Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-177/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hüquqi şəxsin iflas olunmuş hesab olunaraq ləğv edilməsi tələbinə dair Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, “hüquqi şəxsin iflas olunmuş hesab olunaraq ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-832/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 saylı qətnaməsi ilə iddiaçı “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta ödənişinə dair tələbi təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2- 13/2020 saylı qərardadından görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmənin qərardadı ilə “Azsığorta" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MMC xx.xx.2005-cı il tarixdə ********** saylı VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Nizamnamə kapitalı 2.00 AZN göstərilmişdir. “İqtisadiyyat” qəzetinin 9-15 may 2024-cü il tarixli buraxılışından görünür ki, iddiaçı “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı müflis elan olunması ilə bağlı məhkəmə iclasının olmasına dair elan verilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 saylı qətnaməsi əsasında tərtib edilən icra işinin materiallarından görünür ki, Cavabdeh MMC-nin əmlakının və gəlirlərinin axtarılması barədə qərar qəbul edilmiş, rezident olan banklara müvafiq sorğular göndərilmiş, aktiv əmlakının olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn iflas olunmuş hesab olunaraq ləğv edilməsini və 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-ə qarşı subroqasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, cavabdehdən “X4 Zavodu” MMC-ə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27567,4 manat məbləğində sığorta ödənişini və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, 27567,4 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsinə istinad edilməklə məhkəməyə qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(115)-13/2020 saylı tarixli qərardadı ilə icra məmurunun sözügedən qərarı ləğv edilmiş, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Baş vermiş hadisədən və hadisə ilə bağlı Cavabdeh MMCnin mülki öhdəliyi yaranandan sonra MMC-nin təsisçisi kreditorları itkilərdən qorumamışdır. Əksinə təsisçi X2 borclu Cavabdeh MMC-nin mülkiyyətində olan əmlakları özgəninkiləşdirmişdir. Bununla da mülki hüquqlarından sui-istifadə etmişlər. Göründüyü kimi, borclu Cavabdeh MMC-nin kreditor "xxxx" ASC-yə ümumilikdə 27597,4 manat məbləğində borcu var. “Müflisləşmə və iflas haqqında” qanunun 2-ci maddəsinin 3-cü bəndinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. Cavabdeh MMC–nin nizamnamə kapitalının məbləği 2 manat təşkil edir. Cavabdeh MMCnin "xxxx" ASC-yə olan borc məbləği onun nizamnamə kapitalının 10%-dən çox hissəsini təşkil edir. Buna görə də, borclu Cavabdeh MMC borc öhdəliklərini ödəmə qabiliyyəti olmaması səbəbindən iflas olunmuş hesab edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-832/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin ödəmə qabiliyyətinin olmaması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Borclunun nümayəndəsi hüquqi şəxsin fəaliyyətinin dayandırıldığını, ödəmə qabiliyyətinin olmadığını bildirsə də bununla bağlı heç bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir Məhkəmə mövqeyini “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, 3, 11-ci, Mülki Məcəllənin 63-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir mötəbər sübuta istinad etmədən Cavabdeh MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlmişdir. Lakin işdə olan sübutlar iddianın əsaslı olduğunu göstərir və məhkəmə özü də həmin sübutları qətnamədə göstərməsinə baxmayaraq işin halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-13/2020 saylı qətnaməsi ilə iddiaçı “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta ödənişinə dair tələbi təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun CavabdehMMC-dən iddiaçı “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar "xxxx" ASC tərəfindən həmin qərardan şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2-13/2020 saylı qərardadı ilə şikayət təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan Cavabdeh MMC xx.xx.2005-cı il tarixdə ********** saylı VÖEN nömrəsi ilə qeydiyyata alındığı və nizamnamə kapitalının 2.00 AZN olduğu müəyyən edilir. Qətnamənin xx.xx.2020-ci il tarixdən icra edilməməsi, icra məmurunun qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməməsi əsası ilə xx.xx.2023- cü il tarixdə geri qaytarılması və borclunun nizamnamə kapitalının cəmi 2 AZN təşkil etməsi cavabdehin ödəmə qabiliyyəti olmayan sayılması və müflis elan edilməsi üçün kifayət qədər əsasların olduğunu sübut edir və məhkəmənin hansı əsasla “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmaması barədə nəticəyə gəlməsi qeyri- müəyyəndir. Göstərilən hallar məhkəmənin formal mülahizələr əsasında iddianı təmin etmədiyini və istinad edilən qanunvericilik normalarının tələblərinin pozulduğunu deməyə əsas verir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
59. Hüquqi şəxsin ləğvi. 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. ...
63. Hüquqi şəxsin müflis olması. 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
551. Öhdəliklərin xitamı üçün müddətlər. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunu:
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; 13 may 2024-cü il tarixli, **********183365 nömrəli vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, vergi ödəyicisi ’'X5 Kompleksi" MMC-də 123810.46 manat azaldılma müəyyən edilmiş, 68 596,52 manat maliyyə sanksiyası hesablanmışdır
2. İflas prosesinə başlanmasının ümumi qaydaları
1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. ...
5. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. 3 . Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
5. Boclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas ərizəsində borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. ... 10-1. İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.
11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh MMC-nin ödəmə qabiliyyətinin olmaması əsası ilə sonuncunun iflas olunmuş hesab olunaraq ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tələbi əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Müflisləşmə və iflas” haqqında Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh MMC-nin ödəmə qabiliyyətinin olmaması ilə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Belə ki, MPM-nin 14 və 88-ci maddəsinin tələblərinə əsasən iddiaçı tələbi üzrə sübutetmə yükünü daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”. Həmçinin məhkəmə qeyd edir ki, “Azsığorta" ASC ilə Cavabdeh MMC arasında sığorta ödənişinin tutulması tələbi barədə məhkəmə mübahisəsi mövcud olmuş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçı “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra məmurunun qərarı ilə məhkəmənin icra sənədi borclunun əmlakı müəyyən edilməməsi əsası ilə məhkəməyə qaytarılmışdır. İcra məmurunun qərarından tələbkar tərəfindən verilmiş şikayət əsasında işə baxan Gəncə Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-2-13/2020 saylı qərardadı ilə icra məmurunun qərarının ləğv edilməsini, qətnamənin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara almışdır. İcra hərəkətləri isə icra idarəsi tərəfindən davam etdirilir. Kreditor həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün borclunun ödəmə qabiliyyətinin olmadığını və qətnamənin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, sığorta ödənişi üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2020-cı il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda məhkəmə iclasında həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdiyi müəyyən edilmişdir. Qeyd edilən müflisləşmə və iflas hallarının hüquqi əsaslarını müəyyən edən maddi normalar üzrə hazırki iddia tələbinə qiymət verilərkən cavabdeh hüquqi şəxsin müflisləşməsinin hüquqi əsasları müəyyən edilməmişdir. Beləliklə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-832/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov