Məhkəmə qərarları › İş №2-2(104)-91/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-91/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-91/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-63/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 33 ay abunə borcu 198 manat və qeydiyyatdan çıxma aktı 35 manat, cəmi borcu 233 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********) arasında da xx.xx.2018-ci ildə 07900 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 06 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici Cavabdeh həmin öhdəliyini xx.xx.2019-cu ilədək yerinə yetirmiş, ödənişləri etmiş, sonradan xx.xx.2019-cu ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2020-ci ildən 03 ay, 2021-ci ildən 06 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 33 ay abunə borcu 198 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin tərəflərindən 30 manat məhkəmə xərci ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 24 fevral tarixli 2-2(115)-63/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 127 manat ekspertiza xərcinin İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, iddianın əsası kimi Cavabdehla aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Cavabdeh qeyd olunan müqaviləni imzalamadığını bildirərək, iddia tələbinin əsası kimi çıxış edən sübutları mübahisələndirmişdir. Bundan sonra məhkəmə tərəfindən xx.xx.2024cü il tarixdə iddiaçıya məktub göndərilərək, xx.xx.2018-ci il tarixli 07900 nömrəli müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən işin qeyd olunan halına aydınlıq gətirilməsi, işə obyektiv baxılması, sübutlara müvafiq hüquqi qiymət verilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və əldə olunmuş rəydən görünür ki, xx.xx.2018-ci il tarixli 07900 nömrəli müqavilədə tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan sənədin kserosurət olması ilə əlaqədar hərf və cizgilərin zəif əks olunması, qrafik materialların azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması səbəbindən imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq hesab etmişdir ki, öhdəlik yaradan müqavilənin cavabdeh tərəfindən imza olunması təsdiqini tapmır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da sübut kimi cavabdehə göndərilən elektron qaiməyə istinad etmişdir. Lakin həmin elektron vergi-hesab fakturası özü-özlüyündə işlərin görülməsini və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Məhkəmə bu mövqedən çıxış edərkən "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilədə ödəyiciyə aid imza olmadığını deyir lakin hamısı işin içindədir. Əgər imza F/Ş Cavabdeh aid deyilsə, Akt yazılıb imzalanda, NKA-nın sahibinə NKA-nın möhürlərinin qorunub saxlanmasına cavabdeh daşıması haqda xəbərdalıq olunanda və NKA plomblanıb veriləndə, yaxud 12 ay xidmət pulu 06 manat yığılanda etiraz edərdi. Qeyd edilir ki, müqavilə əsasında STXM Vergi ödəyicisinə kassa aparatının müntəzəm işləməsini təmin edir, bu dövrdə təmir və s. xidmətlər pulsuz göstərilir. Əvəzində ödəyici hər ay 06 manat xidmət pulu ödəyir. xx.xx.2018-ci ildə qeydiyyata düşən və xidmət olunan bu ödəyici xx.xx.2019-cu ilə kimi müqavilə üzrə öz öhdəliyini yerinə yetiribdir. Əgər ödəyici bu müqavilədən narazı idi isə, xəbəri yox idi isə niyə 1 il (2018-2019) müqavilə üzrə xidmət pulu ödəyirdi. Məhkəmə qətnamədə kassanın xidmətə götürülməsi ilə bağlı təvil-təslim aktının olmadığını göstərir. Nazirlər Kabinetinin təsdiqlədiyi Forma əsasında kassa aparatının xidmətə götürülməsi və kassa aparatının STXM tərəfindən plomblanması Akt vasitəsi ilə təsdiqlənir. (Əlavə-1). 04600 nömrəli Akt işin içində də var. Ancaq məhkəmə Aktı görməyib. Bu akt VN-in sistemindədə var. Xidmət haqqında müqavilə bağlandıqdan sonra kassa aparatı plomblanır, onun yaddaşındakı pul məbləği Akta (sətr-9) yazılır. X4 ödəyicisi öz online kargüzarlığından Vergilər Nazirliyinə yollayır. Online yazışma haqqında Qanuna əsasən ödəyici öz şifrə parolu ilə daxil olur və uyğun sənədi yollayır, yollanmış sənədlərə “möhür vurulmur”, “imza atılmır”. Əgər bu sənədləri VN-qəbul edibsə, onlar nə etsin. Həmçinin kassa aparatı qeydiyyata düşən zaman VN-nin tələb etdiyi siyahıda “plomb aktı”, “Müqavilə” – “v.s” bölməsi var. Bu sənədlər təqdim edilməsə kassa aparatı VN-də qeydiyyata alınmır. Onlar ödəyicidən 35,0 manat qeydiyyatdan çıxma aktı yazılması üçün pul tələb edirlər. Məhkəmə qeyd edib ki, bu pulu təsdiq edən sənədi təqdim edin. Odəyicinin kassa aparatı hazırda sistemdə qeydiyyatdadır. Bu gün də kassa aparatı qeydiyyatdan çıxmadıqda bu kassaya olan xidmətə görə 06 manat pul hesablanır. Ödəyici kassa aparatından istifadə etmirsə, itiribsə o, rəsmi müraciət edib kassanın dayandırılmasını xahiş etməlidir və ya ödəyici onlara kassa aparatını qeydiyyatdan çıxatmaq üçün müraciət etsə onun kassa aparatına 35,0 manat alıb qeydiyyatdan çıxardacaqlar. Həmçinin onların xidmət etmələrini təsdiq edən sənəd istəyir. Qeyd olunanlara əsasən iddiaçı qətnamənin ləğv edilməsini və cavabdehin ona olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə dair etirazın dəlilləri: Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Prosessual məsələlər: İddaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəbləri barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(115)-63/2025 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Belə ki, yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iş üzrə əldə edilmiş ekspert rəyinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından düzgün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı MMC-nin təqdim etdiyi elektron vergihesab fakturaları, xidmətlərin göstərilməsini tam şəkildə sübut etməsə də, uçotu və xidmət münasibətlərinin mövcudluğu barədə məlumat verir və qiymətləndirmə zamanı nəzərə alınmalıdır. Bununla yanaşı cavabdehin uzun müddət – 2018-ci ilin sonundan 2019-cu ilin dekabr ayına kimi ödənişlər etmişdir ki, bu da tərəflər arasında faktiki müqavilə münasibətlərinin mövcudluğunu dolayı yolla sübut edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırmaları ilə işin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 07900 nömrəli müqavilənin 1-ci bəndinə əsasən “İstehlakçı” Merkuri 130 F-01 tipli zavod №00223285 nəzarət kassa aparatına (XKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Müqavilənin 3-cü bəndinə əsasən “İstehlakçı”-nın “STXM”-nin hüququ və məsuliyyətləri Nazirlər kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Müqavilənin 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 (altı) manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”–in üzərinə düşür. İddiaçı, müqavilənin şərtlərinə əsasən cavabdehə göstərilmiş xidmətlər üzrə cavabdehin üzərinə düşən öhdəliyi tam icra etməməsini əsas gətirərək cavabdehin 2020ci il üzrə 3 ay, 2021-ci il üzrə 6 ay, 2022 və 2023-cü illər üzrə isə 24 ay, ümumilikdə 33 ay xidmət haqqını ödəmədiyindən 198 manat borcunun yaranmasını bildirərək həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsinə əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanan nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə məktubdan görünür ki, **********-14002 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri 130-F-01 markalı 00223285 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixli PSK-in qeydiyyata alınması barədə AKT-dan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə yerləşən obyektinə PAX A620 markalı Smart Kassa quraşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan təqdirdə cavabdehə göstərilmiş xidmət ayları 33 ay kimi yox, məhz 09 ay kimi müəyyən edilməli və cavabdehdən tutulmalı olan məbləğ 54 manat müəyyən edilməlidir. Həmin 09 ay iddia ərizəsində göstərilən 2020-ci il üzrə olan 03 ay, 2021-ci il üzrə olan 06 ayların cəmindən ibarətdir. Nəticə hissəsi: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-63/2025 nömrəli qətnaməsi ləğv edilsin, yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 54 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Məhkəmə xərcləri və dövlət rüsumuna görə ödənilmiş 45 manat cavabdehdən iddiaçının xeyirinə tutulsun. 127 manat ekspertiza xərci Cavabdeh tutularaq SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar