Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-15/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi vəkil Nümayəndə2 və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 95/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli operativ lizinq müqaviləsinə əsasən 6000 manat borcun və ödənilmiş 100 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən 6000 manat öhdəlik cavabdeh tərəfindən icra edilməmiş, ondan dəfələrlə yaranmış borcun ödənilməsi tələb edilsə də müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-95/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli lizinq müqaviləsi üzrə 6000 (altı min) manat borc və 100 (bir yüz) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 240 (iki yüz qırx) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi və Cavabdeh 80 (səksən) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli, 01/00024100 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, 05 T 738 dövlət qeydiyyat nömrəli, mühərrikinin və şassinin nömrəsi Z28967, 561317, Sampo Rosenlew SR-2045 Classic 4 silindirli modelli bir ədəd taxılyığan kombayn 2 ay müddətinə 6000 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. xx.xx.2019-cu il tarixli F00024100 nömrəli texniki vəziyyət haqqında aktdan görünür ki, Sampo Rosenlew SR-2045 Classic 4 silindirli modelli, bir ədəd taxılyığan kombayn "xxxx" ASC-nin Şəmkir RN-nin Ağstafa rayon bölməsi tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. 27 may 2019-cu il tarixli, 8715 nömrəli aktın surətindən görünür ki, Sampo Rosenlew SR-2045 Classic 4 silindirli modelli, bir ədəd taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 01 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilə üzrə Cavabdeh İddiaçıASC-yə 6000 manat məbləğində borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarxli 4/143 nömrəli və 31 iyul 2023-cü il tarixli 3- 16-16/2-4/1115 nömrəli rəylərindən görünür ki, ekspertizaya təqdim olunmuş, 01 iyun 2019- cu il tarixli 01/00024100 nömrəli müqavilədə « İstifadəçi » qrafasındakı imzanın və 01 iyun 2019-cu il tarixli F00024100 nömrəli texniki vəziyyət haqqında aktda « Təhvil aldı » qrafasındakı imzanın –Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, əvvəllər iddiaçı təşkilatın işçisi olmuşdur. Cavabdeh ilə "xxxx" ASC arasında müqavilə bağlanmış, təhvil-təslim aktına da Cavabdeh özü imza etmişdir. Lakin müqavilə onun özündə göstərilən tarixdən on gün qabaq tərtib olunmuş və imzalanmışdır. Ona görə müqavilənin tarixi 01 iyun 2019-cu il olaraq qeyd edilmişdir. Sonradan may ayının 27-də Cavabdeh kombaynı istəmədiyini bildirmiş və akt 2 tərtib edilərək texnika Cavabdeh verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-95/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-95/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılan zaman bir sıra hallara diqqət yetirilməmişdir. Belə ki, iddia tələbinin məhz kommersiya məhkəməsinə aid olub-olmaması hissəsinə, çünki cavabdeh nə hüquqi şəxsdir, nə də ki, fiziki vergi ödəyicisidir. Müqavilə müddətinin üzərindən 3 illik iddia müddətinin ötməsinə, müqavilənin 2.2-ci bəndində göstərilmiş olan, müqavilə üzrə öhdəliyin minimum 50 faizini ilkin ödəməklə qalan öhdəliyi taxılyığan konbaynlara hər 10 gündən bir ödənilməlidir kimi yazıya fikir verilməmişdir. Çünki cavabdeh ilkin olaraq heç bir ödəniş etmədiyini və bunu iddiaçının müqaviləsinin də təsdiqlədiyinin şahidi oluruq, belə olan halda iddiaçı icarəçiyə vermədiyi texnikası üçün nə haqla pul tələb etməlidir. Belə ki, öhdəliyin şərtlərini pozmaqla ,yəni saxta aktlar tərtib etməklə, vaxtından 10 gün qabaq bağlanmış olan saxta müqavilənin müddətinin məhz 10 gün sonraya yazılması və guya ki, həmin texnikanı 01 iyun 2019-cu il tarixdə götürdüyünü, 27 may 2019-cu il tarixdə isə geri qaytardığını bildirməklə qanusuzluqlar etmişlər. Qətnamə çıxarılan zaman iddiaçı ilə cavabdeh arasında bağlanmış olan saxta müqavilənin şərtlərində bir mənalı olaraq ilkin ödənişin edilməsinin məcburiliyindən danışır. Burada isə heç bir ödəniş etmədən cavabdeh tərəf həmin şərtlərlə razılaşmadıqlarını bildirməklə iddiaçının işçisinin tərtib etmiş olduğu saxta akta imza atdığı üçün yenidən qaytarılması barədə də bildirməklə yeni akt tərtib etmişlər və cavabdehə arxayın olmasını bildirmişlər. Hətta müqavilənin şərtlərində olan GPS trekerin olduğu da özəksini tapır, həmin trekerlə də yoxlamaq olar ki, həmin texnika ümumiyyətlə indiyədək heç bir yerə getməyibdir. Bu hal da sübut edir ki, iddiaçının iddia tələbi əsassızdır. Məhz bu səbəbdən də təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs olan şahidin hansı ki, iddiaçının işçisi olaraq Ağstafa rayonunda işlədiyi iş üzrə həmin texnikanın ümumiyyətlə cavabdehə təhvil verilməməsini, həmin texnikanın ümumiyyətlə işlək vəziyyətdə olmamasını bildirməsinə baxmayaraq, onun ifadəsinə də hakim tərəfindən qiymət verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiysının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiysının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, müqavilədəki və təhvil aktındakı imzanın ona məxsus olubolmamasını dəqiq bilmir. Ola bilsin ki, 2019-cu il tarixdə kombaynı lizinqə götürmək istədiyi zaman ona hansısa sənədlərə imza etdirmişlər. Lakin, o, cavabdehdən kombaynı lizinqə götürməmişdir. Belə ki, ilk əvvəl bu barədə fikri olsa da sonradan fikrindən daşınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinin Ağstafa rayon bölməsinin rəhbəri vəzifəsində işləmiş, bir ildən çoxdur ki həmin işdən çıxmışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan müqavilə onun tərəfindən imzalanmışdır. Belə ki, onun işlədiyi müddətdə belə bir qayda olmuşdur ki, şəxsin müraciətinə əsasən əvvəlcədən müqavilə tərtib edilmiş, müvafiq sənədləşmə işləri aparılmış və həmin müqavilə təsdiqlənməsi üçün "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinə göndərilmişdir. Belə ki, müqavilənin 01 iyun 2009-cu il tarixdə bağlandığı qeyd olunsa da əslində həmin müqavilə 01 iyun 2009-cu il tarixdən 5-10 gün əvvəl tərtib edilmişdir. Sadəcə olaraq müqavilə təsdiqlənməsi üçün "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinə göndərildiyindən həmin müddət də nəzərə alınmaqla tarix sonrakı 5-10 gün üçün göstərilmişdir. Hazırkı mübahisə üzrə də cavabeh olan şəxs onlara müraciət etmiş, lizinqə kombayn götürmək istəmiş, lakin bir neçə gündən sonra gələrək kombaynı istəmədiyini bildirmişdir. Buna görə də tərəflərindən 27 may 2019-cu il tarixli akt tərtib edilmişdir. Buna görə də 01 iyun 2019-cu il tarixli müqavilə üzrə kombayn cavabdehin istifadəsinə verilməmişdir. Həmçinin, o işdən çıxdığı vaxtadək, hətta bildiyinə görə hazırkı tarixədək həmin konbayn dayancaqda saxlanılmaqla istifadə edilməmiş, 2019-cu il tarixli aktda qeyd olunan kombaynın 2008 moto saat göstəricisi hazırda da dəyişməmiş qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kombaynı lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini ödəməmişdir. Cavabdeh iddiaçı ilə hər hansı bir müqavilə bağlamadığını, iddiaçı təşkilatdan istifadə üçün texnika götürmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş lizinq müqaviləsində və texniki vəziyyət haqqında aktda olan imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertiza təyin etmiş, lakin həmin imzaların cavabdehə məxsus olub-olmaması müəyyən edilə bilməmişdir. Məhkəmə baxış iclasında tərəflər arasında müqavilə bağlanarkən və təhvil-təslim aktı imzalanarkən iştirak etmiş və əvvəllər iddiaçı təşkilatın əməkdaşı olan, iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində müqavilənin məhz Cavabdeh tərəfindən bağlandığını, eləcə də akta da imza etdiyini, lakin texnikanın cavabdehə verilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyi ilə müəyyən edilməsə də şahid ifadəsi ilə istər müqavilənin, istərsə də təhvil-təslim aktının məhz Cavabdeh tərəfindən imzalandığı təsdiq olunur. Texnikanın cavabdehə təhvil verilməməsi ilə bağlı isə cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan 27 may 2019-cu il tarixli akta hüquqi qiymət verməməklə yanaşı, ekspert rəyi ilə müqavilədəki və təhvil aktındakı imzaların cavabdeh tərəfindən icra edilməsinin sübut olunmamasına baxmayaraq, əvvəllər iddiaçı təşkilatın əməkdaşı olan, iş üzrə şahid qismində dindirilmiş Şahid müqavilənin və təhvil aktının məhz Cavabdeh tərəfindən imzalanması ilə bağlı ifadəsini sübut kimi qəbul etsə də müqavilənin sonradan pozulması və texnikanın cavabdehə verilməməsi ilə bağlı ifadəsinin sübut kimi qəbul etməməsi anlaşılan olmamışdır. Hərçənd ki, həmin şahidin ifadəsi iş materiallarında olan yazılı sübutlarla uyğunluq təşkil etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, müqavilə "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru X5 ilə cavabdeh arasında bağlanmalı olmuş, lakin müqavilənin "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru qrafası imzalanmamışdır. Müqavilə yalnız cavabdeh və "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinin Ağstafa rayon bölməsinin rəhbəri olmuş, hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid tərəfindən imzalanmışdır. Şahid isə ifadəsində göstərmişdir ki, müqavilənin 01 iyun 2009-cu il tarixdə bağlandığı qeyd olunsa da əslində həmin müqavilə 01 iyun 2009-cu il tarixdən 5-10 gün əvvəl tərtib edilmişdir. Sadəcə olaraq müqavilə təsdiqlənməsi üçün "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinə göndərildiyindən həmin müddət də nəzərə alınmaqla tarix sonrakı 5-10 gün üçün göstərilmişdir. Lakin, sonradan cavabdeh müqavilə bağlanmasından imtina etdiyindən 27 may 2019-cu il tarixli akt tərtib edilmiş və texnika cavabdehin istifadəsinə verilməmişdir. Müqavilənin "xxxx" ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru tərəfindən imzalanmaması şahidin ifadəsinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verməmişdir. Digər tərəfdən iş materiallarında 27 may 2019-cu il tarixli, 8715 nömrəli akt mövcud olmuşdur ki, həmin akt Sampo Rosenlew SR-2045 Classic 4 silindirli modelli, bir ədəd taxılyığan kombaynın Cavabdeh tərəfindən "xxxx" ASC-yə təhvil verilməsini özündə əks etdirmişdir ki, 01 iyun 2019-cu il tarixdə götürülmüş kombaynın 4 gün əvvəldən geri qaytarılması da mümkün deyildir ki, bununla da şahidin ifadəsinin tam olaraq mötəbər olması şübhə yaratmamışdır. Sadəcə olaraq baş vermiş prosesin düzgün sənədləşdirilməməsi müəyyən edilmişdir ki, bu hal da cavabdehin məsuliyyətinə əsas verməməkdədir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən lizinq obyekti olan əmlakın cavabdehə verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2- 2(115)-95/2023 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 95/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 95/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 240 (iki yüz qırx) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.