə üzrə əsas borcu 72200 manat və müqavilənin 5.5ci bəndinə əsasən hesablanmış cərimə 7980 manat təşkil edir. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirib müqavilədə nəzərdə tutulan kənd təsərrüfatı texnikasını saz vəziyyətdə cavabdehə təhvil vermiş olsa da, cavabdeh müqavilə öhdəliklərinə lazımi qaydada əməl etməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsində səhvə yol vermiş, tərəflər arasında lizinq müqavilələri bağlanılmış, həmin müqavilələr ləğv olunmamış, müqavilələr üzrə öhdəliklərə xitam verilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmlr və aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsində səhvə yol verdiyini göstərmiş olsa da, şikayətinin həmin dəlilini əsaslandırmamıdır. Çünki işdən göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim olunmamaış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar isə tam araşdırılaraq iddia tələbi qismən təmin edilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv olunmaması, müqavilə üzrə öhdəliklərə xitam verilməməsi dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1.5-ci bəndindən göründüyü kimi texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alandan texnikanı saz vəziyyətdə geri alır. Lizinq alandan texnikanın dəyərinin 10 faizi həddində cərimə tələb edir. Həmin müqavilənin 5.4-cü bəndinə görə lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən lizinq alan 5.2-5.4-cü bəndlərin tələblərini yerinə yetirmədikdə lizinq verən birtərəfli qaydada müqaviləni ləğv edir və texnikanı, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərcləri, vurduğu zərər və texnikanın dəyərinin 10 %-i məbləğində cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. İstinad olunan müqavilənin şərtlərindən göründüyü kimi lizinq alan tərəfindən müqavilədə xüsusi qeyd edilmiş şərtlərin pozulması halları müəyyən olunduğu halda müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada pozulur və beləliklə də müqavilənin pozulması üçün məhkəməyə müraciət edilməsinə zərurət qalmır. Lizinq obyektinin yararsız olmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh lizinq obyektini olduğu vəziyyətdə qəbul etmiş, iddiaçı cavabdehə təhvil verdiyi lizinq obyektini təmir etmə öhdəliyi götürməmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri onun formal mülahizələridir və həmin dəlillər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən axlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-164/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar