Məhkəmə qərarları › İş №2-2(104)-29/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-29/2024

12.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-29/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə qarşı “ümumi istifadədə olan yolda aparılan tikintinin cavabdehin hesabına sökülməsi, tikinti materiallarının götürülməsi və həmin tikinti altındakı olan küçəyə aid torpağın zəbtdən azad edilməsi” tələbinə kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-1018/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonunun Düyərli kəndində, ümumi istifadədə olan, ona məxsus obyektin yanından keçən yolun ərazisində qanunsuz inşa edilmiş tikintinin və tikinti materiallarının cavabdehin vəsaiti hesabına sökülüb götürülməsi və həmin tikinti altında olan yola aid torpağın zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Düyərli kəndindən keçən 410-cu (419) kilometrliyinin sağ tərəfində 0.10 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində maşın təmiri sexi kimi fəaliyyət göstərən obyektdən istifadə edir. Obyektinə gələn nəqliyyat vasitələri cavabdehin obyektinin yaxınlığından keçməklə hərəkət edirlər. Lakin, cavabdeh ümumi istifadədə olan yolun onların obyektinin bərabərliyindən keçən hissəsinin altına düşən torpaq sahəsini zəbt etmiş, yolun hərəkət hissəsində tikinti inşa etdirmiş, yola tikinti materialları tökməklə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış, onun və qonşu obyektlərin sexlərinə avtonəqliyyat vasitələrinin yolunu bağlamışdır. Bu hal isə onun sahibkarlıq fəaliyyətini dayandırmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz tikilini sökməkdən, tikinti materialını yoldan çıxartmaqdan və ümumi istifalərində olan yolun altına düşən torpaq sahəsini zəbtdən azad etməkdən imtina etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1018/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola Cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.0441 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində, 180 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı, xx.xx.2018–ci il tarixli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə giriş-çıxış yolu açıqdır, o cümlədən ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0.0108 ha torpaq sahəsində tikinti materialları tökülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5656 saylı ekspertiza rəyindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, o cümlədən ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə tikinti materialları tökülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 10/1834 saylı ekspertiza rəyindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0441 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, yol kimi iddia edilən həmin ərazi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Cavabdeh tərəfindən faktiki ümumi istifadə olan yolda tikinti inşa edilməmişdir, iddia edilən və inşa edilmş 201.0 kv.m tikili kompleks yerquruluşu xəritəsinə əsasən hazırda yeri dəyişdirilmiş arxın üzrərində tikilmişdir. Faktiki yol kimi iddia edilən 0.0108 ha torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Ümumi istifadədə olan yol kimi idda edlilən əraziyə tikinti materiallarının tökülməsi iddiaçının torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən obyektinə gediş-gəliş üçün, habelə nəqliyyat vasitələrinin gediş-gəlişi üçün müəyyən məhdudiyyətlər yarada bilər. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1018/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Komersiya Məhkəməsinin 2-2(115)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Əraziİdarəsi tərəfindən verilmiş seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Düyərli kəndindən keçən 410-cu (419) kilometrliyinin sağ tərəfində 0.10 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində maşın təmiri sexi kimi fəaliyyət göstərən obyektdən istifadə edir. Obyektinə gələn nəqliyyat vasitələri cavabdehin obyektinin yaxınlığından keçməklə hərəkət edirlər. Lakin cavabdeh ümumi istifadədə olan yolun onların obyektinin bərabərliyindən keçən hissəsinin altına düşən torpaq sahəsini zəbt etmiş, yolun hərəkət hissəsində tikinti inşa etdirmiş, yola tikinti materialları tökməklə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış, onun və qonşu obyektlərin sexlərinə avtonəqliyyat vasitələrinin yolunu bağlamışdır. Bu hal isə onun sahibkarlıq fəaliyyətini dayandırmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz tikilini sökməkdən, tikinti materialını yoldan çıxartmaqdan və ümumi istifalərində olan yolun altına düşən torpaq sahəsinizəbtdən azad etməkdən imtina etmişdir. İş materillarına əlavə edilmiş foto şəkillərdən və ekspert rəylərindən də aydın olur ki, ümumi istifadədə olan torpaq sahəsi zəbt edilmiş və həmin ərazidə tikinti işləri aparılmış, tikinti materillarını həmin əraziyə tökmüşdür. Ümumi istifadədə və bələdiyyə mülkiyyətində olan yol cavabdeh tərəfindən tikinti materilları ilə bağlanmışdır. Buna görə də öz əmlakına giriş-çıxışı məhdudlaşdırılmışdır. Zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyətində olması isə hec nəyi dəyişmir, belə ki həmin yol ümumi istıfadədə olan yoldur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 47. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-1018/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçıya məxsus torpaq sahəsinə gedən və ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. İddiaçı dəfələrlə həmin materialları könüllü olaraq götürməsini təklif etmiş, lakin cavabdeh ümumi istifadədə olan yoldan tikinti materiallarını götürməmişdir. Mübahisəli torpaq sahəsi isə ümumi istifadədə olan yola aid torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətidir. Ona görə də bələdiyyə işə üçüncü şəxs qismində cəlb olunmuşdur. Lakin bələdiyyə qanunvericiliklə müəyyən olunmuş funksiyalarına uyğun olaraq yolun açılması ilə bağlı heç bir mövqe bildirməmişdir. Məhkəmə hesab etmişdir ki, yolun bələdiyyə mülkiyyətində olmasına və bələdiyyənin yolun açılması üçün münasibət bildirməməsinə baxmayaraq, iddiaçı bu barədə iddia vermək hüququna malikdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin ümumi istifadədə olan torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda cavabdehin həmin gediş-gəliş yolu üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Ona görə də iddia qismən təmin edilməli, Şəmkir rayonu Düyərli kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0.0441 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materialları və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili ümumi istifadədə olan yola düşmür və iddiaçının torpağına giriş-çıxışa heç bir maneə törətmir. Belə olan halda məhkəmə iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işdə olan sübutlara və işin faktiki hallarına uyğun, qanuni və əsaslı olmaqla, qətnamə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olaraq çıxarılmışdır. İddiaçı cavabdehin yolun hərəkət hissəsində tikinti inşa edildiyini iddia etsə də iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə bu hal istisna edilmiş, iddiaçı isə buna dair apellyasiya şikayətində hər hansı bir əsaslı dəlil irəli sürə bilməmişdir. Cavabdeh tərəfindən inşa edilmş 201.0 kv.m tikili kompleks yerquruluşu xəritəsinə əsasən hazırda yeri dəyişdirilmiş arxın üzrərində tikilmişdir ki, bu tikili ümumi istifadədə olan yolun üzərində yerləşməməklə, iddiaçının torpaq sahəsinə gediş-gəliş üçün hər hansı bir maneə yaratmamaqdadır. Buna görə də iddiaçı həmin tikilinin sökülməsi tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-1018/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 3151 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1018/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 1018/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar