Məhkəmə qərarları › İş №2-2(105)-119/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-119/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-119/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-1087/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-1087/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17433,21 manat əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 145 manat zərər əvəzi, 142,73 manat ödənilmiş dövlət rüsumunun əvəzi və huquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 18020,94 manat (on səkkiz min iyirmi manat doxsan dörd qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18033,21 manat əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 150 manat zərər əvəzi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi və ödənilmiş 146 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18629,21 manat (on səkkiz min altı yüz iyirmi doqquz manat iyirmi bir qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 fevral 2024-cü il tarixində tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 yanvar 2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 18233,21 manat təşkil edir. Hemçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSCnin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli 436 nömrəli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən borc məbləğindən 200 manat ödəniş edildikdən sonra xx.xx.2024-cü il tarixinə olan borcu 18033,21 manat təşkil edir. Kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Cavabdeh şəxsin ünvanına öz öhdəliyini yerinə yetirməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində kağiz daşıyıcıda da pretenziya məktubu çatdırılsa da, heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddət də nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddia ərizəsinin xx.xx.2024-cü il tarixində göndərildiyi nəzərə alınsa, iddianın gecikdirilməsi üzrə məbləğ 1 ay üzrə ((18033,21*5%)/12)*2=150,27 manat hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC-yə olan borcu 18033,21 manat (on səkkiz min otuz üç manat iyirmi bir qəpik) əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 150 (yüz əlli) manat zərərin əvəzi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumu olmaqla, cəmi 18629,21 manat (on səkkiz min altı yüz iyirmi doqquz manat iyirmi bir qəpik) təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 31 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə dəqiqləşmə” təqdim edərək Cavabdeh 17433,21 manat (on yeddi min dörd yüz otuz üç manat iyirmi bir qəpik) əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 145 (yüz qırx beş) manat zərər əvəzi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumu olmaqla, cəmi 18024,21 manat (on səkkiz min iyirmi dörd manat iyirmi bir qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini qanunsuz va əsassız hesab edir. Qətnamə ləğv olunmalıdır. Çünki o, məhkəmə prosesində iştirak edən zaman iddiaçı ilə aralarında olan hesablaşmalara tam baxa bilməmiş, ona görə də izahatında 17433,21 manat borcu olduğunu qeyd etmişdir. Halbuki, həqiqətdə bu belə deyildir. Məhkəmə iddiaçının tələbini tam araşdırmadan, iş üçün əhəmiyyətli olan halları müəyyən etmədən qətnamə qət etmişdir. Belə ki, hakim iddiaçının pul tələbinin hansı dövrə aid olduğuna, iddia müddətinin keçib-keçmədiyinə nəzər salmamış, onun da hüquqi bilikləri olmadığı üçün buna dair vəsatət verə bilməmişdir. Hakim isə ona bu barədə heç bir hüquqi yardım etməmişdir. Nəticədə 3 ildən artıq ödənilməyən vəsaitin ondan tutulması barədə qətnamə qət edilmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnən mübahisəli qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına təkrar gəlmədiklərinə və bunun üzürlü səbəbləri müəyyən olunmadığına görə məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-1087/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarından görünür ki, distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə diler Cavabdeh (VÖEN **********) arasında baglanmış 20 dekabr 2019-cu il tarixli 27556 nömrəli “Diler müqaviləsi”nə əsasən, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə uyğun olaraq dilerə özünə məxsus olan malları təklif edir, diler isə öz növbəsində bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən həmin malların satışını həyata keçirir. İddiaçı QSC-nin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 01 fevral 2024-cü il tarixli Üzləşmə aktından həmin tarixə cavabdehin iddiaçıya qalıq borcunun 18233,21 manat (on səkkiz min iki yüz otuz üç manat iyirmi bir qəpik) məbləğində təşkil etdiyi müəyyən olunur. İşdə olan 20 may 2024-cü il tarixli 436 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 01 fevral 2024-cü il tarixli Üzləşmə aktına əsasən 20 dekabr 2019-cu il tarixli 27556 nömrəli “Diler müqaviləsi” üzrə İddiaçı QSC-yə 18233,21 manat məbləğində borcu vardır. Mədaxil qəbzlərinə əsasən, Cavabdeh tərəfindən İddiaçı QSC-yə 04 aprel 2024-cü il tarixdə 200 manat, 30 may 2024cü il tarixdə 300 manat və 28 iyun 2024-cü il tarixdə 300 manat məbləğlərdə ödəniş edilmişdir. İddiaçı QSC həmin ödənişləri hesaba almaqla 31 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə dəqiqləşmə” təqdim edərək Cavabdeh əsas borcunun 17433,21 manat (on yeddi min dörd yüz otuz üç manat iyirmi bir qəpik) məbləğində olduğunu təsdiqləmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etdiyi 31 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında isə iddianı 17433,21 manat məbləğində əsas borca aid hissədə qəbul etdiyini, ödəmək imkanı olmadığı üçün qalan hissədə qəbul etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən - 17433,21 manat əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 145 manat zərər əvəzi, 142,73 manat ödənilmiş dövlət rüsumunun əvəzi və huquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 18020,94 manat məbləğində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında diler müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmiş, buna görə də iddiaçı tərəfindən tələb olunan 17433,21 manat məbləğində əsas borcu, həmçinin müqavilə şərtlərindən və qanundan irəli gələn əlavə borcları yaranmışdır. Cavabdeh apellyasiya şikayətində ondan tələb olunan borcun yarandığı vaxtdan 3 ildən artıq müddət keçdiyini və iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü vurğulasa da, lakin nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin mülahizəsi yanlışdır. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır... Tərəflər arasında “Diler müqaviləsi” 20 dekabr 2019-cu il tarixdə bağlanmış və həmin müqavilə üzrə iddiaçı 2024-cü ilin yanvar ayınadək cavabdehə satış üçün vaxtaşırı mallar təqdim etmiş, cavabdeh də həmin vaxtadək hissə-hissə satdığı malların pulunu iddiaçıya ödəmişdir. Bundan başqa, Mülki Məcəllənin 380-ci maddəsinə müvafiq olaraq, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və iddia müddəti yenidən başlanır... Cavabdeh isə 2024-cü ilin aprel, may və iyun aylarında da borcundan ödənişlər etmişdir. Hazırkı tələb üzrə iddia müddəti o vaxt ötürülmüş olardı ki, cavabdehin axırıncı pul ödəməşindən iddiaçının məhkəmədə iddia irəli sürməsinədək 3 ildən artıq müddət keçmiş olsun. Göründüyü kimi, cavabdehin iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi barədə mülahizəsi səhv və əsassızdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini bütövlükdə əsassız hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-1087/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2-2(119)- 1087/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar