Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-255/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh Firmasına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X11, X10, X6, X7 və X5) qarşı iş üzrə Açar sözlər: işin ərazi aidiyyətinin dəyişdirilməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, iddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh Firmasına (bundan sonra – cavabdeh) (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X11, X10, X6, X7 və X5) qarşı “təsis payına münasibətdə daşınmaz əşyanın naturada bölgüsünə dair ümumi yığıncağının çağrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, təsisçilikdən çıxma və təsis payına uyğun olaraq qeyriyaşayış binasının naturada bölünərək payın verilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 1705/2025 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. xx.xx.2025-ci il tarixli “ərazi aidiyyətinin müəyyən edilməsinə dair saziş”dən görünür ki, X8 və Cavabdeh Firması aralarında yaranmış və gələcəkdə yaranacaq istənilən növ və xarakterli mübahisələr ilə bağlı işlərin baxılaraq həll edilməsində Gəncə Kommersiya Məhkəməsini müəyyən etmişlər.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) qarşı tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Firmasının iddiaçıya məxsus təsis payına münasibətdə daşınmaz əşyanın naturada bölgüsünə dair ümumi yığıncağının çağrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, iddiaçı X3 Cavabdeh Firmasında təsisçilikdən çıxmasına və iddiaçının təsis payına uyğun olaraq Cavabdeh Firmasının balansında olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının naturada bölünərək payının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bundan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 nümayəndəsi (vəkili) Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə mübahisəyə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.
4. Vəsatət onunla əsaslandırılmışdır ki, X8 hazırki iş üzrə iddia ilə analoji olan iddianı bundan qabaq Bakı Kommersiya Məhkəməsinə vermiş və həmin iş X14 icraatında olmuşdur (iş e-2-2(113)-3678/2025). Lakin artıq Bakı Kommersiya Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində bütün şikayətlərinin rədd olunduğunu, yəni Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)- 694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsinin icrasına əsassız ərizələrlə, şikayətlərə maneçilik törətməkdə və Cavabdeh Firmasının balansında olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyri-yaşayış binasının hərracda satılmasının qarşısını almaqda heç bir nəticə əldə etmədiklərini görüb, xx.xx.2025-ci ildə X8 Bakı Kommersiya Məhkəməsinə ərizə verərək e- 2-2(113)-3678/2025 saylı iş üzrə iddialarını guya “iddia tələbində müəyyən dəqiqləşdirmələr aparılması zərurəti yaranması səbəbindən” geri götürmüşdür. Bundan sonra isə, X8 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 aidiyyət qaydalarını kobud şəkildə pozmaqla Gəncə Kommersiya Məhkəməsinə iddia verərək guya Cavabdeh firması ilə formal saziş bağladıqlarına inandırmağa nail olmuşlar. Eyni ssenari üzrə analoji hərəkətləri Cavabdeh Firmasının digər təsisçiləri X5 və X7 etmişlər: onlar da vəkilləri Vəkil1 vasitəsilə əvvəlcə eyni iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər, sonra iddialarını geri götürmüş, aidiyyətın dəyişdirilməsi barədə saziş bağlamış və müvafiq olaraq Şirvan Kommersiya Məhkəməsinə və Sumqayıt Kommersiya Məhkəməsinə iddia vermişlər. AR Mülki Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Lakin, X8 Bakı Kommersiya Məhkəməsindəki e- 2-2(113)-3678/2025 saylı iş üzrə hazırlıq icraatından sonra Cavabdeh firması ilə eyni mübahisənin ərazi icraatının dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixdə saziş bağlamışdır. Ən maraqlısı odur ki, həmin sazişi X3 adından onun nümayəndəsi Vəkil1 bağlamışdır. Halbuki, eyni vaxtda Vəkil1 adına Cavabdeh firmasının nümayəndəsi kimi digər məhkəmə işində iştirak üçün etibarnamə olmuşdur. Yəni, sazişi hər iki tərəfdən faktiki olaraq eyni şəxslər imzalamışdır. Açıq-aşkar aydındır ki, X8 ilə Cavabdeh firması arasında bağlanmış məhkəmə aidiyyətının dəyişdirilməsi barədə saziş yalan əqddir, bağlandığı andan etibarsızdır. Bu saziş və X8 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Cavabdeh Firmasının balansında olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin qadağan edilməsinə yönəlmiş hərəkətləri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsinin icra olunmasını uzatmaq, qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, hazırki iş üzrə iddiada X8 Cavabdeh Firmasının balansında olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyri-yaşayış binasının özünə aid hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb edir. Belə halda isə müstəsna məhkəmə aidiyyatı qaydaları tətbiq edilməli, müqavilə aidiyyatı tətbiq edilməli deyil. AR MPM-in 39.1.-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. AR MPM-in 40.4-cü maddəsinə əsasən, mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda müqavilə aidiyyatı qaydaları tətbiq oluna bilməz.
5. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 vəsatətlə razılaşmayaraq qeyd etmişdir ki, iş əvvəl Bakı Kommersiya Məhkəməsinə verilsə də, işin ədalətli araşdırılmamasını gördükləri üçün ərizə verərək işi geri götürmüşlər. Sonradan isə saziş bağlayaraq işləri müvafiq olaraq Şirvan, Sumqayıt və Gəncə Kommersiya Məhkəməsinə vermişlər. Saziş bir tərəfdən onun, digər tərəfdən isə Cavabdeh Firmasının direktoru tərəfindən imzalanmışdır. Onun Cavabdeh Firmasının adından order və etibarnaməsi olsa da, o, sadəcə Bakı İnzibati Məhkəməsində baxılan iş üzrədir. Müstəsna aidiyyət məsələsi isə hazırki işə aid deyil. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1705/2025 nömrəli qərardadı (X15) ilə, vəsatətin təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, ilkin olaraq, tərəf sazişin eyni şəxslər tərəfindən, yəni həm iddiaçı tərəfindən, həm də cavabdeh tərəfindən Vəkil1 tərəfindən imzalanmasını bildirsə də, tərəflər arasında olan sazişdən görünür ki, saziş X3 vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh Firmasının direktoru X6 tərəfindən imzalanmışdır.
9. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, tərəf vəsatətdə X3 Cavabdeh Firmasının balansında olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyriyaşayış binasının özünə aid hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb etməsini və belə halda isə müstəsna məhkəmə aidiyyatı qaydalarının tətbiq edilməli olduğunu və müqavilə aidiyyatının tətbiq edilməli olmadığını bildirsə də, məhkəmə qeyd etmişdir ki, qeyd olunan dəlil də əsassızdır. Belə ki, hazırki halda iddiaçı mülkiyyət hüququnun tanınmasını deyil, payın naturada bölünməsini tələb edir ki, qeyd olunan tələb də müstəsna aidiyyətə aid deyildir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 40.1, 40.2, 40.3, 40.4, 44.1, 44.2.1, 44.2.2, 44.2.3, 44.2.4, 44.2.5, 44.2.6, 45.1 və 45.2-ci maddələrinə istinadən əsaslandırmışdır.
11. Qərardadın dəlilləri ilə razılaşmayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.
12. İddiaçı etirazla məhkəməyə müraciət edərək X11 tərəfindən verilmiş qərarddan şikayətin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Firmasının digər təsisçisi X4 Şirvan Kommersiya Məhkəməsində baxılan oxşar iddia tələbi ilə bağlı e-2-2(121)- 2452/2025 saylı iş üzrə də X11 işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət vermiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Sözügedən qərardaddan tərəflərindən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətləri təmin edilmiş və Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)- 2452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı tam ləğv edilərək iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının tələbinin məğzi və əsası təsisçinin hüquqi şəxsdən iştirak payına uyğun olaraq ayrılma payının ona verilməsidir. Bu tələb (iştirakçının MMC-dən ayrılma payını almasına dair tələb) mahiyyəti etibarı ilə payçının birbaşa iştirakçısı olduğu hüquqi şəxsdən ayrılması, onunla olan iştirakçılıqla bağlı hüquqi münasibətə xitam verilməsidir. Payçıların ayrılmaq və ya çıxmaqla bağlı bu hüquqları MMC-yə yönəlik bir tələb olub, daşınmaz əmlak üzərində (hüquqi şəxsin balansında olan daşınmaz əmlak üzərində) hər hansı bir əşya hüququnu (mülkiyyət və s.) və ya sahiblik hüququnu təmin etmir. Çünki yuxarıda da qeyd olunduğu kimi hüquqi şəxsin əmlakı üzərində yalnız hüquqi şəxsin özünün mülkiyyət hüququ vardır. Hüquqi şəxsə aid daşınar, daşınmaz əşyalar, bank hesablarındakı vəsaitlər və s. bütün əmlak dəyərləri üzərində subyektiv hüquqlar MMC-nin iştirakçılarının paylı mülkiyyətində deyil, məhz yalnız hüquqi şəxsin özünə aid olur. Bu səbəblə də Mülki Məcəllənin 96.1-ci maddəsində “Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir” müddəasına yer verilmişdir. Bu müddəadan da bir daha görünür ki, vahid tənzimləmə sisteminə uyğun olaraq MMC-dən ayrılan iştirakçıya MMCnin əmlakı hesabına payına uyğun əmlak dəyəri verilməlidir və verilən bu əmlak dəyərinin naturada olması şərt deyildir. Əksinə, bununla bağlı ümumi qayda: çıxan iştirakçıya MMC əmlakı hesabına ayrılma payının naturada verilməsi deyil, verilməməsi şəklindədir. Təsisçi payını tələb etdikdə, bu payın ona naturada (əmlak şəklində) verilməsi mütləq deyil. Payın necə ödənilməsi - əmlak şəklində, yoxsa pul ekvivalenti formasında - əmlakın xarakteri (bölünüb-bölünməməsi, hüquqi şəxsin fəaliyyətinə təsiri və s.) nəzərə alınaraq müəyyən edilir. Yəni, təsisçinin birbaşa olaraq daşınmaz əmlakın naturada ayrılaraq ona verilməsini tələb etməsi, bu tələbin hökmən təmin olunacağı nəticəsini əsla yaratmır. Çox vaxt ona payına uyğun pul məbləği ödənilir. Bu da onu göstərir ki, əslində əmlak üzərində birbaşa hər hansı bir hüququ mövcud deyildir. Təsisçı sadəcə hüquqi şəxsə yönəlik ayrılma payının ona ödənilməsini tələb etmək hüququna sahibdir (MM-nin 95, 96.1 maddələri). Nəzərə alınmalıdır ki, yuxarıda da izah edildiyi kimi təsisçilikdən ayrılma/çıxma klassik mənada mülkiyyət hüququnun tanınması olmadığı üçün mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı normaları təsis payının tələb edilməsi halında tətbiq oluna bilməz. Təsisçilikdən ayrılma mülkiyyət hüququnun tanınması deyil, təsis payına uyğun ona əmlak dəyərinin verilməsi ilə bağlı korporativ hüquq münasibəti ilə bağlı bir məsələdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin mövqeyindən də məlum olduğu kimi, hazırki mübahisə mülkiyyət hüququnun tanınması deyil, təsis payına uyğun ona əmlak dəyərinin verilməsi ilə bağlı olan korporativ hüquq münasibətidir və burada müstəsna aidiyyətdən söhbət belə gedə bilməz. Belə olan halda da sözügedən iş üzrə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz. Digər tərəfdən məlumdur ki, AR Mülki Məcəlləsinin 45-ci maddəsinə uyğun olaraq məhkəmə işi icraata qəbul edərkən ərazi aidiyyəti ilə əlaqədar məsələni yoxlamalı və işin icraata qəbul edilməsinə dair qərardad qəbul etməlidir. Gəncə Kommersiya Məhkəməsi də e-2-2(115)- 1705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmiş, işi məhkəmənin icraatına qəbul etmişdir. Həmçinin Cavabdeh Firmasının digər təsisçisi X7 də oxşar iddia tələbi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi də e-2-2(119)-1450/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmiş, işi məhkəmənin icraatına qəbul etmişdir. Göründüyü kimi, iddia ərizəsinin mümkünlüyü hələ iş qəbul edilərkən yoxlanılmış və mümkün hesab edilmişdir. Digər tərəfdən üçüncü şəxs X2 Kommersiya Məhkəməsinin e-2-2(115)-1705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermənin son günü şikayət vermişdir. Məhz bu hal da X1 iş üzrə verdiyi şikayətin tamamilə işin əsassız şəkildə uzadılmasına yönəldiyini göstərməkdədir. Bu şikayət sadəcə olaraq, işin əsassız şəkildə uzadılmasına hesablanmışdır. Beləliklə, yuxarıda qeyd edilən bu hallar X9 verdiyi şikayətin əsassız olduğunu göstərməkdədir.
14. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1705/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
15. Qərardad qanunsuz və əsassızdır. Belə ki, X8 hazırki iş üzrə verilmiş iddia ilə analoji olan iddianı bundan qabaq Bakı Kommersiya Məhkəməsinə vermiş və həmin iş X14 icraatında olmuşdu (iş e-2-2(113)- 3678/2025). Lakin, artıq Bakı Kommersiya Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində bütün şikayətlərinin rədd olunduğunu, yəni Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsinin icrasına əsassız ərizələrlə, şikayətlərə maneçilik törətməkdə və Cavabdeh Firmasınınbalansında olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyri-yaşayış binasının hərracda satılmasının qarşısını almaqda heç bir nəticə əldə etmədiklərini görüb, xx.xx.2025-ci ildə X8 Bakı Kommersiya Məhkəməsinə ərizə verərək e-2-2(113)-3678/2025 saylı iş üzrə iddialarını guya “iddia tələbində müəyyən dəqiqləşdirmələr aparılması zərurəti yaranması səbəbindən” geri götürmüşdür. Bundan sonra isə, X8 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 aidiyyat qaydalarını kobud şəkildə pozmaqla Gəncə Kommersiya Məhkəməsinə iddia verərək guya Cavabdeh firması ilə formal saziş bağladıqlarına inandırmağa nail olmuşlar. Eyni ssenari üzrə analoji hərəkətləri Cavabdeh Firmasının digər təsisçiləri X5 və X7 etmişlər: onlar da vəkilləri XudatlıOrxan Vəlyəddin oğlu vasitəsilə əvvəlcə eyni iddia ilə BakıKommersiya Məhkəməsinə müraciət etmişlər, sonra iddialarını geri götürmüş, aidiyyatın dəyişdirilməsi barədə saziş bağlamış və müvafiq olaraq ŞirvanKommersiya Məhkəməsinə və Sumqayıt Kommersiya Məhkəməsinə iddia vermişlər. Lakin qeyd etdiyi kimi, X8 Bakı Kommersiya Məhkəməsindəki e-2-2(113)-3678/2025 saylı iş üzrə hazırlıq icraatından sonra Cavabdeh firması ilə eyni mübahisənin ərazi aidiyyatının dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixdə saziş bağlamışdır. Ən maraqlısı odur ki, həmin sazişi X3 adından onun nümayəndəsi Vəkil1 bağlamışdır. Halbuki, eyni vaxtda Vəkil1 adına Cavabdeh firmasının nümayəndəsi kimi digər məhkəmə işində iştirak üçün etibarnamə olmuşdur. Yəni, sazişi hər iki tərəfdən faktiki olaraq eyni tərəfləri təmsil edən şəxslər imzalamışdır. Açıq-aşkar aydındır ki, X8 ilə Cavabdeh firması arasında bağlanmış məhkəmə aidiyyatının dəyişdirilməsi barədə saziş yalan əqddir, bağlandığı andan etibarsızdır. Bu saziş və X8 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Cavabdeh Firmasının balansında olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyriyaşayış binasının özgəninkiləşdirilməsinin qadağan edilməsinə yönəlmiş hərəkətləri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsinin icra olunmasını uzatmaq, qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, hazırki iş üzrə iddiada X8 Cavabdeh Firmasının balansında olan ünvan 1 ünvanında yerləşən sahəsi 1603,4 kv.m olan qeyri-yaşayış binasının özünə aid hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb edir. Belə halda isə müstəsna məhkəmə aidiyyatı qaydaları tətbiq edilməli, müqavilə aidiyyat tətbiq edilməli deyil. Beləliklə, yuxarıdakılara əsasən, Gəncə Kommersiya Məhkəməsinin (X15) e-2-2(115)-1705/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ləğv edilməlidir, hazırki iddia üzrə mübahisə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
16. İddiaçının nümayəndəsi (vəkili) elektron məhkəmə informasiya sistemi vasitəsilə qərardaddan şikayətə etirazla məhkəməyə müraciət edərək X11 tərəfindən verilmiş qərarddan şikayətin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Firmasının digər təsisçisi X4 Şirvan Kommersiya Məhkəməsində baxılan oxşar iddia tələbi ilə bağlı e-2-2(121)- 2452/2025 saylı iş üzrə də X11 işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət vermiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Sözügedən qərardaddan tərəfimizdən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətimiz təmin edilmiş və Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)- 2452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı tam ləğv edilərək iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının tələbinin məğzi və əsası təsisçinin hüquqi şəxsdən iştirak payına uyğun olaraq ayrılma payının ona verilməsidir. Bu tələb (iştirakçının MMC-dən ayrılma payını almasına dair tələb) mahiyyəti etibarı ilə payçının birbaşa iştirakçısı olduğu hüquqi şəxsdən ayrılması, onunla olan iştirakçılıqla bağlı hüquqi münasibətə xitam verilməsidir. Payçıların ayrılmaq və ya çıxmaqla bağlı bu hüquqları MMC-yə yönəlik bir tələb olub, daşınmaz əmlak üzərində (hüquqi şəxsin balansında olan daşınmaz əmlak üzərində) hər hansı bir əşya hüququnu (mülkiyyət və s.) və ya sahiblik hüququnu təmin etmir. Çünki yuxarıda da qeyd olunduğu kimi hüquqi şəxsin əmlakı üzərində yalnız hüquqi şəxsin özünün mülkiyyət hüququ vardır. Hüquqi şəxsə aid daşınar, daşınmaz əşyalar, bank hesablarındakı vəsaitlər və s. bütün əmlak dəyərləri üzərində subyektiv hüquqlar MMC-nin iştirakçılarının paylı mülkiyyətində deyil, məhz yalnız hüquqi şəxsin özünə aid olur. Həmçinin, Cavabdeh Firmasının digər təsisçisi – X7 də oxşar iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsində baxılan e-2-2(115)-1705/2025 saylı iş üzrə İlham Aslanov işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət vermiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-1450/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə bu vəsatət rədd edilmişdir. Göründüyü kimi, analoji işlər üzrə də İlham Aslanov tərəfindən verilmiş vəsatətlər rədd edilmişdir. Məhz bu hallar da hazırki iş üzrə X9 verdiyi şikayətin əsassız olduğunu göstərməkdədir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
19. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
20. Maddə 95. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.
21. Maddə 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
23. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
24. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.
25. Maddə 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər.
26. Maddə 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz.
27. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
28. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.
29. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.
30. Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. MPM-in 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. İş materiallarından görünür ki, iddiaçı X8 Cavabdeh Firmasına qarşı təsis payına münasibətdə daşınmaz əşyanın naturada bölgüsünə dair ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, təsisçilikdən çıxma və təsis payına uyğun olaraq qeyri-yaşayış binasının naturada bölünərək payın verilməsi barədə iddia qaldırmışdır.
35. Mübahisə mahiyyətcə təsisçinin cəmiyyətdən ayrılarkən öz payına uyğun əmlak dəyərinin verilməsi tələbi ilə bağlı korporativ xarakterli münasibətdir və mülkiyyət hüququnun tanınması tələbi kimi qiymətləndirilə bilməz.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 43.1ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
37. Göründüyü kimi, həm bu qeyd olunan hal qanun normalarından, həm də hüquqi şəxslərlə bağlı bütöv qanunvericilik sisteminin məğzindən asanlıqla müəyyən etmək olur ki, hüquqi şəxslər onları təsis edənlərdən ayrı və müstəqil bir subyekt hesab olunur. Bunun zəruri məntiqi nəticəsi olaraq da hüquqi şəxs ilə onun təsisçilərinin əmlakı ayrıdır. Bu xüsusat həm hüquqi şəxslə bağlı qanuni tərifdən bariz şəkildə görünür, həm də eyni qanun maddəsinin sonuncu cümləsində bu məsələni bir daha vurğulayan “Hüquqi şəxsin müstəqil balansı olmalıdır” müddəası ilə bir daha vurğulanır.
38. İddiaçının tələbinin məğzi və əsası təsisçinin hüquqi şəxsdən iştirak payına uyğun olaraq ayrılma payının ona verilməsidir. Bu tələb (iştirakçının hüquqi şəxsdən ayrılma payını almasına dair tələb) mahiyyəti etibarı ilə payçının birbaşa iştirakçısı olduğu hüquqi şəxsdən ayrılması, onunla olan iştirakçılıqla bağlı hüquqi münasibətə xitam verilməsidir. Payçıların ayrılmaq və ya çıxmaqla bağlı bu hüquqları hüquqi şəxsə yönəlik bir tələb olub, daşınmaz əmlak üzərində (hüquqi şəxsin balansında olan daşınmaz əmlak üzərində) hər hansı bir əşya hüququnu (mülkiyyət və s.) və ya sahiblik hüququnu təmin etmir. Çünki yuxarıda da qeyd olunduğu kimi hüquqi şəxsin əmlakı üzərində yalnız hüquqi şəxsin özünün mülkiyyət hüququ vardır. Hüquqi şəxsə aid daşınar, daşınmaz əşyalar, bank hesablarındakı vəsaitlər və s. bütün əmlak dəyərləri üzərində subyektiv hüquqlar hüquqi şəxsin iştirakçılarının paylı mülkiyyətində deyil, məhz yalnız hüquqi şəxsin özünə aid olur.
39. Qeyd edilən hallardan görünür ki, hüquqi şəxsin əmlakı üzərində mülkiyyət hüququ yalnız həmin hüquqi şəxsə məxsusdur. Təsisçilər və ya iştirakçılar bu əmlak üzərində nə fərdi, nə də paylı mülkiyyət hüququna malik deyillər. Onların hüquqları yalnız nizamnamə kapitalındakı payla ifadə olunur.
40. Beləliklə, iddiaçının Cavabdeh Firmasının balansında olan daşınmaz əmlak üzərində birbaşa mülkiyyət və ya paylı mülkiyyət hüququ mövcud deyildir. O, yalnız təsis payına uyğun olaraq hüquqi şəxsdən ayrılma payının verilməsini tələb etmək hüququna malikdir.
41. Bu səbəblə də Mülki Məcəllənin 96.1-ci maddəsində “Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir” müddəasına yer verilmişdir. Bu müddəadan da bir daha görünür ki, vahid tənzimləmə sisteminə uyğun olaraq MMC-dən ayrılan iştirakçıya MMC-nin əmlakı hesabına payına uyğun əmlak dəyəri verilməlidir və verilən bu əmlak dəyərinin naturada olması şərt deyildir. Əksinə, bununla bağlı ümumi qayda: çıxan iştirakçıya MMC əmlakı hesabına ayrılma payının naturada verilməsi deyil, verilməməsi şəklindədir. Məhz buna görə də qanun normasında xüsusi olaraq vurğulanır ki, “Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər”. Burada “əvəz edilə bilər” ifadəsi məhz bunu göstərir.
42. Beləliklə, hüquqi şəxsin balansında olan bütün əmlaklar, o cümlədən daşınmaz əmlaklar, məhz həmin hüquqi şəxsin fərdi mülkiyyətidir. Hazırki iş üzrə iddiaçının ayrılma payı olaraq ona verilməsini tələb etdiyi daşınmaz əşya üzərində ümumi paylı mülkiyyət deyil, fərdi (xüsusi) mülkiyyət hüququ mövcuddur və bu fərdi mülkiyyət hüququ da Cavabdeh Firmasına məxsusdur. Təsisçilərin və ya iştirakçıların həmin əmlak üzərində nə fərdi, nə də paylı mülkiyyət hüquqları yoxdur. Bu səbəbdən, hüquqi şəxs öz əmlakı üzərində sərəncam vermək (alğı-satqı, ipoteka, icarə və s.) və müqavilələrdə tərəf kimi çıxış etmək səlahiyyətini müstəqil həyata keçirir. Deməli, hüquqi şəxs təsisçilərdən ayrı və müstəqil hüquq subyekti olmaqla, öz əmlakı üzərində də müstəqil mülkiyyət hüququna malikdir.
43. Hazırkı mübahisədə iddianın predmeti daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması deyil, təsis payına uyğun ayrılma payının müəyyən edilməsi və hüquqi şəxs ilə payçı arasında yaranmış korporativ münasibətin tənzimi məsələsidir. Belə olan halda, iş müstəsna aidiyyətə aid edilə bilməz.
44. Hüquqi şəxsdən çıxan iştirakçıya ayrılma payının verilməsini tələb etməsi hüquqi şəxsin əmlakında olan daşınmaz əşya üzərində onun iradəsi xaricində fərdi mülkiyyət hüququna xitam verərək həmin daşınmaz əşya üzərində keçmiş iştirakçı ilə ümumi paylı mülkiyyət halının əmələ gəlməsi nəticəsini yaradan zəruri bir hüquqi əsas deyildir. Bir daha nəzərə çatdırmaq lazımdır ki, təsisçi və ya iştirakçıların hüquqi şəxsin balansında olan əmlak üzərində iştirakçı olmaları səbəb ilə birbaşa heç bir hüququ, o cümlədən mülkiyyət hüququ yoxdur, onlar sadəcə nizamnamə kapitalında pay sahibidirlər. Deməli, mülki prosessual qanunvericiliyin “mülkiyyət hüququnun tanınması” ilə bağlı müstəsna aidiyyət normaları bu hallarda tətbiq edilə bilməz. Təsisçilikdən ayrılma mülkiyyət hüququnun tanınması deyil, təsis payına uyğun ona əmlak dəyərinin verilməsidir.
45. Mülki Prosessual Məcəllənin 40.4-cü maddəsi yalnız mübahisə müstəsna aidiyyətə aid olduğu təqdirdə müqavilə aidiyyəti sazişlərinin tətbiqini istisna edir. Hazırkı işdə müstəsna aidiyyətin predmeti olmadığından, tərəflərin xx.xx.2025-ci il tarixli ərazi aidiyyəti barədə sazişi qanuna uyğun hesab edilməlidir.
46. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “ərazi aidiyyətinin müəyyən edilməsinə dair saziş”dən görünür ki, X8 və Cavabdeh Firması aralarında yaranmış və gələcəkdə yaranacaq istənilən növ və xarakterli mübahisələr ilə bağlı işlərin baxılaraq həll edilməsində Gəncə Kommersiya Məhkəməsini müəyyən etmişlər.
47. Tərəflər – iddiaçı X8 (nümayəndəsi Vəkil1 vasitəsilə) və Cavabdeh Firması (direktor X6 vasitəsilə) tərəfindən imzalanmışdır. Sazişin tərəflərindən birinin eyni zamanda digər tərəfi təmsil etməsi barədə iddialar sübut olunmamış və hüquqi əsas tapmamışdır.
48. Şikayətçi tərəf iddia etmişdir ki, mübahisə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olduğundan, iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Lakin, bu mövqe yuxarıda qeyd olunan hüquqi əsaslara görə əsassızdır.
49. İşin predmeti hüquqi şəxsin əmlakı üzərində birbaşa sahiblik və ya pay tələbi olmayıb, təsis payının verilməsinə dair korporativ hüquqi münasibət olduğundan, bu mübahisə üzrə müstəsna aidiyyət normalarının tətbiqi üçün qanuni əsas mövcud deyildir.
50. Belə olan halda, müqavilə aidiyyəti qaydasında tərəflərin razılaşması ilə işin Gəncə Kommersiya Məhkəməsində baxılması tam qanunidir.
51. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1705/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
52. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
53. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
54. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1705/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.