Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-100/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “2100 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, e-2-2(117)-188/2021 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, e-2-2(117)-188/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddiaçı Aqroservis” ASC-nin Cavabdeh qarşı “2100 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməsi, işə baxılması ilə əlaqədar ödənilməmiş 10 manat dövlət rüsumunun İddiaçı ASC-dən dövlət gəlirinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh ilə aralarında 15.08.2019cu il tarixli 02/00024937 nömrəli cəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının qarğıdalı və günəbaxan yığımı mövsümü üçün operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə imzalandığını və müqavilə əsasında cavabdehin ödənilməmiş 2100 manat borcunun olduğunu əsas gətirərək borcun və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 11.03.2021-ci il tarixli e-2-2(117)-188/2021 nömrəli məhkəmə əmri ilə 2100 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh birinci instansiya məhkəməsinin əmrinə etiraz etmiş, məhkəmənin 29.03.2021-ci il tarixli e-2-2(117)-188/2021 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin əmrinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyətlə mübahisə predmeti olan müqavilə bağlamamışdır, imza ona məxsus deyil və onun borcu yoxdur. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh X3 ilə Aqroservis ASC-nin Yevlax Regional Nümayəndəliyinin drektoru X1 arasında müqavilə imzalanmış və ona texnika verilmişdir. X1 işində tutduğu nöqsanlara görə işdən azad olunmuşdur. Müqavilənin əslini elektron kabinetə yerləşdirmişlər. O dövrdə işləmiş X1 özü bu işləri görüb. Onu tapa bilmirlər. Müqavilənin də əsli ondadır. Onlar harda olduğunu bilmirlər. İddianı müdafiə edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildimişdir ki, müqavilə bağlamamış və texnikada götürməmişdir. Neçə il əvvəl orda işçi, traktorçu olmuşdur. Kimsə onun imzasını saxtalaşdırıb nəsə edə bilər amma onun heç nədən xəbəri yoxdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, lizinq müqaviləsinin təsdiq edilmiş surəti, akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı ASC apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) 2 100,00 (iki min bir yüz) manat məbləğində əsas borcun və 20,00 (iyirmi) manat dövlət rüsumunun- cəmi 2 120,00 (iki min bir yüz iyirmi) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətə ödənilməsi tələbinə dair məhkəmə əmri barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 11 mart tarixli e-2-2(117)-188/2021 nömrəli məhkəmə əmri ilə 2100,00 (iki min bir yüz) manat borcun və 20,00 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz etmiş, Şəki Kommersiya Məhkəməsinin 2021- ci il 29 mart tarixli e-2-2(117)-188/2021 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, iş iddia icraatına keçilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli e-2-2(117)-188/2021 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qətnaməsi aşağıda göstərilən səbəblərdən əsassızdır və ləğv edilməlidir. Məhkəmə sübut qismində məhkəməyə təqdim edilmiş müqavilənin əslinin mövcud olmadığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmadığını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, məhkəməyə müraciət olunan zaman tərəflər arasında bağlanmış 2019-cu il 15 avqust tarixli 02/00024937 nömrəli müqavilənin əsli elektron daşıyıcıda 'Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Qanunvericiliyə əsasən elektron qaydada təqdim edilmiş sənədlərin digər, yəni kağız daşıyıcı qaydasında verilməsi tələb oluna bilməz. Elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin 2021- ci il 23 iyul tarixli, e-2-2(117)-188/2021 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən əsassızdır və ləğv edilməlidir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli, e-2-2(117)-188/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, yəni 2 100,00 (iki min bir yüz) manat əsas borcun və 20,00 (iyirmi) manat dövlət rüsumunun-cəmi 2120,00 (iki min bir yüz iyirmi) manat məbləğinin Cavabdeh tutularaq “Aqroservis’1 ASC-yə ödənilməsi barədə yeni qətanmə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, e-2-2(117)-188/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, e-2-2(117)-188/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, müqavilə iki və çox tərəfin iradə ifadəsidir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması qanunvericiliyin tələbidir. Hazırki iş üzrə İddiaçı ASC Cavabdeh ilə aralarında 15.08.2019-cu il tarixli 02/00024937 nömrəli cəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının qarğıdalı və günəbaxan yığımı mövsümü üçün operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə imzalandığını və müqaviləyə əsasən cavabdehin 2100 manat borcu olduğunu iddia etsə də, sübut qismində məhkəməyə təqdim edilmiş müqavilənin əsli mövcud deyildir. Müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilsə də, müqavilənin əsli mövcud olmadığından təsdiq edilmiş surətin də hansı sənəddən düzlüyü ilə təsdiq edilməsi məlum deyildir. Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 89.1-ci madəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müvafiq ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən tərəflər arasında bağlanması iddia olunan müqavilənin əsli təqdim edilmədiyindən məhkəmə, iddiaçı tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilən müqavilənin surətini tərəflər arasında müqavilənin bağlanmasını təsdiq edən sübut qismində qəbul etmir. Bundan başqa iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında müqavilənin əslinin işin elektron kabinetinə yerləşdiyini iddia etmişdir ki, müqavilənin əsli mövcud olmadığı təqdirdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş surətin müqavilənin əslinə bərabər sübut kimi qəbul edilməsi mümkün deyildir. Belə ki, müqavilənin əsli məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim olunmayıb və iddia tərəfinin bildirməsinə görə müqavilənin əsli onlarda yoxdur. Belə olan halda müqavilənin notarial qaydada təsdiq edilmiş surəti istisna olmaqla məhkəməyə təqdim edilmiş istənilən surət mötəbər subut kimi qəbul edilə bilməz və həmin surətlər əsasında məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi də mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, sübut qismində məhkəməyə təqdim edilmiş müqavilənin əsli mövcud olmadığından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmamış və iddia olunan müqaviləyə istinadən cavabdehdən pul tutula bilməz. Bu səbəbdən cavabdehdən 2100 manat borcun tutulması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, e-2-2(117)-188/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, e-2-2(117)-188/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-100/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-100/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver