Məhkəmə qərarları › İş №2-2(104)-45/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-45/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-45/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yeraltı qaz kəmərinin cavabdehin vəsaiti hesabına kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 1199/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1199/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsindən keçən Cavabdeh balansında olan d250 mm-lik, dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli polietilen yer altı qaz kəmərinin Cavabdeh vəsaiti hesabına kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsi xx.xx.2023ci il tarixli, 2-2(115)-1199/2023 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Şəmkir regional Qaz İstismar idarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsinə basdırılmış qaz kəmərinin cavabdehin vəsaiti hesabına çıxarılaraq kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Dondar Quşçu kənd bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli qərarı ilə ona kənd ərazisindən sahibkarlıq məqsədilə 0,02 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi 25 iyun 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsindən onun razılığı və məlumatı olmadan qaz boru kəməri keçirmişdir. Dəfələrlə cavabehə və digər aidiyyatı qurumlara müraciət etsə də cavabdeh təşkilat öz qanunsuz əməlinin aradan qaldırılması üçün hər hansı bir addım atmamışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdə, arayış və rəylərdə ona məxsus torpaq sahəsindən heç bir yerli və ya beynəlxalq əhəmiyyətli kəmərin (xəttin) keçməsi, torpaq sahəsinin mühafizə zonasına (4 metr) düşməsi qeyd edilmir. Ona məxsus torpaq sahəsinin qarşısında heç kimə məxsus olmayan torpaq sahəsi vardır. Qaz kəmərinin kənarlaşdırılması mümkündür. Cavabdehin qanunsuz əməlləri nəticəsində o mülkiyyət hüququndan məhrum edilmişdir. Bu səbəbdən də mülkiyyətində olan torapaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Bu da onun mülkiyyət hüquqlarını pozulması deməkdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Tovuz Rayon Məhkəməsinə ərizə verərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kənd ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən keçən ARDNŞ “Azəriqaz" İstehsalat Birliyinin balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli polietilen yeraltı qaz kəmərinin cavabdeh ARDNŞ “Azəriqaz" İstehsalat Birliyinin vəsaiti hesabına kənarlaşdırılmasına və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(062)-449/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “Azəriqaz" İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmsəini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(104)-197/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(062)-449/2022 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın qənaətinə görə hazırkı mübahisə kommersiya mübahisəsidir və işin baxılması kommersiya məhkəməsinə aiddir. Belə ki, iddiaçı fərdi sahibkardır və cavabdeh isə hüquqi şəxsdir. Tərəflər arasında yaranan hüquq münasibətləri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Torpaq sahəsi sahibkarlıq subyekti olan şəxs tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün alınmışdır. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellaysiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında yer alan qeyri sübutlara əsaslanaraq səhv nəticəyə gəlmiş və işə iş materiallarında heç bir halda sübut olunmadan, faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh İB-nin Layihə-konstruktor bürosu tərəfindən hazırlanmış 3-225- 11(1) saylı lahiyə-smeta sənədlərinə əsasən 2011-ci ilin mart ayında çəkilişinə başlanılmış Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün orta təzyiqli polietilen PE250 mmlik qaz kəməri 2012-ci ilin sonunda tamamlanmışdır. 2013-cü ilin mart ayında isə müvafiq qaydada sənədləşdirilməklə və aidiyyətı təşkilatlarla razılaşdırılmaqla istismara qəbul edilmiş, istifadəyə verilmişdir. Beləliklə sahə üzrə qanunvericiliyin təsir dairəsinə düşməklə həmin kəmər boyu 4(dörd) metr kəmərin mühafizə mühafizə zonası yaradılmış və həmin tarixdən də hal-hazıra qədər qanunamüvafiq şəkildə istismar olunmaqdadır. Məhkəmə işi üzrə iddiaçı tərəf olaraq sadəcə adına mülkiyyət sənədlərinin mövcud olması bildirilsə də onun hansı əsaslarla əldə edilməsi ilə bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Məhkəmə icraatı zamanı aydınlaşdırılmamışdır ki, “torpağa mülkiyyət hüququna dair” Cıxarış verilərkən qanunla icrası məcburi olan əsas prosedurlardan biri də əmlakın yerində müayinəsidir. Mülkiyyət sənədinin verilməsinə səbəb olan bu icra tədbirinin aparılması məhkəmə icraatında araşdırılmamış, heç bir sənədləşmə tələb olunmamışdır. Eləcə də məhkəmə icraatının obyektivliyi, əsaslılığı və əsl həqiqətin aşkarlığı naminə cavabdeh tərəf olaraq onların iştirakı da təmin olunmamışdır. Beləliklə icraat müddətində iddiaçı olaraq iddianı sübut etmək əvəzinə cavabdeh tərəfdən təqdim ediləcək sübutlar da əngəllənmiş nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. İş materiallarında torpaq sahəsi iddiaçının mülkiyyətinə verildikdən sonra oradan qanunsuz olaraq qaz kəmərinin çəkilməsi qeyd olunsa da məhkəmə icraatı zamanı bu barədə heç bir sənədləşmə, sübut təqdim edilməmiş və heç bir araşdırma aparılmamışdır. Həmin qaz kəmərinin sözügedən mülkiyyət sənədindən əvvəl və ya sonra çəkilməsi aydınlaşdırılmamış nəticə etibarı ilə əsl reallığı əks etdirməyən qətnamə qət edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, 2003-cü ilin dekabr ayında Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən 0,02 ha torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini tor setka ilə hasara almış, lakin həmin torpaq sahəsindən istifadə etməmiş, işi ilə bağlı bir müddət Respublika ərazisindən kənarda olmuş, 2013-cü ildə həmin torpaq sahəsinə çıxarış almışdır. Həmin torpaq sahəsindən qaz kəmərinin keçirildiyi sonradan orada tikinti işləri aparmaq istəyəndə məlum olmuş, qaz xəttinin kənarlaşdırılması barədə cavabdehə etdiyi müraciət müsbət nəticə vermədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan 18 noyabr 2003-cü il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin, Dondar Quşçu bələdiyyəsinin, Tovuz rayon Dövlət Yanğın təhlükəsizlik xidmətinin, Rayon GEM-in və kənd sakini İddiaçı iştirakı ilə tərtib edilərək imzalanmış aktdan görünür ki, Dondar Quşçu bələdiyyəsinin ərazisindən Dondar Quşçu kəndinə gedən yolun sol tərəfindən 0.02 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün İddiaçı satılmasını komissiya məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.02 ha olmaqla Dondar Quşçu bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən 2003-cü ilin dekabr ayında tərtib edilmiş Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı satılan torpaq sahəsinin yerquruluşu planından görünür ki, plan Dondar Quşçu bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq edilmişdir İş materiallarında olan Tovuz rayon Dondar Quşçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 saylı qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla Tovuz rayon Dondar Quşçu kəndinin bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Tovuz rayon Dondar Quşçu kənd sakini İddiaçı sahibkarlıq məqsədi üçün 0.02 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan 25 dekabr 2003-cü il tarixli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, İddiaçı Tovuz rayon Dondar Quşçu bələdiyyə orqanına müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış və Dondar Quşçu bələdiyyə ərazisində 0.02 ha torpaq sahəsinin satılması barədə 24 dekabr 2003-cü il tarixli 01 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 61750 manat haqq ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0.02 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, plan və ölçü sənədi İddiaçı adına Tovuz rayon Dondar Quşçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə verilmiş 0.02 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışdan görünür ki, çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən tərtib olunmuş, torpaq sahəsinin koordinantları göstərilmiş və Dondar Quşçu bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Şəmkir RQİİ-nə ünvanladığı məktubdan görünür ki, Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı məxsus Tovuz rayonu Dondar Quşçu kəndində olan 0.02 ha sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsinin qarşısında heç kimə məxsus torpaq sahəsi yoxdur və həmin ərazidən kənarlaşdırılacaq qaz xətti heç kimə məxsus torpaq sahəsinin mühafizə (4 metr) zonasına düşmür. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixdə ƏMDX-nin Qazax ərazi şöbəsinin məsələhətçisi torpaq müfəttişi X2, ƏMDX-nin Qazax ərazi şöbəsinin məsələhətçisi X6 və Tovuz rayonu Dondar Quşçu kənd sakini İddiaçı iştirakı ilə tərtib edilərək imzalanmış akda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinə və müxtəlif direktiv orqanlarına yazdığı ərizələr araşdırılmış, məlum olmuşdur ki, vətəndaş Dondar Quşçu bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli 01 saylı qərarı ilə 0.02 ha “Pryez” adlanan ərazidən sahibkarlıq məqsədilə torpaq sahəsi almışdır. Sonradan sözügedən torpaq sahəsinə 25 noyabr 2013-cü il tarixdə çıxarış almışdır. Tikinti işləri aparmaq istəyən zaman Azəriqaz nümayəndələri tərəfindən tikinti işləri dayandırılaraq torpaq sahəsinin yaxınlığından qaz xətti keçməsi bildirilmişdir. Vətəndaş isə qaz xəttinin torpaq sahəsini aldıqdan sonra həmin ərazidən çəkildiyini bildirməklə xəttin yerinin dəyişdirilməsini tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respubliaksı Energetika Nazirliyi Enerji Məsələlərinin X4 filialının İddiaçı ünvanladığı 06 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunanların yerində araşdırılması zamanı təqdim edilmiş mülkiyyət sənədlərinə əsasən torpaq sahəsindən uzunluğu 10 metr, eni 1,5 metr olmaqla Şəmkir RQİİ-nin xidmət və balansında olan Dondar QPS-dən qidalanan, Tovuz rayonunun Azaflı, Bayramlı, Əsrik-Cırdaxan, Qaralar kəndlərini, Kirən və Böyük Qışlaq sovetliklərini təbii qazla təmin edən 2250 mm-lik, dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli polietilen yeraltı qaz kəmərinin çəkildiyi müəyyən olunmuşdur. Cavabdeh İB-nin onlara ünvanladığı cavab məktubunda Şəmkir RQİİ-nin mütəxəssisləri tərəfindən müraciət əsasında əraziyə baxış keçirildiyini, yeri dəyişəcək mövcud qaz xəttinin yeni trassasının müəyyən edildiyini, lakin həmin trassa ilə qaz xəttinin çəkilməsinə imtina edilməsini bildirmişlər. Eyni zaman sözügedən torpaq sahəsinə yaxın ərazidə əhalinin pay torpaqları olduğu üçün trassanın verilməsinin mümkün olmadığı, eləcədə yerli bələdiyyə orqanının köməyi ilə münasib trassanın, heç kimin pay torpağından keçmədən seçildiyi, istismarda olan qaz xəttinin yerdəyişmə işlərinin İddiaçı hesabına lisenziyası olan podratçı təşkilat tərəfindən yerinə yetiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən qeyri-yaşayış obyektinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər İddiaçı vəsaiti hesabına həyata keçirilməlidir. Bununla əlaqədar Şəmkir RQİS-i tərəfindən xx.xx.2021-ci il tarixində təqdim olunmuş sxemə əsasən qeyd olunan qaz xəttinin yerinin dəyişdirilməsi işləri layihə-smeta sənədlərinin hazırlandıqdan və ödəniş olunduqdan sonra 20 iş günü müddətində icra olunacaqdır. Şəmkir RQİS-nə tapşırılır ki, qeyd olunan işlərin görülməsində müvafiq texniki köməklik göstərsin və söküntüdən çıxarılan materialları Şəmkir RQİİ-nin anbarına mədaxil olmasını təmin etsin. İş materiallarında olan Cavabdeh İB-nin Azərbaycan Respubliaksı Energetika Nazirliyi Enerji Məsələlərinin X4 filialına ünvanladığı məktubda göstərilmişdir ki, Cavabdeh İB-nin layihə-konstruktor bürosu tərəfindən hazırlanmış 3-225-11 (1) saylı layihə smeta sənədlərinə əsasən 2011-ci ilin mart ayından Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün orta təzyiqli polietilen PE 250 mm-lik dayıcı qaz kəmərinin layihə əsasında çəkilişi işlərinə başlanmış, 2012-ci ilin sonunda işlər tamamlanmış və Cavabdeh İB-nin müvafiq əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən kəmər 2013-cü ilin mart ayında istismara qəbul edilərək istifadəyə verilmişdir. Həmin kəndlərin qazlaşdırılması məqsədilə qaz xətti çəkilən zaman vətəndaş İddiaçı iddia etdiyi ona məxsus torpaq sahəsində heç bir tikili və ya hasar olmamış, eyni zamanda İddiaçı tərəfindən heç bir irad bildirilməmişdir və ərazinin ona məxsus olması barədə təqdim etdiyi sənəddə (çıxarış) həmin torpaq sahəsinin 2013-cü ilin iyun ayında, yəni qaz xətti istismara verildikdən sonra özəlləşdirdiyi qeyd olunmuşdur. Qaz xətləri istismara verildikdən sonra vətəndaşların istəyi ilə hər hansı bir xəttin üzərində dəyişiklik aparılarsa bu sifarişçinin (vətəndaşın) öz vəsaiti hesabına aparılmalıdır və bu kimi işlərin görülməsi üçün güzəşt nəzərdə tutulmur. Vətəndaş İddiaçı qaz xəttinin öz vəsaiti hesabına yerinin dəyişdirilməsinə ərizə ilə razılıq vermiş, lakin sonradan vəsaitin ödənilməsindən imtina etmiş və müvafiq instansiyalara şikayət ərizələri yazmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara hazırlığının yoxlanılması və podratçı təşkilatdan təhvil götürülməsi üçün qəbul komissiyasının aktından görünür ki, 6 mart 2013-cü il tarixli 122-ü nömrəli əmrlə komissiya yaradılmışdır. Akta əsasən Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılmasının tikintisi başa çatmış, obyektin tikintisi üçün torpaq sahəsinin Tovuz rayonu tərəfindən təmin edildiyi, obyektin tikintisinə 2011- ci ilin mart tarixində başlanıldığı, 2013-cü ilin mart ayında başa çatdığı qeyd edilmişdir. İstismara qəbul edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tarixli 10/1029 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 431/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim eidlmiş yeraltı qaz kəmərinin keçdiyi ərazi İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin daxilində yerləşir, torpaq sahəsində tikili yoxdur. Mübahisəli 0.02 ha torpaq sahəsindən keçən ARDNŞ Cavabdeh İB-nin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli polietilen yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra ARDNŞ Cavabdeh İB tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması mümkün ola bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Tovuz rayonu Dondar Quşçu kənd bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli qərarı ilə iddiaçıya Dondar Quşçu kəndi ərazisindən sahibkarlıq məqsədilə 0,02 ha torpaq sahəsinin satılması qərara alınmış, 25 dekabr 2003-cü il tarixli torpaqların alqı-satqı aktına əsasən həmin 0,02 ha torpaq sahəsi İddiaçı satılmış, qeyd olunan torpaq sahəsi 25 iyun 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən onun razılığı və məlumatı olmadan qaz boru kəməri keçirmişdir. Dəfələrlə cavabehə və digər aidiyyətı qurumlara müraciət etsə də cavabdeh qaz xəttini iddiaçıya məxsus torpaq sahəsindən kanarlaşdırmamışdır. Bu səbəbdən də iddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. İddia tələbini təmin etməmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0.02 ha torpaq sahəsi (mübahisəli torpaq sahəsi) həmin kənd bələdiyyəsinə məxsus torpaq sahəsi olmuş, bələdiyyənin 18 noyabr 2003-cü il tarixli qərarı ilə sahibkarlıqla məşğul olmaq üçün kənd sakini İddiaçı satılması qərara alınmış, torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək təsdiq edilmişdir. 25 dekabr 2003-cü il tarixdə torpağın alqı-satqısına dair akt imzalanmışdır. İddiaçı adına 25 iyun 2013-cü il tarixdə qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh İB-nin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin keçdiyi ərazi İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı həmin qaz kəmərinin kənarlaşdırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh isə kənarlaşdırılmanın yalnız iddiaçının vəsaiti hesabına mümkün ola bilməsini bildirmişdir. Ekspertiza rəyi ilə sözügedən yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra Cavabdeh İB tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılmasının mümkün ola bilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qaz kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edə bilmir. Mövcud durumu məhkəmə iddiaçının mülkiyyətinə müdaxilə kimi qiymətləndirir. Həmçinin bu müdaxilə hər hansı qanuni əsasa söykənmir. Belə ki, cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsə də işə baxmış əvvəlki birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən görünür ki, cavabdeh təşkilat iddiaçının müraciətlərinə cavab olaraq qaz kəmərinin müvafiq layihə əsasında kənarlaşdırılmasının mümkün olduğunu, lakin bunun vətəndaşın vəsaiti hesabına aparılacağını bildirmişdir. Əsas isə onu göstərmişdir ki, iddiaçı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı çəkilmiş qaz kəmərinin istismara qəbul edilməsindən sonra almışdır. Buna görə də qaz kəmərinin kənarlaşdırılması vətəndaşın vəsaiti hesabına aparılmalıdır. Məhkəmə həmçinin bildirir ki, İddiaçı torpaq sahəsini 25 dekabr 2003-cü il tarixdə almış, həmin torpaq sahəsi əvvəllər bələdiyyəyə məxsus olmuşdur. Torpaq sahəsində qazın çəkilişi ilə bağlı tikinti aparılarkən həmin torpaq sahəsi İddiaçı tərəfindən satın alınmışdır. Cavabdeh kəndlərin qazlaşdırılması ilə bağlı tikinti obyektinin 2013-cü ilin mart ayında istismara qəbul edildiyini bildirsə də, istismara qəbul aktında tikinti obyektinin hansı tarixdə istismara qəbul edilməsi qeyd edilməmişdir. Həmin aktda yalnız işlərin başlanma və qurtarma tarixi və komissiyanın yaradılma tarixləri vardır. İstismara qəbul edildiyi tarix isə yoxdur. İddiaçı 25 iyun 2013-cü il tarixdə qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Bundan başqa cavabdeh təşkilatın qazın çəkilməsi ilə bağlı torpaq sahəsinin mülkiyyətçisindən razılıq alması, bununla bağlı istər kənd bələdiyyəsinə, istərsə də vətəndaşa müraciət etməsi, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı araşdırma aparması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkmə kollegiyası aşaıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Qaz təchizatı haqqında” Qanunun 16-cı maddəsinin 2-ci bəndinə əsasən qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir. Həmin Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələrinə görə yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə, müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər. Podratçının vəzifələri aşağıdakılardır: - torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması; - işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının sərəncamlarına uyğun hərəkət etmək; - müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddət ərzində bütün işləri başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa etmək; - təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti təmin etmək üçün bütün lazımi tədbirləri görmək; - işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı və ya dərhal iş qurtaran kimi aradan qaldırmaq; - üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il tarixli 773 nömrəli Fərmanının 2.10-cu bəndinə görə həmin Qanunun 15-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş hüququdur. Bu hüquq həm də əmlaka sahiblik edən şəxsə məxsusdur. Lakin bu zaman müəyyən olunmalı hal mülkiyyətçiyə (hazırkı halda iş üzrə iddiaçıya) məxsus torpaq sahəsinin hansısa hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunmasının müəyyən edilməsidir. Bunun üçün isə əvvəlcə, iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin və onun faktiki istifadəsində olan torpaq sahəsinin, cavabdehə sənəd əsasında məxsus olan və faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları müəyyən olunmalı, daha sonra isə iddiaçıya sənəd əsasında məxsus olan koordinatlarda yerləşən torpaq sahəsinin cavabdehin və ya da digər şəxslərin istifadəsində olub-olmadığı müəyyən olunmalıdır. Hazırkı halda isə Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tarixli 10/1029 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 431/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim eidlmiş yeraltı qaz kəmərinin keçdiyi ərazi İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin daxilində yerləşir, torpaq sahəsində tikili yoxdur. Mübahisəli 0.02 ha torpaq sahəsindən keçən ARDNŞ Cavabdeh İB-nin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli polietilen yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra ARDNŞ Cavabdeh İB tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması mümkün ola bilər. Qeyd olunan qaz kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməsi iddiaçının mülkiyyət hüquqlarını pozduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1199/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar