Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-119/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, mediasiya aidiyyəti) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(119)-944/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 14 avqust 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)- 944/2023 nömrəli (hakim Zülfüqar Sadiqov) qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.6-1-ci maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli e-2-2(119)- 944/2023 nömrəli qərardadı ilə (hakim Zülfüqar Sadiqov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)- 944/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e- 2-2(119)-944/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçıASC tərəfindən xx.xx.2023-cü il tarixdə Mediasiya Prosesinin tətbiqi barədə Təkliflə hazırkı iş üzrə cavabdehlərə müraciət edilmişdir. Həmin müraciətdə təklif edilən mediatorun adı, atasının adı, soyadı və mediasiya təşkilatı barədə məlumat, əlaqə vasitələri göstərilmişdir. Təklif göndərilən andan 10 iş günü ərzində təklifi qəbul edib-etməməsi və “Mediasiya haqqında” Qanunun tələbləri təklifdə əks olunmuşdur. Hazırkı iş üzrə cavabdehlər tərəfindən təklifdə göstərilən müddətdə münasibət bildirilmədiyindən müvafiq mediasiya təşkilatının seçilməsi məqsədi ilə 22 may 2023-cü il tarixində lazımi sənədlər də əlavə olunmaqla Mediasiya Şurasına müraciət ünvanlanmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Mediasiya Şurası tərəfindən qeyd edilən müraciət aidiyyətı üzrə 9 saylı Mediasiya Təşkilatına göndərilmişdir. Məhkəmənin istinad etdiyi Mediasiya Şurasının rəsmi saytında Sumqayıt 1 saylı Mediasiya Təşkilatının müraciət qəbul edilən ərazilər siyahısında Sumqayıt, Qobustan və Şamaxı rayonlarının adları qeyd edilmişdir. Bu səbəbdən də, mediasiya təşkilatının müəyyən edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və Şura tərəfindən 9 saylı Mediasiya Təşkilatı təyin olunmuşdur. Bundan başqa, ən önəmli olan məsələ isə iş üzrə tərəflərin hər biri, yəni "xxxx" MMC və Cavabdeh2 ilkin mediasiya sessiayasında iştirak etmiş və tərəflər arasında razılıq əldə edilmədiyindən X2 sonra Prosesin davam etdirilə bilməməsi barədə Arayış tərtib olunmuşdur. İddiaçıASC, "xxxx" MMC və Cavabdeh2 tərəfindən mediasiya sessiyasının keçirilməsi barədə hər-hansı etiraz daxil olmamış və ya bu barədə mübahisə olmamışdır. Mediasiya prosesinin keçirildiyi yer və mediator barəsində tərəflər arasında mübasisə olmadığı üçün məhkəmənin mediasiya prosesinin “mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı” tərəfindən keçirilməli olmasına əsaslanması qanuni olmamışdır. Bildirir ki, “Mediasiya haqqında” Qanunun mahiyyəti mübahisələrin tərəflərin razılaşdığı şəkildə həllini tapmasıdır. Bundan başqa, qanunun əsas məqsədi münaqişə səviyyəsinin azaldılmasıdır. Bunun üçün isə, tərəflərin razılaşdıqları mediasiya təşkilatında və yerdə mediasiya prosesinin keçirilməsi qanunun əsas götürdüyü prinsip olduğu üçün məhkəmənin işə qərardadda qeyd edilən şəkildə yanaşması əsaslı olmamışdır. Qanunun göstərilən maddəsinin əsas mahiyyəti ondan tərəflər mübahisəni məhkəmə qaydasında həll etməzdən əvvəl müvafiq mediasiya prosesində iştirakının təmin olunmasından ibarətdir. İddiaçı ASC-nin Mediasiya Şurasına müraciəti əsasında mediasiya təşkilatı seçilmiş və tərəf qarşılıqlı razılıq əsasında mediasiya sessiyasında iştirak etmiş, lakin mübahisənin həllinə nail olunmadığından X2 sonra Prosesin davam etdirilə bilməməsi barədə Arayış təqdim edilmişdir. Qanunvecilikdə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakının tələb olunması şərti əsas gətirilmişdir. Əgər bu şərt yerinə yetirilmişdirsə, iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl artıq qanunvericiliyin tələbinə riayət edilmişdir. Məhkəmə Məcəllənin göstərilən maddəsini düzgün təfsir etməyək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı ASC tərəfindən sənədlər əlavə edilməklə iddia ərizəsi verilərkən həm “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə, həm də mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Bu halda, məhkəmə tərəfindən iddia ərizəsinin iddiaçıya geri qaytarılmasına əsas yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadı ləğv olunmalı, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirilməməsi,“X2 sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayışın – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni mediasiya prosesinin təşkil edilərək keçirilməsi qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməməsi və iddia ərizəsinin qanunauyğun tərtib edilərək məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır.
13. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq iddia ərizəsi verilərkən həm “Mediasiya haqqında” Qanuna, həm də mülki prosessual qanunvericiliyin tələblərinə əməl edildiyini göstərmişdir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
15. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər.
16. Hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6- 1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri).
17. Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir.
18. Kollegiya “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim olunmaması əsası ilə iddia ərizəsinin geri qaytarılması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
19. Mülki Prosessual Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir.
20. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim edilməməsini iddia ərizəsinin qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir.
21. “Mediasiya haqqında” Qanunun: 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur, 5.1-ci maddəsinə əsasən mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər, 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər, 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır, 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir, 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər.
22. İddiaçının şikayətinə əlavə etdiyi “X2 sonra prosesin davam etdirilə bilməməsi” barədə 05 iyun 2023-cü il tarixli MŞB/9/2023-01054 nömrəli Arayışla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə mediasiya Bakı 9 saylı Mediasiya Təşkilatında keçirilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi X5 və cavabdehlər Nihat-2014 MMC və Cavabdeh2 iştirakları ilə razılıq əsasında ilkin mediasiya sessiyası mediator X3 tərəfindən aparılmış, tərəflər mediasiya sessiyasının davam etdirilməməsi barədə qərar qəbul etmişlər.
23. Kollegiya qeyd edilən halla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik (MPM-152.1.6-1-ci maddəsi) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim edilməməsini iddia ərizəsinin qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir. Hazırki kommersiya mübahisəsi üzrə iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən prosessual qanunvericiliyin həmin tələbinə əməl etmiş və “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” mediator İlham Fərzəliyevin 05 iyun 2023-cü il tarixli arayışını ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsinin mediasiya sessiyasının keçirilməsinə cəlb olunmuş mediatorun “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə istinadla səlahiyyətli meditator olmaması əsası ilə iddia ərizəsini cavabdeh tərəfin bunu mübahisələndirmədiyi halda icraata qəbul etmədən geri qaytarması qanunsuz olmuşdur.
24. Əvvəla ona görə ki, cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi qarşılıqlı razılıq əsasında mediator İlham Fərzəliyev tərəfindən aparılmış ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəflər mediasiya sessiyasının davam etdirilməməsi barədə qərar qəbul etmişlər.
25. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsi tərəflərin mübahisənin mediyasiya vasitəsi ilə həlli yaxud meditaorun seçilməsi qaydasınını, bununla bağlı mübahisə yarandığı halda isə mübahisənin məhkəmə qaydasında həllini tənzimləyən normadır. Hazırki halda isə birinci instansiya məhkəməsi tərəflərin mübahisələndirmədiyi hallara istinad etməklə, iddia ərizəsini geri qaytarmaqla sanki cavabdeh tərəfindən çıxış etmışdir. Halbuki, məhkəmənin öz təşəbbüsü ilə bunu tətbiq emək səlahiyyəti yoxdur və bu növ mübahisə yalnız cavabdehin şəxsi təşəbbüsü ilə ola bilər. İş materiallarından görünür ki, iddiaçı qanununa uyğun olaraq mediasiya qrumuna müraciət etmiş və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmişdir. Yəni iddia ərizəsi qanunvericilin tələblərinə uyğun tərtib olunmuş və iddia ərizəsini geri qaytarılması üçün prosessual əsaslar mövcud olmamışdır.
26. Bundan başqa, göründüyü kimi iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarlımasının əsaslarından biri də iddiaçı tərəfindən MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə əməl edilməməsidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin əsasla iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmaqda da haqlı olmamışdır.
27. MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır.
28. Birinci instansiya məhkəməsinin qənaətincə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia ərizəsinin məzmununda tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı ilə əlaqədar məlumatlar həmin Məcəllənin 149.2.4-1-ci maddəsində nəzərdə tutulan qaydada göstərilməmiş və o cümlədən də, iddia ərizəsinin məzmununda mediasiya üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatına deyil, məhz Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət olunmasının səbəbləri göstərilməmiş və mediasiyanın bu qaydada təşkil olunması əsaslandırılmamışdır.
29. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyil ilə razılaşmır və bununla bağlı qeyd edir ki, Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda - həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir.
30. Maddənin məzmunundan da göründüyü kimi qanunverici iddia ərizəsində mediasiya prosesində iştirakı tələb olunduğu halda - həmin tələbə riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsinin imperativliyini göstərmişdir. Araşdırılan iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən həmin tələblərə əməl edilmiş, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət edildiyinə dair məlumatlar qeyd olunmuşdur.
31. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddia ərizəsini qaytararkən istinad etdiyi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud olmamışdır.
32. Məhkəmə kollegiyası prosessual hüquq normasını səhv təfsir və tətbiq edildiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verərək düzgün dəyərləndirmə aparmamışdır. Odur ki, İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
34. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadından verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(119)-944/2023 nömrəli qərardadı ləğv olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.