Məhkəmə qərarları › İş №e-2-2(117)-193/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-193/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-193/2021 17.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “566 manat borcun və 20 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı “566 manat borcun və 20 manat dövlət rüsumunun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin 15.03.2021-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Həmin məhkəmə əmrindən verilmiş etiraz təmin edilərək Şəki Kommersiya 08.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26.09.2019-cu il tarixdə 02/00025433 nömrəli müqavilə bağlanaraq taxılyığan kombaynlar üçün biçin mövsümü müddətində 2 ay, pambıqyığan kombaynlar üçün yığım mövsümü müddətinə, digər özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üçün 3 ay müddətinə kənd təsərrüfatı texnikasını Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bunun müqabilində 566 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdehin 566 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 11.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.09.2019-cu il tarixdə 02/00025433 nömrəli müqavilə üzrə 566 manat borcu vardır. İddiaçının nümayəndəsi C.Ağayev məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 26.09.2019-cu il tarixdə 02/00025433 nömrəli operativ lizinq müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən 1 ədəd AGHBM-N24 markalı taxılsəpəni iddiaçı cavabdehə istifadəyə verməyi, cavabdeh isə 566 manat pulu İddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh öhdəliyini yerinə yetirməmiş, dəfələrlə borcun ödənilməsi ondan tələb olunsa da, borcunu ödəməmişdir. Buna görə də İddiaçı ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara 26.09.2019cu il tarixdə 02/00025433 nömrəli müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26.09.2019-cu il tarixdə 02/00025433 nömrəli müqavilə bağlanaraq taxılyığan kombaynlar üçün biçin mövsümü müddətində 2 ay, pambıqyığan kombaynlar üçün yığım mövsümü müddətinə, digər özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üçün 3 ay müddətinə kənd təsərrüfatı texnikasını Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bunun müqabilində 566 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, taxılsəpən gübrəsəpənlə AGHBM-N24 (buraxılış ili 2017, yaşıl) 3 ay müddətinə lizinq alanın müvəqqəti istifadəsinə verməyi,1.2-ci bəndinə əsasən lizinq alan texnikadan istfadəyə görə lizinq verənə bu Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş məbləğdə (566 manat) ödənişlərin həyata keçirilməsini öhdəsinə götürür. Lakin cavabdeh tərəfindən qeyd edilən ödəniş həyata keçirilməmiş və 566 manat ödənilməmiş borcu qalmışdır. Bu 11.03.2021-ci il tarixli maliyyə arayışı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 566 (beş yüz altmış altı) manat borc və 20 (iyirmi) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar