Məhkəmə qərarları › İş №2-2(104)-151/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-151/2023

16.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-151/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə qarşı “ümumi istifadədə olan yolda aparılan tikintinin cavabdehin hesabına sökülməsi, tikinti materiallarının götürülməsi, tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2-2(115)-45/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh və müstəqil tələb sürməyən üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə qarşı “ümumi istifadədə olan yolda aparılan tikintinin cavabdehin hesabına sökülməsi, tikinti materiallarının götürülməsi və tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus obyektin yanından keçən yolun ərazisində qanunsuz inşa edilmiş tikintinin və tikinti materiallarının cavabdehin hesabına sökülüb götürülməsi və həmin tikinti altında olan yola aid torpağın zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarış əsasında Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində maşın təmiri sexi kimi fəaliyyət göstərən obyektdən istifadə edir. Obyektinə gələn nəqliyyat vasitələri cavabdehin obyektinin yaxınlığından keçməklə hərəkət edirlər. Lakin cavabdeh ümumi istifadədə olan yolun onun obyektinin bərabərliyindən keçən hissəsinin altına düşən torpaq sahəsini zəbt etmiş, yolun hərəkət hissəsində tikinti inşa etdirmiş, yola tikinti materialları tökməklə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış, onun və qonşu obyektlərin sexlərinə maşın yolunu bağlamışdır. Bu hal isə onun sahibkarlıq fəaliyyətini dayandırmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, o, buna məhəl qoymamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-2(115)-45/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddian qismən təmin edilərək, seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola Cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının cavabdehin vəsaiti hesabına götürülməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: RX Seriyalı ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə giriş–çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0.0108 ha torpaq sahəsində tikinti materialları tökülmüş, tikinti inşa edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 10/6875 saylı ekspertiza rəyindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə tikinti materialları tökülmüşdür. Tikinti inşa edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-2(115)-45/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)- 1543/2022 saylı qətnaməsinin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbinin nə faktiki, nə də ki hüquqi əsası yoxdur, ona görə ki, qeyd olunan yolun ərazisi bələdiyyə mülkiyyətində olan sahədir və iddiaçının bu səbəbdən hazırki iddia tələbi ilə çıxış etməsi üçün onun subyektiv hüququ yoxdur. Bundan əlavə, işin həqiqi halı ondan ibarətdir ki, iddiaçının torpaq sahəsinə və obyektinə gedən yol tam açıqdır və ora getmək üçün hər-hansı ciddi maneə yoxdur. Bundan başqa, obyektə başqa alternativ yol da gedir və iddiaçı həmin yoldan 20 ildir ki, istifadə edir. Sadəcə iddiaçı obyektinə 2-ci yolun getməsini istəyir. Bütün bu hallar iş materiallarındakı mötəbər sübutlarla də təsdiqini tapmışdır. Lakin, nədənsə iş üzrə birinci intansiya məhkəməsi bütün bu hallara və işi üzrə mötəbər sübutlara (bələdiyyə nümayəndəsinin məhkəmədə izahatı, mütəxəssis və ekspert rəyləri, hadisə yerinə baxış protokolunda əks olunan hallar) obyektiv qiymət verməmiş və nitəcədə iş hərtərəfli, tam və obvektiv araşdırılmadığından sonra yanlış hüquqi nəticəyə gəlinmişdir. Odur ki, iddiaçının qeyd olunan tələbinin və iddiasının qismən təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində qeyd etdiyi həmin hallar işin faktiki halları və mötəbər sübutlar ilə uzlaşmır. Yol olaraq hüquqi rejimi bəlli olmayan bələdiyyə mülkiyyətində olan cavabdehin tikinti materialları tökdüyü əraziyə cavabdehin subyektiv hüququ olmadığı kimi, iddiaçının da belə bir hüququ yoxdur. Məhkəmə birtərəfli qaydada cavabdehin həmin əraziyə subyektiv hüququnun olmamasını bəyan edərək, onun hərəkətlərinin qanunsuzluğunu qeyd edir, lakin həmin əraziyə subyektiv hüququ olmayan iddiaçının həmin əraziyə dair iddiasını məqbul sayır və iddiasını təmin edir. Məhkəmə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında işə baxmağı kobud pozmuşdur. İş üzrə birinci instansiya mahkəməsinin qətnamədə mülkiyyət hüququnun və mülkiyyətdən maneəsiz istifadə hüququnun pozulması ilə bağlı istinad etdiyi hüquq normaları işin faktiki halları ilə uzlaşmadığından, bununla bağlı hüquq normaların tətbiqi doğru sayıla bilməz. Belə ki, iş üzrə iddiaçının öz mülkiyyətindən sərbəst istifadə hüququna maneə yaradılması iş materiallarında heç bir mötəbər sübut və ya hər hansı digər hal ilə təsdiq olunmur. İş üzrə məhkəmədə izahat vermiş ümumi istifadədə olan yolun mülkiyyətçisi - Şəmkir rayon Düyərli kənd Bələdiyyəsinin sədrinin məhkəmədə verdiyi izahat, DƏDRX-nin Layihə Tədqiqat Mərkəzinin xx.xx.2022-ci tarixli rəyi, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi, habelə işə baxatı məhkəmənin torpaq sahəsinə və ümumi istifadədə olan yola baxış protokolundakı hallar ilə müəyyən olur ki, cavabdeh tərəfindən ümumi istifadədə olan yola müxtəlif tikinti materiallarının yığılması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışa hər-hansı formada maneə yaratmır və o, öz mülkiyyətindən tam sərbəst istifadə etmək imanlarını özündə saxlayır. Bu səbəbdən mülkiyyətdən sərbəst isifadə, mülkiyyətə qəsd və başqa maneə hallarını özündə ehtiva edən qeyd olunan maddi hüquq normalarının pozuntusuna tərəfindən yol verilmə faktı təsdiq edilmir və buna müvafıq olaraq qətnamədə istinad olunan həmin normalar birinci instansiya məhkəməsi tərəfindən qətnamədə tətbiq edilməsi yolverilməzdir. Məhz buna görə birinci instansiya məhkəməsi tərəfındən qətnamədə AR. Mülki Məcəlləsinin 152.5 və 157.4 cü maddələrinə istinad etməsini maddi hüquq normalarının doğru tətbiq edilməməsi (başqa sözlə maddi hüquq normalarının kobud pozuntusu kimi) diqqətəlayiq nəzərə alınmasını Məhkəmə Kollegiyasının nəzərinə çatdırır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı deyildir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki: “Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən sərbəst istifadəyə maneə yaranmşdır. Cavabdehin isə həmin ümumi istifadadə olan torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda cavabdehin həmin gediş-gəliş yolu üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozılmuşdur. Ona görə də iddia qismən təmin edilməlidir.” Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara obvektiv qiymət verilməmişdir. Belə ki, iddia ərizəsində söküntüsünü tələb etdiyi tikili yoldan kənarda yerləşir və yolu bağlamır, yolda olan tikinti materialları isə giriş-çıxışa maneə yaratmır. İddiaçının torpağına giriş-çıxış yolunun açıq olması faktı təsdiq olunur. Ən nəhayət, hazırki iddia tələbi ilə çıxış etmə və subyektiv hüququ olan Şəmkir rayonu Düyərli kənd Bələdiyyəsinin sədri Samir İsgəndərov məhkəmənin hazırlıq iclasında bələdiyyə məxsus mübahisəli ərazidə ümumi yolun olmasını heç vaxt görmədiyini bəyan etmişdir. Bu hal onu deməyə əsas verir ki, qeyd olunan Düyərli kənd Bələdiyyəsinə məxsus ərazi (yol) yer quruluşu və dövlət torpaq kadastr uçotu üzrə rəsmi texniki sənədlərdə və bununla bağlı rəsmi elektron informasiya sistemində də ümumi istifadədə olan yol kimi qeydə alınmamışdır. Əks halda bələdiyyə sədrinin bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan belə bir yoldan xəbəri olmuş olardı. Demək ki, bələdiyyə torpağı sayılan həmin ərazi qeyri-rəsmi olaraq yol kimi istismar olunur və bu yolun hüquqi rejimi qanunla müəyyən edilməmişdir. Məhkəmədə bu hal diqqətəlayiq araşdırılmamışdır. Lakin bütün bunlara baxmayaraq, birinci instansiva məhkəmənin gəldiyi hüquqi nəticə - işin halları və iddianın tamamilə əsassız olmasına dair iş üzrə yuxarıda sadalanan mötəbər sübutlar ilə uzlaşmır. Belə ki, işin hallarına və iş üzrə iddianı təkzib edən mötəbər subutlara rəğmən nədənsə, məhkəmə hüquqi rejimi bəlli olmayan və ümumi istifadədə olan yol kimi istismar olunıan bələdiyyə torpağında, cavabdeh tərəfindən tikinti materiallarının tökülməsini qanunsuz sayaraq iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxışa maneə yaratması qənaətinə gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi bu halları diqqətəlayiq araşdırmamış və qətnaməni doğru əsaslandırmadığından sonda yanlış hüquqi nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 47. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13 Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e- 2-2(115)-45/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında və məhkəmə kollegiyası tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, RX Seriyalı ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmaqla, həmin torpaq sahəsində yüngül konstruksiyadan ibarət malların qəbulu, boşaldılması və yüklənməsi üçün talvar tipli məntəqə inşa edilmiş, həmçinin bir hissə avtomobil təmiri sexi kimi istifadə olunmaqla, həmin torpaq sahəsinə iki hissədən giriş-çıxış yolu mövcuddur. Cavabdehin isə qanuni əsaslarla mülkiyyətində və ya istifadəsində hər hansı bir torpaq və ya qeyri-yaşayış sahəsinin olması müəyyən edilməməklə, o, həmin ərazidə sahibkarlıq fəaliyyətilə məşğul olmaqla tərəfindən iddiaçının torpaq sahəsinə gedən ikinci giriş-çıxış yolu üzərində, iddiaçının yüngül konstruksiyadan ibarət talvarının qarşısına müxtəlif tikinti materialları tökmüşdür. Cavabdeh iddiaçının torpaq sahəsinə və obyektinə gedən yolun tam açıq olduğunu və ora getmək üçün hər-hansı ciddi maneə olmadığını, obyektə başqa alternativin yolun da olduğunu, mübahisəli olan ərazinin ümumi istifadədə olan yol kimi qeydə alınmadığını əsas gərirərək iddianın əsassız olmasını iddia etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən yüngül konstruksiyadan ibarət talvarın qarşısında piyada keçidi üçün hər hansı bir maneə olmasa da, həmin torpaq sahəsinə və yüngül konstruksiyadan ibarət talvarın altına avtomobilin hərəkət etməsi üçün yola tökülmüş tikinti materialları ciddi maneə yaratmaqdadır. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təyinatı da sənaye, nəqliyyat və rabitə təyinatlı olmuşdur ki, belə olduğu təqdirdə həmin torpaq sahəsinə və orada yerləşən tikilələrə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yolverilməz olmuşdur. Həmin torpaq sahəsinə alternativ yolun olması faktı isə digər ikinci yoldan təyinatı üçün istifadə edilməsinə məhdudiyyət yaratmaqdadır. Hərçənd ki, iddiaçının inşa etdiyi yüngül konstruksiyadan ibarət talvar tipli məntəqə iki tərəfli olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavadbehin iddiaçının torpaq sahəsinə və obyektinə getmək üçün hərhansı ciddi maneə olmamaması və obyektə başqa alternativin yolun olması ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası qeyd olunan ərazinin yer quruluşu və dövlət torpaq kadastr uçotu üzrə rəsmi-texniki sənədlərdə və bununla bağlı rəsmi elektron informasiya sistemində ümumi istifadədə olan yol kimi qeydə alınmaması ilə bağlı dəlilini də əsassız hesab etmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yerində baxış zamanı həmin ərazinin yol kimi istifadə edilməsi müəyyən edilməklə yanaşı, məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin rəyi ilə də mübahisəli ərazinin ümumi istifadədə olan yol olması müəyyən edilməkdədir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qətnamə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olaraq çıxarılmışdır. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2-2(115)-45/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya-Prosessual Məcəlləsinin 372, 384, 3151 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2-2(115)-45/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2-2(115)-45/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar