Məhkəmə qərarları › İş №2-2(104)-284/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-284/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-284/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: podrat müqaviləsi; öhdəliklərin lazımi qaydada icra olunmaması; sübutetmə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli 2-2(115)-2157/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli 58 nömrəli müqavilədən görünür ki, sifarişçi müqavilə əsasında Daşkəsən rayonu "NB Seramik” MMC-yə məxsus “Çovdar” keramika xammalı yatağı üçün “Ətraf mühitə təsirin qiymətləndirilməsi” (ƏMTQ), Rekultivasiya Planı, “Ekoloji Paspoert”, “Dağ-mədən inkişaf planı” layihə sənədlərinin hazırlanmasını İddiaçı MMC-yǝ (icraçıya) sifariş verir və icraçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməyi öhdəsinə götürür (bənd 1.1). Sifarişçi İcraçının haqqını bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür (bənd 2.1.3) Hazırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün sifarişçi və icraçı arasında görüləcək işlərin ümumi dəyəri 15500 müəyyənləşdirilir (bənd 3.1). Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir.

2. 20 fevral 2023-cü il tarixli “Ekoloji sənəd və layihələrin təhvil-qəbul” aktından görünür ki, tərəflər arasında 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilənin qiyməti 15500 manat razılaşdırılımış və tərəflərin imzası ilə təsdiq edilmişdir (müqavilə üzrə görülmüş işlərin səviyyəsi akta əsasən sifarişçi tərəfindən qənaətbəxş hesab edilmişdir; akt sifarişçi müəssisənin direktoru tərəfindən imzalanmışdır).

3. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023cü il tarixli 771644 nömrəli qaimə üzrə 15500 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür;

4. xx.xx.2023-cü il tarixli, 000İPX1233052EDF nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC-nin hesabından İddiaçı MMC-nin hesabına 7750 manat köçürülmüşdür;

5. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borcun (7750 manat əsas borcun) 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7750 manat əsas borc, 710.41 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 8460,41 manat pul, 105 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 58 №-li “normativ sənəd və layihələrin tərtib edilməsinə dair” müqavilə imzalanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi müqavilə əsasında Daşkəsən rayonu "NB Seramik” MMC-yə məxsus "Çovdar” keramika xammalı yatağı üçün "Ətraf mühitə təsirin qiymətləndirilməsi" (ƏMTQ), Rekultivasiya Planı, "Ekoloji Paspoert", "Dağ-mədən inkişaf planı" layihə sənədlərinin hazırlanmasını İddiaçı MMCyǝ (İcraçıya) sifariş verir və İcraçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirir. Həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən Sifarişçi İcraçının haqqını bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən hazırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün sifarişçi və icraçı arasında görüləcək işlərin ümumi dəyəri 15500 AZN müəyyənləşdirilir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən əgər tərəflərin razılığı əldə olunmazsa, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Tərəflərindən qanunvericiliyin tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 58 №-li “normativ sənəd və layihələrin tərtib edilməsinə dair” müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş 7750 manat aktiv borcu vardır. Belə ki, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 771644 nömrəli elektron qaiməyə əsasən, 7750 manat aktiv ödənilməmiş borc məbləği qalmaqdadır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 771644 nömrəli elektron qaiməyə əsasən, 7750.00 (borc) x 5%:12ay x 22 ay= 710.41 manat (xx.xx.2023cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı) Beləliklə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “normativ sənəd və layihələrin tərtib edilməsinə dair” müqaviləsindən irəli gələn borcu: 7750 manat borc, 710.41 manat əldən çıxmış fayda təşkil edir.

8. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli 2-2(115)-2157/2025 nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilə üzrə 7750 manat əsas borc, geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 641,36 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8391,36 (səkkiz min üç yüz doxsan bir manat otuz altı qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi; İddianın qalan hissədə rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,92 (bir yüz üç manat doxsan iki qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi; Ödənilmiş dövlət rüsumun qalan 1,08 (bir manat səkkiz qəpik) manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.7, 447.1, 447.2, 448.1, 752.1, 753.1 və 760.2-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 217.1, 217.2, 285-1, 284-5.3 və 284-6.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmədə iştirakı təmin edilməmiş və çəkişmə prinsipinə riayət edilməmişdir. Belə ki, məhkəmə istintaqına "xxxx" MMC tərəfindən təqdim edilən qaimə-faktura üzrə 15000 xidmət haqqı qeyd edilmişdir. Mühasibatlıq sənədlərinə aparılmış yoxlamalar və üzləşmələr nəticəsində borcları olmadığı, şirkətə göstərilən xidmətin daha az olduğu müəyyən edilir. Bundan başqa, 15000 manat təşkil edən borc məbləğin 7750 manat miqdarında hissəsi "xxxx" MMC-nin hesablaşma hesabına köçürülmüşdür. Yəni, görülən işin dəyəri 7750 manat olmuşdur və tərəfimizdən də həmin məbləğ ödənilmişdir. Lakin, işlər yerinə yetirilmədiyindən yerdə qalan məbləğ verilməmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimə və akta əsaslanmaqla qətnamə qəbul etmişdir. Lakin aktın həqiqiliyi doğruluğu tərəflərin iştirakı ilə araşdırılmamışdır. Eyni zamanda görülən işlərin təfsilatı məhkəmənin nəzərinə çatdırılmamışdır. Beləliklə məhkəmə bütün faktiki halları araşdırmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər:

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

17. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada).

23. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

24. Maddə 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

28. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında 09 oktyabr 2023-cü il tarixli 58 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi Daşkəsən rayonu Cavabdeh MMC-yə məxsus “Çovdar” keramika xammalı yatağı üçün “Ətraf mühitə təsirin qiymətləndirilməsi” (ƏMTQ), Rekultivasiya Planı, "Ekoloji Paspoert", “Dağ-mədən inkişaf planı” layihə sənədlərinin hazırlanmasını İddiaçı MMC-yǝ sifariş vermiş və podratçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə icraçının haqqını müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən podratçı üzərinə düşən öhdəliyi yerinə yetirərək işləri təhvil vermiş, lakin sifarişçi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 7750 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə sifarişçiyə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də podratçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

42. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

43. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. Burada nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarı).

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.

46. Tərəflər arasındakı müqavilə şərtləri özlüyündə podrat müqaviləsinin ünsürlərini əhatə etdiyindən hazırkı mübahisə həmin münasibətləri tənzimləyən hüquq normaları çərçivəsində dəyərləndirilməlidir.

47. İşin mübahisəsiz halına görə, sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında 09 oktyabr 2023-cü il tarixli 58 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi Daşkəsən rayonu Cavabdeh MMC-yə məxsus “Çovdar” keramika xammalı yatağı üçün “Ətraf mühitə təsirin qiymətləndirilməsi” (ƏMTQ), Rekultivasiya Planı, "Ekoloji Paspoert", “Dağ-mədən inkişaf planı” layihə sənədlərinin hazırlanmasını İddiaçı MMC-yǝ sifariş vermiş və podratçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə podratçının haqqını müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür.

48. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, müqavilədə nəzərdə tutulan işin icrasına görə sifarişçi tərəfindən podratçıya razılaşdırılmış 15500 manat muzd məbləğinin yarısı 7750 manat ödənilmişdir.

49. İşin mübahisə doğuran tərəfi podratçının müqavilədə nəzərdə tutulan işi tam həcmdə icra edib-etməməsidir. Çünki, iddiaçı (podratçı) müqavilədə nəzərdə tutulan işi tam həcmdə icra etdiyini iddia edərək razılaşdırılmış muzdun qalıq 7750 manat hissəsinin ona ödənilməsini tələb edir; cavabdeh (sifarişçi) isə iddiaya etiraz edərək sifarişin qismən icra edildiyini, buna görə də qalıq 7750 manat məbləği ödəmədiyini bildirir.

50. Bu baxımdan hazırkı mübahisə üzrə sübutetmənin predmetini müqavilədə nəzərdə tutulan işin podratçı tərəfindən hansı həcmdə yerinə yetirildiyi təşkil edir.

51. Bu aspektdə araşdırma aparıldıqda müəyyən edilir ki, 20 fevral 2023-cü il tarixdə tərəflər arasında “Ekoloji sənəd və layihələrin təhvil-qəbul” aktı tərtib edilmiş və həmin akta əsasən müqavilə üzrə görülmüş işlərin səviyyəsi sifarişçi tərəfindən qənaətbəxş hesab edilmişdir. Həmin akt sifarişçi müəssisənin direktoru tərəfindən imzalanmışdır. Aktda həmçinin qeyd edilmişdir ki, müqavilə üzrə razılaşdırılmış məbləğ – 15000 manat tam ödənilməmişdir.

52. Göründüyü kimi, müqavilədə nəzərdə tutulan iş podratçı tərəfindən tam həcmdə yerinə yetirilmişdir ki, bu halda da iddiaçı müqavilə üzrə razılaşdırılmış muzd məbləğinin qalıq 7750 manat hissəsinin ona ödənilməsini tələb etməkdə haqlıdır.

53. Bununla belə, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməkdə də haqlıdır. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

54. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı).

55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

56. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2024-cü il tarixdə başa çatmış, lakin cavabdeh həmin tarixə iddiaçıya qaytarmalı olduğu borcunu ödəməmişdir. Bu halda cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması qanuni və əsaslı sayılır.

57. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 10000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli 2-2(115)-2157/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar