Məhkəmə qərarları › İş №2-2(104)-257/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-257/2025

10.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-257/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi (vəkil) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı əmlakın qaytarılması, icarə müqaviləsi üzrə pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-495/2025 saylı qətnaməsindən İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-495/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 500 (beş yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı X7 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi n qət edilmişdir. İddiaçı X9 həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(115)-495/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh və ona məxsus olan 40-50 baş iri buynuzlu mal-qaranın mülkiyyətidə olan torpaq sahəsindən çıxarılması, eyni zamanda ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı X9 Vergilər Nazirliyinin 11 saylı Ərazi İdarəsi tərəfindən 11 iyun 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nümayəndə2 və ailə üzvləri İddiaçı X6 təsisçiləridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX№ ******* seriyalı çıxarışa əsasən İddiaçı KTK xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Koperativin 8.50 ha torpaq sahəsi var. Bundan əlavə Mingəçevir bələdiyyəsinin 02 iyun 2014-cü il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən İddiaçı X6 sədri Nümayəndə2 12,1 hektar torpaq sahəsi icarəyə verilmişdir. Cavabdeh ilə qeyd edilən torpaq sahəsindən onun 20232024-cü illər ərzində qışlaq olaraq müvəqqəti istifadə etməsi üçün öz aralarında şifahi razılığa gəlmişlər. Razılığa görə 2023-cü ilin oktyabr ayının 15-dən 2024-cü ilin aprel ayının 15-nə kimi İddiaçı X7 məxsus olan torpaq sahəsi Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh mal-qaranın qışlaması üçün müvəqqəti istifadəyə verilmişdir. Aralarında olan razılığa görə o, 10000 manat məbləğində pul ödəməli idi. Qeyd edilən məbləğdən 4000 manat ona qabaqcadan ödənilmişdir. Sonra isə 6000 manat məbləğində puldan 5500 manat az-az ödənildi və 500 manat pul borclu qaldı. Bundan sonra onlar 2024-2025-ci illər üçün müqavilə bağlayaraq belə razılığa gəlmişlər ki, 2024-cü ilin oktyabr ayının 15-dən 2025-ci ilin aprel ayının 15-ə kimi qeyd edilən torpaq sahəsi yenidən onların müvəqqəti istifadəsinə verilsin və qarşılığında ona 6000 manat məbləğində pul ödəməli idi. Bundan sonra cavabdeh torpaq sahəsinə qışlamaq üçün 40-50 baş iri buynuzlu heyvan gətirdi. Razılığın digər şərtinə görə qoruqcuya 200 manat verməklə bütün komunal xərcləri də ödəməli idi. Qeyd edilən müddətdə cavabdeh mal-qarası ilə birlikdə torpaq sahəsinə qışlamaq üçün köçdü. Köçəndən sonra dəfələrlə tələb etməyinə baxmayaraq 6000 manat pulu və borclu olduğu 500 manat pulu, eyni zamanda 200 manat qoruqçuya verməli olduğu pulu ödəməkdən boyun qaçırdı. Bu məsələ ilə bağlı Kəlbəcər rayon Polis şöbəsinə və Mingəçevir şəhər Polis şöbəinə də, müraciət etmişdir. Hazırda bu məsələ araşdırılır. Cavabdehin onun torpaq sahəsinə gətirdiyi heyvanların bir qismi oğurluq olduğundan o bununla bağlı Daxili işlər Nazirliyinə müraciət etmişdir. Cavabdehin aralarında olan razılaşmanın şərtlərini pozması mülkiyytəçi kimi ona ziyan vurub. Belə ki, torpaq sahəsini qışlaq üçün digər şəxslər istəsə də, cavabdehə söz verdiyindən onların istifadəsinə verməmiş və nəticədə, əldə edəcəyi gəlirindən məhrum olmuşdur. Torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi mülkiyyətçi kimi onun hüquqlarını pozur ki, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X9 iddia tələbinin sonuncu dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ona məxsus olan 50 baş iri buynuzlu mal-qaranın İddiaçı X6 istifadəsində olan 8,50 ha torpaq sahəsindən çıxarılması, eyni zamanda cavabdehdən 6700 manat məbləğində pulun, torpaq sahəsini boşaltmadığı hər gün üçün dəymiş 7230 manat ziyanın hesablanıb ödənilməsi, ödədiyi 187 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edəilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, cavabdeh aralarında bağlanan müqaviləyə əsasən 2025-ci ilin aprel ayının 15-də torpaq sahəsini boşaltmalı olduğu halda müqavilənnin qeyd edilən bəndinə əməl etmir. Belə ki, hələ də torpaq sahəsini boşaltmır. Hər biçimdə qeyd edilən torpaq sahəsindən 3000-3200 ot presi götürülür. Bir ədəd ot presi isə 3.50 manata satılır. Hər biçimdə 10850 manat qazanc götürülür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X9 apellyasiya şikayətini onunla əsaslandırmaq üçün iddia ərizəsində göstərilənləri eyni ilə təkrarlamış, əlavə olaraq göstərmişdir ki, məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, məhkəmə tərəflər arasında bağlanan müqaviləni nəzərə almamış, yalnız məhkəməyə gəlmiş şahidlərin ifadəsinə əsaslanmışdır. Həmin şahidlərin ifadələri isə mötəbər hesab edilə bilməz. Halbuki, işdə cavabdehin imzaladığı yazılı müqavilə var. Nədənsə məhkəmə həmin müqaviləni mötəbər sübut hesab etməmişdir. Qeyd edilən hal məhkəmə tərəfindən araşdrılmamışdır. Məhkəmə mötəbər sübut kimi məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Knyaz oğlunun ifadəsinə əsaslanmışdır. Ancaq həmin ifadəyə nəzər yetirəndə görürük ki, şahid canlı görüşdə iştirak etmədiyini və tərəflərin üzbəüz söhbətində olmadığını bildirmişdir. Bu ifadə 2023-2024-cü illərdə olan razılaşmaya aiddir. Sonrakı illərdə, yəni 2024-2025-ci illərdə tərəflər arasında olan danışıqlardan, razılaşmadan xəbəri olmamışdır. Şahid bildirir ki, pulu onun yanında verməmişdir. Belə olan halda hakim hansı əsasla qənaətə gəldiyi işin hallarına görə məlum deyil. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı X6 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olumasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2023-2024-cü il üçün tərəflər arasında şifahi razılaşma olsa da, yazılı müqavilə olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, İddiaçı X6 rəhbəri olan Nümayəndə2 həmin kooperativə məxsus 8,5 ha torpaq sahəsini 2023-2024-cü ilin qış mövsümündə ona 4000 manata icarəyə vermiş, o, həmin məbləği iddiaçıya kartına köçürməklə tam şəkildə ödəmiş, lakin 2024-2025-ci illərin qış mövsümü üçün həmin sahəni ona 6000 manata icarəyə verəcəyini bildirmiş, məkan olaraq həmin yer onu qane etdiyindən iddiaçı ilə razılaşmış, iddiaçıya verməli olduğu 6000 manatdan 5500 manatı ödəmiş, 500 manat ona borclu qalmışdır. 500 manatı verməməsinin səbəbi iddiaçının 2024-cü ilin payızında həmin torpaq sahəsinin otunu biçdirməsi olmuşdur. Halbuki aralarındakı razılığa görə o, payızda həmin sahənin otunu biçdirməməli idi. . Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, məhkəmə iclasında iştirak tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-495/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Gəncə şosessinin sol tərəfində yerləşən 8.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı X6 istifadəsindədir. İş materiallarında olan İddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh X5 məxsus Mingəçevir şəhərinin ərazisində yerləşən və 21.6 hektar İddiaçı X9 Cavabdeh 6 ay müddətinə 15 oktyabr 2024-cü il tarixdən 15 aprel 2025-ci il tarixdək 100 baş iribuynuzlu inək (mal) heyvanın adı çəkilən İddiaçı Kənd Təsərrüfatında yerləşdirir. Qarşılığında Cavabdeh Kəmaləddin Əlabbasova 6000 manat pul vermək şərti ilə və dağlardan gec gəldiyi üçün 1 ay müddətində qoruyucuya 200 manat verməklə bütün kommunal ödənişləri ödəməklə, energi sayğaclı, su sayğacı olmadığı üçün hər ay 30 manat, sahəyə heç bir dəyişiklik etməmək, mal saxladığı tövlələrin çıxanda təmiz verməsi, tövlələri götürdüyü kimi cari təmir etdirmək, kooperativə aid olan bağ hissəsinə girməmək, 15 aprel 2025-ci il tarixdə çıxanda tövlələri və ərazini aldığı kimi təmiz təhvil verməlidir. İş materiallarında olan Mingəçevir şəhər PŞ-nin TB-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 və Cavabdeh müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı X4 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, sahibkar kimi xx.xx.1994-cü il tarixdən qeydiyyatdan keçmişdir və 20,6 ha torpaq sahsəi vardır. İldə 3 dəfə biçin aparmaqla 10000 ot bağlaması istehsal edir. Hər bir ot bağı 3.50 manata satılır. Ot bağlamasının satışın etdikdən sonra Mingəçevir şəhər bələdiyyəsinə hər il 181.50 manat pul ödəyir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı X9 Vergilər Nazirliyinin 11 saylı Ərazi İdarəsi tərəfindən 11 iyun 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nümayəndə2 və ailə üzvləri İddiaçı X6 təsisçiləridir. KTK-nın rəhbəri kimi Nümayəndə2 kooperativə icarə hüququ ilə məxsus olan 8,5 ha torpaq sahəsini, üstündə olan heyvan saxlanması üçün tövlə və digər yardımçı sahələri ilə 2023-2024-cü illərin qış mövsümündə və 2024-2025-ci illərin qış mövsümündə heyvan saxlamaq üçün cavabdehə icarəyə vermiş, iddiaçı birinci dəfə 2023-2024-cü illər üçün həmin sahəni 4000 manata icarəyə vermiş, cavabdeh həmin mövsüm üçün razılaşdıqları məbləği iddiaçıKTK-nin rəhbərinə tam şəkildə ödəmiş, növbəti qış mövsümü üçün iddiaçı həmin sahəni cavabdehə 6000 manata icarəyə verəcəyini bildirmiş, cavabdeh həmin məkan onu qane etdiyinə görə iddiaçı ilə razılaşmış, razılaşdıqları məbləğdən 5500 manatı ödəmiş olsa, 500 manat borclu qalmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin mübahisə edilməyən hallarından görünür ki, Mingəçevir şəhəri Gəncə şosessinin sol tərəfində yerləşən 8.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı X6 istifadəsindədir. Tərəflər arasında şifahi qaydada razılaşma olmuş, 2023-2024cü ilin 6 ayı ərzində torpaq sahəsinin Cavabdeh mal-qara saxlaması üçün istifadəyə vermişdir. Həmin mövsüm üzrə Cavabdeh torpaq sahəsindən istifadə etmişdir. 2024-2025ci il üçün torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmış, İddiaçı X7 məxsus torpaq sahsəi 6 ay müddətinə Cavabdeh mal-qara saxlaması üçün istifadəsinə verilməsi, icarə haqqının 6000 manat müəyyən edilməsi, həmçinin digər şərtlər də nəzərə alınmaqla dağlardan gec gəldiyi üçün 1 ay müddətində qoruyucuya 200 manat verməsi ilə bağlı razılaşmışlar. Cavabdeh tərəfindən hissə-hissə olmaqla 4000 manat, 1000 manat, 2500 manat, 2000 manat olmaqla cəmi 9500 manat pul ödənilmişdir. İşin mübahisə edən hallarından görünür ki, iddiaçı 2023-2024-cü il üzrə icarə haqqını 10000 manata raşılaşdıqlarını, həmin məblığin 9500 manatının ödənildiyini, həmin il üçün icarəçinin 500 manat borcu qaldığını, 2024-2025-ci il üçün nəzərdə tutulan 6000 manatın ödənilmədiyini, həmçinin qoruyucuya 200 manat ödənilməli olduğu halda ödənilmədiyini qeyd etməklə ümumilikdə 6700 manat pulun, torpaq sahəsini boşaltmadığı üçün dəymiş 7230 manat ziyanın ödənilməsini, hablə cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə 2023-2024-cü il üzrə icarə haqqını 4000 manata raşılaşdıqlarını, həmin məbləği tam olaraq köçürdüyünü, 2024-2025-ci il üçün isə icarə haqqını 6000 manata razılaşdıqlarını və həmin məbləğin 5500 manatını ödədiyini 500 manat borcu qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 9500 manat pul ödənilməsi hər iki tərəfin izahatları ilə təsdiq edilir. Mübahisə məhz 2023-2024-cü il üzrə icarə münasibətlərindən qaynaqlanmışdır. Həmin il üçün iddiaçı icarə haqqının 10000 manat olmasını, cavabdeh isə 4000 manat olmasını, ödədiyi 5500 manatın 2024-2025-ci il üçün icarə haqqı olmasını qeyd etmişdir. Cavabdehin izahatı dindirilmiş şahid ifadələri ilə üst-üstə düşür. Belə ki, iş üzrə dindirilmiş şahidlər, xüsusilə torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi üçün vasitəçilik etmiş və iddiaçının qohumu olan Şahid1 ifadəsində əmisi olan icarəyəverənin 2023-2024-cü il üzrə icarə haqqının 4000 manata razılaşmasını qeyd etmişdir. İddiaçı isə həmin il üçün icarə haqqının 10000 manata razılaşdıqlarını sübuta yetirə bilməmişdir. Beləliklə, iş materialları müəyyən edilir ki, tərəflər 2023-2024-cü il üzrə icarə haqqının 4000 manata razılaşmışlar və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 2024-2025-ci il üçün isə 6000 manata razılaşmışlar, həmin məbləğin 5500 manatı ödənilmiş, 500 manat borc qalmışdır. Ona görə də 500 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin razılaşdıqları vaxtdan artıq torpaq sahəsində qaldığından gəlirdən məhrum olduğunu qeyd edərək hər gün üçün dəymiş 7230 manat ziyanın hesablanıb tutulmasını tələb edir ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin torpaq sahəsinin qoruyucusu üçün bir ay müddətinə 200 manat ödənilməsi üçün razılaşmaları müqavilədə əksini tapsa da iddiaçı qoruyucunun olması, ona pul ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia tələbinin torpaq sahəsindən çıxarılması ilə bağlı mübahisə isə artıq mövcud deyildir. Çünki cavabdeh həmin ərzini may ayının əvvəllərində tərk etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə icarəyəverənə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 9500 manat pul ödənilməsi hər iki tərəfin izahatları ilə təsdiq edilir. iddiaçı 2023-2024-cü il üzrə icarə haqqının 10000 manat olmasını bildirsə də, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh isə müvafiq dövr üçün icarə haqqının 4000 manat olmasını, ödədiyi 5500 manatın 2024-2025-ci il üçün icarə haqqı olmasını qeyd etmişdir. İş materialları ilə tərəflər 2023-2024-cü il üzrə icarə haqqının 4000 manata razılaşması və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, 2024-2025-ci il üçün isə 6000 manata razılaşdıqları, həmin məbləğin 5500 manatı ödənildiyi və cavabdehin iddiaçıya 500 manat borcu qalması müəyyən edilmişdir. Həmin xüsusatlar birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 500 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Bundan başqa iddiaçı cavabdehin razılaşdıqları vaxtdan artıq torpaq sahəsində qaldığından gəlirdən məhrum olduğunu qeyd edərək hər gün üçün dəymiş 7230 manat ziyanın hesablanıb tutulmasını tələb etmiş, həmçinin torpaq sahəsinin qoruyucusu üçün bir ay müddətinə 200 manat ödənilməsi üçün razılaşmaları müqavilədə əksini tapsa da iddiaçı qoruyucunun olması, ona pul ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə təmin etməməkdə haqlı olmuşdur. İddia tələbinin torpaq sahəsindən çıxarılması ilə bağlı mübahisə isə artıq mövcud olmadığından həmin hissədə də məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə mötəbər sübut kimi məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Knyaz oğlunun ifadəsinə əsaslanmışdır. Ancaq həmin ifadəyə nəzər yetirəndə görürük ki, şahid canlı görüşdə iştirak etmədiyini və tərəflərin üzbəüz söhbətində olmadığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh İddiaçı KTK-nin rəhbəri ilə məhz sonuncunun qohumu olan Şahid1 Knyaz oğlu vasitəsi ilə tanış olmuş, qiymət razılaşdırması da Şahid1 Knyaz oğlu vasitəsi ilə aparılmış, sonuncu isə ifadəsində iddiaçının həmin torpaq sahəsini 2023-2024-cü illərin qış mövsümü üçün cavabdehə əvvəlcə 5000 manata desə də, sonda 4000 manata icarəyə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası da həmin şahidin ifadəsini daha inandırıcı sayır. İddiaçı isə məhkəməyə həmin torpaq sahəsini 2023-2024-cü illərin qış mövsümü üçün 10000 manata icarəyə verdiyini təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-495/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar