Məhkəmə qərarları › İş №2-2(104)-63/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-63/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-63/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2-2(115)-2130/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 19452,80 (18 faiz ƏDV ilə) manat borcun və 200 manat mediasiya xərcinin Cavabdehndən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli e-2-2(115)-2130/2022 nömrəli (hakim: Gülnaz Quliyeva) qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi; ödənilmiş mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçılə Cavabdeh arasında 24 dekabr 2013-cü il tarixli 049-X-2013 nömrəli yüksək sürətli internet xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı sifarişçi Cavabdeh Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə internet şəbəkəsinə qoşulmasını təmin etməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi aylıq xidmət haqqını əvvəlcədən icraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəməlidir. Xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim edilməsinə baxmayaraq, Cavabdeh ödəniş etməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə hər ay müvafiq xidmətlər göstərilmişdir. Cavabdehin 2019-cu ildən 2022-ci ilə qədər göstərilən xidmətlərə görə 19452,80 (18 faiz ƏDV ilə) manat borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, borc məbləği 2019-cu ilin iyun ayından yaranmağa başlayıb və 2022-ci ilin may ayına qədər olan dövrü əhatə edir. Cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin göstərilməsinə görə edilmiş son ödəniş 24 avqust 2020-ci il tarixdə olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi sonuncu ödənişin 01 may 2019-cu il tarixdə olduğunu nəzərə alsaydı belə, maliyyə arayışına əsasən yalnız 2019-cu ilin iyun və iyul ayları üçün iddia müddətini ötmüş hesab edə bilərdi. Çünki 20 iyul 2019-cu il tarixdə təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehdən 761,60 manat xidmət haqqı tələb etmək hüququ var idi. Digər qaimələr üzrə tələb hüququ 01 avqust 2019-cu il tarixdən sonra yaranıb. Borcu təsdiq edən qaimələr üzrə ödənişlər vastaşırı ödənişlər sayılır. Həmin ödənişlər üzrə iddia müddəti qaimə təqdim edildikdən 5 bank günü keçdikdən sonra hesablanır. Qaimələrin hesabına əsasən də iddia müddəti ötməyib. Borcun müəyyən olunmuş məbləği cavabdeh tərəfindən mübahisələndirilmir. İş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsi tətbiq edilməlidir. Belə ki, müqavilə üzrə tələb hüququ müqavilə bağlandıqdan sonra deyil, hər ay xidmət göstərildikdən sonra yaranır və öhdəliklər vaxtaşırı icra olunur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki işlasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda izahat vermiş, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, FO kabel üzərindən 12 Mbit/s internet xidmətlərinin göstərilməsi ilə əlaqədar olaraq ƏDV-yə cəlb edilən məbləğ 480 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 86,40 manat, yekun məbləğ 566,40 manat göstərilmişdir; Maliyyə arayışından görünür ki, Cavabdeh 13 sentyabr 2022-ci il tarixə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) 20019,20 manat borcu vardır; 20 iyul 2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə məktub göndərmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2013-cü il tarixli 049-X-2013 nömrəli yüksək sürətli internet xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı İddiaçı sifarişçi Cavabdeh Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə internet şəbəkəsinə qoşulmasını təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndi ilə müəyyən edilmişdir ki, sifarişçi aylıq xidmət haqqını əvvəlcədən icraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəməlidir. İddiaçı müqavilə üzrə aylıq hesablar təqdim edilməsinə baxmayaraq, Cavabdeh ödəniş etmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli 049-X-2013 nömrəli yüksək sürətli internet xidmətlərinin göstərilməsi barədə müqavilənin tərəflərin hüquq və vəzifələrindən bəhs edən 2-ci maddəsindən görünür ki, icraçı sifarişçinin yüksək sürətlə internet şəbəkəsinə qoşulmasını təmin etməyi öhdəsinə götürür, sifarişçi isə bunun qarşılığında xidmət haqqını əvvəlcədən ödəməyi öhdəsinə götürür. Eləcə də müqavilənin 8-ci maddəsindən görünür ki, müqavilə müddətsiz olaraq bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə vaxtaşırı öhdəlik hüquq münasibətlərinin ünsürlərini əhatə edir. Ona görə də işin hərtərəfli, tam və obyektiv həlli üçün həmin hüquq münasibətlərinin xüsusiyyətlərinə nəzər yetirilməsi zəruridir. İşdən müəyyən olunur ki, İddiaçı 03 iyun 2019-cu il tarixdən - 04 may 2022-ci il tarixədək olan dövr üçün müqavilə üzrə göstərilmiş xidmət haqqını tələb edir. İşə baxan birinci instansiya məhkəməsi isə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişçinin aylıq xidmət haqqını əvvəlcədən icraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödənilməsi ilə bağlı razılığa gəlmələrini, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt 03 iyun 2019-cu il tarixdən başlayaraq 5 bank günü olmasını, həmin tarixdən isə üç illik müddət ötdükdən sonra qarşı tərəfə mediasiya prosesinin tətbiqi ilə bağlı məktub göndərməsini, bununla da iddiaçının qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməməklə 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürməsi əsası ilə iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə icraçı (iddiaçı) üçün öhdəlik müqavilənin bağlandığı anda dərhal yaranır, digər tərəf sifarişçi (cavabdeh) üçün isə bunun əvəzində öhdəlik yaranmır. Digər tərəf üçün öhdəlik, ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində əmələ gəlir. Buna müvafiq olaraq da həmin andan etibarən icraçının (iddiaçı) sifarişçidən (cavabdeh) öhdəliyi icra etmək hüququnu, yəni müqavilə üzrə göstərilmiş xidmətin haqqının tələb edilməsi hüququ yaranır. Eyni zamanda diqqətə alınmalıdır ki, müqavilənin qüvvədə olma müddəti müddətsiz olmuşdur. Yəni tərəflər arasında olan hüquq münasibətləri davam edən hüquq münasibətləri olmuşdur və tərəflər bu müddət ərzində vaxtaşırı olaraq öz öhdəliklərini icra etməyi üzərlərinə götürmüşlər. İşin qeyd olunan xüsusatlarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC 19 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə 2019-cu ilin iyun, iyul və avqust ayları üçün xidmət haqqını (566,40+566,40+566,40 =1699,20 manat) tələb etmək üçün 3 illik iddia müddətini ötürmüşdür. Qeyd olunan hal iş materialları ilə sübut olunur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı digər aylar üçün yəni 2019-cu ilin sentyabr ayından 2022-ci ilin may ayına qədər olan dövr üçün müqavilə üzrə göstərilmiş xidmət haqqının (19452,80- 1699,20=17753,60) ödənilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Belə olan halda kollegiya hesab edir ki, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin may ayına qədər olan dövr üçün müqavilə üzrə göstərilmiş xidmətin haqqı 17753,60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 2019-cu ilin iyun, iyul və avqust ayları üçün müqavilə üzrə göstərilmiş xidmət haqqının (566,40+566,40+566,40=1699,20 manat) tələb edilməsi üçün 3 illik iddia müddəti ötürüldüyündən həmin dövr üçün müqavilə üzrə göstərilmiş xidmətin haqqı cavabdehdən tutulmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarının 3-cü bəndində uyğun olaraq, vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin cavabdeh tərəfindən mübahisələndirilməsi halı iş materialları ilə sübut olunmur. Bundan əlavə, müqavilə üzrə borc “e” qaimə əsasında hesablanmışdır və cavabdeh tərəf borcu mübahisələndirməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən iddia tələbini bötövlükdə təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1. maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, mediasiya prosesinə görə İddiaçı tərəfindən 200 manat ödənilmişdir. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(115)-2130/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 17753 (on yeddi yeddi yüz əlli üç) manat 60 (altmış) qəpik borc və 200 (iki yüz) manat mediasiya rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2130/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 17753 (on yeddi yeddi yüz əlli üç) manat 60 (altmış) qəpik borc və 200 (iki yüz) manat mediasiya rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar