Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-103/2025 14.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(119)-94/2025 nömrəli qətnaməsindən iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İcarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən icarəyəverən daşınmaz əmlakın 19 yanvar 2017-ci il tarixli AN-İ 059861 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ərazisində yerləşən 10000 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəçiyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. - 3.2-ci bəndinə görə 1 kv.m sahə üçün illik icarə haqqı 0,48 manat olmaqla illik ümumi icarə haqqı 4800 manatdır. - 5.4-cü bəndinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması Azərbaycan Respublikası mülki qanunvericiliyində və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. - 5.5-ci bəndinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquqi münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişdirsə, onun qüvvəsi yoxdur. - 5.6-cı bəndinə əsasən torpaq icarə haqqının qanunvericiliklə müəyyən edilmiş minimal (aşağı) həddinin və ya torpaq vergisinin məbləğində vergi qanunvericiliyinə və yaxud digər normativ-hüquqi aktlara əsasən dəyişikliklər edildiyi halda torpaq icarə müqaviləsində göstərilmiş icarə haqqının məbləği “İcarəyəverən” tərəfindən “İcarəçi”yə yazılı xəbərdarlıq edilməklə birtərəfli qaydada dəyişdirilə bilər. - 6.1-ci bəndinə əsasən icarə müqaviləsi 31 dekabr 2021-ci il tarixə qədər bağlanmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4075,7 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə Cavabdeh xüsusi mülkiyyətindədir və torpaq sahəsi üzərində hüququn növü icarədir.
3. 16 yanvar 2024-cü il tarixli tədiyyə bildirişinə əsasən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh 1221,71 manat borc hesablanmışdır.
4. 24 may 2024-cü il tarixli Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubunda icarə müqaviəsinin qüvvədə olma müddətinin 31 dekabr 2021-ci il tarixədək müəyyən edilməsi, icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqının 0,48 manatdan hesablanması və illik icarə haqqının 4800 manat olaraq müəyyən edilməsi, Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etməsi və özünün müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi qeyd olunmuşdur. Məktubda həmçinin göstərilir ki, bələdiyyə tərəfindən Cavabdeh bazar məzənnələri nəzərə alınmaqla yeni icarə qiymətləri əsasında yeni icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi təklif olunsa da, sonuncu bu təklifdən imtina etmişdir.
5. 23 yanvar 2023-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə 4800 manat məbləğində ödəniş həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı “icarə haqqının tutulması, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsindən istifadəyə görə yaranmış 14400 (on dörd min dörd yüz) manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, notarial qaydada bağlanılmış 19 yanvar 2017-ci il tarixli AN-İ№059861 saylı “hüququn alqı-satqısı müqaviləsi” əsasında bələdiyyə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 1 ha olan torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh keçmişdir. Adı çəkilən sənəd əsasında Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən sahəsi 1 ha olan torpaq sahəsinin icarəyə verilməsi barədə 26 yanvar 2017-ci il tarixli 18 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sözügedən icarə müqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Torpaq icarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqı 0,48 (qırx səkkiz qəpik) manatdan hesablanmış və illik icarə haqqının məbləği 4800 (dörd min səkkiz yüz) manat olaraq müəyyən edilmişdir. Lakin cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Belə ki, cavabdehə bazar məzənnələri nəzərə alınmaqla yeni icarə qiymətləri əsasında qanunverciliklə müəyyən edimiş qaydada yeni torpaq icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi təklif olunsa da, sonuncu bu təklifdən imtina etmişdir. Cavabdeh tərəfindən icarə münasibətlərinin davam etdirilməsindən və ona ünvanlanmış yeni torpaq icarə müqaviləsini imzalamaqdan imtina etməklə torpağın mülkiyyətçisi olaraq Sumqayıt Bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozmuşdur. İcarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh icarəsinə verilmiş torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etməkdədir. Buna baxmayaraq cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini boşaldaraq bələdiyyəyə geri qaytarmamışdır. Cavabdeh yazılı xəbərdarlıqlarla müraciət olunaraq yaranmış mübahisənin məhkəməyə qədər həlli qaydasında nizama salınması, torpağın boşaldılaraq bələdiyyəyə qaytarılması təklif olunsa da, cavabdeh mübahisənin həlli ilə bağlı hər hansı addım atmamışdır. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur.
8. 07 yanvar 2025-ci il tarixdə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının boşaldılmasını tələb etdiyi sahə xx.xx.2017-ci il tarixdə DƏDRX Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyət huququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ünvan 2 ünvanda yerləşən 'Xovlu İplik” fabriki ərazisidir. Cavabdeh həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, dövlətə, o cümlədən bələdiyyəyə əmlak və icarə haqqı vergilərini vaxtı-vaxtında ödəyir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılmasını tələb etsə də, həmin torpaq sahəsi üzərində hər hansı hüququnun olması barədə cavabdehə hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Sumqayıt bələdiyyəsi hesab edirsə ki, bu torpaq sahəsi hər hansı hüquqmüəyyənedici sənəd əsasında ona məxsusdur, bu zaman həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq qeydə aldırmalı, daha sonra icarə müqaviləsi bağlanılması tələbi ilə cavabdehə müraciət etməli idi. Hazırkı vəziyyətdə isə Sumqayıt bələdiyyəsi geri qaytarılmasını tələb etdiyi torpaq sahəsi üzərində hər hansı hüququnu dövlət qeydiyyatına aldırmamış, eləcə də həmin torpaq sahəsini torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsini təklif etməmişdir. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq hərracları və ya müsabiqələrlə bağlı məlumat əldə etmək üçün hüquqi şəxsin nümayəndəsi və ya fiziki şəxs bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini bələdiyyələr sərbəst həyata keçirirlər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir. İddiaçının çıxarılmasını tələb etdiyi ərazi xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sahibkarlıq fəaliyətini həyata keçirdiyi sahədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkiloi daha sonra məhkəməyə məlumat təqdim edilərək bildirilmişdir ki, iddiaçının çıxarılmasını tələb etdiyi torpaq sahəsi məhz Cavabdeh xüsusi mülkiyyətində olmaqla, ünvan 2 ünvanda yerləşən və xx.xx.2017-ci ildə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında dəyərini tam ödədiyi, Xovlu iplik fabrikin ərazisidir. 27 yanvar 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış da məhz cavabdehin əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını sübut edir. Lakin iddiaçı iddia tələbində çıxarılmasını tələb etdiyi 1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Habelə iddiaçının təqdim etdiyi 26 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə baxış zamanı müəyyən olunur ki, həmin müqavilədə icarəyəgötürən qismində Cavabdeh rekvizitləri ümumiyyətlə qeyd edilməmiş, Cavabdeh müqavilədəki imzanın ona məxsus olmadığını bildirir. Cavabdeh fabrik üzərində mülkiyyət hüquqları hələ 27 yanvar 2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı halda, ondan 1 gün əvvəl 26 yanvar 2017-ci il tarixdə onunla hansı əsasla müqavilə bağlanıb? Eləcə də, həmin müqavilənin 6.2-ci bəndində də icarə müqaviləsinin torpaq hərracları vasitəsilə uzadılması qeyd edilmişdir ki, hazırkı vəziyyətdə bu torpaq sahəsi ilə bağlı hər hansı hərrac keçirilməmiş və cavabdehə təklif edilməmişdir. Habelə cavabdehin həmin torpaq sahəsi və xüsusi mülkiyyətində olan müəssisəyə görə bələdiyyəyə heç bir vergi borcu və ya öhdəliyi mövcud deyildir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(119)- 94/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim H.Alıyeva).
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İcarə haqqında” Qanununun 13.5-ci maddəsinin tələblərinə əsasən icarə müqaviləsində müəyyən edilmiş icarə müddəti bitdikdə müqaviləyə avtomatik olaraq xitam verilmir. Əksinə tərəflərdən birinin müqavilənin xitam verilməsi barədə ərizə verildiyi hallar istisna olmaqla müqavilənin müddəti eyni müddətə uzadılmış hesab edilir. Hazırkı halda isə 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitdikdə tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə ərizə verməsi iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı məhkəmə araşdırması zamanı tərəflər arasında icarə münasibətlərinin davam etdiyi, Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh müqavilə müddəti bitdikdən sonra tədiyyə bildirişi göndərildiyi, cavabdehin icarə haqqı ödədiyi, habelə sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən həmin torpaq sahəsi ilə bağlı hər hansı hərrac və ya müsabiqə keçirilmədiyi müəyyən edilmişdir.
12. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 675-ci, 700.1-ci, 706.1-ci, “İcarə haqqında” Qanunun 13.5-ci maddələri ilə əsaslandırmışdır.
13. Qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(119)-94/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin və birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa istinad etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh icarəsinə verilmiş torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etməkdədir. Buna baxmayaraq cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini boşaldaraq bələdiyyəyə geri qaytarmamışdır. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. Lakin məhkəmə tamamilə əsassız olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 720.5. İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İcarə haqqında” Qanun: Maddə 13.5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanmış 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verən daşınmaz əmlakın 19 yanvar 2017-ci il tarixli AN-İ 059861 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 10000 kv.m (ha) torpaq sahəsini müvəqqəti istifadə üçün illik icarə haqqı 4800 manat olmaqla 19 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək icarəçiyə istifadəyə vermişdir. Hazırda Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı torpaq icarə müqaviləsinin müddətinin başa çatması əsası ilə həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsasılı hesab edərək ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 26 yanvar 2017-ci il tarixli, 18 saylı torpaq icarə müqaviləsinin 5.6-cı bəndinə əsasən, torpaq icarə haqqının qanunvericiliklə müəyyən edilmiş minimal (aşağı) həddinin və ya torpaq vergisinin məbləğində vergi qanunvericiliyinə və yaxud digər normativ-hüquqi aktlara əsasən dəyişiklik edildiyi halda, torpaq icarə müqaviləsində göstərilmiş icarə haqqının məbləği “İcarəyəverən” tərəfindən “İcarəçi”-yə yazılı xəbərdarlıq edilməklə birtərəfli qaydada dəyişdirilə bilər.
23. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cavabdeh tərəfin icarə münasibətlərinin davam etdirilməsi və ona ünvanlanmış yeni torpaq icarə müqaviləsini imzalamaqdan imtina etməklə torpağın mülkiyyətçisi olaraq Sumqayıt Bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozduğunu, yeni icarə müqaviləsinin bağlanılması ilə əlaqədar cavabdehə dəfələrlə təklif göndərilərək yeni icarə müqaviləsinin bağlanılması ilə bağlı xəbərdarlıqlar edilsə də, cavabdeh tərəfindən bu günədək icarə münasibətlərinin davam etdirilməsi istiqamətində hər hansı addım atılmadığını bildirsə də qanunvericiliklə müəyyən edilmiş qaydada yeni torpaq icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı təkliflərin cavabdehə təqdim edilməsini təsdiq edən hər-hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim etməmişdir.
24. Həmçinin cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarından da görünür ki, sözügedən xəbərdarlıq məktubu göndərilənədək yeni icarə müqaviləsinin bağlanması üçün iddiaçı tərəfdən cavabdehə hər hansı yazılı müraciət olunmamış, o cümlədən, icarə müqaviləsinin 5.6-cı bəndinə əsasən iddiaçı tərəfindən icarə haqqının məbləğinin birtərəfli qaydada dəyişdirilməsi üçün cavabdehə yazılı xəbərdarlıq göndərilməmişdir.
25. Bundan başqa iddiaçının apellyasiya şikayətində qeyd olunur ki, Cavabdeh tərəfindən bu günədək icarə münasibətlərinin davam etdirilməsi istiqamətində hər hansı addım atılmamış və icarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından, iddiaçı mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanuna müvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh icarəsinə verilmiş sadalanan torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, icarə müqaviləsinin müddəti 2021-ci il 31 dekabr tarixində bitməsinə baxmayaraq, cavabdeh 2024-cü il daxil olmaqla icarə haqqını tam şəkildə ödəmişdir və iddiaçının nümayəndəsi etiraf edir ki, cavabdehə qarşı hər hansı pul tələbləri yoxdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin il üçün icarə haqqı tam şəkildə ödənilmişdir. Son olaraq 2024-cü il 16 yanvar tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçı cavabdehə 2024-cü il üçün 1221.71 manat icarə haqqının 31 yanvar tarixinədək ödənilməsini bildirmişdir. İddiaçının nümayəndəsi hazırkı iş üzrə apellyasiya baxışı zamanı verilmiş suala cavab olaraq cavabdeh tərəfindən 2024-cü il üçün də icarə haqqının ödənildiyini bildirmişdir. 26 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 5.4-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması AR mülki qanunvericiliyi və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin müddəti bitdikdən sonra cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsinə dair tədiyyə bildirişlərinin göndərilməsi, ödənilmiş icarə haqlarının qəbul edilməsibu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı icarə haqlarını cavabdehdən tələb edərək icarə münasibətlərini davam etdirmiş və cavabdeh də icarə haqqını ödəməklə torpaq sahəsindən istifadə etmişdir.
26. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icarə haqqı ödənişlərinin tam həcmdə həyata keçirməsi, bununla bağlı sübutların məhkəməyə təqdim edilməsi və həmin ödənişlərin icarəyəverən, yəni iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edilməsi icarə müqaviləsi üzrə münasibətlərin davam etdirilməsini özündə ehtiva etməklə iddiaçının apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi cavabdehin icarəsinə verilmiş sğzügedən torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etməsi ilə bağlı halı aradan qaldırmış olur.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış mübahisəni tərəflərin müqavilə münasibətləri çərçivəsində həll etmiş, məhkəmənin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(119)-94/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.