Məhkəmə qərarları › İş №e-2-2(117)-199/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-199/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-199/2021 17.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “2750 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01.06.2019-cu il tarixli 02/00024104 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətində 5500 manat öhdəsinə götürmüş, lakin 2750 manat ödəniş etmiş, nəticədə 2750 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01.06.2019-cu il tarixli 02/00024104 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətində 5500 manat öhdəsinə götürmüş, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, ödənilməmiş 2750 manat borcu qalmışdır. “xxxx” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən “xxxx” ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. İdiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, “xxxx” ASC-dən icarəyə kombayn götürmüşdür. Lakin bir müddət sonra kombaynın motoru sıradan çıxdır. O, bununla bağlı “xxxx” ASC-yə məlumat vermiş və yerli idarənin müdiri bildirmişdir ki, motoru yığdırsın və həmin pul onun borcundan çıxılacaqdır. Təxminən 2700 manat xərc cəkmişdir. Lakin ona yenidən borc hesablamışlar. Müdiri işdən çıxardıblar. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, maliyyə arayışı, əmr, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01.06.2019-cu il tarixli 02/00024104 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətində 5500 manat ödəməyi öhdəsinə götürmüş, 2750 manat ödəniş etmiş və nəticədə 2750 manat borcu qalmışdır. Göründüyü kimi, iddia tələbi əsaslıdır. Cavabdeh məhkəmə iclasında izahatında kombaynın motorunun sıradan çıxdığını və onun təmiri üçün xərc çəkdiyi və həmin vəsaitin borcundan çıxılacağının ona bildirildiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddia tələbinə etirazı əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, 10 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2750 manat borc və 20 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar