Məhkəmə qərarları › İş №2-2(104)-237/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-237/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-237/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-102/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-102/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Cavabdeh 17625 manat 59 qəpik əsas borc, 78 manat faiz borcu olmaqla cəmi 17703 (on yeddi min yeddi yüz üç) manat 59 (əlli doqquz) qəpik pul, hüquqi yardım üçün göstərilmiş 300 (üç yüz) manat pul, 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərcinin iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-102/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18725,59 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 78 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 148 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 19251,59 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 847 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 25 iyun 2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşmə aktının məzmunundan görünür ki, 24 iyun 2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 18725,59 manat təşkil edir. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır. Belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh İddiaçı QSC-nə olan borcu 18725,59 manat məbləğindədir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddianın xx.xx.2024-cü il tarixində göndərildiyini nəzərə alsaq iddianın gecikdirilməsi üzrə məbləğ 1 ay əsasında ((18725,59*5%)/12)*1=78,02 manat hesablanmalıdır. İddiaçı QSC iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 17625,59 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 78 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 148 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 18151,59 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanuna ziddir. Belə ki, iş materiallarından da aydın olur ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli üzləşmə aktları Cavabdeh imzası ilə təsdiqlənməmiş, əksinə, Şahid2 tərəfindən imzalanmışdır. Şahid2 Cavabdeh ilə əmək müqaviləsinin mövcudluğu, habelə onun işçi statusu, heç bir halda mübahisə predmeti olan malların və ya əşyaların məhz Cavabdeh təhvil verildiyini təsdiqləmir. Əmək münasibətlərinin olması avtomatik olaraq işçinin hərəkətlərinə görə işəgötürənin (və ya başqa şəxsin) şəxsi mülki-hüquqi məsuliyyətini yaratmır. Burada əsas meyar müqavilə öhdəliyinin məhz tərəfin iradəsi və imzası ilə təsdiqlənməsidir. Məhkəmənin qətnaməsində xüsusi olaraq vurğulandığı kimi, xx.xx.2022-ci il tarixli, 847 saylı diler müqaviləsi və həmin müqaviləyə əlavə etibarsız hesab edilmişdirsə, bu hal avtomatik olaraq Cavabdeh məsuliyyətini aradan qaldırır. Çünki etibarsız müqavilədən heç bir hüquqi nəticə doğmur və tərəflərə qarşı öhdəlik yarada bilməz. Başqa sözlə, hətta iddiaçının təqdim etdiyi sübutlarla Şahid2 mübahisə predmeti olan əşyaları təhvil alması müəyyən edilsə belə, bu fakt Cavabdeh məsuliyyət daşımasına səbəb ola bilməz. Çünki mübahisəyə əsas verən müqavilə (xx.xx.2022-ci il tarixli, 847 saylı müqavilə və əlavəsi) etibarsız hesab edilmişdir; müqavilənin Cavabdeh adından imzalanması sübuta yetirilməmiş, əksinə, imzanın başqa şəxsə aid olduğu müəyyən edilmişdir; etibarsız müqavilə hüquqi qüvvəyə malik olmadığından Cavabdeh hər hansı öhdəliyi və məsuliyyəti mövcud deyil; Şahid2 əmək müqaviləsi əsasında fəaliyyəti Cavabdeh müqavilə öhdəliyi qəbul etməsi anlamına gəlmir və tərəflər arasında hüquqi bağ yaratmır. Nəticə etibarilə, mübahisə predmeti olan əşyaların Şahid2 tərəfindən təhvil alınması sübuta yetirilsə belə, bu hal Cavabdeh məsuliyyətini yaratmır. Çünki məsuliyyətin hüquqi əsası – etibarlı müqavilə – mövcud deyil. Məhkəmənin öz qətnaməsində də göstərdiyi kimi, əgər müqavilə etibarsızdırsa, bu halda həmin müqaviləyə istinad edilməklə cavabdehin məsuliyyətə cəlb olunması hüquqa ziddir. Məhz buna görə də iddiaçı tərəfin mövqeyi əsassızdır və Cavabdeh məsuliyyət daşıması istisna olunur. Belə olan halda, Gəncə Kommersiya Məhkəməsinin iddianı təmin etməsi düzgün nəticə hesab edilə bilməz. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apelyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsindən görünür ki, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə uyğun olaraq dilerə, özünə məxsus olan malları təklif etməyi, diler isə öz növbəsində tərəflərlərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsinə əlavədən görünür ki, borc dövrünün sıfırlanması hər təqvim ilinin iyul ayında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Diller bəyan etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən alınacaq malları qəbul etmək, borcların üzləşdirilməsinə dair aktları imzalamaq, malların dəyərinə dair pul məbləğinin ödənilməsini təsdiq edən sənədləri imzalamaq səlahiyyətləri Şahid3, Şahid1 və Şahid2 həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 29938,47 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 27938,47 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 27938,47 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 18725,59 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı İbrahimova imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 72-74-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsinin sonuncu vərəqəsinin “Diler” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli 847 nömrəli müqaviləyə əlavədə (i.v 75-76) “Diler” qrafasındakı imza, xx.xx.2024-cü il tarixli üzləşmə aktında (i.v 77) “İMZALAR” qrafasında “İbrahimova” yazısının önündəki imza və xx.xx.2024-cü il tarixli üzləşmə aktında (i.v.78) “Babayev R” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicisi Cavabdeh (VÖEN **********) sahibkarlıq subyektlərində Şahid1 ilə xx.xx.2022-cixx.xx.2024-cü il tarixinədək və Şahid2 ilə xx.xx.2022-xx.xx.2024-cü il tarixinədək aktiv əmək müqavilələri mövcud olmuşdur. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş və araşdırılaraq iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus obyektə dörd adda 4098,00 manat dəyərində mal təhvil verilmiş, təhvil alan şəxs kimi aktı Şahid3, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus obyektə on adda 12844,00 manat dəyərində mal təhvil verilmiş, təhvil alan şəxs kimi aktı Şahid2, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus obyektə bir adda 915,00 manat dəyərində mal təhvil verilmiş, təhvil alan şəxs kimi aktı Babayev Çingiz, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus obyektə beş adda 19062,00 manat dəyərində mal təhvil verilmiş, təhvil alan şəxs kimi aktı Şahid2 imzalamışdır. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş və araşdırılaraq iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, 2022-2023-cü illərdə iddiaçıya Cavabdeh adından Şahid2 tərəfindən müxtəlif məbləğlərdə, o cümlədən xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edildikdən sonra Şahid2 tərəfindən 1500 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti onunla Cavabdeh arasında, distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 847 saylı xx.xx.2022-ci il tarixili diler müqaviləsi bağlandığını və həmin müqavilə əsasında cavabdehə dəyərini sonradan ödəmək şərti ilə mallar verildiyini göstərmiş olsa da, həmin müqavilədə Cavabdeh adından edilmçiş imzanın onun yox, digər şəxs tərəfindən icra edildiyi müəyyən olunduğuna görə həmin müqavilə birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş, qətnamə həmin hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə məxsus obyektə müəyyən avadanlıqların verildiyi təsdiq olunduğuna görə məhkəmə iddia tələbini pulun alınıb verilməsi hissəsində təmin etmişdir. məhkəmə iclasında araşdırılmış malların təhvil-qəbul aktlarından da görünür ki, həqiqətən tərəflər arasında məişət avadanlıqlarının alğı-satqısından irəli gələn münasibətlər olmuş, cavabdehin işçiləri tərəfindən mədaxil qəbzləri vasitəsi ilə iddiaçıya vaxtaşırı ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsi və həmin müqaviləyə eyni tarixli əlavə etibarsızdır. Belə ki, həmin müqavilə və müqaviləyə əlavə Cavabdeh adına tərtib edilsə də onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə bildirir ki, iddiaçı cavabdehə satması üçün mal verdiyini, cavabdeh tərəfindən öhdəlik tam icra edilmədiyini bildirmiş, cavabdehdən 17625 manat 59 qəpik əsas borc məbləğinin tutulmasını xahiş etmişdir. Cavabdeh də izahatında iddiaçıdan mal almadığını, iddiaçı tərəfindən təqdim edilən sənədlərə imza etmədiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. Şahid2 isə Cavabdeh aktların imzalandığı tarixlərdə aktiv əmək müqaviləsi əsasında işçisi olmuşdur. Üzləşmə aktlarına əsasən borc məbləğinin olması, iddia tələbində tələb edilən məbləğdən artıq olması müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdehdən 17625 manat 59 qəpik əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı borcun gecikdirildiyi dövr üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək əsas borca hesablanmış illik 5% olmaqla 78 manat məbləğində faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir ki, həmin hissədə də iddia təmin edilməlidir. Odur ki, 17625 manat 59 qəpik əsas borc, 78 manat faiz borcu olmaqla cəmi 17703 manat 59 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçı ilə cavabdeh arasında ticarət əlaqələrinin mövcud olması, iddiaçının cavabdehə (onun obyektinə) müəyyən məişət avadanlıqları təhvil verməsi, həmin malların iddiaçı ilə əmək müqaviləsində olan şəxs tərəfindən qəbul edilərək, vaxtaşırı ödənişlər edilməsi tərəflər arasında bağlanmış diler müqaviləsi cavabdeh tərəfindən imzalanmadığı müəyyən olunduğundan etibarsız olsa da, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli üzləşmə aktları ilə Cavabdeh İddiaçı QSC-yə olan borcu imzalarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan gecikdirildiyi dövr üçün borc məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək əsas borca hesablanmış illik 5% olmaqla 78 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehdən gecikdirilmiş dövr üzrə hesablanmış cəriməni tutmaqda məhkəmə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli üzləşmə aktları Cavabdeh imzası ilə təsdiqlənməmiş, əksinə, Şahid2 tərəfindən imzalanmışdır. Şahid2 Cavabdeh ilə əmək müqaviləsinin mövcudluğu, habelə onun işçi statusu, heç bir halda mübahisə predmeti olan malların və ya əşyaların məhz Cavabdeh təhvil verildiyini təsdiqləmir. Şikayətin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı Şahid2 ilə aktiv əmək münasibətlərindədir, sonuncu malların təhvilqəbul aktları, üzləşmə aktları cavabdehin hesabına pul vəsaitlərinin mədaxil edilməsinə dair qəbzləri imzalayır ki, bu da tərəflər arasında ticarət əlaqələrinin mövcud olduğunu, həm də Şahid2 tərəfindən həmin hərəkətlərin cavabdeh tərəfin iradəsinə uyğun etdiyini təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasındakı müqavilə etibarsız hesab olunsa da, iddiaçının cavabdehə müxtəlif məişət avadanlıqlarını dəyərini sonradan ödəmək şərti ilə verdiyi və cavabdehin aldığı malların dəyərini tam olaraq ödəmədiyi təsdiq olunur. odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmış, iş üzrə qətnaməni maddi və prosessual hüquq normalarına riayət edilməklə çıxarmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini onun formal mülahizəsi sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-102/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar