Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-272/2023 29.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1837/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə və müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayonu Yevlax şossesində yerləşən və xüsusi mülkiyyəti olan X4 aid torpaq sahəsində yerləşən kimi qələmə verilən, faktiki isə mövcud olmayan 6A saylı X3 Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi sədri X6 əmək kollektivi tərəfindən vəkil edilmiş X5 tərəfindən 15 iyul 1996-cı il tarixli 6A saylı YDM-nin özəlləşdirilməsinə dair 134 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin üzərinə həmin saxta özəlləşdirmə əsasında X1 adına tərtib edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 nömrəli YDM adlı texniki pasportun qeydiyyatını ləğv etmək öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1837/2023 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs qeyd etmişdir. Həmin hüquqi şəxsin ünvanı isə Bakı şəhəri, Yasmal rayonu, Hüseyn Cavid prospekti 135-dir. Nəzərə alınsa ki, iddia cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə verilir, belə olan halda iddia ərizəsi ərazi aidiyyətinə uyğun olmayaraq verilmiş hesab edilməlidir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1837/2023 nömrəli qərardadından narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 1837/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1837/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbləri alqı-satqı müqaviləsinin ləğvi və texniki pasportun qeydiyyatının ləğvindən ibarət olmaqla, həmin tələblər Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyət qaydalarının əhatə dairəsinə düşməməkdədir. Buna görə də birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarılması ilə bağlı qərarı qanuni və əsaslı hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, müqavilə tərəfi olmadığı halda alqı-satqı müqaviləsinin ləğvi ilə etibarsızlığı anlayışları və onların hüquqi nəticələri fərqləndirməklə, iddiaya cavab verməli olan şəxs düzgün müəyyən edilməli, o cümlədən mülki hüquq münasibətlərindən irəli gəlmədiyi halda müvafiq inzibati orqan tərəfindən verilmiş hüquqmüəyyənedici və ya texniki sənədlərin ləğvi tələb edildiyi təqdirdə isə məhkəmə aidiyyəti düzgün seçilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1837/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1837/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1837/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-272/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-272/2023
29.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver