Məhkəmə qərarları › İş №2-2(104)-169/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-169/2024

12.09.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-169/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-199/2024 nömrəli qətnaməsindən Cavabdeh X11 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi-oğlu İddiaçı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş xx/xx-1348 nömrəli məktuba əsasən Cavabdeh ASC-də miras qoyan X2 adına qalan hər birinin nominal dəyəri 2 manat olan 4 ədəd adi səhmdən ibarətdir. 22 oktyabr 2021-ci il tarixli xx/xx-07986 nömrəli arayışdan görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 21:15-də Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 52 ünvanında yerləşən “Simurq Kompani" ATSC-yə məxus, X1 tərəfindən icarəyə götürülmüş kafedə yanğın hadisəsi baş vermiş, nəticədə kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan “Simurq Kompani" ATSC-nin 2016- 2020-ci fəaliyyət illərini əhatə edən, mühasibatlığa aid sənədlər, əmək haqqı cədvəlləri, pandemiyaya görə kollektivə ayrılmış dövlət yardımının verilməsi cədvəlləri, bank köçürmələri və vergi ödəmələri çekləri yanaraq məhv olmuşdur. 30 iyun 2021-ci il tarixli, 07 oktyabr 2022-ci il tarixli, 30 iyun 2023-cü il tarixli Cavabdeh X11 Cəmiyyəti səhmdarlarının ümumi yığıncağının protokolundan görünür ki, müəssisə tərəfindən ümumi yığıncaq keçirilmiş maliyyə illəri zərərlə başa vurulduğundan mənfəət əldə olunmadığına görə səhmdarlara dividentin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. 22 may 2024-cü il tarixli 16 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və 1999-cu ildə təsis edilmiş Cavabdeh ASC-nin Nizamnaməsinin tələblərinə uyğun olaraq hər il səhmdarların ümumi yığıncağı keçirilmiş, 2012-ci ilə qədər səhmdar cəmiyyət maliyyə ilini gəlirlə başa vurduğu illərdə səhmdarların cəmiyyətdəki səhm payının faizinə uyğun olaraq onlara divident hesablanaraq ödənilmişdir. 2012-ci ildə cəmiyyətin ümumi yığıncağı yeni avtobusların alınması zərurəti ilə əlaqədar müəssisənin mənfəətindən hesablanan divident məbləğinin bank kreditinin ödənilməsinə yönəldilməsi haqqında qərar qəbul etmişdir. Bu günədək kreditə görə banka ödənişlər davam edir və xx.xx.2024-cü il tarixinə müəssisənin banka ödənilməli olan borcu 215362 manat təşkil edir (banka edilmiş aylıq kredit ödənişlərinin məbləği haqqında bank sənədinin surəti məktuba əlavə edilir). 18 iyun 2021-ci il tarixdə CavabdehASC-yə məxsus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan Cavabdeh ASCnin mühasibatlıq, o cümlədən səhmdar cəmiyyətin 1999-cu ildən -2020-ci ilə qədər olan dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğundan tələb olunan sənədləri məhkəməyə təqdim etmək mümkün deyildir. Yanğınla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin arayışı məktuba əlavə edilir. İddiaçı başqa bu vaxtadək heç bir səhmdar dividentin verilməsi ilə bağlı şikayətçi olmamışdır. Onu da qeyd edir ki, İddiaçı adı atasının vəfatından sonra 2020-ci ildən Milli Depozit Mərkəzinin X5 Reyestrinə daxil edilmişdir. Ona görə də iddiaçının vəfat etmiş atasının 2012-ci ildən başlayaraq səhmdarların dividentinin müəssisənin kredit borcunun ödənilməsinə yönəldilməsi haqqında qərara səs verməsini nəzərə almadan onun adından əvvəlki illər üçün divident tələb etməsini qeyri-qanuni tələb hesab edirlər. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi 2020-2022-cı illərdə “COVİD” 19 pandemiyası müddətində sərnişindaşıma nəqliyyatına tətbiq edilən məhdudiyyətlər, 44 günlük Vətən müharibəsi günlərində isə avtobuslarının cəbhə bölgəsinə hərbçilərin daşınması üçün hərbi komissarlıqların sərəncamına verilməsi, üstəlik cəbhə bölgəsindəki hərbi hissələrə məxsus avtomobillərin cəmiyyətin emalatxanalarında müəssisənin vəsaiti hesabına təmir edilməsi səbəbindən müəssisə zərərlə işləməyə başlamış, 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditi tərəfindən aparılmış yoxlamanın nəticəsinə görə səhmdar cəmiyyət 2023-cü maliyyə ilini də 383243 manat zərərlə başa vurmuşdur. Hər il olduğu kimi, 2024-cü ilin 12 aprelində CavabdehASC səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş, yığıncaq audit yoxlamasının yekunlarını və təftiş komissiyasının hesabatlarını dinləyərək təsdiq olunması haqqında qərar qəbul etmişdir. Yığıncağın keçirilməsi haqqında “Xalq qəzeti”nin xx.xx.2024-cü il tarixli 44 (30448) sayında elan verilmiş, səhmdarların,o cümlədən İddiaçı ünvanına yığıncaqda iştirak etməyin zəruriliyi haqqında bildiriş göndərilsə də, iddiaçı ümumi yığıncaqda iştirak etməmişdir. İddiaçı şikayətinin əsassız olmasını nəzərə alaraq onun iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul etməyinizi xahiş edir. İş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli qərarla qeydə alınmış 3/259 nömrəli Cavabdeh X11 cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndindən görünür ki, cəmiyyətin bütün adi səhmlərinin nominal dəyəri eynidir və 10000 manat təşkil edir. Adi səhmlərin ümumi sayı 53569 ədəd və ya nizamnamə kapitalının 100 faizini təşkil edir. Cəmiyyətin bütün səhmləri adlıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh X11 Cəmiyyəti səhmdarlarının xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokollarında görünür ki, Cavabdeh ATSC tərəfindən 2021, 2022, 2023-cü illər üzrə keçirilməsi nəzərdə tutulmuş səhmdarların ümumi yığıncaqları keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh X11 Cəmiyyətinə qarşı dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Simurq ATSC-nin İdarə Heyətinin səhmdarlarının ümumi yığıncağında xx.xx.1999-cü ildən başalayaraq xx.xx.2023-cü ilə qədər mərhum atasına (qanun üzrə vərəsə kimi) və ona məxsus dividentlərin hesablanması və hesablanmış dəyəri 30000 manat məbləğində qiymətləndirilən dividentlərinin ödənilməsi ilə bağlı Simurq ATSC-nin İdarə Heyətinin səhmdarlarının ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı (qanun üzrə vərəsə) məhrum atası X2 onların cəmiyyətdə adında olan səhmlərlə bağlı yaranmış mübahisə ilə əlaqədar məcbur olub məhkəməyə müraciət edir. Belə ki, məhkəmədən əvvəl bu məsələ ilə bağlı cəmiyyət ilə yəni məhkəmədən kənar razılaşma təklif etmişdir. Məhrum atası X2 Cavabdeh ATSC-də nə qədər səhm payı olub, həmin səhmin qiyməti, X2 1997-xx.xx.2019 və yəni onun İddiaçı xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən dövr üçün həmin səhmlərdən paylarına nə qədər dividentlər əldə olunması ilə əlaqədar Cəmiyyətin İdarə Heyyəti Səhmdarları tərəfindən yığıncaq keçirilərək onun ərizəsini müzakirə edərək bu barədə ətraflı yazılı məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin qanunvericiliyə görə ona və məhrum atası X2 əvvəllər adına qeydə alınmış səhmlərdən düşən divident payını alınmasına dair cəmiyyət tərəfindən ödənilməsini xahiş etmişdir. Lakin Cavabdeh ATSC-i tərəfindən ona heç bir rəsmi məlumat verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cəmiyyətin mövqeyi ziddiyyət yaradır. Belə ki,Cavabdeh ATSC-nin xx.xx.2019-cü il tarixli ona ünvanlanmış məktubunda mərhum atasına məxsus səhmlərin ona aid olmadığı bildirilmişdir. Digər məktublarda isə xx.xx.2019-cü il və xx.xx.2019-cü il tarixli məktublarda isə eyni məzmunlu cavab verilərək xx.xx.2019-cü il tarixli AA83302819 saylı X7 görə divident vəsaitinin ödənilməsi Cəmiyyətin İdarə Heyəti tərəfindən yalnız 2020-ci il yekunlaşdıqdan sonra, yəni ona düşən payın ödəniləcək məbləğin 2021-ci ilin iyun ayında cəmiyyətin X6 keçiriləcək yığıncağında ödənilməsi qərar verilməsi qeyd edilmişdir. Həmin dövrdən ona nə yığıncağın keçirilməsi, nə də nəticəsi barədə rəsmi məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin yüksək məbləğdə gəlir əldə edilməsi müəyyən olunacaq və onun hesabına görə ödəniləcək dividentlərin məbləği 30000 manata yaxın bir vəsait etməlidir. Artıq bu il o, bir neçə dəfə həm vəkil vasitəsi ilə vəkil sorğusu və özü şəxsi müraciətlər etmişdir (sənədlər iddia ərizəsinə əlavə edilib). Heç bir cavab və məlumat yenə verilməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı atası X2 vəfatından sonra vərəsəlik yolu ilə CavabdehATSC-də 0,0075 faizlə səhm payına sahib olmuş və bu pay Azərbaycan Respublikası Milli X8 Kağız Mülkiyyətçilərinin Reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışda qeyd edilmişdir. İddiaçı 2021-ci ilin iyun ayından başlayaraq divident üçün Cavabdeh ATSC-yə müraciətlər edərək 1997-ci ildən başlayaraq həm atasının almalı olduğu, həm də atasının ölümündən sonra ona verilməli olan dividentin verilməsini tələb etmişdir. Məlumat üçün bildirir ki, ”Simurq Kompani” ATSC iddiaçının ərizəsində göstərdiyinin ziddinə olaraq 1997-ci ildə deyil, xx.xx.1999-cu il tarixdə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X10 xx.xx.1999-cu ildə qeydə alınmışdır. Müraciətlərinə cavab olaraq İddiaçı bildirilmişdir ki, müəssisə hesabat ilini gəlirlə başa vurduğu illərdə atası Füzuli Məhərrəmov cəmiyyətin nizamnaməsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vergilər üzrə öhdəliklər yerinə yetirildikdən sonra qalan xalis mənfəətdən səhmdarların cəmiyyətin nizamnamə kaptalında olan səhmlərinin miqdarına proporsional surətdə,o cümlədən atasının 0,0075 faizlik payına uyğun olaraq ödənilmişdir. 2012-2019-cu illərdə isə CavabdehATSC Gəncə şəhərində sərnişindaşıma xidmətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankından götürdüyü ******* manat kredit hesabına aldığı 65 ədəd “Hunday County” markalı avtobuslara görə kredit borcunu ödəmək məqsədilə bu illərdə əldə edilmiş xalis mənfəəti səhmdarların ümumi yığıncaqlarının qərarı ilə kreditin ödənilməsinə yönəldilmişdir. Cəmiyyətin nizamnamə kapitalının 86,7 faizi 3 nəfər təsisçiyə, yerdə qalan 13,3 faizi isə digər 320 nəfərə, o cümlədən cəmiyyətdəki payların 0,0075 faizinə malik olan Fizuli Məhərrəmova məxsus olmuşdur ki, onun da bu illərdə dividentə görə alacağı məbləğ ən yaxşı halda 2,5 manat təşkil etmişdir. 2021-ci ilin 18 iyun tarixində Cavabdeh ATSC-yə məxsus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağında olan mühasibatlığa məxsus sənədlərin yanaraq məhv olması səbəbindən mərhum səhmdar Fizuli Məhərrəmovun payına düşən dividenti almasını imzası ilə təsdiq edən cədvəlləri təəssüf ki, təqdim etmək mümkün deyildir. İddiaçı cəmiyyətin 0,0075 faizlik payla cəmiyyətin 323 səhmdarlarından biri olduğu vaxtdan-2020-ci ilin mart ayından ölkədə koronovirus pandemiyası başladığından şəhərdaxili sərnişindaşıma xidmətinə qoyulmuş məhdudiyyətlər və bu məhdudiyyətlərin 2022-ci ilin oktyabr ayına qədər davam etməsi səbəbindən Cavabdeh ATSC 2020-ci ili 335110 manat, 2021-ci ili 85665 manat, 2022-ci ili isə 235464,11 manat zərərlə başa vurduğundan qanunvericiliyə uyğun olaraq səhmdarlara divident vermək mümkün olmamışdır. Müəssisənin zərərlə işləməsinin digər bir səbəbi isə 44 günlük Vətən Müharibəsi günlərində hər gün cəmiyyətin 20-35 ədəd avtobusunun cəbhə xəttinə hərbçilərin daşımasına cəlb edilməsi, bu maşınların təmiri xərcləri və cəbhə bölgəsindən təmir üçün müraciət edən ayrı-ayrı hərbi hissələrə məxsus avtonəqliyyat vasitələrinin müəssisənin hesabına təmir edilməsi olmuşdur. 2020, 2021, 2022-ci maliyyə illərinin nəticələri sərbəst audit tərəfindən təftiş edilmiş və müvafiq yekun hesabatı təsdiq olunmuşdur. 2023-cü ildə cəmiyyətin fəaliyyətinin yekunlarına dair hesabat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının orqanı olan “Xalq” qəzetinin xx.xx.2023-cü tarixli dərc edilmişdir. Cavabdeh ATSC 2023-cü maliyyə ilinin nəticələrinə sərbəst auditin yoxlamasından sonra 2024-cü ilin iyun ayında keçiriləcək ümumi yığıncağında yekun vuracaqdır. Səhmdar cəmiyyət 2023-cü ili mənfəətlə başa vurarsa 2024-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulmuş səhmdarların ümumi yığıncağının qərarına uyğun olaraq digər səhmdarlar kimi İddiaçı da mənfəətdən məxsus olduğu 0,0075 faiz payla divident alacaqdır. Bu baxımdan hesab edirəm ki, iş üzrə İddiaçı CavabdehATSC-yə qarşı dividentin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-199/2024 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, 2000-2019-cu illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsi, həmçinin keçiriləcək ümumi yığıncaqda həmin illər üzrə əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı məsələnin iclasın gündəliyinə daxil edilməsinin müzakirə edilməsi öhdəliyinin Cavabdeh X11 Cəmiyyətinin üzərinə qoyulması, Cavabdeh X11 Cəmiyyətindən 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənfəətin bölüşdürülməsi məsələsinə səhmdarlarının ümumi yığıncağında baxılır. Cəmiyyətin səlahiyyətli orqanının qərarı olmadan mənfəətin bölüşdürülməsi həyata keçirilə bilməz. Məhkəmə araşdırması zamanı cavabdeh orqana hər maliyyə ili üzrə ayrı-ayrılıqda olmaqla keçirilmiş ümumi yığıncaqların qərarlarının və yaxud protokollarının surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu ünvanlanmış və cavabdeh yalnız 2020-ci ildən sonra keçirilən ümumi yığıncağın protokollarını və qərarlarını məhkəməyə təqdim edə bilmişdir. Cavabdeh eyni zamanda iş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli xx/xx- 07986 nömrəli arayışa istinad edərək bildirmişdir ki, 18 iyun 2021-ci il tarixdə “Simurq Kompani" ATSC-yə məxus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan Cavabdeh ATSC-nin mühasibatlıq, o cümlədən səhmdar Cəmiyyətin 1999-cu ildən 2020-ci ilə qədər dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğundan tələb olunan sənədləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında isə baş vermiş yanğın nəticəsində Cavabdeh ATSC-nin 2016- 2020-ci illər üzrə fəaliyyətini əhatə edən mühasibatlığa aid sənədlərin, əmək haqqı cədvəllərinin və digər sənədlərin yanaraq məhv olduğu bildirilmişdir. Göründüyü kimi arayışda Simurq Kompani” ATSC-nin 2016- 2020-ci illər üzrə fəaliyyətini əhatə edən sənədlərin yanaraq məhv olunduğu göstərilsə də, cavabdeh isə öz məktubunda yanğın nəticəsində 1999-cu ildən 2020-ci ilədək dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğunu göstərmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi ümumi yığıncağın qərarlarının yanaraq məhv olunması ilə bağlı həmin dəlillərini əsassız hesab edir. Təqdim olunmuş arayışla bunu müəyyən etmək qeyrimümkündür. Ona görə də məhkəmə cavabdeh tərəfindən arayışda göstərilən illər üzrə, eyni zamanda 2000-2015-ci illər üzrə də ümumi yığıncağın keçirilməməsi qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 2000-2019-cu illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin iddiaçıya və mərhum atasına məxsus dividendlərin hesablanması və hesablanmış dəyəri 30000 manat məbləğində qiymətləndirilən dividendlərinin ödənilməsi hissəsinin rədd edilməsi qənaətinə gələn məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İddiaçıya və onun mərhum atasına məxsus dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi – bir sözlə, mənfəətin bölüşdürülməsi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarından da göründüyü kimi yalnız ümumi yığıncaqda müzakirə olunan bir məsələdir. Bu məsələ ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması yolverilməzdir. Əgər ümumiyyətlə hər hansı maliyyə illəri üzrə ümumi yığıncaq keçirilməmişdirsə, məhkəmə həmin yığıncaqların keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoya bilər. Lakin həmin ümumi yığıncaqda hansı məsələlərin iclasın gündəliyinə daxil edilməsini müəyyən edə bilməz. Gündəliyə daxil edilən məsələlər ümumi yığıncağın iclasında müzakirə edilərək səs çoxluğu ilə həll edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(115)-199/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı göstərilən hissədə təmin edən birinci instansiya məhkəməsi, həmin dövr ərzində ümumi yığıncağının keçirilməməsi ilə əsaslanmışdır. Hesab edilir ki, məhkəmə bu qənaətə gələrkən əsaslandığı maddi hüquq normalarını düzgün təsfir etməmiş, həmçinin apellyasiya şikayətinin 7-ci paraqrafında qeyd edildiyi kimi təqdim olunan sübutlara düzgün qiymət verməmişdi. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan da görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 21:15-də Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 52 ünvanında yerləşən “Simurq Kompani" ATSC-yə məxus, X1 tərəfindən icarəyə götürülmüş kafedə yanğın hadisəsi baş vermiş, nəticədə kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan “Simurq Kompani" ATSC-nin arxiv sənədləri yanaraq məhv olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı atasından miras qalmış Cavabdeh ASC-də miras qoyan X2 adına qalan hər birinin nominal dəyəri 2 manat olan 4 ədəd adi səhmdən ibarət mirası xx.xx.2019-cu il tarixdə qəbul etmişdi. Qeyd edilir ki, müəssisə hesabat ilini gəlirlə başa vurduğu illərdə iddiaçının atası Füzuli Məhərrəmova cəmiyyətin nizamnaməsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vergilər üzrə öhdəliklər yerinə yetirildikdən sonra qalan xalis mənfəətdən səhmdarların cəmiyyətin nizamnamə kaptalında olan səhmlərinin miqdarına proporsional surətdə, o cümlədən atasının 0,0075 faizlik payına uyğun olaraq ödənilmişdir. Bundan sonra 2012-2019-cu illərdə isə Cavabdeh ATSC Gəncə şəhərində sərnişindaşıma xidmətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankından götürdüyü 4/865000 manat kredit hesabına aldığı 65 ədəd “Hunday County” markalı avtobuslara görə kredit borcunu ödəmək məqsədilə bu illərdə əldə edilmiş xalis mənfəəti səhmdarların ümumi yığıncaqlarının qərarı ilə kreditin ödənilməsinə yönəldilmişdir. 2011-ci il üzrə yığıncaq protokoluda məhkəməyə təqdim edilmişdir. İddiaçının atası tərəfindən də sağ olduğu dövrdə bu məsələ nə məhkəmə qaydasında nədə ki, başqa formada mübahisələndirilməmişdir. İddiaçının atası 2015-ci ildə vəfat etsə də iddiaçı mirası 2019-cu ildə qəbul etmiş və bu dövr ümumiyətlə onların səhmdarların ümumi yığıncağında iştirak etmək hüquqları olmamışdı. Faktiki isə 1999-cu ildə təsis edilmiş Cavabdeh ASC-nin Nizamnaməsinin tələblərinə uyğun olaraq hər il səhmdarların ümumi yığıncağı keçirilmiş, 2012-ci ilə qədər səhmdar cəmiyyət maliyyə ilini gəlirlə başa vurduğu illərdə səhmdarların cəmiyyətdəki səhm payının faizinə uyğun olaraq onlara divident hesablanaraq ödənilmişdir. 2012-ci ildə cəmiyyətin ümumi yığıncağı yeni avtobusların alınması zərurəti ilə əlaqədar müəssisənin mənfəətindən hesablanan divident məbləğinin bank kreditinin ödənilməsinə yönəldilməsi haqqında qərar qəbul etmişdir. Bu günədək kreditə görə banka ödənişlər davam edir və xx.xx.2024-cü il tarixinə müəssisənin banka ödənilməli olan borcu 215362 manat təşkil edir (banka edilmiş aylıq kredit ödənişlərinin məbləği haqqında bank sənədinin surəti məktuba əlavə edilir). 18 iyun 2021-ci il tarixdə "xxxx"ASC-yə məxsus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan Cavabdeh ASC-nin mühasibatlıq, o cümlədən səhmdar cəmiyyətin 1999-cu ildən - 2020-ci ilə qədər olan dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğundan tələb olunan sənədləri məhkəməyə təqdim etmək mümkün deyildir. İddiaçı başqa bu vaxtadək heç bir səhmdar dividentin verilməsi ilə bağlı şikayətçi olmamışdır. Onu da qeyd edir ki, İddiaçı adı atasının vəfatından sonra 2020-ci ildən Milli Depozit Mərkəzinin X5 Reyestrinə daxil edilmişdir. Ona görə də iddiaçının vəfat etmiş atasının 2012-ci ildən başlayaraq səhmdarların dividentinin müəssisənin kredit borcunun ödənilməsinə yönəldilməsi haqqında qərara səs verməsini nəzərə almadan onun adından əvvəlki illər üçün divident tələb etməsini qeyri-qanuni tələb hesab edirlər. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi 2020 - 2022-cı illərdə “COVİD” 19 pandemiyası müddətində sərnişindaşıma nəqliyyatına tətbiq edilən məhdudiyyətlər, 44 günlük Vətən müharibəsi günlərində isə avtobuslarının cəbhə bölgəsinə hərbçilərin daşınması üçün hərbi komissarlıqların sərəncamına verilməsi, üstəlik cəbhə bölgəsindəki hərbi hissələrə məxsus avtomobillərin cəmiyyətin emalatxanalarında müəssisənin vəsaiti hesabına təmir edilməsi səbəbindən müəssisə zərərlə işləməyə başlamış, 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditi tərəfindən aparılmış yoxlamanın nəticəsinə görə səhmdar cəmiyyət 2023-cü maliyyə ilini də 383243 manat zərərlə başa vurmuşdur. Hər il olduğu kimi, 2024-cü ilin 12 aprelində Cavabdeh ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş, yığıncaq audit yoxlamasının yekunlarını və təftiş komissiyasının hesabatlarını dinləyərək təsdiq olunması haqqında qərar qəbul etmişdir. Yığıncağın keçirilməsi haqqında “Xalq qəzeti”nin xx.xx.2024-cü il tarixli 44 (30448) sayında elan verilmiş, səhmdarların, o cümlədən İddiaçı ünvanına yığıncaqda iştirak etməyin zəruriliyi haqqında bildiriş göndərilsə də, iddiaçı ümumi yığıncaqda iştirak etməmişdir. Bundan əlavə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə məhkəmə işdə olan sübutlara düzğün qiymət verməmiş, bununla da adıçəkilən prossesual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclaslarında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ümumi yığıncağın keçirilməsilə bağlı mövcud olan sənədlərin hər biri məhkəməyə təqdim edilmişdir. Digər yığıncaqların keçirilməsilə bağlı təqdim edilən arayışdan göründüyü kimi müəssisədə yanğın baş verdiyindən həmin illərə dair sənədlər yanmışdır. Bu səbəbdən də müvafiq sənədləri təqdim etmək mümkün olmamışdır. Həmçinin iddiaçıya səmhlər 2019-cu ildə keçmişdir. Keçirilən iclaslarda iştirak etmək səhmdarların hüquqlarıdır. İddiaçının atası isə sağ olduğu dövrdə yığıncaqların keçirilməsinə dair tələbi olmamışdır. Həmçinin 2024cü ildə keçirilən yığıncağa iddiaçı dəvət edilsə də iştirak etməmişdir. Halbuki iştirak etdiyi təqdirdə bu məsələni yığıncağın gündəliyinə qaldıra bilərdi. İddiaçı məhkəmə kollegiyasının iclaslarında apellyasiya şikayətinin dəlillərində etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, atasına məxsus olmuş səhmlər artıq ona məxsusdur. 2024-cü ildə keçirilən səhmdarların ümumi yığıncağına dəvət edilmiş, lakin iclasda iştirak etməmişdir. Çünki orada ona qarşı təxribat qurulmuşdur. Məhz bu səbəndən də iştirak etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş olsa da o, qətnamədən narazı olmadığından şikayət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 98. Səhmdar cəmiyyəti 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Maddə 99. Açıq səhmdar cəmiyyəti 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 106-2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri ... 106-2.2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. (...). Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: (...). Maddə 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). ... 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-1.5. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; 107- 1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi; 107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. 107-1.6. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Maddə 107-6. Səhmdarların ümumi yığıncağının protokolu 107-6.1. Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. (...). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarına əsasən iddiaçının atası X4 1999-cu ildə təsis edilmiş Cavabdeh X11 Cəmiyyətinin səhmdarlarından biri olmuşdur. İddiaçının atası X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı atasının vərəsəsi kimi miras əmlakdan tam hissədə irs alması nəzərdə tutulmuşdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli, xx/xx-1348 nömrəli məktubuna əsasən Cavabdeh ASC-də miras qoyan X2 adına qalan hər birinin nominal dəyəri 2 manat olan 4 ədəd adi səhmdən ibarət olmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Simurq ATSC-nin İdarə Heyətinin səhmdarlarının ümumi yığıncağında xx.xx.1999-cu ildən başalayaraq xx.xx.2023-cü ilə qədər mərhum atasına (qanun üzrə vərəsə kimi) və ona məxsus dividentlərin hesablanması və hesablanmış dəyəri 30000 manat məbləğində qiymətləndirilən dividentlərinin ödənilməsi ilə bağlı Simurq ATSC-nin İdarə Heyətinin səhmdarlarının ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb edir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək 2000-2019-cu illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsi, həmçinin keçiriləcək ümumi yığıncaqda həmin illər üzrə əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı məsələnin iclasın gündəliyinə daxil edilməsinin müzakirə edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsini həmin qənaətə gəlməklə maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının atası X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İddiaçı isə atası sağ olan dövrdə keçirilməsi nəzərdə tutulmuş ümumi yığıncağın keçirilməsini tələb edir. Bununla bağlı kollegiya bildirir ki, bir halda həmin dövrədək X4 həyatda olmuşdur, həmin hüquqlarının realizəsi də, yəni əvvəllki illər üçün keçirilməsi nəzərdə tutulmuş ümumi yığıncağın keçirilməsi tələb etmək hüququ ona məxsus olmuşdur. Ona görə də iddiaçının tələbinin xx.xx.1999-cu il tarixdən atasının öldüyü xx.xx.2015-ci il tarixədək olan illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsinə dair hissəsi bu səbəbdən əsassızdır. Bundan başqa iş materiallarında olan “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamədən görünür ki, İddiaçı atasından miras qalmış nominal dəyəri iki manat olan dörd ədəd adi adlı səhmdən irs almışdır. Həmçinin Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2019-cü il tarixdə verilmiş “Hesabın operatoru haqqında” məlumatdan görünür ki, İddiaçı 4 ədəd qiymətli kağızın sahibidir. Göründüyü kimi iddiaçı atasına məxsus olan səhmlər üzərində 2019-cu ildən sahiblik hüququ əldə etmiş və onun səhmdarların ümumi yığıncağında iştirak etmək hüququ da həmin zamandan yaranmışdır. İddiaçı tələbinin bir hissəsində isə məhz 2019-cu il üzrə isə səhmdarların ümumi yığıncağının keçirilmədiyini iddia edərək həmin il üzrə səhmdarların ümumi yığıncağının keçirilməsini tələb etsə də, cavabdeh tərəfindən Cəmiyyət təsis edildiyi zamandan hazıradək bütün yığıncaqlar keçirildiyindən artıq yenidən səhmdarların ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məqsədə müvafiq deyil. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 22 oktyabr 2021-ci il tarixli xx/xx-07986 nömrəli arayışdan görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 21:15-də Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 52 ünvanında yerləşən “Simurq Kompani" ATSC-yə məxus, X1 tərəfindən icarəyə götürülmüş kafedə yanğın hadisəsi baş vermiş, nəticədə kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan “Simurq Kompani" ATSC-nin 2016-2020-ci fəaliyyət illərini əhatə edən, mühasibatlığa aid sənədlər, əmək haqqı cədvəlləri, pandemiyaya görə kollektivə ayrılmış dövlət yardımının verilməsi cədvəlləri, bank köçürmələri və vergi ödəmələri çekləri yanaraq məhv olmuşdur. Qeyd edilən səbəbdən həmin sənədlərin cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh X11 Cəmiyyəti səhmdarlarının xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokollarında görünür ki, Cavabdeh ATSC tərəfindən 2021, 2022, 2023-cü illər üzrə keçirilməsi nəzərdə tutulmuş səhmdarların ümumi yığıncaqları keçirilmişdir. Həmçinin iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, səhmdarların ümumi yığıncağına dəvət edilsə də ona qarşı təxribat olduğunu hesab etdiyindən yığıncaqda iştirak etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, yuxarıda istinad olunanlara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-199/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh X11 Cəmiyyətinə qarşı dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar