Məhkəmə qərarları › İş №2-2(104)-239/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-239/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-239/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-2(115)- 1427/2023 saylı qərardadından ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən 250 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, həmçinin vurulmuş 10000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(076)-1617/2023 saylı qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh və onun vəkili kassasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(076)-1617/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 23 avqust 2023-cü il tarixli 2(102)-3662/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(076)-1617/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-2(115)-1427/2023 saylı qərardadı ilə (hakim R.Məmmədov) İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, ilk iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə İddiaçı1, qarşılıqlı iddia üzrə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu isə Cavabdeh qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1427/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, cavabdehlə heç bir dostluğu, qohumluğu və ədavəti olmamışdır. O, cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, cavabdeh isə ona qarşı qarşılıqlı iddia vermişdir. Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin gedişində aidiyyətlə bağlı mübahisə yaranmış və iş Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-2(115)-2023 saylı qərardad ilə iddia ərizəsini baxılmamış saxlamış və qəbul etmiş olduğu qərardadda göstərmişdir ki, tərəflər mediasiya prosesi keçməmişlər. Məhkəmənin qeyd olunan qərardadından aşağıda qeyd olunan əsaslara görə narazıdır və ləğv olunmasını istəyir. Əvvala ona görə ki, o, iddianı Şəmkir Rayon Məhkəməsinə vermişdir. Bu səbəbdən mediasiya prosesi keçməmişdir. Eyni zamanda MPM-in tələbinə görə iş məhkəmənin icraatında 14 gün qalmışdırsa, məhkəmə həmin iddiaya baxıb nəticə verməlidir. Yaxud həmin təklifi məhkəmə iclasları zamanı tərəflərə mübahisəni mediasiyada davam etdirməyi təklif edə bilərdi. Qeyd etdiyi səbəblərdən məhkəmə qərardadından narazıdır və ləğv olunmasını istəyir. Gəncə Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2-2(115)-1427/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2- 2(115)- 1427/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1427/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Hmin Məcəllənin Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, ilk və qarşılılqlı iddialar üzrə iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizələrinə əlavə etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi kommersiya mübahisələri ilə bağlı işlərdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, hazırkı iş üztə tərəflər müdiasiya prosesində iştirak etmələri barədə ilk və qarşılıqlı iddiaçılar hər hansı sənəd təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu isə iddiaçının məhkəməyə lazımi qaydada yenidən müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayətin dəlillərində göstərilir ki, iş məhkəmənin icraatında 14 gün qalmışdırsa, məhkəmə həmin iddiaya baxıb nəticə verməlidir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, hər iki iddia ərizəsi onlara əlavə edilmiş sənədlərlə kommersiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, ərizənin qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyini müəyyən etmiş hakim elə xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin həmin iddia ərizələrinin və onlara əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsassız sayır. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-2(115)- 1427/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar