Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-160/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və X2 ibarət tərkibdə, Məmmədov Ülvü Mehman oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh iştirakları ilə, “əmtəə nişanından istifadəsinin qadağan edilməsi və əldə çıxmış faydanın ödənilməsi” dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(115)-750/2025 nömrəli qətnaməsindən iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, “R” hərf işarəsindən istifadənin Cavabdeh qadağan edilməsi və həmin nişandan qanunsuz istifadə nəticəsində cavabdehin əldə etdiyi qanunsuz gəlirin ondan tutularaq İddiaçı MMC-nə ödənilməsi, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 (yüz) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tibb xidməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və göstərilən xidmətlərlə əlaqədar “Referans” söz işarəsindən ibarət olan əmtəə nişanına dair Əqli Mülkiyyət Agentliyindən N 2024 1062 nömrəli, xx.xx.2024-cü il dövlət reyestr tarixli şəhadətnamə əldə edilmişdir. Şəhadətnamədə qeyd olunan firuzəyi, boz rəngdə “Referans” söz işarəsindən ibarət əmtəə nişanı iddiaçının bütün tibbi müəssisələrinin inzibati binalarında və digər əmtəələrində istifadə olunur. Buna baxmayaraq, fərdi sahibkar Cavabdeh sahibliyində olan Şəmkir rayonu, Bakı-Qazax şosesinin sol kənarında yerləşən, **********-85001 kodlu təsərrüfat obyektində “REFERANS APTEK (TİBBİ MARKET)” sözləri yazılan lövhə vurulmuş, yəni Şirkətin əmtəə nişanından qanunsuz istifadə edilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə şifahi xəbərdarlıq edilsə də, həmin şəxs bu xəbərdarlığa məhəl qoymamışdır. Bu səbəbdən, cavabdehin sahibliyində olan Şəmkir rayonu, Bakı-Qazax şosesinin sol kənarındakı **********- 85001 kodlu təsərrüfat obyektində “REFERANS APTEK (TİBBİ MARKET)” sözünün istifadəsinin qanunsuz olduğunu nəzərə alaraq, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə tədbirlər görülməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə müraciət edilmiş, müraciətin nəticəsi olaraq, Xidmət tərəfindən cavabdehə xəbərdarlıq edilmiş və “Referans” sözünün əks olunduğu lövhə sökülmüşdür. Lakin cavabdeh həmin obyektdə yenidən iddiaçıya məxsus xüsusi dizayna malik şriftlə yazılmış “R” hərf işarəli loqonun əks olunduğu reklam lövhəsi quraşdırmışdır. Bu səbəbdən, iddiaçı tərəfindən Xidmətə təkrar müraciət edilmiş və Xidmət cavabdehə məxsus obyektin adında yazılmış “R” hərfinin Şirkətə məxsus əmtəə nişanına oxşar olub-olmaması faktının aydınlaşdırılması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizasının rəyinə əsasən, cavabdehə məxsus obyektin adında yazılmış “R” hərf işarəsinin iddiaçıya məxsus əmtəə nişanının tərkibində olan “R” işarəsi ilə fonetik və qrafik cəhətdən oxşar hesab edildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin, yəni təsərrüfat obyektinin üzərində olan “R” hərf işarəsindən istifadənin dayandırılması və icranın nəticələri barədə məlumatın 7 iş günü müddətində Xidmətə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli, 3- 21-1/2-1050/2025 nömrəli məktubla cavabdehə növbəti xəbərdarlıq edilmiş, sonuncu xəbərdarlığa məhəl qoymamışdır. Cavabdeh tibbi fəaliyyətlə məşğul olan **********-85001 kodlu təsərrüfat obyektində iddiaçıya məxsus əmtəə nişanı olan “R” işarəsi ilə fonetik və qrafik cəhətdən oxşar nişandan istifadə etmiş, bununla da əmtəə nişanından qanunsuz istifadə ilə rəqibin sahibkarlıq fəaliyyətini təqlid edib haqsız rəqabətə yol vermişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-750/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından göründüyü kimi cavabdeh tərəfindən “R” hərf işarəsindən istifadəyə son qoyulmuş və həmin işarə cavabdeh tərəfindən aptekin adından sökülərək çıxarılmışdır. Məhkəmə icraatı gedişində cavabdeh tərəfindən “R” hərf işarəsi aptekin adından çıxarılmış və bu barədə məhkəməyə məlumat verilmişdir. İddiaçının nümayəndəsi də bu halı təsdiq etmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi “R” hərf işarəsindən cavabdeh tərəfindən istifadəyə son qoyulduğundan və həmin nişan artıq istifadə edilmədiyindən iddia “R” hərf işarəsindən istifadənin Cavabdeh qadağan edilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa iddia tələbi cavabdehin əmtəə nişanından qanunsuz istifadə nəticəsində əldə etdiyi qanunsuz gəlirin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə tələbi təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının vəkili (nümayəndəsi) qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin iddiaçıya vurduğu zərərin miqdarı cavabdehin kommersiya sirrini təşkil edir. Bu səbəbdən iddiaçı tərəfindən həmin məlumatın əldə edilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsində icraat zamanı vəsatət verilərək cavabdehin 2024 və 2025-ci illərə dair vergi orqanlarına təqdim etdiyi gəlir vergisi bəyannamələrinin DVX-dən əldə edilməsi xahiş edilmiş, vəsatətin baxış iclasında verildiyi qeyd edilərək rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya məxsus nişandan qanunsuz istifadə nəticəsində cavabdehin əldə etdiyi qanunsuz gəlirin ondan tutularaq iddiaçıya ödənilməsi hissəsinin rədd edilməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdeh tərəfindən iddiaçıya məxsus nişandan qanunsuz istifadə nəticəsində cavabdehin əldə etdiyi qanunsuz gəlirin ondan tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, lakin cavabdehdən nə qədər pulun tutularaq ona ödənilməsini iddia ərizəsində dəqiq qeyd etməmişdir. Bir sözlə, iddiaçının tələb etdiyi məbləği eyniləşdirməyə imkan verəcək məlumatlar iddia ərizəsində qeyd olunmamış, bununla da MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş tələblər pozulmuşdur. Bu isə iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biridir. Belə ki, MPM-in 259.0.12-ci maddəsində göstərilmişdir ki, ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan iddia tələbinin qeyd olunan qeyri-müəyyən hissəsində işə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd etmişdir. Bu halda birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlüyünü araşdırmalı, iddia ərizəsinin forma tələblərinə əməl olunmadığına görə MPM-nin 259.0.12-ci maddəsinə əsasən tələbin bu hissəsinin dəqiqləşdirilməsi üçün müəyyənləşdirilmiş müddət təyin etməli və həmin müddətdə iddia tələbi dəqiqləşdirilmədiyi halda iddia ərizəsini baxılmamış saxlamalı idi. Lakin, məhkəmə tərəfindən bu prosessual tələblərə əməl olunmamışdır. Halbuki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarı). MPM-in 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 18-ci bəndində göstərilmişdir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olub-olmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. MPM-in iddia ərizəsinin baxılmamış saxlanması qaydası və nəticələrini tənzimləyən 260.2-ci maddəsinin tələbinə görə, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan məbləğini iddia ərizəsində konkret göstərildiyi halda həmin hissədə tələbə mahiyyəti üzrə baxılması mümkündür. İddiaçı tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin iddiaçıya vurduğu zərərin miqdarı cavabdehin kommersiya sirrini təşkil etdiyindən iddiaçı tərəfindən həmin məlumatın əldə edilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində iddianın qiymətinin göstərilməli olması MPM-in 149.2.3-cü maddəsində imperativ qaydada nəzərdə tutulmuşdur. MPM-in 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də ərizə baxılmamış saxlanılmaqla yanaşı iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 259, 263-264, 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-750/2025 nömrəli qətnaməsi «cavabdeh tərəfindən iddiaçıya məxsus nişandan qanunsuz istifadə nəticəsində cavabdehin əldə etdiyi qanunsuz gəlirin ondan tutularaq iddiaçıya ödənilməsi» hissəsində ləğv edilsin. Həmin hissədə qərardad qəbul edilməklə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfə izah olunsun ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rafiq Cəfərov
Məhkəmə qərarları › İş №2-2(104)-160/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-160/2025
29.07.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver