Məhkəmə qərarları › İş №2-2(104)-171/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-171/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-171/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Kəndli Fermer X2 Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, “pul tələbinə” dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-79/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 17 sentyabr 2022-ci il tarixli “Birgə fəaliyyətə dair” müqavilə birinci tərəf Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC ilə ikinci tərəf İddiaçı arasında birinci tərəfin mülkiyyətində və ya istifadəsində olan Bərdə rayonu ərazisində yerləşən 203 hektar torpaq sahəsindən kənd təsərrüfatına yararlı hissəsindən 100 hektar torpaq sahəsində icraçı tərəfindən birgə kənd təsərrüfatı məhsullarının (qarğıdalı və soya istehsalı üçün) əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədi daşıyır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsasən əkin sahələrinin biçilməsi hər iki tərəfin iştirakı və biçinə dair aktların rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir. İcraçı tərəf sahələrdən biçilmiş məhsul üzərində (13 faiz birinci tərəfə təqdim etməklə) tam səlahiyyətə malikdir və bu məhsul heç bir səbəblə üçüncü tərəfə onun icazəsi olmadan satıla və ya təqdim oluna bilməz. Torpaq sahəsinin icraçı tərəfindən əkilməsi müqabilində biçin zamanı əldə olunan məhsulun 13 faizini birinci tərəfə təhvil verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahələrinin kefiyyətinin qorunmasına və mühafizə olunmasına, torpaq sahəsi ilə əlaqədar vergilərin, icarə haqlarının, suvarılma xərclərinin və digər zəruri ödənişlərin vaxtında ödənilməsinə, sahələrin suvarılmasının təmin edilməsinə, müvafiq icazələrin alınmasına, o cümlədən torpaq sahələrinin əkilib-becərilməsi ilə əlaqədar bəyannəmələri, məlumatları aiddiyəti orqanlara təqdim edilməsinə birinci tərəf cavabdehlik daşıyır. Bərdə rayon sakini X3 Balakən rayon sakini İddiaçı vermiş olduğu 25 aprel 2023-cü il tarixli İltizamdan görünür ki, İddiaçı X3 100 hektar ərazisinə çəkdiyi xərclər aşağıdakı kimidir. 410 kisə amofoz növlü kübrə - 34850 azn, 54 kisə NPK növlü kübrə - 3240 azn, 121 hektar əraziyə pambıq çöpü qırma – 3630 azn, 141 hektar əraziyə əkin kotan – 7050 azn, 102 hektar əraziyə kübrə səpini – 2040 azn, 102 hektar əraziyə diskli mala – 3570 azn, 100 hektar əraziyə çizel partlatma – 4000 azn, 100 hektar əraziyə rotorlu mala – 4000 azn, 100 hektar əraziyə dişli mala – 3000 azn, 100 hektar əraziyə ütü mala – 2500 azn. Ümumi məbləğ 67880 manat təşkil edir. Qeyd edilən məbləğlərdən başqa X1 Qüdrət Həmid oğlundan torpağının icarə haqqı üçün ümumilikdə 97000 manat pulun 30000 manatı nağd olaraq Bərdə rayonunda, daha sonra 67000 manatını isə nağd olaraq Balakən rayonunda almışdır. O, söz vermişdir ki, 05 may 2023-cü il tarixə kimi 97000 manat pulu Balakən rayonu Mahamalar kənd sakini İddiaçı qaytaracaqdır. Qalan 67880 manat pulu isə 31 iyul 2023-cü il tarixinə kimi olan müddətədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğlərə zəhmət haqqı daxil olunmamışdır. Bərdə rayon sakini X3 Balakən rayon sakini İddiaçı vermiş olduğu iltizamdan görünür ki, İddiaçı 100 hektar əraziyə 67880 manat məbləğində xərc çəkmişdir. Qeyd edilən məbləğlərdən başqa o, İddiaçı torpağın icarə haqqı üçün ümumilikdə 97000 manat pulun 30000 manatını nağd olaraq Bərdə rayonunda, daha sonra 67000 manatını isə nağd olaraq Balakən rayonunda almışdır. Hal hazırda söz veririr ki, 05 may 2023-cü il tarixinə kimi 97000 manat pulu Balakən rayonu Mahamalar kənd sakini İddiaçı qaytaracaqdır. Qalan 67880 manat pulu isə 31 iyul 2023-cü il tarxinə kimi olan müddətədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğlərə zəhmət haqqı daxil olunmamışdır. 23 sentyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olmaması, tərəflər arasında yaranmış öhdəliklərin mülki xarakterli olması nəzərə alınmaqla Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, fərdi sahibkar İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən məktubda sözügedən elektron qaimələrdə və buna əsasən tərtib edilmiş təhvil-təsdim aktlarında göstərilən miqdarda qarğıdalı toxumları satılmışdır. Qarğıdalı toxumunun dəyəri fərdi sahibkar İddiaçı tərəfindən tam olaraq ödənilmişdir, toxumun istifadə və satış sezonu keçdiyi üçün qaytarılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2024-cü il tarixli, 4/316 saylı ekspertiza rəyində qeyd olunur ki, X3 adından olan xx.xx.2023-cü il tarixli iltizamda “Abbasov.E.H” sözləri və “İmza” qrafasındakı imza- X8 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş real zərərə görə 197851 manat və əldən çıxmış fayda olaraq 217500 manat, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu olmaqla cəmi 416055.85 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar olaraq (VÖEN **********) fermer təsərrüfatı ilə məşğuldur. Uzun illərdir ki, əkin üçün yararlı olan torpaq sahələrinin sahibləri ilə müqavilələr bağlayaraq kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirir. xx.xx.2022-ci il tarixdə Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC-nin direktoru X8 ilə onun arasında Balakən rayonunda yerləşən ASAN xidmətdə “birgə fəaliyyətə dair müqavilə” bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC-nə icarə hüququ əsasında ona məxsus olan 203 ha torpaq sahəsinin 100 ha torpaq sahəsində qarğıdalı və soya məhsulları əkilib becərilməli idi. Müqavilə şərtinə əsasən məhsul yığımından sonra əldə etdiyi gəlirin 13 faizini cavabdehə verməli idi. Lakin müqavilə bağlandıqdan sonra razılaşdırılmış 13 faizin əvəzi olaraq cavabdeh ondan əvvəlcədən 97000 (doxsan yeddi min) manat tələb etdi və o da bu məbləğin ödənilməsini təmin etmişdir. 2022-ci ilin sentyabr ayından etibarən 100 hektar torpaq sahəsini səpinə yararlı hala salınması üçün yüksək məbləğdə xərclər çəkməyə başlamışdır. Müqavilə üzrə 100 ha əraziyə ilkin olaraq 75000 (yetmiş beş min) manat xərcləyib ərazini 6 ay müddətində (torpağı hazırlamaq və kübrəsini verməklə) tam səpin halına gətirmiş olmuşdur. Eyni anda da əlavə olaraq cavabdehə məxsus 49 ha ərazini səpin halına gətirmişdir. Lakin 2023-cü ilin mart ayından başlayaraq cavabdeh heç bir əsas olmadan işləri saxlamağı tələb etmişdir. Ondan işi dayandırmağının səbəbi barədə soruşanda o izahdan boyun qaçırmış və ona “sən bilməyən işlər var” deməklə əsassız fikirlər bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh qarğıdalı səpini üçün hazırladığı 100 ha ərazidə pambıq əkməyi planlaşdırır və bu məqsədlə o pambıq zavodu ilə müqavilə bağlayıb. Bununla bağlı araşdırma apararkən ona aydın olmuşdur ki, cavabdeh artıq 2022-ci ilin dekabr ayında pambıq zavodu ilə müqavilə bağlayıbmış. Halbuki, o, həmin müddətlərdə torpağı əkinsəpin halına gətirməyi üçün banklardan kredit vəsaiti cəlb edərək, işlərin görülməsi üçün külli miqdarda xərclər çəkmişdir. Ərazidə səpin üçün işləri görmək istəsə də cavabdeh təşkilatın direktoru X8 və özünü cavabdehin işçisi kimi təqdim edən X10 və digər şəxslər tərəfindən yaradılmış ciddi maneələr nəticəsində mümkün olmamışdır. Nəticə olaraq cavabdehin hüquqazidd hərəkətləri ilə müqavilənin icrasına maneçilik yaratmışdır və bu hal nəticəsində onların arasında mübahisə yaranmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi zərər dəymişdir və əlavə olaraq xeyli zaman itirmişdir. Beləki, xx.xx.2022-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin icrası məqsədi ilə şəxsi vəsaitini və bankdan 300000 manat kredit vəsaiti götürərək aşağıdakı xərclərin icrasına sərf etmişdir: 1. Cavabdehə ödənilən vəsait – 97000 manat; 2. Torpaq sahəsinə xərclənən – 67 880 manat; 3. Kredit faizlərinin ödənilməsi üçün – 55168 manat; 4. Kredit komissiyası üçün – 1000 manat; 5. Kredit faizlərinin ödənilməsi üçün – 11643 manat; 6. Kredit komissiyası üçün – 500 manat; 7. Səpiləmədiyi üçün anbarda qalan 90 kisə qarğıdalı toxumu (gələn ilə istifadəsi yararsiz hala düşə bilər) – 20 250 manat; 8. Nəqliyyat xərcləri olaraq – 11500 manat; Ümumilikdə cavabdehə 97 000 manat müqavilə şərtinə əsasən ödənilmiş və 67 880 manat sahə üçün xərclənmiş, digər xərclərin icrası nəticəsində isə 100061.99 manat olmaqla 264941.99 manat zərər dəymişdir. Cavabdeh müəsissənin direktoru X3 xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamda xərclərin bir çoxunu etiraf etmiş və xx.xx.2023-cü il tarixədək geri qaytaracağına dair öhdəlik götürmüşdür və müqavilə imzalanan zaman aldığı 97 000 manat məbləğindən 67091 manatını qaytarmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-79/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, 118039 manat məbləğində dəymiş maddi ziyan, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən 102,04 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi yekun məhkəmə aktında qeyd etmişdir ki, məhkəməyə təqdim edilən və düzgünlüyü ekspert rəyi ilə təsdiqini tapan iltizamdan göründüyü kimi X1 Qüdrət Həmid oğlunun 100 hektar əraziyə 67880 manat məbləğində xərc çəkdiyini və ondan 97000 manat pul aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış 29909 manat, torpaq sahəsinin səpinə yararlı vəziyyətə gətirilməsi üçün xərclənən 67880 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin səpilmədiyi üçün anbarda qalan qarğıdalı toxumunun alınması üçün ödənilmiş 20250 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron-qaimələrdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-dən qarğıdalı toxumları alınmışdır. Bununla bağlı "xxxx" MMC-nə sorğu ünvanlanmış və sorğunun nəticəsindən göründüyü kimi həqiqətən iddiaçı tərəfindən elektron-qaimələrdə göstərilən miqdarda qarğıdalı toxumları alınmışdır. İddiaçı tərəfindən alınmış həmin toxumun hazırki mübahisə edilən torpaq sahəsində əkilməsi üçün alınması işin mübahisəsiz halıdır. Çünki tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədən göründüyü kimi həmin torpaq sahəsində qarğıdalı məhsulun əkilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehin yaratdığı maneə nəticəsində qarğıdalı toxumu səpilə bilmədiyindən iddiaçıya 20250 manat zərər dəymişdir. Ona görə də həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin kredit faizləri, kredit komissiyası və nəqliyyat xərclərinin cavabdehdən tutularaq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş planından və kreditin verilməsi ilə bağlı köçürmədən görünür ki, həqiqətən İddiaçı tərəfindən 200000 manat kredit götürülmüşdür. Lakin həmin məbləğin hamısının məhz həmin torpaq sahəsi ilə xərclərə sərf olunduğunu müəyyən etmək mümkün deyildir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində bankdan 300000 manat kredit götürdüyünü bildirsə də, təqdim olunmuş sənədlərdən yalnız 200000 manat kredit götürdüyü məlum olur. Nəqliyyat xərcləri ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443 və 448ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işi tam araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. İş üzrə 17 sentyabr 2022-ci ildə tərəflər arasında həqiqətən müqavilə bağlanmışdır. Ancaq 2023-cü ilin aprel ayında iddiaçı tərəfindən razılaşmaya uyğun olaraq torpaq sahəsindən istifadə olunmamasına və müqavilə şərtlərinə uyğun olaraq torpaq sahəsini münbit hala gəritmədiyinə görə tərəflər arasında fikir ayrılığı yaranmışdır. Hətta ötən ilin may ayında Bərdə Rayon Məhkəməsində müqavilənin ləğv edilməsinə dair iddia qaldırılmış, lakin iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra, mediasiya mərhələsindən keçilmədiyi üçün iş geri qaytarılmışdır. Mediasiya sessiyasından keçilən müddətdə isə artıq müqavilənin müddəti başa çatmış və belə olan halda müddəti başa çatmış müqavilənin ləğv edilməsinə zərurət aradan qalxmışdır. Bundan sonra, iddiaçı Balakən Rayon Polis Şöbəsinə şikayət vermiş və orada öz izahatında 71900 manatın ödənilməsini etiraf etmiş, 10000 dollarını isə şahid xx.xx.1983-cü il təvəllüdlü Ağdam rayon sakini X5 iştirakı ilə vermişdir. Hazırda iddiaçı tərəfə 8100 manat borc qalmışdır. İşə baxılarkən lazımi qaydada məlumat verilmədiyindən yalnız baxış iclası zamanı iltizamdakı imzaların ona məxsus olmadığını bildirdikdən sonra iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. O məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə razı deyil və hər-hansı iltizama imza etməmişdir. Aldanmağı ilə bağlı onu şantaj etdiyindən, hətta X6 iltizamın etibrasız hesab edilməsinə dair iddia qaldırsa da, qarşı tərəfin Balakən rayonunda qeydiyyatda olması səbəbindən iddia ərizəsi geri qaytarılmışdır. Daha sonra, Şəki Kommersiya Məhkəməsində eyni tələblə qaldırdığı iddia isə pretenziya qaydasına əməl olunmadığından geri qaytarılmışdır. Bundan sonra, pretenziya ilə müraciət etsə də, xəbərnaməsi hazırki işə baxılanadək geri qayıtmadığından Şəki Kommersiya Məhkəməsində iddia qaldıra bilmək hüququndan məhrum olunmuşdur. O, barəsində şantaj məlumatların yayılması hədəsi altında ağ kagıza imza etmişdir. Balakən RPŞ-də verdiyi izahatında 71.900 manatın ödənilməsi barədə etirafı, 10.000 ABŞ dollar məbləğində pulun ödənilməsini təsdiq edən şahidin dindirilməməsi, iddia ərizəsi ilə Balakən RPŞ-də verdiyi izahatlar arasında ziddiyyətlər, Balakən RPŞ-də aparılmış araşdırma nəticəsində toplanmış sənədlərin məhkəmə qaydasında əldə edilməsi barədə verdikləri vəsatətin təmin edilməməsi, iltizamın etibarsız hesab edilməsinə dair iddia tələbinin qaldırılmasına vaxt verilməməsi, torpaq sahəsində işlərin görülməsini təsdiq edən sübutların olmaması, bunu müəyyən etmək üçün yerində baxış keçirilməməsi, torpaq sahəsində iddiaçı tərəfindən işlərin görülüb-görülməməsini müəyyən etmək üçün ən azından yerli icra nümayəndəsinə sorğu verilməməsi hazırki qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə əsasdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf iddia tələbini qismən qəbul edir. Cavabdehlə iddiaçı arasında torpaq sahəsindəin istifadə edilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, sonradan iddiaçı üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün cavabdeh Bərdə Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmə mübahisəsi gedən zaman sözügedən müqavilənin müddəti bitmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə iddiaçı sözügedən torpaq sahəsini əkib əldə edəcəyi gəlirin 13 faizini cavabdehə verməli idi, lakin sonradan 13 faizin 97000 manat kimi qiymətləndirib cavabdehə ödənmişdir. Cavabdeh öz növbəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçıya maddi ziyan vurulmuşdur. Həmçinin, sahəyə toxum əkilməmiş, cavabdeh müxtəlif maneələrlə əkinə mane olmuş, 97000 manat icarə haqqı kimi verilmiş, digər çəkilən xərclərin 97000 manata aidiyyatı olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər İddiaçı və Cavabdeh X9 MMC arasında 17 sentyabr 2022-ci il tarixli birgə fəaliyyətə dair müqavilə bağlanmışdır. Bu müqavilə tərəflər arasında birinci tərəfin (Cavabdeh X4) mülkiyyətində və ya istifadəsində olan Bərdə rayonu ərazisində yerləşən 203 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı hissəsindən 100 hektar torpaq sahəsində icraçı (İddiaçı) tərəfindən birgə kənd təsərrüfatı məhsullarının (qarğıdalı və soya istehsalı üçün) əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədi daşıyır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsasən əkin sahələrinin biçilməsi hər iki tərəfin iştirakı və biçinə dair aktların rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir. İcraçı tərəf sahələrdən biçilmiş məhsul üzərində (13 faiz birinci tərəfə təqdim etməklə) tam səlahiyyətə malikdir və bu məhsul heç bir səbəblə üçüncü tərəfə onun icazəsi olmadan satıla və ya təqdim oluna bilməz. Torpaq sahəsinin icraçı tərəfindən əkilməsi müqabilində biçin zamanı əldə olunan məhsulun 13 faizini birinci tərəfə təhvil verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahələrinin kefiyyətinin qorunmasına və mühafizə olunmasına, torpaq sahəsi ilə əlaqədar vergilərin, icarə haqlarının, suvarılma xərclərinin və digər zəruri ödənişlərin vaxtında ödənilməsinə, sahələrin suvarılmasının təmin edilməsinə, müvafiq icazələrin alınmasına, o cümlədən torpaq sahələrinin əkilib-becərilməsi ilə əlaqədar bəyannəmələri, məlumatları aiddiyəti orqanlara təqdim edilməsinə birinci tərəf cavabdehlik daşıyır. Bərdə rayon sakini X3 Balakən rayon sakini İddiaçı vermiş olduğu 25 aprel 2023-cü il tarixli İltizamdan görünür ki, İddiaçı X3 100 hektar ərazisinə çəkdiyi xərclər aşağıdakı kimidir. 410 kisə amofoz növlü kübrə - 34850 azn, 54 kisə NPK növlü kübrə - 3240 azn, 121 hektar əraziyə pambıq çöpü qırma – 3630 azn, 141 hektar əraziyə əkin kotan – 7050 azn, 102 hektar əraziyə kübrə səpini – 2040 azn, 102 hektar əraziyə diskli mala – 3570 azn, 100 hektar əraziyə çizel partlatma – 4000 azn, 100 hektar əraziyə rotorlu mala – 4000 azn, 100 hektar əraziyə dişli mala – 3000 azn, 100 hektar əraziyə ütü mala – 2500 azn. Ümumi məbləğ 67880 manat təşkil edir. Qeyd edilən məbləğlərdən başqa X1 Qüdrət Həmid oğlundan torpağının icarə haqqı üçün ümumilikdə 97000 manat pulun 30000 manatı nağd olaraq Bərdə rayonunda, daha sonra 67000 manatını isə nağd olaraq Balakən rayonunda almışdır. O, söz vermişdir ki, 05 may 2023-cü il tarixə kimi 97000 manat pulu Balakən rayonu Mahamalar kənd sakini İddiaçı qaytaracaqdır. Qalan 67880 manat pulu isə 31 iyul 2023-cü il tarixinə kimi olan müddətədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğlərə zəhmət haqqı daxil olunmamışdır. İddiaçı tərəfindən görülmüş işlərin dəyərinin cavabdeh tərəfindən tam həcmdə ödənilmədiyini qeyd edərək hazırki tələblə məhkəməyə müraciət etmiş, təqdim edilən iddia tələbi vurulmuş zərərə görə 197851 manat və əldən çıxmış fayda olaraq 217500 manat pulun ödənilməsi olmuşdur. Gəncə Kommersiya Məhkəməsi iddianı qismən əsaslı hesab edərək yekun məhkəmə aktında qeyd etmişdir ki, iddia ərizəsindən, həm də xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahatından göründüyü kimi iddiaçı tərəf cavabdehin nümayəndəsinə müqaviləyə əsasən verilmiş 97000 manat pulun 67091 manatının cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdehin nümayəndəsi isə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 97000 manat pulu alıb, lakin həmin pulun 78000 manatı geri qaytarılıb. Hazırda onun cavabdehə 19000 manat borcu qalmışdır. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan və eyni zamanda cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 97000 manat pul verilmişdir. Cavabdehin nümayəndəsi öz izahatında aldığı 97000 manat pulun 78000 manatını qaytardığını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən 97000 manat pul cavabdehin nümayəndəsinə verilmişdir. Cavabdehin nümayəndəsi həmin pulun 67091 manatını iddiaçıya qaytarmış və onun iddiaçıya 29909 manat borcu qalmışdır. Məhkəməyə təqdim edilən və düzgünlüyü ekspert rəyi ilə təsdiqini tapan iltizamdan göründüyü kimi X1 Qüdrət Həmid oğlunun 100 hektar əraziyə 67880 manat məbləğində xərc çəkdiyini və ondan 97000 manat pul aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış 29909 manat, torpaq sahəsinin səpinə yararlı vəziyyətə gətirilməsi üçün xərclənən 67880 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin səpilmədiyi üçün anbarda qalan qarğıdalı toxumunun alınması üçün ödənilmiş 20250 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edilmişdir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron-qaimələrdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-dən qarğıdalı toxumları alınmışdır. Bununla bağlı "xxxx" MMC-yə sorğu ünvanlanmış və sorğunun nəticəsindən göründüyü kimi həqiqətən iddiaçı tərəfindən elektronqaimələrdə göstərilən miqdarda qarğıdalı toxumları alınmışdır. İddiaçı tərəfindən alınmış həmin toxumun hazırki mübahisə edilən torpaq sahəsində əkilməsi üçün alınması işin mübahisəsiz halıdır. Çünki tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədən göründüyü kimi həmin torpaq sahəsində qarğıdalı məhsulun əkilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehin yaratdığı maneə nəticəsində qarğıdalı toxumu səpilə bilmədiyindən iddiaçıya 20250 manat zərər dəymişdir. Ona görə də həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin kredit faizləri, kredit komissiyası və nəqliyyat xərclərinin cavabdehdən tutularaq ödənilməsi hissəsi ilə bağlı qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş planından və kreditin verilməsi ilə bağlı köçürmədən görünür ki, həqiqətən İddiaçı tərəfindən 200000 manat kredit götürülmüşdür. Lakin həmin məbləğin hamısının məhz həmin torpaq sahəsi ilə xərclərə sərf olunduğunu müəyyən etmək mümkün deyildir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində bankdan 300000 manat kredit götürdüyünü bildirsə də, təqdim olunmuş sənədlərdən yalnız 200000 manat kredit götürdüyü məlum olur. Nəqliyyat xərcləri ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilə bilməz. Qeyd olunan qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirilmiş, belə olan halda iddia tələbinin təmin edilən hissəsi hazırki icraat zamanı məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir. Göründüyü kimi iddia tələbinin təmin edilən hissəsinə əsasən torpaq sahəsinin yaxşılaşdırılması üçün xərclənən 67880 manat, əvvəldən iddiaçı tərəfindən cavabdehə ödənilən 97000 manatın qaytarılmamış 29909 manat, toxumun alınması üçün ödənilən 20250 manat, cəmi 118039 manat maddi ziyanın cavabdehdən tutulması qət edilmişdir. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri). MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin iddiaçıdan 30000 manatı nağd olaraq Bərdə rayonunda və 67000 manat isə Balakən rayonunda olmaqla ümumilikdə 97000 manat pul alması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli iltizamdan görünür ki, cavabdeh ümumilikdə 97000 manat pulun 30000 manatı nağd olaraq Bərdə rayonunda, daha sonra 67000 manatını isə nağd olaraq Balakən rayonunda almışdır. O, söz vermişdir ki, 05 may 2023-cü il tarixə kimi 97000 manat pulu Balakən rayonu Mahamalar kənd sakini İddiaçı qaytaracaqdır. Bundan başqa qalan 67880 manat pulu (100 ha torpaq sahəsinə çəkilən xərclərin ümumi məbləğini) isə 31 iyul 2023-cü il tarixinə kimi olan müddətədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli iltizamın düzgünlüyü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 4/316 nömrəli ekspert rəyi ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış torpaq sahəsinin səpinə yararlı vəziyyətə gətirilməsi üçün xərclənən 67880 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən 97000 manat puldan iddiaçıya qaytarılmamış 29909 manat məbləğində pulun da cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddianın qeyd olunan hissədə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan İddiaçı Bərdə rayon Polis Şöbəsində verdiyi izahatında qeyd edilmişdir ki, cavabdeh tərəfindən 97000 manat qaytarılmalı olduğu halda, həmin pulun xx.xx.2023-cü il tarixdə 59000 manat, xatırlamadığı tarixlərdə 5000 manat və 3000 manat, daha sonra xx.xx.2023-cü il tarixdə isə 4900 manat pul ödənilmişdir (İş.v.156). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış pul məbləği 29909 manat deyil, 25100 manat (97000- 46100(59000+5000+3000+4900)=25100) kimi hesablanmalı və həmin məbləğdə pulun da cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə səpilmədiyi üçün anbarda qalan qarğıdalı toxumunun alınması üçün ödənilmiş 20250 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması da qət edilmişdir. Bu hissədə birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həqiqətən iddiaçı tərəfindən elektronqaimələrdə göstərilən miqdarda qarğıdalı toxumları alınmışdır. İddiaçı tərəfindən alınmış həmin toxumun hazırki mübahisə edilən torpaq sahəsində əkilməsi üçün alınması işin mübahisəsiz halıdır. Çünki tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədən göründüyü kimi həmin torpaq sahəsində qarğıdalı məhsulun əkilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehin yaratdığı maneə nəticəsində qarğıdalı toxumu səpilə bilmədiyindən iddiaçıya 20250 manat zərər dəymişdir. İddiaçı ərizəsində səpilmədiyi üçün anbarda qalan qarğıdalı toxumunu hazırda mübahisə edilən torpaq sahəsində əkilməsi üçün alınmasını və cavabdehin yaratdığı maneələrə görə əkilə bilməməsini qeyd etsə də, bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmiş, yəni sözügedən qarğıdalı toxumunun məhz mübahisəli torpaq sahəsində əkilməsi üçün alınmasını, cavabdeh tərfindən iddiaçıya maneənin yaradılmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş təhvil-təslim aktları ilə müəyyən olunur ki, iddiaçı sözügedən qarğıdalı toxumlarını xx.xx.2023, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə almış, həmin toxumların Bərdəyə aparılması və ya yerində cavabdehə məxsus sahədə təhvil verilməsi müəyyən edilməmişdir. Əksinə həmin təhvil-təslim aktı ilə toxumlar iddiaçıya təqdim edilmiş, iddiaçı tərərfindən daha yüksək məbləğlərdə qaimələrlə toxumların alınmasına dair sübutlar təqdim olunmuşdur (İş.v.31-34). Bundan başqa iş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli iltizamda İddiaçı 100 hektar əraziyə çəkdiyi xərcləri qeyd edilsə də həmin iltizam toxumların alındığı tarixdən sonra tərtib olunmasına baxmayraq qarğıdalı toxumunun alınması ilə bağlı iltizamda heç bir qeyd aparılmamışdır. Halbuki, həmin iltizam bütövlükdə görülən işləri və xərcləri əhatə etmiş, yalnız qeyd edilən məbləğlərə zəhmət haqqının daxil edilmədiyi birbaşa qeyd olunmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin səpilmədiyi üçün anbarda qalan qarğıdalı toxumunun alınması üçün ödənilmiş 20250 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsini təmin etməklə yanlışlığa yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-79/2024 saylı qətnaməsi qismən - 118039 manat məbləğində dəymiş maddi ziyanın Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən 25.100 (iyirmi beş min yüz) manat və 67.880 (altmış yeddi min səkiz yüz səkkiz) manat, ümumilikdə 92.980 (doxsan iki min doqquz yüz səksən) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-79/2024 saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar