Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-127/2021 31.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-795/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (hazırda "xxxx" ASC) cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 221080 manat əsas borcun, 56888,7 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi 277998,7 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-795/2021 saylı 30 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı "xxxx" ASC ərizə verərək qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə 30.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Murad Camalov səhhəti ilə əlaqədar, digər nümayəndələri isə başqa məhkəmə iclaslarında iştirak etdikləri üçün iştirak edə bilməmişlər. İş üzrə digər nümayəndə C.Ağayev də həmin gün icazəli olduğundan məhkəmə iclasında iştirak etməmişdir. Xəstəliyi ilə bağlı sənəd isə məhkəməyə təqdim olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-795/2021 saylı 09 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə 16.07.2021-ci il tarixli bildiriş, eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 öz əlaqə nömrəsi kimi təqdim etdiyi ***-***-**-** mobil telefon nömrəsinə həmin tarixli SMS bildiriş də göndərilmişdir. Bundan əlavə iddia ərizəsinin baxılmamış saxlanılması qərardadının ləğv edilməsi barədə ərizə vermiş iddiaçının nümayəndəsi X3 ümumiyyətlə hazırkı iş üzrə əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi qismində iştirak etməmişdir. Eyni zamanda hüquqi şəxs olan iddiaçının əməkdaşının səhhəti ilə əlaqədar işdə olmaması Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsi baxımından üzrlü hal hesab edilə bilməz. Belə ki, iddiaçı hazırkı iş üzrə etibarnaməsi olan digər nümayəndələri vasitəsi ilə məhkəmədə təmsil olunmaq imkanına malik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, şikayətdə göstərilənlər iddia ərizəsinin baxılmamış saxlanması haqqında birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-795/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-795/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-127/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-127/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver