Məhkəmə qərarları › İş №2-2(104)-38/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-38/2023

30.10.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-38/2023 30.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlunun ibarət tərkibdə, Quliyev Anar Elcan oğlununu katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli e-2-2(115)-381/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli 007 saylı saylı Kredit müqaviləsi üzrə 8653 manat 36 qəpik əsas, 483 manat 14 qəpik faiz borcu olmaqla, cəmi 9136 manat 50 qəpik kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumunun və xidmət haqqının, 200 manat mediasiya xərcinin tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 və Cavabdeh2 məxsus 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli e-2-2(115)-381/2022 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia qismən təmin edilərək, 8653 manat 36 qəpik əsas borc, 483 manat 14 qəpik faiz borcu, cəmi 9136 manat 50 qəpik məbləğində borcun və 200 manat mediasiya xərcinin Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; Tələb üzrə tutmanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan ünvan 2 ünvanında 0.16 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; Həmin fərdi yaşayış evinin açıq hərracdan satılması; Fərdi yaşayış evinin ilkin satış qiymətinin 95000 manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması; Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 111 manat 36 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 300 manat məbləğində qiymətləndirmə haqqı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi; İddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, bankın Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 007 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 40000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanmış xx.xx.2018- il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlərə məxsus (xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evi, 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir və yüklülük xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ödəniş cədvəli üzrə ona verilmiş kredit məbləğinin əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətə gecikdirmiş, nəticədə bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən Cavabdeh1 kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər müsbət nəticə verməmişdir. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş 27 dekabr 2021-ci il tarixli maliyyə arayışlarına əsasən, arayış verilən tarixə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 8653.36 manat, faiz borcu 483.14 manat olmaqla, cəmi borcu 9136.50 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə ilkin mediasiya sessiyası təşkil edilmiş, mediasiya sesssiyasında tərəflər razılığa gəlmədikləri üçün mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 23 noyabr 2021-ci il tarixli arayış verilmiş, ilkin mediasiya ilə bağlı "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. İş materiallarında olan: Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 007 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya istixana üçün əsas dövriyyə vəsaitlərinin alınması məqsədi ilə illik 17 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 24 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir; 16 noyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 məxsus 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur; Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 15 noyabr 2018- ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borcu 8653 manat 36 qəpik, faiz borcu 483 manat 14 qəpik olmaqla, cəmi borcu 9136 manat 50 qəpik təşkil edir; "xxxx" MMC tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 139/ABB/22 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evinin və 0.16 ha torpaq sahəsinin birlikdə bazar dəyəri 110000 manat, likvid dəyəri 95000 manat təşkil edir (tədqiqatın dəyəri 300 manatdır); İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 qızı və Cavabdeh1 ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmək barədə qərar qəbul etmiş, “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir; Apellyasiya instansiyasında icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/510 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 15 noyabr 2018-ci il tarixli 007 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 noyabr 2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 8327,18 manat məbləğində, 21 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu 7754,62 manat məbləğində, 27 dekabr 2021-ci il tarixə isə (maliyyə arayışında göstərilən tarixə) banka olan əsas və faiz borcu 7754,62 manat təşkil edir. Rəydən müəyyən olunur ki, 21 dekabr 2021-ci il tarixə və 27 dekabr 2021-ci il tarixə kredit müqaviləsi üzrə faiz borcu müəyyən olunmamışdır; Apellyasiya instansiyasında icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/4805 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 15 noyabr 2018-ci il tarixli 007 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 noyabr 2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 8327,18 manat məbləğində, 21 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu 7754,62 manat təşkil edir. Rəydən müəyyən olunur ki, 21 dekabr 2021-ci il tarixə kredit müqaviləsi üzrə faiz borcu müəyyən olunmamışdır. Həmçinin ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 007 saylı kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrakı dövr üçün faiz hesablanmamışdır. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 15 noyabr 2018ci il tarixli 007 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə kredit ödənişlərindən cərimə borcuna silinmə (ödənilmə) müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ipoteka predmetinin müəyyən olunmuş ilkin satış qiyməti ilə razı deyil. Ona görə də iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə təkrar əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Bundan əlavə, kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği bank tərəfindən şişirdilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən olunması üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə kredit müqaviləsi üzrə əsas və faiz borcuna aid hissədə, habelə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC-nin Şəmkir filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli 007 saylı təminatlı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 40000 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında xx.xx.2018- il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evi, 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir və yüklülük xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 apellyasiya şikayətində mübahisələndirmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu şişirdilmişdir, həmçinin ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin aşağıdakı normaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2018-ci il tarixli 007 saylı təminatlı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2018-ci il tarixli 007 saylı təminatlı kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, Cavabdeh1 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə, borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi borcalan kredit müqaviləsi üzrə aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 007 saylı təminatlı kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən olunması üçün mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/510 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 15 noyabr 2018-ci il tarixli 007 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 noyabr 2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 8327,18 manat məbləğində, 21 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu 7754,62 manat məbləğində, 27 dekabr 2021-ci il tarixə isə (maliyyə arayışında göstərilən tarixə) banka olan əsas və faiz borcu 7754,62 manat təşkil edir. Rəydən müəyyən olunur ki, 21 dekabr 2021-ci il tarixə və 27 dekabr 2021-ci il tarixə kredit müqaviləsi üzrə faiz borcu müəyyən olunmamışdır. İddiaçı "xxxx" ASC həmin ekspert rəyi ilə razılaşmamış və bildirmişdir ki, kredit müqaviləsi üzrə borc məbləği hesablanarkən kredit müqaviləsinin 6.2-ci bəndi nəzərə alınmadığından cəriməyə silinmiş məbləğlər əsas və faiz borcundan silinmişdir. İddiaçı tərəf vəsatət verərək iş üzrə təkrar mühasibatklıq ekspertizası təyin olunmasını xahiş etmişdir. İddiaçı tərəfin vəsatəti təmin edilərək iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/4805 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 15 noyabr 2018-ci il tarixli 007 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 noyabr 2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 8327,18 manat məbləğində, 21 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu 7754,62 manat təşkil edir. Həmçinin rəydən müəyyən olunmuşdur ki, 21 dekabr 2021-ci il tarixə kredit müqaviləsi üzrə faiz borcu müəyyən olunmamışdır. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 007 saylı kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrakı dövr üçün faiz hesablanmamışdır. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli 007 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə kredit ödənişlərindən cərimə borcuna silinmə (ödənilmə) müəyyən edilməmişdir. Bu xusüsda məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyinin düzgün olmaması barədə iddiaçı tərəfin dəlilləri əsassızdır və həmin dəlillər sonuncunun subyektiv mülahizələrinə əsaslanır. Belə ki, ekspert rəyinə diqqət yetirildikdə müəyyən olunur ki, ekspertiza tədqiqatı borcalan tərəfindən kreditora ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, habelə 15 noyabr 2018-ci il tarixli 007 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq aparılmışdır. Ekspertiza tədqiqatı zamanı əsas və faiz borc məbləğinin hesablanması proseduru hərtərəfli, tam və obyektiv aparılmışdır və rəydə göstərilən məlumatlar mübahisənin həlli baxımından kifayət qədər aydın və dolğundur. Ekspert rəyində göstərilən məlumatların mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası iş üzrə verilmiş mühasibatlıq ekspertizası rəylərini mötəbər sübut olaraq qiymətləndirir. Qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə borc məbləği müəyyən olunan zaman maliyyə arayışı verilən tarixə hesablanmış əsas və faiz borcu nəzərə alınmalıdır. Çünki ekspert rəyindən göründüyü kimi kredit müqaviləsinin müddətinin bitdiyi tarixə (xx.xx.2020-ci il) əsas və faiz borcu ilə birlikdə ümumi borc 8327,18 manat müəyyən olunmuş, maliyyə arayışı verilən tarixə isə (xx.xx.2021-ci il) 7754,62 manat əsas borc müəyyən olunmuşdur. İşin qeyd olunan halı özözlüyündə göstərir ki, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra müqavilə üzrə ödənişlər olmuşdur ki, bunun nəticəsində də müqavilə üzrə əsas borcun məbləği azalmış, habelə faiz borcu tamamilə silinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş hər iki ekspert rəyindən göründüyü kimi maliyyə arayışı verilən tarixə (xx.xx.2021-ci il) kredit müqaviləsi üzrə faiz borcu müəyyən olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə faiz borcunun tutulması istisna təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissədə iddia tələbini təmin etmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə verilmiş hər iki ekspert rəyindən görünür ki, maliyyə arayışı verilən tarixə (xx.xx.2021-ci il) kredit müqaviləsi üzrə əsas borc məbləği 7754,62 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə kredit müqaviləsi üzrə əsas borc məbləğini 8653,36 manat müəyyən etmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun müəyyən olunması hissədə ekspert rəyinə uyğun dəyişdirilərək əsas borcun məbləği 7754,62 manat müəyyən olunmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, kollegiyanın hazırkı qənaəti əsasında faiz borcu hissədə iddia tələbi təmin edilmədiyindən, habelə əsas borcun məbləği ekspert rəyinə uyğun dəyişdirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cəmi borc məbləği hissədə də dəyişdirilərək həmin hissədə 7754,62 manat əsas borc məbləği müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ölçüsü 253.1 kv.m olan fərdi yaşayış evinin və 0.16 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən olunması üçün qiymətləndirmə ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 139/ABB/22 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan əmlakın bazar dəyəri 110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi də məhz həmin rəyi əsas götürərək ipoteka predmeti olan əmlakın ilkin (likvid) satış qiymətini 95000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində ipoteka predmetinin müəyyən olunmuş ilkin satış qiyməti ilə razı olmadığını qeyd etsə də, lakin bunun səbəblərini, habelə onu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Cavabdeh1 ipoteka predmetinin müəyyən olunmuş ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini tələb etmədiyini bildirərək, yalnız məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizası xərcinə dair bildirişlərindən görünür ki, apellyasiya icraatı zamanı aparılmış mühasibatlıq ekspertiza tədqiqatlarının ümumi dəyəri (200+100) 300 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 300 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə kollegiyası izah edir ki, hazırkı qətnamə ilə iddia tələbinin təmin olunmamış hissəsi 5000 manatdan az olduğundan mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bu qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. İddia tələbinin təmin edilmiş hissəsində isə iddianın qiyməti 5000 manatdan çox olduğuna görə bu qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-381/2022 saylı qətnaməsi 483 manat 14 qəpik faiz borc məbləğinin Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə 8653 manat 36 qəpik məbləğində əsas borcun və 9136 manat 60 qəpik məbləğində cəmi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 7754 manat 62 qəpik məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin "xxxx" ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000001944, VÖEN: **********, hesab: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində (yalnız Cavabdeh1 və Cavabdeh2 tərəfindən) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar