Məhkəmə qərarları › İş №2-2(105)-109/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-109/2024

07.11.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-109/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ərizəçi (borclu) Ərizəçi, onun nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2- 2(119)-731/2024 nömrəli qətnaməsindən ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) Ərizəçi maraqlı şəxs (kreditor) qismində Maraqlı şəxs göstərməklə, “müflis elan olunma barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi müflis elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi (borclu) Ərizəçi tərəfindən həmin ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)- 1151/2018 nömrəli qətnaməsini qismən ləğv edərək, cavabdeh Ərizəçi 195000 (yüz doxsan beş min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə alınaraq iddiaçı Maraqlı şəxs verilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, uzun müddət Xarici İşlər Nazirliyində diplomat vəzifəsində çalışmış və təyinatı ilə əlaqədar bir müddət ABŞ-da, Nyu-York şəhərində işləmişdir. Çalışdığı dövrdə bir qədər pul topladıqdan sonra öncədən tanışlıq əlaqələri olan Maraqlı şəxs ilə şəriklik edərək avtomobil ticarətinə başlamışdır. Ticarətə başlamaq üçün o, 90000 (doxsan min) ABŞ dolları, Maraqlı şəxs isə 76000 (yetmiş altı min) ABŞ dolları məbləğində pul qoymuşdur. Alqı-satqısı ilə məşğul olduğu avtomobillər Maraqlı şəxs özünün və yaxınlarının adına rəsmiləşdirilirdi. 2012-ci ilin sonunda ona məlumat vermədən şəriklik etdiyi Maraqlı şəxs ticarət üçün qoyduğu maya məbləğin yarısını özü üçün mənimsəmişdir. Buna görə də fəaliyyətlərində kəsirlər, əskik məbləğlər ortaya çıxmışdır. Bu dövrdən sonra münasibətlər pozulmağa başlamışdır. Nəticədə artıq şərikliyi sonlandırmış və onlar birlikdə avtomobil ticarəti ilə məşğul olmamışlar. Ticarətlə məşğul olduğu vaxt ərzində dövriyyədə olan məbləğ və gəlirlər çox yaxşı olsa da, ona heç bir gəlir qalmamışdır. Əksinə maya üçün qoyduğu pulun bir hissəsi də Maraqlı şəxs tərəfindən mənimsənilmişdir. Bütün bunların əvəzində bu ticarətdən ona qalan 5000 (beş min) dollar dəyərində avtomobil olmuşdur. 2017-ci ilin sonunda Maraqlı şəxsla yenidən bu məsələni həll etməyə çalışmış və qarşı tərəf təxminən dəyəri 150000 – 200000 ABŞ dolları olan 7-8 ədəd avtomobili ona verməyi vəd etmişdir. Lakin, yenidən sözünün üzərində durmamış və əksinə 2018-ci ildə Maraqlı şəxs yetirilən ziyanın ondan tutulub ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinə görə də onun tələbkar Maraqlı şəxs 195000 (yüz doxsan beş min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Bütün sadalananların nəticəsində maddi vəziyyəti pisləşmişdir, hətta ticarət zamanı vəziyyəti düzəltmək üçün öz bacısından 50000 (əlli min) ABŞ dolları məbləğində borc vəsaiti almışdır. Hal-hazırda isə yaranmış bu vəziyyət işinə mənfi təsir etdiyindən, Xarici İşlər Nazirliyindəki vəzifəsində də çalışmır. Qeyd edilməlidir ki, 2011-2013-cü illər ərzində akademik məzuniyyətdə olduğu üçün faktiki olaraq vəzifəsinin icrası ilə məşğul olmamış və ehtiyat kadrda saxlanılmışdı. Həmin dövrdə də yuxarıda qeyd etdiyi ticarətlə məşğul olmuşdur. Dövlət qulluqçusu olduğu üçün VÖEN aça bilməzdi və buna görə də həmin ticarət zamanı əməliyyatlar Maraqlı şəxs tərəfindən icra olunurdu. Lakin, fəaliyyəti birbaşa gəlir əldə etməyə yönəlmiş ticarət xarakterli münasibət olmuşdur. Bildirmək lazımdır ki, birgə ticarət əlaqələri olduğu zaman Maraqlı şəxs tərəfindən aldadıldığı üçün hal-hazırda külli miqdarda müxtəlif şəxslərə borcu da yaranmışdır. Buna görə də gəlirləri qətnamədə qeyd olunmuş borcu ödəməyə imkan vermir. Yəni, maddi vəziyyəti getdikcə çətinləşdiyindən borcu ödəmək qabiliyyətində deyildir. Odur ki, işin hallarını nəzərə alaraq müflis elan edilməsi üçün məhkəməyə müraciət edir. Ərizədə tələbin hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 4-cü maddələrinə istinad olunmuşdur. Maraqlı şəxs (kreditor) Maraqlı şəxs tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “müflis elan olunma” barədə ərizəyə qarşı yazılı “Etiraz” təqdim edilərək, ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizənin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” - borclu Ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi ilə ödəməli olduğu borcu ödəmək üçün kifayət qədər maddi imkanının olması, onun məlum borc üzrə məhkəmə çəkişmələri aparılarkən borcu ödəməkdən yayınmağ məqsədi ilə öz adına olan əmlaklarını, bahalı və xarici markalı avtomobillərini adından çıxardaraq başqa şəxslərin adlarına keçirməsi, onun hal-hazırda da gizli olaraq xarici markalı avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olması, onun satdığı avtomobil üçün ehtiyyat hissələrinin saxlanıldığı anbarının və təmir sexinin olması və o, özünü müflis elan etmək üçün bütün əmlakları öz adından çıxarsa da, hal-hazırda anonim qaydada ticarət fəaliyyəti ilə məşğul olması ilə əsaslandırılmışdır. Ərizəçi (borclu) Ərizəçi 23 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə Maraqlı şəxs “Etiraz” ərizəsinin dəlillərinə dair yazılı “Mülahizə” təqdim edərək, həmin Mülahizəsində “Etiraz”da qeyd olunan xüsusatları təkzib edib, heç bir alqı-satqı və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasını və məhkəmə qətnaməsi ilə tutulan borcu tələbkar Maraqlı şəxs ödəməyə maddi imkanının olmamasını bildirərək, “müflis elan olunma” tələbi barədə ərizəsinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-731/2024 nömrəli qətnaməsi ilə ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizənin təmin edilməməsi və məhkəmə xərclərinin ərizəçinin özünə aid edilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-731/2024 nömrəli qətnaməsindən ərizəçi (borclu) Ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi (borclu) Ərizəçi tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi , ticarətlə məşğul olduğu vaxt ərzində gəlirləri çox yaxşı olsa da, ona heç bir gəlir qalmamışdır. Bundan başqa maya üçün qoyduğu pulun bir hissəsi Maraqlı şəxs tərəfindən mənimsənilmişdir. Ona sadəcə olaraq bu ticarətdən 5000 (beş min) dollar dəyərində avtomobil qalmışdır. Maraqlı şəxs ona bir sıra vədlər vermiş, lakin, yenidən sözünün üzərində durmamış və əksinə 2018-ci ildə Maraqlı şəxs yetirilən ziyanın ondan tutulub ona ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsinə görə də onun tələbkar Maraqlı şəxs 195000 (yüz doxsan beş min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Hətta ticarət zamanı vəziyyəti düzəltmək üçün öz bacısından 50000 (əlli min) ABŞ dolları məbləğində borc vəsaiti almışdır. Nəticə olaraq yaranmış bu vəziyyət işinə mənfi təsir etmiş, hətta Xarici İşlər Nazirliyindəki vəzifəsində də çalışmır. Onun hal-hazırda ödəniş qabiliyyəti yoxdur. Birinci instansiya məhkəməsinin qətnamədə“müflis elan olunma” barədə ərizəsinin təmin olunmaması nəticəsinə gəlməsi işin hallarına uyğun deyil. O, öz ərizəsində qeyd etdiyi hallarla baş vermiş hadisələri, yaranmış borcları və bu yaranmış vəziyyətin təsirindən Xarici İşlər Nazirliyindəki işinə də davam etmədiyini vurğulamışdır. Bu hallar şəxsə həm maddi, həm də mənəvi zərərlərə səbəb olmuşdur. Borclarını ödəyə bilməyəcək vəziyyətə gəldiyindən müflis elan edilməsi daha müvafiq görünür. İş materiallarında onun nə qədər borcu yarandığı, bu borcların yaranmasına nəyin səbəb olması və ödəmə durumu olmaması aydın şəkildə görünür. Bu səbəbdən də hesab edir k, məhkəmə öz mövqeyini bildirərkən verilən izahat və dəlilləri düzgün araşdırmamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3- cü maddəsinin tələbi pozulmuşdur. Odur ki, həmin məcəllənin 385.1.1-ci maddəsi, yəni “maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” faktı nəzərə alınmaqla Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 731/2024 saylı qətnaməsi ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında ərizəçi (borclu) Ərizəçi və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxs (kreditor) Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 nömrəli qətnaməsi iddia tələbinin 195000 ABŞ dollarının cavabdehdən tutulmasına dair hissəsinin təmin edilməməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə təmin olunması, cavabdeh Ərizəçi 195000 (yüz doxsan beş min) ABŞ dollarının ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı Maraqlı şəxs verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə mübahisələndirilən 38628 Avro məbləğində pulun cavabdehdən tutlmasına dair iddianın rədd olunması hissəsində isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs və cavabdeh Ərizəçi ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2(102)- 5178/2022 nömrəli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)- 702/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ərizəçi 195000 (yüz doxsan beş min) ABŞ dollarının ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə alınaraq iddiaçı Maraqlı şəxs verilməsi barədə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e2(060)-3724/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh Ərizəçi qarşı “borcun tutulması” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə, təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X2 Filialı tərəfindən Ərizəçi ünvanlanmış 12 mart 2024-cü il tarixli 3-17-212-Q 17988/2024 nömrəli məktubdan görünür ki, işsiz kimi qeydiyyatın bərpası ilə bağlı müraciətə X4 X2 filialında baxılmış və qanunvericiliklə müəyyən edilmiş hər hansı bir məhdudiyyət müəyyən edilmədiyindən Ərizəçi işsiz kimi qeydiyyatı bərpa olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63-cü maddəsinin tələblərinə görə, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər və hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası müvafiq olaraq “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müflisləşmə dedikdə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması başa düşülür. Həmin qanunun 2.5-ci maddəsinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi verir. Həmin qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 11-ci maddəsinin tələblərinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq olaraq - a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə - qərarlardan hər hansı birini çıxara bilər (1ci hissə) və eləcə də, qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa, borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə, məhkəmə borclunu müflis elan etməkdən imtina edə bilər (3-cü hissə). Birinci instasniya məhkəməsi ərizəçi (borclu) Ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)-702/2022 nömrəli qətnaməsi üzrə yaranmış borc öhdəliklərini ödəmək qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən və eləcə də, ümumilikdə ödəmə qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər sübutlar olmadığından “borclu Ərizəçi müflis elan edilməsi” barədə ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır. Hazırkı tələb borclunun kreditor olan cavabdeh qarşısında öhdəliklərini Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(105)- 702/2022 nömrəli qətnaməsi üzrə yaranmış borc öhdəlikləri üzrə onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırıldığına görə ərizəçi tərəfindən göstərilən hal və borclunun tələbin ödənilməsi üçün kifayət qədər ödəmə qabiliyyətinin olmamasını sübuta yetirilməli idi. Lakin ödəmək qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər əsaslar olmadığından və eləcə də, onun ümumilikdə ödəmə qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər sübutlar olmadığından ərizə təmi edilə bilməz.Qanunvericilik iş üzrə tərəflərin istinad etdiyi halların onlar tərəfindən sübuta yetirilməsini nəzərdə tutduğu halda, ərizəçinin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamış, birinci instasniya məhkəməsi isə mövcud sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır. Ərizəçi hazırda ərizəsinin əsası kimi hər hansı yerdə işləməməsini qeyd etsə də, bu onun ödəmək qabiliyyətinin olmadığını sübut etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-2(119)-731/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar