Məhkəmə qərarları › İş №2-2(104)-190/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-190/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-190/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-245/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-245/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri N nömrəli hərbi hissəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Vətən” gəmisinin körpüdə dayanmasının təmin edilməsinə dair 26 yanvar 2021-ci il tarixli 945 nömrəli müqaviləyə əsasən 25200 (iyirmi beş min iki yüz) manat pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 165 manat 60 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-245/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2021-ci il tarixdə 945 nömrəli müqavilədən irəli gələn 25200 manat məbləğində pulun, həmçinin 2022-ci ilin yanvar ayından iyun ayına kimi hər ay gəminin körpüdə dayandığına görə 2100 manat olmaqla 6 ay ərzində 12600 manat məbləğində pulun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə 945 nömrəli müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən icraçı "xxxx" MMC-yə 2021-ci ilin yanvar ayından etibarən “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə 12 ay müddətinə dayanmasına dair öhdəliyi üzərinə götürmüşdür. İcraçı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmiş, sifarişçi isə üzərinə düşən öhdəliyi icra etməyərək ödənişləri həyata keçirmədiyindən 2021-ci il üzrə 25200 manat borcu yaranmışdır. Bundan başqa "xxxx" MMC-yə müqavilənin müddətinin bitməsi və yaranan borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, ona “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə dayanmasının davam etməsi səbəbindən 2022-ci il üçün yeni müqavilə bağlanılması təklif edilmiş, buna baxmayaraq şirkət rəhbərliyi öhdəliyin yerinə yetirilməsindən və müqavilənin müddətinin uzadılmasından imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə tətbiq etdiyi maddi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş və beləliklə də iş üzrə iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddianın təmin edilməyən hissəsi ilə əlaqədar belə nəticəyə gəlmişdir ki, 2022-ci ilin yanvar ayından müqavilənin müddəti bitmiş, tərəflər müqavilə müddətini uzatmamışlar. Daha sonra məhkəmə qətnaməsində göstərmişdir ki, iş materialları ilə də “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus ərazidən götürülməsi ilə bağlı tələb irəli sürülməsi müəyyən edilmir, dəymiş ziyanla bağlı isə iddia tələbində hər hansı bir müddəa yer almır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqavilədə müəyyən edilmiş aylıq məbləğdə xidmət haqqının tutulması qanuni və əsaslı sayıla bilməz. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Hesab edirlər ki, məhkəmə iddia tələbinin təmin edilməyən hissəsində yuxarıda qeyd olunan nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə müddəti ərzində bu müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməməklə yanaşı müqavilə müddəti başa çatdıqdan sonra da özünə məxsus “Vətən” gəmisini N nömrəli hərbi hissəyə məxsus ərazidən götürməmişdir. Sözügedən gəmi hal hazıradək N nömrəli hərbi hissəyə məxsus şəhərciyin sahil körpüsündə saxlanmaqdadır. İşin mübahisəsiz halıdır ki, iddia tələbi iki hissədən ibarət olmuşdur ki, bu hal işə baxan birinci instansiya məhkəməsi tərəfindən də inkar olunmamışdur. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qanuni və əsaslı nəticəyə gələrkən qanunun tələblərinə əməl etsə də iddia tələbinin ikinci, yəni təmin olunmayan hissəsi üzrə yuxarıda sözügedən nəticəyə gələrkən qanunvericiliyin tələbinə əməl etməmişdir. Yuxarıda sadalanan xüsusatlara, eləcə də istinad olunan maddi hüquq normalarına əsasən hesab edir ki, məhkəmə maddi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia nın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri N nömrəli hərbi hissəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli 945 nömrəli “Vətən” gəmisinin körpüdə dayanmasının təmin edilməsinə dair müqavilədən görünür ki, icraçı 2021-ci il ilin yanvar ayından “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə 12 ay müddətinə dayanmasına dair öhdəlik götürmüş, sifarişçi isə müqavilənin 3.1-ci bəndinə əsasən “Vətən” gəmisinin sahil körpüsündə dayanmasına görə hər ay 2100 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndində göstərilir ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli 6092 nömrəli “Vətən” gəmisinin körpüdə dayanmasının yoxlanması haqqında aktdan görünür ki, N nömrəli hərbi hissənin komissiya üzvləri xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin müvəqqəti yerləşdiyi ərazidə yoxlama keçirmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəminin sahil körpüsünə bağlandığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziya məktublarının surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə 945 nömrəli müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən icraçı "xxxx" MMC-yə 2021-ci ilin yanvar ayından etibarən “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə 12 ay müddətinə dayanmasına dair öhdəliyi üzərinə götürmüş, icraçı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmiş, sifarişçi isə üzərinə düşən öhdəliyi icra etməyərək ödənişləri həyata keçirməmiş, beləliklə də onun 2021-ci il üzrə 25200 manat borcu, cavabdehə məxsus “Vətən” gəmisi N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə dayanması davam etməsi səbəbindən ondan sonrakı vaxt üçün 12 600 manat borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc ödənilməmişdir. İddia tələbini qismən təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilənin şərtlərini pozaraq aylıq ödəyəcəyi pul vəsaitini iddiaçıya ödəməmişdir. Cavabdehin müqavilə üzrə aylıq 2100 manat olmaqla 12 ay müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) iddiaçıya 25200 manat məbləğində borcu yaranmışdır. İddia tələbinin müqavilə üzrə borcun cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsi əsaslıdır, iddia həmin hissədə təmin edilməli, 25200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbində qaldırılan ikinci məsələ ondan ibarətdir ki, iddiaçı 12600 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, müqavilə müddəti bitdikdən sonra iddiaçı təşkilatın əməkdaşları xx.xx.2022-ci il tarixdə yoxlama keçirərək akt tərtib etmiş, “Vətən” gəmisinin müqavilə müddəti bitdikdən sonra 6 ay ərzində körpüdə dayanması müəyyən edilmişdir. Bu səbəbdən 6 ay, yəni 2022-ci ilin yanvar ayından iyun ayı daxil olmaqla aylıq 2100 manatdan hesablanmaqla 12600 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 2022-ci ilin yanvar ayından müqavilənin müddəti bitmiş, tərəflər müqavilə müddətini uzatmamışlar. Həmçinin iş materialları ilə də “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus ərazidən götürülməsi ilə bağlı tələb irəli sürülməsi müəyyən edilmir. Dəymiş ziyanla bağlı isə iddia tələbində hər hansı bir müddəa yer almır. Müqavilə müddəti bitdikdən sonra müqavilədə müəyyən edilmiş aylıq məbləğdə xidmət haqqının tutulması qanuni və əsaslı sayla bilməz. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 823.1-ci maddəsinə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Həmin Məcəllənin 824.2-ci maddəsinə əsasən saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Yenə də həmin Məcəllənin 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi müqavilə tərəflərinin hər biri müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməlidir. Müqavilə şərtlərinin lazımi qaydada icra edilməməsi müqavilə öhdəliyinin pozulması hesab edilir. İşin hallarından görünür ki, cavabdehə məxsus gəmi müqavilə müddəti bitdikdən sonra da, iddiaçıya məxsus sahil körpüsündə dayanmaqda davam etməklə cavabdeh tərəfindən əvəzində heç bir haqq ödənilmir. Beləliklə, iddia ərizəsindən göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilənin şərtlərini pozaraq aylıq ödəyəcəyi pul vəsaitini iddiaçıya ödəməmiş və nəticədə aylıq 2100 manat olmaqla 12 ay müddətinə iddiaçıya 25200 manat məbləğində borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bağlı birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra iddiaçı təşkilatın əməkdaşları xx.xx.2022-ci il tarixdə yoxlama keçirərək akt tərtib etmiş, “Vətən” gəmisinin müqavilə müddəti bitdikdən sonra 6 ay ərzində körpüdə dayanması müəyyən edilmiş və cavabdeh tərəfindən həmin dövr üçün də haqq ödənilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. Ona görə də həmin hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2022-ci ilin yanvar ayından iyun ayına kimi (iyun ayı da daxil olmaqla) hər ay gəminin körpüdə dayandığına görə 2100 manat olmaqla 6 ay ərzində 12600 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-245/2023 saylı qətnaməsi qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tam təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2022-ci ilin yanvar ayından iyun ayına kimi (iyun ayı da daxil olmaqla) hər ay gəminin körpüdə dayandığına görə 2100 manat olmaqla 6 ay ərzində 12600 (on iki min altı yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilsin. Qətnamə qalan hissədə dəytişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar