Məhkəmə qərarları › İş №2-2(104)-221/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-221/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-221/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-2(115)-1571/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 33 aylıq 198 manat abunə borcunun və qeydiyyatdan çixma aktına görə 35 manatın, cəmi 233 manat borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********), arasında da xx.xx.2018-ci ildə 2708 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyini xx.xx.2019-cu ilədək yerinə yetirmiş ödənişləri etmiş, sonradan xx.xx.2019-cu ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2020-ci ildən 3 ay, 2021-ci ildən 6 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 33 ay abunə borcu 198 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 06 sentyabr tarixli 2-2(115)- 1571/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 198 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2708 nömrəli müqaviləyə əsasən “İstehlakçı” Merkuri 130 F-01 tipli zavod nəzarət kassa aparatına (XKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Müqavilənin bəndlərindən göründüyü kimi “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. “İstehlakçı”-nın “STXM”-nin hüququ və məsuliyyətləri Nazirlər kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 (altı) manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”–in üzərinə düşür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mütəmadi xidmət göstərilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 198 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin qeydiyyatdan çıxma aktı üçün 35 manat məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin tələbi təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və məhkəmə iddia tələbini həmin hissədə rədd etmişdir. İddiaçı öz iddia ərizəsində ödəmiş olduğu 30 manat dövlət rüsumunu da cavabdehdən tələb etdiyindən və bunu təsdiq edən ********** nömrəli ödəniş qəbzi iddia ərizəsinə əlavə edildiyindən məhkəmə həmin məbləğdə dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu hesab etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabeh Bakı şəhərində, "xxxx" MMC -nin ("Park 20 şoppinq") metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən ticarət mərkəzində icarəyə mağaza götürərək ticarətlə məşğul olur. İddiaçı MMC-dən 2018-ci ilin sonlarında öz vəsaiti hesabına, yəni nağd qaydada pulunu ödəməklə «Merkuri 130 F-01» markalı, nəzarət kassa aparatı (NKA) almışdır. Həmin aparat iddiaçı tərəfindən cavabdehin işlətdiyi mağazaya gətirilmiş və vergi orqanında qeydiyyata alındıqdan sonra istifadəsinə icazə verilmişdir və bildirilmişdir ki,cavabdeh hər ay 6 manat xidmət haqqı verməlidir. İddiaçı MMC tərəfindən ilkin vaxtlar nəzarət kassa aparatlarına ara-bir servis xidmətləri göstərilmiş və cavabdeh 2020-ci ilin mart ayının sonunadək hər ay xidmət haqqını vaxtı-vaxtında iş yerinə gələn iddiaçının Ramiz adlı və digər nümayəndəsinə ödəmişdir. Lakin, bununla bağlı cavabdehə hər hansı bir ödəniş qəbzi verilməmişdir. Ümumiyyətlə cavabdehin işlədiyi ticarət mərkəzində hamı qeyd olunan xidmət haqqı deyilən pulu İddiaçı MMC-nin nümayəndəsinə nağd qaydada hər hansı bir ödəniş qəbzi təqdim olunmadan vermişdir. Lakin, cavabdehlə İddiaçı arasında hər hansı bir müqavilə, o cümlədən 2708 nömrəli xidmət müqaviləsi imzalanmamışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, 2708 nömrəli servis texniki xidmət müqaviləsindəki «İstehlakçı» sözünün qarşısındakı imza cavabdehə məxsus deyildir. Həmin müqavilə yəqin ki, İddiaçı MMC tərəfindən cavabdehə nəzərət kassa aparatı satıldıqdan sonra, həmin MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunub və cavabdehin əvəzindən saxta imza olunub. Bundan əlavə, 2020-ilin mart ayından 2021-ci ilin avqust ayının sonunadək Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ticarət mərkəzinin fəaliyyəti dövlət orqanlarının qərarı ilə dayandırılmışdır. Yəni, ticarət mərkəzinin bağlanması səbəbindən fəaliyyət göstərmədiklərindən, NKA işləmədiyindən, ona texniki xidmət göstərilməmiş, bu səbəbdən də, iddiaçıya texniki xidmət haqqı ödənilməmişdir. 2021-ci ilin avqust ayında - yəni (COVİD-19) pandemiyası səngidikdən sonra ticarət mərkəzinin fəaliyyət göstərməsinə icazə verilmişdir. Elə həmin ərəfədə, yəni 2021-ci iln avqust ayında Dövlət orqanlarının qərarı ilə «E-kassa» sisteminə keçilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə cavabdehin işlətdiyi mağazada «PAX A620» markalı smart tipli e-kassa aparatı quraşdırılmış və bütün əməliyyatlar həmin aparatla icra olunmuşdur. xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-nin cavabdehə satdığı analoq tipli «Merkuri 130 F-01» markalı NKAnın fəaliyyəti dayandırılmış və qeyd olunan dövrdən sonra həmin NKA ilə heç bir əməliyyat aparılmamış və ona texniki xidmət göstərilməmişdir. Bu səbəbdən də, onlara texniki xidmət haqqı ödənilməmişdir. İddiaçı MMC-nin cavabdehə satdığı «Merkuri 130 F-01» markalı nəzarət kassa aparatı smart tipli aparat olmadığından E-kassa sisteminə inteqrasiya olunmadığı üçün Dövlət Vergi Xidməti tərəfindən onun dəyişdirilməsi tələb olunurdu. xx.xx.2021-ci il tarixdə həmin «Merkuri 130 F-01» markalı nəzarət kassa aparatı mülki dövriyyədən çıxarılaraq adi bir yararsız əşya kimi kənara atılmışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusatlar tam və hərtərəfli araşdırılmadan, yəni «Merkuri 130 F-01» markalı NKA-nın faktiki olaraq 2020-ci ilin mart ayından (COVİD- 19) pandemiyası səbəbindən dayandığından, pandemiyadan sonra xx.xx.2021-ci il tarixdə «Merkuri 130 F-01» markalı nəzərət kassa aparatı «PAX A620» markalı smart tipli e-kassa aparatı ilə əvəz olunmasına və «Merkuri 130 F-01» markalı NKA-nın xx.xx.2022-ci ildə Dövlət Vergi Xidməti tərəfindən qeydiyyatdan çıxarılmasına baxmayaraq, məhkəmə əsassız olaraq iddianı hətta 2023-cü ilin 12 ayı üzrə əsaslı hesab etmişdir. Məhkəmə "xxxx" MMC -nin ("Park 20 şoppinq") metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən ticarət mərkəzində nə vaxtdan e-kassa sisteminə keçilməsi, elektron kassa quraşdırılmış mağazalarda eyni vaxtda analoq nəzarət kassa aparatlarının işlədilibişlədilməməsi barədə sorğu göndərilsəydi, «Merkuri 130 F-01» markalı NKA-nın faktiki olaraq 2020-ci ilin mart ayından dövriyyədən çıxarıldığı aşkar olunardı. Bundan əlavə, iş materiallarında olan müqavilənin 6-cı bəndində göstərilir ki, yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə (DVX) məlumat verilir. Odur ki, iddiaçının müqavilə şərtləri pozulmuşsa nə üçün müqaviləni 2020-ci ildən bu günədək, təxminən 4 il ərzində ləğv etməməsi və bu barədə Vergilər Nazirliyinə (DVX) məlumat verməməsi sual doğurur. Burada İddiaçı MMC-nin səlahiyyətli şəxslərinin məqsədi 3-4 il gözləyib, hər ay 6 manatdan olmaqla müəyyən məbləğ toplandıqdan sonra məhkəməyə saxta sübutlar təqdim etməklə vergi ödəyicilərindən əsassız olaraq pul tələb etməkdən ibarətdir. Hesab edilir ki, məhkəmənin bununla bağlı gəldiyi nəticədə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmənin iddia tələbinin qismən təmin edilməsi barədə qətnaməsi əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə dair etirazın dəlilləri: Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: İddaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Respublika ərazisində “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatı üzrə xidmət göstərir. Cavabdeh ilk başda müqavilədə nəzərdə tutulmuş mütəmadi və fasiləsiz xidmət göstərilməsi üçün müəyyən edilmiş ödənişləri etsə də, sonradan kassa aparatında heç bir nasazlıq yaranmadığından ödənişləri etməkdən imtina etmişdir. Cavabdehin tərəflər arasında bağlanmış müqavilədəki imzanın ona məxsus olmamasına dair dəlilənə münasibət bildirilməsini isə məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Prosessual məsələlər: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1571/2024 saylı qətnaməsi qismən dəyişdirilməlidir. Belə ki, məhkəmə araşdırmaları ilə işin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2708 nömrəli müqavilənin 1-ci bəndinə əsasən “İstehlakçı” Merkuri 130 F-01 tipli zavod nəzarət kassa aparatına (XKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Müqavilənin 3-cü bəndinə əsasən “İstehlakçı”-nın “STXM”-nin hüququ və məsuliyyətləri Nazirlər kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Müqavilənin 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 (altı) manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”–in üzərinə düşür. İddiaçı müqavilənin şərtlərinə əsasən cavabdehə göstərilmiş xidmətlər üzrə cavabdehin üzərinə düşən öhdəliyi tam icra etməməsini əsas gətirərək cavabdehin 2020ci il üzrə 3 ay, 2021-ci il üzrə 6 ay, 2022 və 2023-cü illər üzrə isə 24 ay, ümumilikdə 33 ay xidmət haqqını ödəmədiyindən 198 manat borcunun yaranmasını bildirərək həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin isə iddia tələbini qismən təmin etməklə ödənilməsi tələb edilən 33 aylıq xidmət haqqı olan 198 manat borcun cavabdehdən tutulmasını qət etməsi əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Nəzarət-kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması barədə” məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən cavabdehə məxsus olan **********-14001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri-130F-01 markalı 00222708 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan təqdirdə cavabdehə göstərilmiş xidmət ayları 33 ay kimi yox, məhz 18 ay kimi müəyyən edilməli və cavabdehdən tutulmalı olan məbləğ 108 manat müəyyən edilməlidir. Həmin 18 ay iddia ərizəsində göstərilən 2020-ci il üzrə olan 3 ay, 2021-ci il üzrə olan 6 ay və xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək olan 9 ayların cəmindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1571/2024 saylı qətnaməsi qismən - Cavabdeh 198 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 108 manat həddində müəyyən edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1571/2024 saylı qətnaməsi qismən - Cavabdeh 198 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 108 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar