Məhkəmə qərarları › İş №2-2(104)-178/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-178/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-178/2024 29.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızı katibliyi, iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(115)-1132/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin tam həcmdə görülməməsi nəticəsində iddiaçıya cavabdeh tərəfindən vurulmuş 177001,86 manat məbləğində maddi ziyanın tam məbləğdə cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti normalarını pozmuşdur. Belə ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 82F, mənzil 4 olmasına baxmayaraq, iddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(115)-1132/2024 nömrəli qərardadı ilə iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Cavabdeh işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı vəsatəti təmin edilməmişdir Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqi ünvanı ünvan 2zəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Qanunvericiliyə əsasən müqavilələrdən əmələ gələn iddialar o vaxt müqavilənin icra yerinə görə də verilə bilər ki, həmin müqavilədə müqavilənin icra yeri göstərilmiş olsun. Halbuki müqavilədə müqavilənin icra yerinin göstərilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-2(115)-1132/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini və işin ərazi aiddiyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyаsı şikаyətin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instаnsiyа məhkəməsi qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin tam həcmdə görülməməsi nəticəsində iddiaçıya cavabdeh tərəfindən vurulmuş 177001,86 manat məbləğində maddi ziyanın tam məbləğdə cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 06 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, müqavilə Gəncə şəhərində bağlanmış, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan “Mənzil Fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin təhvil verilməsini üzərinə götürmüşdür. İş materiallarında olan “Azemıs” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh (VÖEN: **********) hüquqi ünvanı ünvan 3nının Bakı şəhərində olması iş materialları ilə təsdiq edilsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, icraçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan binalarda əsaslı təmir işlərinin təhvil verilməsi ilə bağlı sifarişçi ilə razılaşmışdır. İş materiallarında olan yuxarıda qeyd edilən müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan “Xüsusi şərtlər”dən görünür ki, müqavilənin icra yeri Gəncə şəhəridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsi ərazi aidiyyətinin ümümi qaydalarını müəyyən edir. MPM-nin 36-cı maddəsi isə konkret kateqoriyadan olan işlər üzrə iddianın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün iddiaçıya seçim emək hüququ vermişdir. Nəzərə almaq lazımdır ki, belə seçim etmək hüququ yalnız iddiaçıya məxsusdur və o, şərh edilən maddədə göstərilən işlər üzrə iddianı MPM-nin 35-ci maddəsinə əsaslanmaqla ərazi aidiyyəti üzrə və ya MPM-nin 36-cı maddəsinin verdiyi imkanlardan istifadə edərək bu normada göstərilmiş məhkəməyə verə bilər. Başqa sözlə MPM-nin 36-cı maddəsi dispozitiv xarakterlidir və iddiaçıya seçim imkanı verir, iddiaçı isə belə seçimi öz mülahizəsinə əsasən edə bilər. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı MPM-nin 36.11-cı maddəsinə istinad etməklə müqavilənin icra yerinə görə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ona görə də işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsas yoxdur və cavabdehin vəsatəti haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267, 395-398,402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. İş üzrə Gəncə Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(115)- 1132/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar